İlham
Əliyev siyasəti - Zəfərə aparan yol
Hər
bir xalqın, dövlətin strateji yolunu, siyasi taleyini,
perspektivlərini müəyyənləşdirən həlledici
anlar, tarixi əhəmiyyətə malik məqamlar var. Bir əsrdə
iki dəfə müstəqillik qazanaraq istiqlaliyyət
ideyasına və məfkurəsinə sadiqliyini, mübarizə
əzmini, siyasi potensialını, zəngin dövlətçilik
ənənələrini, eləcə də unikal, bənzərsiz
milli dəyərlərini dünyaya nümayiş etdirən,
tarixin ictimai-siyasi yaddaşına əbədi həkk etdirən
Azərbaycan xalqı da bu baxımdan istisna deyil.
Azərbaycanın
timsalında strateji dönüş nöqtəsi
adlandırılan, milli inkişafı, intibahı, tərəqqini
və yüksəlişi təmin edən bir çox
mühüm amil var, bir çox tarixi an və məqam var, amma
həlledici faktorlar sırasında liderlik fenomeni xüsusi yer
tutur. Xüsusilə də 1991-ci ildə formal müstəqillik
əldə etsə də, ilk illərdə suverenliyini təmin
etməmiş, dövlətçiliyin ictimai-siyasi
dayaqlarını gücləndirməmiş Azərbaycanın
öz siyasi taleyinin sahibi olan qüdrətli dövlətə
çevrilməsini, tarixi nailiyyətlər qazanaraq tərəqqi
və qələbə zirvəsinə yüksəlməsini
mümkün edən amil liderlik fenomeni olmuşdur. Başqa
sözlə, güclü, nüfuzlu, qətiyyətli, milli
maraqlara və milli-mənəvi dəyərlərə əsaslanan
siyasət yürüdən liderlər - Ümummilli Lider Heydər
Əliyev və Prezident İlham Əliyevin strateji fəaliyyəti
sayəsində Azərbaycanın adı nüfuzlu dövlətlər
sırasında çəkilməyə başlanmış,
üçrəngli bayrağımız qələbə zirvəsində
qürurla və əzəmətlə dalğalanmış,
qalib dövlətin vətəndaşları - müzəffər
xalqın nümayəndələri olmaq milli qürurunu
yaşamışıq. Ümummilli Liderimizin “Mən həmişə
fəxr etmişəm, bu gün də fəxr edirəm ki, azərbaycanlıyam”
kəlamı artıq hər birimizin milli şüarına
çevrilmiş, milli-siyasi şüurumuza əbədi
yazılmışdır!
Xalqın
seçimi - dövlətin yüksəlişi
Təbii ki, bu nailiyyətlər lider-xalq birliyi, xalqın
öz qətiyyətli, milli maraqlara, müasir
çağırışlara adekvat siyasət həyata
keçirən, dövlətin strateji mənafelərini
üstün tutan Liderini birmənalı və prinsipial olaraq dəstəkləməsi
sayəsində mümkün olmuşdur. 11 aprel 2018-ci il
tarixində keçirilmiş prezident seçkilərinin nəticələri
də bu gerçəkliyin daha bir əyani ifadəsi, növbəti
bariz nümunəsidir.
