Dəyişən tarix, dəyişməyən qəddarlıq
Baki və Xocali soyqırımları
Azərbaycanlılar ayrı-ayrı dönəmlərdə dəfələrlə soyqırımına məruz qalıblar. Tarix, məkan fərqli olsa da, məkrli planın müəllifləri də, icraçıları da dəyişməyib.
Və hər dəfə ermənilərin qəddarlığı, təcavüzkarlığı bütün dünyanı heyrətə salıb. Bu dəhşətli faciələri törədənlərin, azərbaycanlıları yalnız milli mənsubiyyətinə görə soyqırımına məruz qoyanların niyyətləri, daha doğrusu, irəli sürdükləri səbəb isə gülüş doğurur. Heç zaman mövcud olmamış və olmayacağı da gün kimi bilinən “böyük Ermənistan” xülyasına ağlı başında olan kimsə inanmaz. Bu səbəbdən də bu yalana ermənilərin özlərindən savayı heç kim inanmayıb. Ancaq hər zaman işğalçı ermənilərin bu sərsəm xəyallarının qəhrini, bəlasını çəkən azərbaycanlılar olub.
Azərbaycanlılara qarşı törədilmiş
1918-ci il Mart soyqırımı şahid ifadələrində...
XX əsrin ikinci onilliyinin
sonları... İctimai-siyasi vəziyyətin yenidən kəskinləşdiyi
illər... Birinci Dünya müharibəsinin, ardınca da
Rusiyada baş vermiş 1917-ci il fevral və
oktyabr çevrilişlərindən sonra yaranmış
qarışıqlıqdan istifadə etmək, “böyük
Ermənistan” xülyalarını həyata keçirmək
üçün daşnaklar hərəkətə
keçmişdilər. Ən qəddar,
qaniçən erməniləri öz ətrafında birləşdirmiş
“Daşnaksütyun” partiyası və Erməni Milli
Şurası Bakıda soyqırımı planını 1917-ci
ildə hazırlamışdılar. Əvvəlcə
erməni daşnakları hiyləyə əl atdılar.
Müsəlman əhalisini dəfələrlə
bolşeviklərə qarşı silahlı
çıxışa təhrik etməyə
çalışdılar. Məqsədləri
soydaşlarımızı bolşeviklərin əli ilə məhv
etmək idi.
Bakıdan başlayacaq və
Azərbaycanın bir çox bölgəsində davam etdiriləcək
soyqırımının təşkilatçısı və
rəhbəri Bakı Xalq Sovetinin sədri Stepan Şaumyan idi. O, Birinci Dünya müharibəsindən
geri dönən və dövrünün ən yaxşı
silahları ilə təchiz olunmuş başıpozuq hərbi
birləşmələri Bakıya topladı. Stepan Şaumyan
bunu etiraf etmişdi: “Bizim 6 minə yaxın silahlı dəstəmiz
vardı. Daşnaksütyunların da bizim
tabeçiliyimizə verilmiş 3-4 minə yaxın milli ordusu
vardı. Döyüş
soyqırımı formasını almışdı, ancaq
bundan qaçmaq mümkün deyildi. Biz
buna bilərəkdən getdik. Bakını
ələ almasaydıq, o, Azərbaycanın paytaxtı elan
ediləcəkdi”.
Bütün Bakı
quberniyasını azərbaycanlılarsız qoymaq niyyətilə
daşnak-bolşevik hərbi birləşmələrinin əsgərləri
1918-ci il martın 31-də sübhdən
şəhərin müsəlmanlar yaşayan hissəsinə
hücuma keçdilər. Həmin gün azərbaycanlılara
qarşı genişmiqyaslı soyqırımına
başladılar. Ovaxtadək
sığındıqları şəhərin yerli əhalisi
ilə olduqca mehriban davranan, özlərini dost kimi göstərən
ermənilər də daşnak-bolşevik hərbi birləşmələrindən
geri qalmırdılar. Hətta Bakıda
yaşamış və bu şəhərdə özlərinə
qarşı yalnız xoş münasibət görmüş
erməni ziyalıları da soyqırımı törədənlərin
yanında idilər.
