Naftalanda Aprel şəhidinin xatirəsi anılmışdır
Naftalanda Aprel döyüşləri zamanı qəhrəmancasına şəhid olmuş kapitan Vaqif Dilqəm oğlu Bayramovun xatirəsi anılmışdır. Tədbir iştirakçıları əvvəlcə ailə üzvləri ilə birgə şəhidin məzarını ziyarət edərək önünə gül dəstələri düzmüş, ruhuna dualar oxumuşlar.
Çıxış edənlər Ali Baş Komandanın rəhbərliyi ilə Aprel döyüşlərinin Azərbaycan xalqının mübarizliyinin, rəşadətli ordumuzun gücünün-qüdrətinin təntənəsi və Vətən müharibəsində zəfərə gedən yolun başlanğıcı olduğunu qeyd etmiş, ölkəmizin hər yerində olduğu kimi, Naftalanda da şəhidlərin xatirəsinin daim əziz tutulduğunu diqqətə çatdırmışlar.
Sonra rəssam Elxan Əliyev müəllifi olduğu və Xocavəndin Hadrut qəsəbəsində ucaldılmış “Dəmir yumruq” heykəlinin kiçik formasını şəhidin həyat yoldaşı Nuranə Bayramovaya təqdim etmişdir.
Tədbir Vaqif Bayramovun təhsil aldığı İ.Nəsimi adına 1 nömrəli tam orta məktəbdə davam etdirilmişdir. Burada torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi birdəqiqəlik sükutla yad edildikdən sonra şəhidlərin adını daşıyan siniflərə baxış keçirilmişdir.
Şəhid ailələrinin nümayəndələri, qazilər çıxış edərək ölkəmizdə şəhid ailələrinə, qazilərə göstərilən diqqət və qayğıkeşlikdən söz açaraq minnətdarlıqlarını bildirmişlər. Sonda məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş olunmuşdur.
Azərbaycan.- 2020.- 8 aprel. S. 7.