Vətən müharibəsi şəhidi
Ruslan İsmayılovun
doğum günü qeyd edilib
Torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Göygöl rayon sakini İsmayılov Ruslan Eyvaz oğlunun doğum günü Şəhidlər xiyabanındakı məzarı önündə qeyd edilmişdir.
Çıxış edənlər 36 yaşı tamam olan şəhid Ruslan İsmayılovun 44 günlük Vətən müharibəsi başlayan gündən hərbi döyüşlərdə iştirak etdiyini və Kəlbəcər istiqamətində gedən döyüşlərdə şəhid olduğunu bildirmiş, Ali Baş Komandan İlham Əliyevin sərəncamı ilə ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif edildiyini diqqətə çatdırmışlar. Şəhidin keçdiyi qısa və mənalı həyat yolundan söz açan natiqlər vətənimizin bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş şəhidlərimizin əziz xatirəsinin daim uca tutulduğunu, onların uyuduqları məzarların ziyarət məkanına çevrildiyini qeyd etmişlər. Həmçinin diqqətə çatdırmışlar ki, bu gün dövlət siyasətinin əsas istiqamətlərindən biri müharibə veteranlarının, əlillərinin, eləcə də şəhid ailələrinin sosial müdafiəsinin gücləndirilməsi, onların problemlərinin vaxtında həllinə nail olunmasından ibarətdir. Bu istiqamətdə Göygöl rayonunda da çoxsaylı tədbirlər həyata keçirilir.
Şəhidin təhsil aldığı məktəbin şagirdləri Vətənə, şəhidlərə həsr edilmiş şeirlər söylədikdən sonra tədbir iştirakçıları rayonun Çaykənd kəndindəki Şəhidlər kompleksini və şəhidin yaşadığı evdə yaradılmış guşəni ziyarət etmişlər.
Sabir ƏLİYEV,
Azərbaycan.- 2020.- 8 aprel. S. 7.