1918-ci ilin martında minlərlə
dinc azərbaycanlı işgəncələrlə qətlə
yetirildi. Ermənilər heç nədən çəkinmirdilər.
Onlar evlərə od vurur, insanları
diri-diri yandırırdılar. Qədim, milli
memarlıq nümunələrini, məktəbləri, xəstəxanaları,
məscid və digər abidələri dağıdır,
gözəl Bakını xarabalığa çevirirdilər.
Həmin ilin iyulunda Azərbaycan Xalq
Cümhuriyyəti hökumətinin qərarı ilə
yaradılmış Fövqəladə Təhqiqat
Komissiyası tərəfindən dindirilmiş şahidlərdən
biri - Bakı şəhərinin sakini A.N.Kvasnikin ifadəsində
bildirirdi: “Müsəlman əhalisinin əvvəlcə
Bakı şəhərində, sonra isə onun ətraflarında
cismən məhv edilməsi, onların əmlakının və
bütün var-dövlətlərinin qarət olunması və
siyasi üstünlüyün ermənilərin əlinə
keçməsi ermənilərin müsəlmanlara
qarşı təşkil etdikləri qanlı qəsd idi”.
Bakının azərbaycanlı
əhalisini qırmaq üçün
azğınlaşmış və vəhşiləşmiş
erməni quldurlar ən amansız üsullara əl
atırdılar. Fövqəladə Təhqiqat Komissiyasının
üzvü A.Y.Kluge komissiyanın sədrinə yazırdı:
“Yaxşı silahlanmış, təlim keçmiş erməni
əsgərlər çoxlu miqdarda pulemyotların
müşayiəti ilə hücum edirdilər... ermənilər
müsəlmanların evlərinə soxulur, bu evlərin sakinlərini
qırır, onları qılınc və xəncərlərlə
doğram-doğram və süngülərlə
deşik-deşik edir, uşaqları yanan evin alovları
içərisinə atır, üç-dörd günlük
çağaları süngünün ucunda oynadır,
öldürülən valideynlərin südəmər
körpələrinə rəhm etmir, hamısını
öldürürdülər”.
Təhqiqat
Komissiyasının sənədlərində 1918-ci ilin mart
soyqırımı zamanı Bakı şəhərində 12
min nəfərədək türk-müsəlmanın qətlə
yetirildiyi qeyd olunub. Şahidlərin ifadələrinə
görə, ermənilər meyitləri od-alova
bürünmüş evlərə, dənizə və
quyulara atırdılar. Bununla da cinayətin
izini itirməyə çalışırdılar.
Erməni xisləti
XX əsrin axırları... Yetmiş
illik sovet imperiyasının çökməkdə olduğu
dövr... Sovet İttifaqına daxil olan
bütün respublikalarda ictimai-siyasi vəziyyət kəskinləşirdi.
Erməni qəsbkarları bu dəfə də
fürsətdən istifadə etmək, Azərbaycan
torpaqlarını ələ keçirmək, azərbaycanlıları
soyqırımına məruz qoymaq məqsədilə məkrli
planlarını həyata keçirməyə
başladılar. Yetərincə tüfəngi
belə olmayan igid Azərbaycan övladları SSRİ rəhbərliyi
tərəfindən o illərin ən son silahları ilə
silahlandırılan, azğın erməni daşnaklarına
qarşı döyüşdə misilsiz qəhrəmanlıq
göstərirdilər. Ancaq düşmən
bu dəfə də havadarları hesabına istədiklərini
edirdi.
