Əlaqələndirmə Qərargahında
Fransa Şirkətlər Hərəkatı
– “MEDEF International” və Fransanın
aparıcı şirkətlərinin nümayəndələri
ilə görüş keçirilib
Aprelin
8-də Azərbaycan Respublikası Prezidentinin
Administrasiyasının rəhbəri, Azərbaycan
Respublikasının işğaldan azad edilmiş ərazilərində
məsələlərin mərkəzləşdirilmiş
qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının
rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə
olan Fransa Şirkətlər Hərəkatı – “MEDEF
International” təşkilatının baş icraçı
direktoru Filip Qotye və aparıcı fransız şirkətlərinin
nümayəndələri ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Azərbaycanla Fransa arasında səmərəli əməkdaşlığın formalaşdığı qeyd olunub. Fransanın aparıcı şirkətlərinin nümayəndələrinin Azərbaycana mütəmadi səfərləri iqtisadi əlaqələrin dərinləşməsinə marağın təzahürü kimi qiymətləndirilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğaldan azad olunan ərazilərdə aparılan genişmiqyaslı tikinti-abadlıq və yenidənqurma işlərinin fəal şəkildə davam etdirildiyi, çox qısa vaxt ərzində və daxili maliyyə imkanları hesabına əhəmiyyətli nəticələr əldə olunduğu vurğulanıb. Postmüharibə dövründə bərpa və yenidənqurma işlərinin sürətinə və əhatəsinə görə Azərbaycanın dünyada qabaqcıl təcrübənin əsasını qoyduğu bildirilib.
Fransanın görüşdə
iştirak edən “Airbus”,
“Alstom”, “Suez”, “Thales”, “Egis”, “Oberthur Cash Protection”,
“Arverne Group” və digər
qabaqcıl şirkətlərinin nümayəndələri tərəfindən
Azərbaycan və Fransa arasında iqtisadi əlaqələrin dərinləşməsinə,
yeni sahələr əhatə olunmaqla əməkdaşlığın
genişlənməsinə maraq ifadə edilib. Azərbaycanın işğaldan
azad olunmuş ərazilərində
həyata keçirilən bərpa və yenidənqurma layihələrində
Fransanın işgüzar dairələrinin
iştirak etmək niyyəti diqqətə
çatdırılıb.
Azərbaycan.-2022.- 9 aprel.- S.3.