Sülh gündəliyini
İlham Əliyev müəyyənləşdirir
Brüssel görüşü bir daha göstərdi ki,
proseslər Azərbaycanın maraqlarına uyğun
gedir
Qətiyyətli siyasəti ilə torpaqlarımızı işğaldan azad edən Prezident İlham Əliyev müdrik diplomatiyası ilə Azərbaycanın postmüharibə dövründə də zəfərlərini təmin edir. Aprelin 6-da Brüsseldə keçirilən üçtərəfli formatda növbəti görüş bunun təsdiqi oldu. İlham Əliyev əvvəlki Brüssel, habelə Moskva və Soçi görüşlərində olduğu kimi, bu dəfə də məğrur duruşu və görkəmi ilə diqqəti cəlb etdi.
Azərbaycan mənafelərini qətiyyətlə təmin edir
Qeyd
edək ki, bu, 44 günlük müharibədən sonra
Prezident İlham Əliyev və Ermənistanın baş naziri
arasında keçirilən altıncı görüş idi.
Əvvəlki görüşlərin hər
birinin məzmunu Azərbaycanın
müharibədəki zəfərindən sonra
yaratdığı yeni reallıqların
mahiyyətinə uyğun olmuşdur.
Münasibətlərin normallaşdırılması, regionda kommunikasiyaların bərpası istiqamətində
respublikamızın təşəbbüs və təklifləri
həm Avropa İttifaqı, həm də Rusiya tərəfindən dəstəklənmişdi.
Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin dəstəyi ilə Brüsseldə
keçirilən növbəti görüş
də proseslərin Azərbaycanın maraqları çərçivəsində
cərəyan etməsi baxımından növbəti uğurlu mərhələ oldu.
Görüşdə postmünaqişə mərhələsində bölgənin inkişafı ilə bağlı Azərbaycanın hər zaman çıxış etdiyi prinsiplər, o cümlədən 2020-ci ilin 10 noyabr Bəyanatının müddəalarına tam riayət olunması, tərəflər arasında sülh və etimadın təşviq olunması üçün humanitar addımların davam etdirilməsi, iki dövlətin sərhədinin delimitasiya və demarkasiyası üçün konkret addımların atılması, nəqliyyat və kommunikasiyaların açılması məsələləri geniş müzakirə edilib. Humanitar tədbirlərin tərəflər arasında sülh və etimadın təşviq olunması baxımından əhəmiyyəti, o cümlədən itkin düşmüş şəxslərlə bağlı məsələlər, minaların təmizlənməsinin vacibliyi vurğulanaraq, Avropa İttifaqının bölgədə aparılan humanitar minatəmizləmə, eləcə də reabilitasiya və rekonstruksiya işlərinə dəstək verəcəyi qeyd olunub.
4 saat yarımdan artıq davam edən görüşün nəticəsi Şarl Mişel tərəfindən verilmiş bəyanatda təsbit edilib. Bəyanatda qeyd olunur ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi üzrə danışıqların başlanması və bununla bağlı işçi qrupun yaradılması qərara alınıb. Məsələ ilə əlaqədar Azərbaycan və Ermənistan XİN-lərinə müvafiq təlimatlar verilib. Tərəflərin sərhəd məsələləri üzrə birgə komissiya yaratması, birinci növbədə sərhədlərin delimitasiya prosesinə başlanması barədə razılıq əldə olunub.
Bütövlükdə
bu görüşün nəticələri göstərdi ki,
Brüsseldə formalaşmış sülh gündəliyinin
məzmununu İlham Əliyev müəyyən edir.
Əldə olunmuş yeni razılaşmalar Azərbaycanın postmüharibə dövründə öz mənafelərini inamla təmin etməsindən xəbər verir.
Yeni reallıqlarda Minsk qrupuna yer yoxdur
Aİ Şurasının Prezidentinin vasitəçiliyi
ilə keçirilən
Brüssel görüşü
Azərbaycanın maraqlarına
uyğun və bölgənin gələcək
sülh və əmin-amanlıq şəraitində
inkişafının təmin
olunması istiqamətində
atılmış növbəti
önəmli addım
oldu. Ən mühümü də odur ki,
sülh razılaşmasının
əsas komponenti Azərbaycanın irəli
sürdüyü 5 maddədən
ibarət təklif və bunun əsasında
predmetli danışıqların
aparılmasıdır. Beş baza prinsipi bunlardır:
dövlətlərin bir-birilərinin
suverenliyi, ərazi bütövlüyü, beynəlxalq
sərhədlərinin toxunulmazlığı
və siyasi müstəqilliyini qarşılıqlı
şəkildə tanıması;
bir-birilərinə qarşı
ərazi iddialarının
olmamasının qarşılıqlı
təsdiqi və gələcəkdə belə
bir iddianın qaldırılmayacağına dair
hüquqi öhdəliyin
götürülməsi; dövlətlərarası
münasibətlərdə bir-birilərinin təhlükəsizliyinə
hədə törətməkdən,
siyasi müstəqillik
və ərazi bütövlüyünə qarşı
hədə və gücdən istifadə etməkdən, habelə
BMT Nizamnaməsinin məqsədlərinə
uyğun olmayan digər hallardan çəkinmək; dövlət
sərhədinin delimitasiyası
və demarkasiyası,
diplomatik münasibətlərin
qurulması; nəqliyyat
və kommunikasiyaların
açılışı, digər müvafiq kommunikasiyaların qurulması
və qarşılıqlı
maraq doğuran digər sahələrdə
əməkdaşlığın qurulması.