Seçkilərdə xalqımızın iradəsi əsasında
cənab İlham Əliyevin növbəti dəfə Azərbaycan
Respublikasının Prezidenti seçilməsi, təbii ki,
gözlənilən - proqnozlaşdırılan idi. Çünki o zamana qədər
son 15 ildə (2003-2018) Heydər Əliyev siyasətini
uğurla, uzaqgörənliklə davam etdirən cənab
İlham Əliyev Azərbaycanın iqtisadi potensialının,
siyasi nüfuzunun artmasını, ikitərəfli və
çoxşaxəli münasibətlərinin
inkişafını, beynəlxalq mövqeyinin möhkəmlənməsini,
xalq-iqtidar birliyinin, milli həmrəyliyin güclənməsini
təmin etmiş, mürəkkəb şərtlər və
şərait fonunda, sərt geosiyasi mübarizə və rəqabətin
aparıldığı vəziyyətdə yaxşı
perspektivlər - gələcəyə nikbin baxış
formalaşdırmışdı. Bu dövrü
ehtiva edən statistika məlum, mənzərə
aydındır. Xalq Heydər Əliyev yoluna, İlham
Əliyevin siyasətinə ona görə bir daha “hə”
demişdi ki:
-
2003-2018-ci illər ərzində həyata keçirilən səmərəli
iqtisadi siyasət nəticəsində ümumi daxili məhsul
3,3 dəfə, büdcə gəlirləri
18,4 dəfə, strateji valyuta ehtiyatları 26,6 dəfə
artmışdır. Xarici ticarət dövriyyəsinin 6,1 dəfə, ixracın həcminin 7,8 dəfə
artması isə Azərbaycanın
iqtisadi potensialının yüksəlməsini təmin
etmişdir;
- Prezident
İlham Əliyevin “Bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşının rifahı və mənafeyi
dayanır” tezisi söz ilə əməlin vəhdətini
ifadə edir. 2003-2018-ci illər ərzində həyata
keçirilən nümunəvi sosial siyasətin nəticələri
də bu reallığı təsdiqləyir. Həmin
dövrdə əhalinin nominal gəlirləri 9,3 dəfə,
minimum əməkhaqqı 14,4 dəfə, əhalinin
banklardakı əmanəti 33,2 dəfə, maaşlar təxminən
7 dəfə, pensiyalar 9,3 dəfə artmışdır. 2 197
352 yeni iş yerinin açılması, işsizliyin səviyyəsinin
9,2 faizdən 4,9 faizə, yoxsulluğun səviyyəsinin
isə 44,7 faizdən 5,1 faizə endirilməsi İlham
Əliyevin sosial siyasət modelinin effektivliyini əks etdirən
faktlardan idi;
- İnnovasiyalara və müasir texnologiyalara əsaslanan
iqtisadiyyat quruculuğu, sistemli, kompleks xarakterli islahatlar 2003-2018-ci
illərdə Azərbaycanın qlobal rəqabətlilik
indeksində dünyadakı mövqeyinin güclənməsini
təmin etmişdi. Davos Dünya İqtisadi Forumunun “2017-2018 Qlobal Rəqabətlilik
Hesabatı”nda Azərbaycanın 35-ci pillədə qərarlaşması,
MDB məkanında liderliyini qoruyub saxlaması, dünyada ən
çox islahat aparan 10 ölkədən biri kimi
tanınması, innovasiya potensialına görə dünyada
44-cü, dövlət orqanlarında İKT-nin tətbiqi
üzrə 14-cü olması Azərbaycan Prezidentinin yeni
reallıqlara - modern tendensiyalara əsaslanan dövlət
quruculuğu siyasətinin təzahürü və nəticəsi
idi;
- Həmin
müddət ərzində iqtisadiyyatın neft-qaz sektorunun
inkişaf etdirilməsi Azərbaycanın həm tərəqqisinə,
həm də dünyada etibarlı tərəfdaşa
çevrilməsində mühüm rol oynadı. Ulu Öndər
Heydər Əliyevin təməlini qoyduğu
Bakı-Tbilisi-Ceyhan neft kəmərinin 2006-cı ildə
istifadəyə verilməsi, bir il sonra
Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin işə