1990-cı illərdə erməni
silahlıları Azərbaycan torpaqlarının 20 faizini
işğala məruz qoydular. Həmin ərazilərdəki
bütün tikililəri uçurub dağıtdılar, milli
memarlıq abidələrimizi məhv etdilər. Yerli əhalinin ermənilərin zülmlərindən,
işgəncələrdən canlarını qurtarmaq
üçün qaçmaqdan başqa çarəsi
qalmadı. Qəddar ermənilər azərbaycanlılara
qarşı amansız oldular. Günahsız
dinc insanları dəhşətli işgəncələrlə
ya qətlə yetirdilər, ya da şikəst etdilər.
1918-ci ildə olduğu kimi,
1990-cı illərdə də erməni daşnakları Azərbaycanın
bir çox yaşayış məntəqəsinə
hücum etdilər, kütləvi qırğınlar törətdilər. 1992-ci il
fevralın 25-dən 26-na keçən gecə Ermənistan
silahlı qüvvələri Xankəndidə yerləşən
keçmiş SSRİ-nin 366-cı motoatıcı
alayının köməyi ilə Xocalını mühasirəyə
aldılar. Onlar ən müasir silahlarla
hücuma keçdilər. Xocalının
özünümüdafiə qüvvələri vuruşaraq
düşmənə çox ciddi müqavimət göstərdilər.
Amma qüvvələr qeyri-bərabər idi.
Həmin gecə Xocalı adlı bir şəhər
işğalçılar tərəfindən yerləyeksan
olundu. Çoxsaylı ağır texnika ilə
Xocalı şəhərini tamamilə dağıtdılar,
yandırdılar. Mülki əhaliyə və
özünümüdafiə dəstəsinə qarşı
misli görünməmiş qəddarlıqlar törətdilər.
Kimsəyə aman vermədilər. Qoca, cavan, uşaq, qadın, xəstə demədən
soydaşlarımızı işgəncələrə məruz
qoydular. Xocalıda şəhid verməyən
ailə qalmadı. Qaçıb
canını qurtarmağa çalışanların çoxu
ya düşmən gülləsinə tuş gəldi, ya da əsir
götürüldü.
1992-ci ilin şaxtalı,
soyuq fevral gecəsində baş verənlər azərbaycanlılara
qarşı həyata keçirilən soyqırımı idi. Rəsmi rəqəmlərə
görə, Xocalı faciəsində 613 nəfər qətlə
yetirildi. Onlardan 63-ü uşaq, 106-sı
qadın, 70 nəfəri isə qoca idi. Bunların
içərisində 8 ailə tamamilə məhv edildi, 27 ailənin
yalnız 1 üzvü qaldı, 25 uşaq hər iki, 130
uşaq valideynlərindən birini, 230 ailə öz
başçısını itirdi, 487 insan şikəst oldu
(onlardan 76 nəfər həddi-buluğa
çatmamışdı), 1275 insan əsir
götürüldü, 1165 insan girovluqdan azad edildi, 197 nəfərin
taleyi hələ də məlum deyil. 1 aprel 1992-ci il tarixinə olan qiymətlərlə dövlətin
və əhalinin əmlakına 5 milyard rubl dəyərində
ziyan vuruldu.
Xocalı
soyqırımı şahidlərin ifadələrində...
O vahiməli gündə baş verənlər
bütün dünyanı dəhşətə gətirdi. Ermənilər qətlə yetirdikləri azərbaycanlı
uşaqların sinəsini yarıb ürəyini
parçalamışdılar. Əksər
meyitləri tanınmaz hala salmış, tikə-tikə
doğramış, gözlərini çıxarmış,
başlarını kəsmiş, dərisini soymuşdular.
Əsir və itkin
düşmüş, girov götürülmüş vətəndaşlarla
əlaqədar Dövlət Komissiyasına verdiyi ifadədə
Xocalı soyqırımı şahidlərindən biri - Camal
Əbdülhüseyn oğlu Qaraqaya deyilən yerin
yaxınlığındakı fermanın 2 kilometrliyində
eybəcər hala salınmış xeyli azərbaycanlı meyiti
gördüyünü deyib: “Qətlə yetirilmiş
uşaqların sinəsini yarıb ürəklərini
parçalamış, əksər meyitləri isə tikə-tikə
doğramışdılar”.