Ümumən, Brüssel gündəliyinin
əsas önəmli tərəfi Aİ-nin Azərbaycanın yaratdığı
yeni reallıqları bölüşməsidir. Bunu
Aİ Şurasının prezidentinin
istər ötən ilin dekabrında, istərsə də bir neçə gün əvvəl keçirilmiş üçtərəfli
görüşlərdən sonra verdiyi bəyanatlarda
Ermənistanın “status”la
bağlı iddialarına
yer verməməsi və artıq Azərbaycanın güc yolu ilə həll
etdiyi problemin yoluna qoyulmasında bircə addım belə ata bilməyən
ATƏT-in Minsk qrupuna istinad
etməməsi də təsdiq edir. O cümlədən bəyanatlarda
“Dağlıq Qarabağ
münaqişəsi” ifadəsinə
də rast gəlinmir. Bunlar da onu göstərir ki, Aİ 44
günlük müharibədən
sonra yaranmış yeni geosiyasi reallığı qəbul
edir və öz mövqeyində buna əsaslanır. Həmçinin münaqişə
həll olunduğuna görə keçmişin
qalığı olan Minsk qrupu artıq lazımsız təsisata çevrilib.
Aİ İlham Əliyevin regional
liderliyini qəbul edir
Görünən həm də odur ki, artıq
Aİ-nin dəstəyi
ilə Ermənistan və Azərbaycan arasında birbaşa danışıqları nəzərdə
tutan yeni mexanizm və format yaranıb. Bu baxımdan
Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşdırılması prosesində Aİ-nin obyektiv mövqeyini qeyd etmək lazımdır. Şarl Mişelin
iki dövlət arasındakı münasibətlərin
normallaşdırılması istiqamətində təşəbbüsləri
tamamilə tərəfsizdir
və bir vaxtlar Minsk qrupunun həmsədrlərinin ortaya
qoyduqları mövqedən
tamamilə fərqlənir.
Aİ Şurası prezidentinin istər ötən ilin dekabrındakı görüşdə,
istərsə də
son görüşdə verdiyi
bəyanatların məzmunu
bir vaxtlar Minsk qrupunun həmsədrlərinin
hər addımda ortaya qoyduqları ikili standartlardan uzaqdır və münasibətlərin normallaşdırılması
üçün konkret
hədəfləri ehtiva
edir. Əlbəttə
ki, bu da
Aİ-nin timsalında Azərbaycanla
Ermənistan arasında
sülhün təmin
olunmasına hesablanmış
vasitəçilik missiyasına
olan etimadı təmin edən mühüm amildir.
Onu da qeyd edək ki, Aİ İlham Əliyevin regional liderliyini
qəbul edir, Azərbaycan Prezidenti ilə yaxın təmasları Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında mühüm amil kimi görür. Bu amil o
cümlədən Azərbaycanla
Aİ arasında münasibətlərin
yeni inkişaf səviyyəsinə yüksəlməsi,
Aİ-nin enerji təhlükəsizliyinin təmin
edilməsində Azərbaycanın
rolunun daha da yüksəlməsi, Azərbaycanla Ermənistan
arasında münasibətlərin
normallaşması istiqamətində
müvafiq mexanizmin formalaşması, sülh
müqaviləsi, sərhədlərin
delimitasiyası, kommunikasiyaların
açılması və
digər məsələlərin
həlli istiqamətində
əməli addımlar
atılması üçün
mühüm şərtdir.
Bütövlükdə Brüssel görüşü
regionda münasibətlərin
normallaşdırılması baxımından əhəmiyyətli
hadisədir, Azərbaycanın
siyasi-diplomatik uğurudur. Brüssel sülh
gündəliyi həm
də Ermənistanın
müxtəlif iddialarla
üçtərəfli razılaşmaların
tələb etdiyi prosesləri ləngitmək
cəhdlərinin iflasa
uğramasından xəbər
verir.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 9 aprel.- S.1;5.