salınması, 2018-ci ildə Bakıda “Cənub qaz dəhlizi”
layihəsinin, Əskişəhərdə bu dəhlizin
mühüm hissəsi olan Trans-Anadolu (TANAP) qaz boru kəmərinin
açılışının olması Azərbaycanın
strateji valyuta ehtiyatlarının, maliyyə imkanlarının,
regional və beynəlxalq enerji təhlükəsizliyində
rolunun artmasını, həmçinin iqtisadi və siyasi əlaqələrinin
genişlənməsini şərtləndirdi;
- Cənab
İlham Əliyev dayanıqlı, dinamik iqtisadi sistem
formalaşdırmaq və inkişafın
ardıcıllığını təmin etmək
üçün qeyri-neft sektorunun yüksəlişini strateji
prioritetlərdən biri kimi müəyyənləşdirdi,
bu istiqamətdə məqsədyönlü tədbirlərin
həyata keçirilməsini təmin etdi. Neft gəlirlərindən
səmərəli istifadə edilməsi bu prosesə çox
mühüm töhfə verdi. Paralel olaraq
infrastrukturun yenilənməsi və təkmilləşdirilməsi
Azərbaycanın inkişafına əlavə təkan verdi. 30-dan çox elektrik stansiyasının
tikilməsi, 15 min kilometr yeni yol çəkilişi, yeddi hava
limanının tikilməsi, Xəzər dənizində ən
böyük yeni ticarət limanının inşası, dəmir
yolu infrastrukturunun yenilənməsi, su və qaz təchizatının
yaxşılaşdırılması bu kontekstdə xüsusi
qeyd edilməlidir;
- Azərbaycanın
ərazi bütövlüyünün təmin
olunmasını bir nömrəli milli məsələ və
xarici siyasət kursunun əsas strateji istiqaməti kimi müəyyənləşdirən
Prezident İlham Əliyev hücum diplomatiyası həyata
keçirməklə Azərbaycan reallıqlarının təbliğ,
erməni yalanlarının isə ifşa olunması ilə
bağlı mühüm nailiyyətlər
qazanılmasını təmin etdi. Xüsusilə də Birləşmiş
Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı,
Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı
və digər bu kimi qurumlarda səmərəli, fəal
diplomatik işin aparılması Azərbaycana mühüm
üstünlüklər qazandırdı. 155 dövlətin dəstəyi
ilə BMT-nin Təhlükəsizlik Şurasının
qeyri-daimi üzvü seçilməsi isə Azərbaycanın
yüksək beynəlxalq nüfuzunun göstəricisi,
Prezident İlham Əliyevin dərin strateji diplomatiya siyasətinin
nəticəsi olmaqla yanaşı, Ermənistanın
işğalçı və terrorçu siyasətinin
dünya ictimaiyyətinin diqqətinə daha dolğun
çatdırılması baxımından müstəsna əhəmiyyətə
malik oldu. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Azərbaycan
2011-ci ildə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik
Şurasına qeyri-daimi üzv seçilmişdir. Yəni bu, özlüyündə böyük bir
göstəricidir. Birinci növbədə,
ona görə ki, biz ilk dəfə bu böyük, şərəfli
missiyaya nail olduq və o vaxt müstəqilliyimizin cəmi 20
yaşı tamam olmuşdu. Digər tərəfdən,
bu, Azərbaycanın beynəlxalq nüfuzuna bilavasitə dəlalət
edən amillərdən biri idi. Çünki
dünya birliyinin mütləq əksəriyyəti bizə
inandı, bizə etimad göstərdi və bizə öz səsini
vermişdi”. Təbii ki, Azərbaycan bu
etimadı doğrultdu, BMT TŞ-dəki fəaliyyəti ilə
humanizm dəyərlərinə, dünyanın müxtəlif
regionlarındakı münaqişələrin aradan
qaldırılması üçün göstərilən səylərə
verdiyi dəstəyi, önəmi nümayiş etdirdi.
