Bakıda Azərbaycanla Rusiya
arasında diplomatik münasibətlərin
qurulmasının 30-cu ildönümü qeyd edilib
Aprelin 4-də Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümü münasibətilə tədbir və sərgi keçirilib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, tədbirdə Azərbaycan XİN-in rəhbər heyəti, Rusiyanın ölkəmizdəki səfirliyinin rəhbərliyi və əməkdaşları iştirak ediblər.
Tədbir hər iki ölkənin Dövlət himnlərinin səslənməsi ilə başlayıb.
Azərbaycan Respublikasının xarici işlər nazirinin müavini Fariz Rzayev çıxış edərək, Azərbaycanla Rusiya arasında diplomatik münasibətlərin 1992-ci il aprelin 4-də qurulmasına baxmayaraq, iki ölkə arasında münasibətlərin tarixinin daha qədim olduğunu qeyd edib. SSRİ-nin dağılmasından sonra iki ölkə arasında ənənəvi dostluq və qarşılıqlı hörmətə əsaslanan münasibətlərin saxlanılmasında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin müstəsna rolu olduğunu bildirən nazir müavini iki ölkənin dövlət başçıları arasında qarşılıqlı etimada əsaslanan siyasi dialoq sayəsində bu gün Azərbaycan ilə Rusiya arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, humanitar və təhsil sahələrində səmərəli əməkdaşlığın mövcud olduğunu vurğulayıb. Nazir müavini Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşmasında ölkəmizin Rusiyanın vasitəçi rolunu yüksək qiymətləndirdiyini bildirib, regionda sülh və sabitliyə nail olmaq üçün imzalanmış üçtərəfli bəyanatların bütün müddəalarının tam şəkildə yerinə yetirilməsinin mühüm şərt olduğunu diqqətə çatdırıb.
Sonra çıxış edən Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov son 30 ildə iki ölkə arasında münasibətlərin inkişaf dinamikasından bəhs edərək, əlaqələrin davamlı şəkildə yüksələn xətt üzrə irəlilədiyini bildirib. Münasibətlərin təməlində yaxın zamanlarda 25 illiyinin qeyd ediləcəyi Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında dostluq, əməkdaşlıq və qarşılıqlı təhlükəsizlik haqqında 1997-ci il 3 iyul tarixli Müqavilənin dayandığı diqqətə çatdırılıb və növbəti illərdə iki ölkə arasında imzalanan birgə sənədlər məmnunluqla vurğulanıb. Azərbaycan-Rusiya münasibətlərinin inkişafının əsasında iki dövlət başçısı arasında mövcud olan yaxşı münasibətlərlə yanaşı, iki xalqın tarixən mövcud olan sıx təmaslarının dayandığı bildirilib. 30 il bundan əvvəl əsası qoyulan münasibətlərin bu gün öz bəhrəsini verdiyini qeyd edən səfir əlamətdar gün münasibətilə təbriklərini tədbir iştirakçılarına çatdırıb.
Tədbirin sonunda
iştirakçılar Azərbaycan ilə Rusiya
arasında diplomatik münasibətlərin
30 illiyinə həsr edilmiş sərgi ilə
tanış olublar.
Azərbaycan.-
2022.- 5 aprel.- S.3.