Tələbələrə
təqaüd təqdim edilib
Aprelin
8-də 2021-2022-ci tədris ilinin qış imtahan
sessiyasının nəticələrinə görə əlaçı
və həmkarlar ittifaqı fəalı olan ali məktəb
tələbələrinə Azərbaycan Təhsil
İşçiləri Azad Həmkarlar İttifaqı
Respublika Komitəsinin (ATİAHİ RK) adlı təqaüdünün
təqdim edilməsi mərasimi keçirilib.
Tədbirdə
ATİAHİ Respublika Komitəsinin sədri, Milli Məclisin
deputatı Səttar Möhbalıyev çıxış
edib. Sədr qeyd edib
ki, ATİAHİ Respublika
Komitəsinin adlı təqaüdü 1995-ci ildə təsis edilib. O vaxtdan bu günə qədər ali
təhsil müəssisələrində qış və yay sessiyasının nəticələrinə
görə uğur əldə etmiş 2654 nəfər tələbə bu təqaüddən yararlanıb: “Bu gün isə daha 65 tələbəyə bu
təqaüd təqdim ediləcəkdir. Bu
təqaüdün verilməsində məqsəd tələbələrdə
elmə, təhsilə marağın artırılması və
Azərbaycanda həyata keçirilən uğurlu
gənclər siyasətinə dəstək verməkdir. Qeyd edim ki,
tələbələrə adlı təqaüdün verilməsi
ATİAHİ Respublika Komitəsinin gənclərlə
bağlı təşkil etdiyi tədbirlərdən
birini təşkil edir.
Hər il gənclərin sosial vəziyyətinin yaxşılaşdırılması,
gənclər arasında kütləvi bədən tərbiyəsi
və idmanın inkişaf etdirilməsi,
istedadlı gənclərin aşkara
çıxarılması, onların istedad
və qabiliyyətlərinin inkişafı üçün
şəraitin yaradılması, gənclərin elmə, təhsilə marağının
artırılması, xalqımızın tarixinə, milli-mənəvi
dəyərlərinə hörmət ruhunda
tərbiyə edilməsi, hərbi vətənpərvərlik
tərbiyəsi işinin aparılması
ilə bağlı mühüm tədbirlər
həyata keçirilir. Bizim bu işləri görməkdə məqsədimiz
siz gənclərin asudə vaxtını
səmərəli keçirmək, pis vərdişlərdən
uzaq olmaq, elmə, təhsilə
maraq yaratmaq, dövlətimiz
tərəfindən həyata keçirilən dövlət gənclər
siyasətinə dəstək olmaqdır”.
Azərbaycanda həyata keçirilən dövlət gənclər siyasətindən danışan S.Möhbalıyev bildirib ki, ölkədə gənclərin sağlam ruhda böyüməsi və layiqli vətəndaş kimi yetişməsi üçün ardıcıl və sistemli tədbirlər həyata keçirilir. Bu siyasət geniş bir spektri - gənclərin təhsili, tərbiyəsi, sağlamlığı, intellektual və mənəvi inkişafı, asudə vaxtının səmərəli təşkili, cəmiyyətin bütün sahələrində fəal iştirakı ilə bağlı məsələləri əhatə edir: “Əsası xalqımızın Ümummilli Lideri Heydər Əliyev tərəfindən qoyulan, Azərbaycan Respublikasının Prezidenti zati-aliləri cənab İlham Əliyev və Azərbaycanın I Vitse-Prezidenti Mehriban xanım Əliyeva tərəfindən davam etdirilən uğurlu gənclər siyasəti gənclərin potensial imkanlarından səmərəli istifadə etməklə ölkəmizin qüdrətli dövlətə çevrilməsi prosesini stimullaşdırır. Möhtərəm Prezidentimiz gənclərimizin hərtərəfli inkişafı üçün bütün imkanlardan istifadə edir. Son illərdə gənclərlə bağlı atılan addımlar da bunun əyani sübutudur. Təsadüfi deyildir ki, dövlət başçısının müvafiq sərəncamı ilə 2007-ci il “Gənclər ili” elan edildi. Çoxsaylı sərəncamlar imzalandı. Buna misal olaraq “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə” Dövlət Proqramını, “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə” Dövlət Proqramını, gənclər siyasəti ilə bağlı elm, təhsil, mədəniyyət və digər sosial sahələrə yönələn fəaliyyətlərin stimullaşdırılması məqsədilə Gənclər Fondunun yaradılmasını, 2013-cü ildə “Gənclər üçün Prezident Mükafatı”nın təsis edilməsi və digər addımları qeyd etmək olar. Bundan başqa Prezident İlham Əliyevin sərəncamı ilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” və 15 sentyabr 2017-ci ildə “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı qəbul olundu. Həmçinin 2020-ci il Azərbaycanda “Könüllülər ili” elan olundu ki, bu da respublikamızın gənclər siyasəti və ümumilikdə gənclərin ictimai-sosial münasibətlər sistemində mövqeyinə güclü təkan verdi, Azərbaycan gənclərinin inkişafının yeni mərhələsinin əsasını qoydu”.