Ölkəmizin sədrliyi müddətində qurumun 59
açıq və qapalı iclası keçirildi, 7 qətnamə,
Şura sədrinin 3 bəyanatı və 13 mətbuat bəyanatı
qəbul edildi ki, burada Azərbaycanın strateji fəaliyyəti
və fəallığı yüksək qiymətləndirildi;
-
2003-2018-ci illəri əhatə edən dönəm həm də
Azərbaycan Ordusunun hərbi potensialının,
gücünün artması, vətənpərvərlik ruhunun
yüksəlməsi ilə səciyyələndi. Prezident
İlham Əliyevin uğurlu, səmərəli və
nümunəvi ordu quruculuğu siyasəti nəticəsində
silah-sursat, texnika ilə təchizat, döyüş qabiliyyəti
baxımından Azərbaycan Ordusu dünyanın ən
güclü ordularının sırasına daxil oldu və
öz sözünü döyüş meydanında dedi. 2016-cı ildə Ermənistanın diversiya-təxribat
cəhdləri nəticəsində baş vermiş
dördgünlük Aprel döyüşləri Azərbaycan
Silahlı Qüvvələrinin işğal altında olan
torpaqlarımızı azad etmək gücündə, əzmində
və iqtidarında olduğunu bütün dünyaya
nümayiş etdirdi. Azərbaycan Ordusu 2000 hektara
yaxın ərazini, o cümlədən Lələtəpə
və Talış yüksəkliklərini azad etməklə həm
də “güclü Ermənistan ordusu” mifini darmadağın
etmiş oldu. Şübhəsiz ki, 4 günlük
döyüşlərdən 44 günlük müharibəyə
gedən yolda atılan hər bir addım Azərbaycanın
tarixi Qələbəsinə - möhtəşəm Zəfərinə
etibarlı zəmin formalaşdırdı;
- Prezident
İlham Əliyev fiziki, mənəvi cəhətdən
sağlam, vətənpərvər gəncliyin yetişməsi
və milli ruhda tərbiyəsi, bu kontekstdə qara
qızılın intellektual kapitala çevrilməsi istiqamətində
də Azərbaycanın yeni strateji yol xəritəsini müəyyənləşdirdi,
qarşıda duran məqsəd və hədəflərə
çatmaq üçün sistemli fəaliyyəti təmin
etdi. Keyfiyyətli təhsilə əlçatanlığın
gücləndirilməsi, xaricdə təhsil imkanlarının
genişləndirilməsi, milli həmrəyliyin əsasını
təşkil edən azərbaycançılıq
ideologiyasının təşviqinə və təbliğinə
xüsusi diqqət yetirilməsi, Azərbaycanın idman ölkəsinə
çevrilməsi və digər mühüm istiqamətlərdə
atılan addımlar respublikamızın intibahını,
yüksəlişini və tərəqqisini sürətləndirdi.
Söz ilə
əməlin vəhdəti
Şübhəsiz
ki, 11 aprel 2018-ci il tarixində
keçirilmiş seçkilərin nəticələri təkcə
siyasi-hüquqi reallıqları ifadə və ehtiva etmir, həm
də strateji əhəmiyyətə malikdir. Çünki
Azərbaycan xalqının cənab İlham Əliyevə
növbəti dəfə inam ifadə etməsindən - etimad
göstərməsindən sonra istər daxili, istərsə də
xarici siyasətdə çox mühüm addımlar
atıldı, qarşıda duran yeni strateji hədəflərin
reallaşdırılması istiqamətində növbəti
mərhələ başlandı.
Cənab İlham Əliyev andiçmə mərasimində
“Biz gələcəyə baxmalıyıq və
baxırıq.
Növbəti illərdə görüləcək işlər
haqqında bizim çox aydın təsəvvürümüz,
planlarımız, proqramlarımız var... Hamımızın
amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin,
daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan
vətəndaşları daha da yaxşı yaşasınlar” ,- deyə qətiyyətlə bəyan və
ifadə etmişdi. Zaman Azərbaycanın Liderinin Vətənə,
xalqa və dövlətə sədaqət andını şərəflə
və ləyaqətlə yerinə yetirməsinə
şahidlik etdi - cənab
İlham Əliyev bir daha sübuta yetirdi ki, Onun
sözü imzası qədər dəyərli, dəyərli
olduğu qədər də keçərlidir.