Şahin Zülfüqar
oğlu Heydərov Naxçıvanik kəndi (Xocalı)
yaxınlığında 80-ə yaxın meyitin olduğunu
söyləyib. Meyitlər qorxulu vəziyyətə
salınmış, başları kəsilmişdi. Qətlə yetirilənlər arasında milis mayoru
Əlif Hacıyev, yaxın qohumları Səlimov Fəxrəddin,
Səlimov Mikayıl da var idi.
Cəlil Hümbətəli
oğlu Hümbətovun gözü qarşısında ermənilər
həyat yoldaşı Firuzəni, oğlu Muğanı,
qızı Simuzəri və gəlini Südabəni güllələyiblər. Kətik
meşəsinə girəndə ermənilərin mühasirəsinə
düşən Kübra Adil qızı Paşayeva gizləndiyi
kolluqdan həyat yoldaşı Şuranın, oğlu
Elşadın güllələnməsinin şahidi olub. Xocalının işğalı zamanı erməni
silahlıları Xəzəngül Təvəkkül
qızı Əmirovanın bütün ailə üzvlərini
girov götürüb. Onun anası
Rayanı, 7 yaşlı bacısı Yeganəni və
xalası Göycəni güllələyiblər, atası Təvəkkülün
üzərinə isə benzin tökərək
yandırıblar. Başqa bir
xocalılı - Zoya Əli qızı Əliyeva 150 nəfərə
qədər adamla 3 gün meşədə qalıb. Meşədə Zoyanın yanında Dünya Əhmədova
və onun bacısı Gülxar donaraq ölüb.
Xocalı sakini Kübra Əliş qızı Mustafayeva ifadəsində
bildirib: “Ermənilər bizi girov götürən kimi
yanımdakı altı nəfəri yerindəcə güllələmişdilər”.
Xocalı işğal olunan gün on iki nəfərlə
birlikdə girov götürülən Səidə Qurban
qızı Kərimova öz ifadəsində bildirib: “Ermənilər
qızım Nəzakəti, Tapdığı, Səadəti,
İradəni işgəncə ilə öldürmüşlər”.
Xocalılı Əli Ağami oğlu Nəcəfovun ifadəsindən:
“Ermənilər qaçan adamları mühasirəyə
alaraq 30-40 nəfəri yerindəcə güllələmişlər”.
Ədalətin zəfəri...
Azərbaycanın
işğal olunmuş torpaqlarının qeyd-şərtsiz
azad edilməsi barədə BMT Təhlükəsizlik
Şurası dörd qətnamə qəbul etsə də,
işğalçı Ermənistan bunları yerinə yetirmədi. Nəhayət,
2020-ci ildə 44 günlük Vətən müharibəsində
müzəffər Azərbaycan Ordusu 1990-cı illərdə
Ermənistan silahlı qüvvələrinin işğal etdiyi
və otuz ilə yaxın işğalda saxladıqları ərazilərimizi
azad etdi.
Böyük zəfərimizin
sevinci və qüruru misilsizdir. Amma bu da həqiqətdir
ki, dərin yaralar heç zaman tamamilə sağalmır.
İzləri qalır, ağrıları
unudulmur. Təcavüzkar ermənilərin
azərbaycanlılara qarşı törətdikləri
soyqırımların da mənəvi yaraları
sağalmayacaq, ağrıları yaddaşlardan silinməyəcək.
İşğalçı ermənilər
xalqımıza qarşı həyata keçirdikləri
soyqırımlara, terror əməllərinə, hərbi cinayətlərə
görə beynəlxalq səviyyədə cavab verməlidirlər.
Zöhrə FƏRƏCOVA
Azərbaycan.-
2022.- 8 aprel.- S.7.