Azərbaycan -  İsrail arasında ikitərəfli münasibətlərdən və əlaqələrdən məmnunuq

 

Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevə

 

Zati-aliləri,

İcazə verin, İsrail Dövləti və xalqı adından bu əlamətdar gün - ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyi münasibətilə Sizi təbrik edim.

Bu ildönümü İsrail Dövləti və Azərbaycan Respublikası arasında yaxşı ikitərəfli münasibətlərdən, o cümlədən siyasi, iqtisadi, mədəni və bir çox müxtəlif sahələrdə mövcud olan əməkdaşlıq əlaqələrindən məmnunluğumuzu bildirmək üçün gözəl fürsətdir. Münasibətlərimizin yenilənməsi ilə əlamətdar olan bu hadisə mənim üçün xüsusilə əzizdir, belə ki, İsrailin mərhum VI Prezidenti, mənim atam Haim Hersoq həmin vaxtı dövlət başçısı idi.

İkitərəfli münasibətlərimiz üçün çox əhəmiyyətli olan bu ildönümünü qeyd etdiyimiz vaxtda ümidvaram ki, Azərbaycanın İsraildə səfirliyinin açılması kimi yeni əlamətdar hadisənin şahidi olacağıq. Bunun ticarət və turizm nümayəndəliyinin açılışından sonra baş tutması isə təbii bir addım olacaq və bu, ölkələrimiz arasında sıx, strateji əlaqələrin olmasının təsdiqidir.

Mən Azərbaycanın yeni səfirliyinin açılışında birgə iştirak etməyimiz üçün qarşıdakı ildə Zati-alinizi bir daha ölkəmizə səfərə dəvət etmək istərdim. Həmçinin Sizi və Azərbaycan xalqını Novruz bayramı münasibətilə təbrik etməkdən böyük məmnunluq hissi duyuram.

Qoy bu münasibətlərimiz gələcəkdə daha da genişlənsin və dərinləşsin.

 

Hörmətlə,

İsxak Hersoq

İsrail Dövlətinin Prezidenti

Azərbaycan.-2022.- 9 aprel.- S.2.