Azərbaycan Respublikası Prokurorluğunun beynəlxalq təşkilatlarla
əməkdaşlığı uğurla
davam etdirilir
Aprelin 7-də və 8-də İtaliyanın Sirakuza şəhərində Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) İcraiyyə Komitəsinin 53-cü iclası keçirilib.
Baş
Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər
ki, hibrid formatda keçirilmiş tədbirdə ölkəmizi
Azərbaycan Respublikasının Baş prokuroru,
Assosiasiyanın vitse-prezidenti Kamran Əliyevin rəhbərlik
etdiyi nümayəndə heyəti təmsil edib.
Tədbirdə
videokonfrans vasitəsilə iştirak edən Baş prokuror Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə
həyata keçirilən islahatlar çərçivəsində
prokurorluq orqanlarının fəaliyyətinin təkmilləşdirilməsi
istiqamətində aparılmış hərtərəfli və
institusional tədbirlər və əldə olunmuş
uğurlu nəticələr barədə ətraflı məlumat
verib.
Görüşdə
prokurorların fəaliyyətinin təkmilləşdirilməsinə
dair bir sıra təşkilati məsələlər, o
cümlədən prokurorluq orqanları əməkdaşlarının
cinayətkarlığa qarşı mübarizə sahəsində
biliklərinin artırılması və formalaşmış
əməkdaşlığın daha da genişləndirilməsi
məqsədilə Assosiasiyanın Qlobal Təhsil
Akademiyası və Prokurorların Mübadilə Proqramı
kimi təşəbbüslərin gələcək perspektivləri
və onların inkişafı ilə bağlı təyin
olunmuş büdcə məsələləri müzakirə
edilib, BPA-nın rəhbər vəzifələrinə
seçkilər keçirilib, habelə qurumun illik maliyyə
hesabatları dinlənilib.
Azərbaycanın Assosiasiyanın təsis olunduğu vaxtdan fəaliyyətinə verdiyi töhfə və səmərəli əməkdaşlıq əlaqələri nəzərə alınaraq ölkəmizin prokurorluq orqanlarından bir nəfər əməkdaşın təşkilatın Katibliyinə 1 il müddətinə ezam olunması müzakirə olunub. Həmçinin tədbirdə əvvəlki iclaslarda ölkəmiz tərəfindən dəstəklənmiş qurumun 10-cu Regional Konfransının 2023-cü ildə İstanbul şəhərində, 2024-cü ildə baş tutacaq Assosiasiyanın Ümumi yığıncağı və illik konfransının isə Bakı şəhərində keçirilməsi ilə bağlı təşkilati məsələlər müzakirə edilib.
Tədbirdə iştirak
etmək üçün İtaliyaya
ezam olunmuş Baş prokurorun müavini Heydər Məmmədov və prokurorluğun digər əməkdaşları
Sirakuza Beynəlxalq İnstitutunun
rəhbərliyi, həmçinin BPA-nın Katibliyi
və İcraiyyə Komitəsinin üzvləri ilə
görüşlər keçirib, əməkdaşlıq
məsələlərini müzakirə ediblər.
Azərbaycan.-2022.- 9 aprel.- S.5.