2018-ci ildən
başlayaraq görülən işlər nəticəsində:
- Azərbaycanın
iqtisadi sistemi gücləndirildi, yeni qlobal təsirlərə
və şoklara davamlı hala gətirildi, maliyyə
imkanları genişləndirildi, strateji valyuta
ehtiyatlarının artması tendensiyası davam etdi;
-
Regionların sosial-iqtisadi inkişafı ilə əlaqədar
sistemli fəaliyyət davam etdirildi, reallaşdırılan tədbirlər
bölgələrdə iqtisadi fəallığın
artmasına, əhalinin rifahının yüksəlməsinə
təkan və töhfə oldu;
- Cənab
İlham Əliyev andiçmə mərasimində yeni islahat
dalğasının anonsunu vermişdi. Qısa müddət ərzində
çoxşaxəli institusional və digər xarakterli
reformalar idarəetmənin səmərəliliyi və
çevikliyinin artmasını təmin etməklə
yanaşı, vətəndaş məmnunluğuna, xalq-iqtidar
birliyinin, milli həmrəyliyin güclənməsinə, ən
əsası, Azərbaycan dövlətinin milli
gücünün artmasına etibarlı zəmin, əlverişli
şərait formalaşdırdı;
-
İslahatlar nəticəsində yeni siyasi konfiqurasiyanın
yaranması, siyasi dialoq prosesinin dərinləşdirilməsi,
vətəndaş cəmiyyəti təsisatının
inkişafına xidmət edən addımların
atılması həm Azərbaycanın mühüm prioritetləri
reallaşdırmasına, həm də milli həmrəyliyin
gücləndirilməsinə təkan verdi;
-
Çoxşaxəli reformalar kursu inam və etimad
ünvanı olan, ümumxalq partiyası kimi Azərbaycanı
qurtuluşdan tərəqqiyə, tərəqqidən isə Zəfərə
aparan Yeni Azərbaycan Partiyasını da əhatə etdi.
Hakim və alternativsiz siyasi qüvvə olan YAP-ın ötən
il martın 5-də baş tutmuş VII
qurultayı partiyamızın və ölkəmizin
inkişafında yeni mərhələnin əsasını
qoydu. Qurultayda qəbul edilən qərarlar və
ötən müddət ərzində mühüm
addımların atılması, müxtəlif tədbirlərin
keçirilməsi partiyamızın inkişafı və
müasir çağırışlara cavab verməsi,
ictimai-siyasi öhdəlikləri layiqincə yerinə yetirməsi
üçün olduqca əhəmiyyətlidir. Bu, həm də milli maraqların qorunmasına
siyasi-ideoloji dəstəyin verilməsi, o cümlədən
dövlətin strateji maraqlarının müdafiəsi naminə
sağlam ictimai rəyin formalaşması baxımından
önəmlidir. Görülən işlər
həm gənclərin vətənpərvərlik ruhunda tərbiyəsi
- milli şüurun gücləndirilməsi, həm Azərbaycan
həqiqətlərinin dünya ictimaiyyətinə
çatdırılması, həm də partiyamızın
beynəlxalq əlaqələrinin möhkəmləndirilməsi
baxımından önəmlidir. Partiyamızın Sədri,
dövlət başçısı cənab İlham
Əliyev tərəfindən qarşıya qoyulmuş, eləcə
də milli-strateji prioritetlərdən irəli gələn vəzifələrin
ardıcıl və məqsədyönlü şəkildə
yerinə yetirilməsi Azərbaycanın yeni dönəmdə
davamlı uğurlar əldə etməsinə yeni imkanlar
yaradır;
- Prezident
İlham Əliyevin milli maraqlara əsaslanan strateji kursunun nəticəsi
olaraq xalqımızın həmrəyliyinin daha da gücləndirilməsi
Azərbaycanın qüdrətinin artmasını təmin etməklə
yanaşı, ölkəmiz üçün yeni perspektivlər
açıb. Azərbaycançılıq
ideologiyasının təbliği və təşviqi istiqamətində
məqsədyönlü tədbirlərin həyata
keçirilməsi, paralel olaraq respublikamızda müxtəlif
xalqların nümayəndələrinin sülh, sabitlik və
təhlükəsizlik şəraitində yaşaması,
islahatlar nəticəsində siyasi qüvvələrin
ümummilli məsələlərdə vahid platformada birləşməsi
və digər amillər milli birliyin əsaslarını
gücləndirib;
-
Əhalinin sosial müdafiəsinin mütəmadi olaraq möhkəmləndirilməsinə
xidmət edən sosial siyasətin
reallaşdırılması, məşğulluq səviyyəsinin
yüksəldilməsi, yoxsulluğun azaldılması və
digər məqsədyönlü addımlar vətəndaş
