Azərbaycan-Rusiya münasibətləri
strateji tərəfdaşlıq
və qarşılıqlı
faydalı əməkdaşlıq
ruhunda uğurla inkişaf
edir
Rusiya Federasiyasının
Prezidenti Zati-aliləri
cənab Vladimir Putinə
Hörmətli Vladimir Vladimiroviç,
Əlamətdar yubiley –
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin
qurulmasının 30 illiyi
münasibətilə Sizi
və Sizin şəxsinizdə dost Rusiya
xalqını səmimi
qəlbdən təbrik
edirəm.
Ötən 30 il ərzində xalqlarımız arasında
çoxəsrlik dostluq
və mehriban qonşuluq ənənələrinə
əsaslanan Azərbaycan-Rusiya
münasibətləri qarşılıqlı
hörmət və etimad, bir-birinin mənafelərinin nəzərə
alınması prinsipləri
əsasında strateji
tərəfdaşlıq və
qarşılıqlı faydalı
əməkdaşlıq ruhunda
uğurla inkişaf edib və möhkəmlənib.
Bu gün
fəal siyasi dialoq, ticari-iqtisadi, nəqliyyat, energetika, humanitar və digər sahələrdə
səmərəli əməkdaşlıqla
səciyyəvi olan dövlətlərarası əlaqələrimiz
böyük məmnunluq
doğurur. Qarşılıqlı ticarətin və
investisiyaların davamlı
artımı, sanballı
müqavilə-hüquq bazası,
müxtəlif sahələrdə
birgə layihələrin
və təşəbbüslərin
səmərəli reallaşdırılması
ikitərəfli münasibətlərin
dinamik inkişafına
parlaq sübutdur.
Xüsusilə sevindirici
haldır ki, diplomatik münasibətlərin
qurulmasının budəfəki
yubiley ili
Azərbaycan Respublikası
ilə Rusiya Federasiyası arasında müttəfiqlik qarşılıqlı
fəaliyyəti haqqında
Bəyannamənin imzalanması
ilə eyni vaxta düşüb. Bu mühüm sənəddə
30 illik dövrdə dövlətlərimiz arasında
münasibətlərin keyfiyyətcə
yeni, ən yüksək səviyyəyə
çatması təsbit
olunub.
Şübhəsiz, ali və yüksək səviyyədə
müntəzəm əlaqələr,
qarşılıqlı səfərlər
və görüşlər
də Azərbaycan ilə Rusiya arasında əlaqələrin
inkişaf dinamikasına
və birgə fəaliyyətin dərinləşməsinə
müsbət təsir
göstərir.
Dərin tarixi köklərlə, mənəvi və mədəni yaxınlıqla
bağlı olan xalqlarımız arasında
dostluğun, mehriban qonşuluğun və qarşılıqlı anlaşmanın
möhkəmlənməsində mədəni-humanitar münasibətlərin
rolunu xüsusi qeyd etmək istərdim. Mədəniyyət
və təhsil sahələrində əməkdaşlıq,
Azərbaycanda rus dilinin və rus mədəniyyətinin
dövlət səviyyəsində
hərtərəfli dəstəklənməsi,
Azərbaycanın məktəblərində
və ali
təhsil müəssisələrində
rus dilində təhsil bizim tərəfdaşlığımızın humanitar gündəliyinə
verdiyimiz əhəmiyyəti
əyani şəkildə
təsdiq edir.
Regionlararası kooperasiya da bizim dövlətlərarası
münasibətlərin mühüm
tərkib hissəsidir. Azərbaycan Rusiya
Federasiyasının çoxsaylı
subyektləri ilə fəal qarşılıqlı
əlaqə saxlayır,
bununla da bütün səviyyələrdə
əlaqələrimizin genişlənməsinə
şərait yaradır.
Əminəm ki, biz birgə səylərimizlə
bundan sonra da ikitərəfli əməkdaşlığın aktual məsələlərini
reallaşdıra, Azərbaycan
Respublikası ilə Rusiya Federasiyası arasında münasibətlərin
xalqlarımızın və
ölkələrimizin mənafeyi
naminə möhkəmlənməsi
üçün yeni imkanlar aça biləcəyik.
Hörmətli Vladimir Vladimiroviç,
Sizə möhkəm cansağlığı, xoşbəxtlik
və uğurlar, dost Rusiya xalqına isə əmin-amanlıq və firavanlıq arzu edirəm.
Hörmətlə,
İlham Əliyev
Azərbaycan Respublikasının
Prezidenti
Bakı, 1 aprel 2022-ci il
Azərbaycan.-
2022.- 5 aprel.- S.1.