2022-ci ilin fevral ayında Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev tərəfindən gənclərin
inkişafına istiqamətlənmiş daha
bir sənədə imza
atılmasını, “Gənclərin xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil
almalarına dair 2022–2026-cı illər üçün Dövlət
Proqramı”nın qəbul olunmasını xatırladan
S.Möhbalıyev qeyd edib
ki, bu proqramın
icrası nəticəsində gənclərimizin
inkişafı təmin ediləcək: “Azərbaycan
gənclərinin nüfuzlu xarici ali təhsil müəssisələrində
təhsil imkanlarının genişləndirilməsi
haqqında” Azərbaycan Respublikası Prezidentinin
2021-ci il 30 sentyabr tarixli Sərəncamının icrasını
təmin etmək məqsədilə hazırlanmış bu Dövlət Proqramının əsas məqsədi gənclərə xarici
ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsilalma
imkanları yaratmaqla, Azərbaycan
Respublikasının dayanıqlı inkişafını təmin
edəcək və qlobal
çağırışlara cavab verəcək
yeni texnologiyaları çevik
mənimsəyən, praktiki bilik və bacarıqlara yiyələnən,
müasir və gələcək əmək
bazarının tələblərinə cavab
verən rəqabətqabiliyyətli və yüksəkixtisaslı
peşəkar kadrların hazırlanmasını təmin etməkdir.
Bu
Dövlət Proqramının icrası müddətində
ümumilikdə 2000 nəfərədək Azərbaycan
Respublikası vətəndaşının xaricdə nüfuzlu ali təhsil
müəssisələrində ali təhsilin
bakalavriat və magistratura
səviyyələrində təhsil alması təmin ediləcək.
Ümumiyyətlə gənclərlə bağlı bu addımların atılmasında əsas məqsəd
müasir, müstəqil Azərbaycanın
inkişafında gənclərin potensialından səmərəli
istifadə etməkdir. Gənclər siyasəti ölkədə
həyata keçirilən inkişaf siyasətinin
mühüm tərkib hissəsidir”.
S.Möhbalıyev əlavə edib ki, bu gün Azərbaycan gəncliyi ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir və siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayır. Gənclərin fəaliyyəti üçün dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin aparıcı qüvvəsinə çevrilib. Gəncliyimiz ölkəmizin gələcəyi uğrunda inamlı addımlar atır: “Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənclər formalaşır. Biz 44 günlük Vətən Müharibəsində bunun əyani şahidi olduq. Rəşadətli Azərbaycan Ordusunun sıralarındakı qəhrəman gənclərimiz öz adlarını xalqımızın ən yeni tarixinə qızıl hərflərlə yazdılar. Məhz onların rəşadəti sayəsində əldə olunan bu Şanlı Zəfər ölkəmizin ərazi bütövlüyünü bərpa etdi, xalqımız otuz illik həsrətdən sonra tarixi torpaqlarımıza qovuşdu. Gənclərimiz Vətən uğrunda döyüşlərlə yanaşı, arxa cəbhədə də yüksək fəallıq göstərib, ölkəmizlə bağlı həqiqətlərin, işğalçı Ermənistanın əzəli torpaqlarımızda törətdikləri vandallıq aktlarının beynəlxalq ictimaiyyətin diqqətinə çatdırılmasında fəal iştirak etdilər. İnanırıq ki, Azərbaycanda uğurlu gənclər siyasəti bundan sonra da davam etdiriləcək, gənclərimiz dövlətimizin başçısı cənab İlham Əliyevin ətrafında sıx birləşərək ölkəmizin inkişafına öz layiqli töhfələrini verəcəklər. Bir daha hər birinizi təbrik edir, təhsilinizdə və şəxsi həyatınızda uğurlar arzulayıram”.
Sonra
2021-2022-ci tədris ilinin qış imtahan sessiyasının nəticələrinə
görə əlaçı və həmkarlar ittifaqı fəalı
olan 65 nəfər ali məktəb tələbələrinə
ATİAHİ Respublika Komitəsinin adlı təqaüdü təqdim
edilib.
Tədbirdə
çıxış edən tələbələr göstərilən
diqqət və qayğıya görə təşəkkürlərini
bildiriblər.
Azərbaycan.-2022.- 9 aprel.- S.7.