məmnunluğunun artmasını şərtləndirib;
- Azərbaycanın
dünya miqyasında reputasiyası güclənib. Prezident İlham Əliyevin müstəqil və milli
maraqlara əsaslanan xarici siyasəti Azərbaycanın regional
liderə - bölgədə güc mərkəzinə,
dünya siyasətində nüfuzlu milli subyektə
çevrilməsinə səbəb olub. Azərbaycanın
təşəbbüsü və liderliyi ilə mühüm nəqliyyat
və enerji layihələrinin reallaşdırılması,
ikitərəfli və çoxşaxəli formatda əməkdaşlıq
platformalarının yaradılması ölkəmizə
mühüm iqtisadi mənfəət və siyasi dividendlər
qazandırıb. Respublikamızın həmçinin
beynəlxalq təşkilatlarda uğurla təmsil olunması və
sədrlik etməsi Azərbaycana, şəxsən cənab
İlham Əliyevə olan böyük inam və etimadın
ifadəsi, dövlətimizin geostrateji əhəmiyyətinin
göstəricisidir. Təsadüfi deyil ki,
bu gün ölkəmiz həm müstəqil siyasət yürüdən
regional güc mərkəzi, həm nüfuzlu və
etibarlı tərəfdaş, həm də beynəlxalq dialoq
və əməkdaşlıq məkanı kimi tanınır,
beynəlxalq təşkilatlara rəhbərlik, mötəbər
tədbirlərə isə evsahibliyi edir. Prezident
İlham Əliyevin səmərəli fəaliyyəti və
yüksək təşəbbüskarlığı sayəsində
Azərbaycan ötən müddət ərzində bəşəriyyət
üçün taleyüklü məsələlərin həllində
mühüm rol oynayıb, regional və beynəlxalq təhlükəsizliyə
mühüm töhfələr verib. Ölkəmizin
120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına
üzv qəbul edilməsi, 2019-cu ildən isə həmin təşkilata
uğurla sədrlik etməsi bu qəbildən olan nümunələr
sırasındadır. Ona görə də nüfuzlu
strateji araşdırma mərkəzləri, beynəlxalq
ekspertlər tərəfindən ifadə edilən rəylərdə
Şərqlə Qərb arasında mənəvi-siyasi və mədəni-intellektual
körpü rolunu oynayan Azərbaycanın beynəlxalq əməkdaşlıq
prosesinə fundamental töhfələr verməsi olduqca
yüksək dəyərləndirilir;
- Prezident
İlham Əliyevin çoxvektorlu xarici siyasət kursu ilə
yanaşı, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti,
Heydər Əliyev Fondunun prezidenti, Yeni Azərbaycan
Partiyası Sədrinin birinci müavini Mehriban xanım
Əliyevanın uğurlu fəaliyyəti nəticəsində
ölkəmiz qarşıya qoyduğu bir çox hədəflərə
nail olub. Xüsusilə də Mehriban xanım
Əliyevanın təşəbbüsləri əsasında
reallaşdırılan layihələr vətəndaş məmnunluğunun
artmasında, Azərbaycan həqiqətlərinin dünya
ictimaiyyətinin diqqətinə çatdırılmasında,
ölkəmizin müsbət imicinin beynəlxalq aləmdə
daha da möhkəmlənməsində əvəzsiz rola
malikdir. Həmçinin Azərbaycan mədəniyyətinin,
ölkəmizin zəngin tarixi irsinin qlobal arenada sistemli şəkildə
təbliğ olunması, multikulturalizmin və tolerantlıq ənənələrinin
təşviqi, sivilizasiyalar arasında dialoqun inkişafına
xidmət edən strateji tədbirlərin həyata
keçirilməsi olduqca önəmli və faydalıdır;
- Nəhayət,
bütün andiçmə mərasimlərində olduğu
kimi, 18 aprel 2018-ci il tarixli inaqurasiyada da Azərbaycanın ərazi
bütövlüyünün bərpasının zəruriliyinə
toxunan cənab İlham Əliyev qətiyyətli Lider, cəsur
Sərkərdə, polad iradəli Ali Baş Komandan kimi fəaliyyətini
davam etdirərək 2 il 7 ay sonra bu ali məqsədə nail
olaraq strateji hədəfə çatdı və
torpaqlarımız işğaldan azad edildi! Sözsüz ki,
bu, xalqımızın çoxəsrlik, zəngin və şərəfli
dövlətçilik tarixinin ən parlaq səhifəsi,
müstəsna siyasi hadisə və dövlətçilik
tariximizdə bənzəri olmayan Zəfər salnaməsi, eyni
zamanda, Heydər Əliyev ideyalarının təntənəsi,
Prezident İlham Əliyevin böyük siyasətinin real nəticəsidir.
Qələbə
formulu - güclü dövlət konsepsiyası
Çox
vacib məqamlardan biri
Böyük yolun - Heydər Əliyev yolunun Müzəffər
davamçısı olan Prezident İlham Əliyevin bu tarixi,
möhtəşəm, bənzərsiz və şanlı qələbəyə
necə nail olması - milli Zəfərin necə
qazanılmasıdır. Şübhəsiz ki,
torpaqlarımız döyüş meydanında Ali Baş Komandanımızın
rəhbərliyi ilə qüdrətli Azərbaycan Ordusunun erməni
faşizmini məhv etməsi, işğalçıları
darmadağın edərək layiqincə cəzalandırması
nəticəsində azad olundu. Lakin məsələnin
mahiyyəti daha dərin, məzmunu daha genişdir. Daha dəqiq desək, Prezident İlham Əliyevin
milli maraqlara və bəşəri dəyərlərə
söykənən dövlət konsepsiyası Azərbaycanı
tarixi Zəfərə aparan amil oldu. Yəni
ölkəmizin ərazi bütövlüyünün bərpa
edilməsi müstəqillik illərində həyata
keçirilən uğurlu və ardıcıl strateji kursun məntiqi
nəticəsidir.
Müdrik
dövlət xadimi, xalqımızın Ümummilli Lideri Heydər
Əliyevin əsasını qoyduğu və Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilən,
inkişafa, intibaha, tərəqqiyə və qələbəyə
hədəflənən siyasət sayəsində Azərbaycanın
milli gücünün və iqtisadi potensialının
artırılmasına, torpaqların işğaldan azad edilməsinə
zəmin formalaşdıran əsas amil oldu.
Paralel
olaraq ordu quruculuğu strategiyasının müvəffəqiyyətlə
icra olunması, müasir standartlar və yeni yanaşmalar əsasında
Silahlı Qüvvələrin döyüş qabiliyyətinin,
hərbi hazırlıq səviyyəsinin
artırılması, maddi-texniki təchizatının gücləndirilməsi
Azərbaycanın öz milli maraqlarını, suverenliyini
döyüş meydanında - hərb səhnəsində təmin
etməsini şərtləndirdi.
Azərbaycan öz hədəfinə - ərazi
bütövlüyünün bərpasına doğru hücum
xarakterli, dərin strateji diplomatiya siyasəti həyata
keçirməklə irəlilədi. Müasir beynəlxalq
münasibətlər sistemində güclü dostluq və tərəfdaşlıq
əlaqələrinin formalaşdırılması, sürətli
yüksəlişin təmin edilməsi Azərbaycanın haqq
işində qətiyyətli və birmənalı mənəvi-siyasi
dəstək qazanılması baxımından xüsusi əhəmiyyətə
malik oldu. Qərəzli dairələrin məkrli
planlarının iflasa uğradılması, Azərbaycanın
ərazi bütövlüyünün dəstəkləndiyi qərar
və qətnamələrin qəbuluna nail olunması
münaqişənin həlli istiqamətində ölkəmizin
mövqeyinin möhkəmlənməsinə şərait
yaratdı. Hücum diplomatiyasının tərkib
hissəsi kimi uğurlu informasiya strategiyasının tətbiq
olunması, mərkəzlərin Azərbaycana qarşı qara
piar kampaniyasının fiaskoya uğradılması da
mövqeyimizi möhkəmləndirən və təsir
imkanlarımızı artıran çox önəmli amillərdən
biri oldu.
Bütün
bunlar Azərbaycana ərazi bütövlüyünün bərpası
üçün çox mühüm üstünlüklər
qazandırdı və son sözü döyüş
meydanında Müzəffər Ali Baş Komandanın rəhbərliyi
ilə şanlı Azərbaycan Ordusu dedi .
XXI əsrin
üçüncü onilliyi - yeni hədəflər və
perspektivlər
Şübhəsiz ki, qalib xalq olaraq yaşamaq məğlub
toplum kimi siyasi varlığını süründürməkdən
şərəfli olmaqla yanaşı, daha çətin və
daha məsuliyyətlidir. O səbəbdən hərb meydanında
qazanılmış Zəfəri strateji prosesə çevirmək
və Qələbəni diplomatiya meydanında, quruculuq
müstəvisində möhkəmləndirmək vacibdir,
tarixi zərurətdir.
Xüsusilə də nəzərə almaq gərəkdir
ki, bu Qələbə təkcə torpaqlarımızın
işğaldan azad olunması - Azərbaycanın ərazi
bütövlüyünün, tarixi ədalətin bərpası
deyil, eyni zamanda, milli tərəqqinin yeni mərhələsinin
başlanğıcı, yeni şanslar, yeni fürsətlər,
yeni perspektivlər deməkdir.
Azərbaycanın qarşısında duran strateji vəzifələrdən biri işğaldan azad edilmiş ərazilərdə nəhəng quruculuq işlərinin aparılması, həmin torpaqlarda layiqli və dayanıqlı məskunlaşmanın təmin olunması üçün Böyük Qayıdışın həyata keçirilməsidir. Bu istiqamətdə mühüm addımlar atılır, həmin ərazilərdə müasir texnologiyalardan istifadə olunur, innovasiyalar tətbiq edilir, yeni infrastruktur yaradılır, beynəlxalq əməkdaşlıq çərçivəsində investisiya cəlb olunur. Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında” fərmanından irəli gələn vəzifələrin icrası da diqqət mərkəzində saxlanılır. Şübhəsiz ki, Qarabağ və Şərqi Zəngəzurda bu istiqamətdə ardıcıl işlərin görülməsi, iqtisadi potensialdan səmərəli istifadə olunması milli inkişafın sürətlənməsinə əlavə təkan olacaq.
Bununla yanaşı, regionda kommunikasiya xətlərinin bərpası geniş formatda unikal əməkdaşlıq imkanlarının formalaşması deməkdir. Bu, Azərbaycanın həm tranzit, həm də ixracatçı ölkə kimi mövqeyini möhkəmləndirəcək, Şərqdən Qərbə, Asiyadan Avropaya doğru geniş coğrafiyada Azərbaycanın geosiyasi nüfuz zonasının, işbirliyi və inteqrasiya dairəsinin genişlənməsini təmin edəcək.
Prezident İlham Əliyevin işğaldan azad olunmuş ərazilərə hər səfəri, ikitərəfli münasibətlər formatında və beynəlxalq təşkilatlar çərçivəsində görüşlər zamanı qətiyyətli mövqe sərgiləməsi göstərir ki, ölkəmizin mövqeyi dəyişməzdir, respublikamız bütün strateji hədəflərinə doğru addım-addım irəliləyir, öz gücü ilə milli məqsədlərə nail olmaq iqtidarında olduğunu nümayiş etdirir. Cənab İlham Əliyev tarixin ən güclü Azərbaycanının Lideri kimi tarix yazmağa davam edir, XXI əsrin üçüncü onilliyinə Azərbaycanın müasir çağırışlara adekvat cavab verən suveren ölkə kimi irəliləməsini təmin edir.
Nəzər yetirdiyimiz faktlar - istinad etdiyimiz reallıqlar, o cümlədən 2018-ci ildən bu günə qədər qət olunan məsafə, əldə edilən nailiyyətlər göstərir ki, qüdrətli, söz - nüfuz sahibi olan Azərbaycan reallığı Prezident İlham Əliyevin uğurlu siyasətinin real təzahürü, məntiqi nəticəsi, xalqımızın qürur, dövlətimizin isə güc mənbəyidir. Əsrə bərabər inkişaf və Zəfər yolu isə Heydər Əliyev ideyaları əsasında və Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanı yeni hədəflərə, yeni strateji nailiyyətlərə və zirvələrə doğru aparır.
Tahir BUDAQOV,
Yeni Azərbaycan Partiyası Sədrinin
müavini - Mərkəzi Aparatın rəhbəri
Azərbaycan.-2022.- 10 aprel.- S.3.