Müəllifi İlham Əliyev olan yüksəliş salnaməsi

 

 

2018-ci il Azərbaycan üçün olduqca əlamətdar hadisələrlə yadda qaldı. Həmin ilin ən böyük hadisəsi isə cənab İlham Əliyevin prezident seçkilərindəki qələbəsidir.

4 il əvvəl, aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə İlham Əliyevin seçicilərin 86,02 faizinin dəstəyini qazanması və növbəti müddətə prezident seçilməsi Azərbaycan cəmiyyətinin öz rəhbərinə və ölkədə həyata keçirilən siyasi kursa sarsılmaz inam və rəğbətinin təsdiqi oldu.

Xalq növbədənkənar seçkilərdə cənab İlham Əliyevə etimad göstərməklə inkişafa və Azərbaycanı qüdrətli dövlətə çevirən siyasətə səs verdi. Bu qələbənin kökündə Prezident

İlham Əliyevin 2003-2018-ci illərdəki fəaliyyəti, Azərbaycanda həyata keçirdiyi genişmiqyaslı layihələr, ölkəmizin iqtisadiyyatında, sosial həyatında və digər sahələrdə qazanılan əzəmətli uğurlar dayandı. Xalqımız bütün bunları əsas tutaraq İlham Əliyev siyasətinin yenilməzliyinə və alternativinin olmadığına dərindən inandığını ortaya qoydu. Azərbaycan vətəndaşlarının bu seçimi həm də ölkəmizin inkişafına yönəlmiş bir ümumxalq qərarı idi.

İlham Əliyevə verilən hər bir səs eyni zamanda Heydər Əliyevin siyasi kursuna xalqın etimadını təcəssüm etdirdi. Xalqımız cənab İlham Əliyevin ətrafında sıx birləşməklə həm də Heydər Əliyev ideyalarının davamına səs verdi. Bu baxımdan İlham Əliyevin qələbəsi Heydər Əliyevin dövlətçilik xəttinə sadiq olan milyonların qələbəsi kimi tarixə düşdü.

2018-ci il aprel ayının 18-də Milli Məclisdə keçirilən andiçmə mərasimində möhtərəm İlham Əliyevin nitqini qürur hissi ilə dinlədim. Növbəti müddətə Prezident seçilən İlham Əliyev əvvəlki dövrdə inkişaf yoluna çıxardığı Azərbaycanın iftixar doğuran yüksəlişinin icmalını verdi və qarşıdakı 7 ildə respublikamızın  hədəflərini diqqətə çatdırdı, inkişafının yeni prioritetlərini elan etdi. Bir daha İlham Əliyev kimi liderimizin olması ilə fəxr etdik, qürur duyduq. “Azərbaycanı daha da qüdrətli ölkəyə çevirəcəyik. Hər bir sahə üzrə bizim konkret proqramlarımız, planlarımız var. Həm beynəlxalq məsələlərlə, həm bölgələrimizin möhkəmləndirilməsi, siyasi-iqtisadi islahatların dərinləşməsi, sosial siyasət, ordu quruculuğu ilə bağlı bizim konkret proqramlarımız var. Güclü siyasi iradə, böyük maliyyə resurslarımız var. Biz bu maliyyə resurslarını öz əlimizlə yaratmışıq və biz indi öz hesabımıza yaşayırıq. Xalq-iqtidar birliyi var. Ona görə mən əminəm ki, bütün Azərbaycan xalqı və biz hamımız gələcəyə çox böyük nikbinliklə baxırıq. Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar” deyən İlham Əliyevin elan etdiyi prioritetlərin hamısı son 4 ildə uğurla həyata keçib. Təsadüfi deyil ki, ötən 4 ildə Azərbaycan bir dövlət kimi uğurlarının kifayət qədər çoxşaxəli və  mötəbər olması ilə diqqət çəkir. Bu dövrdə yerləşdiyi region ətrafında cərəyan edən ziddiyyətli proseslər şəraitində ölkəmiz daxili sabitliyini daha da möhkəmləndirməklə, iqtisadiyyatını artım dinamikasına kökləməklə, irimiqyaslı layihələr həyata keçirməklə inkişafa və beynəlxalq səviyyədəki nüfuzunu yüksəltməyə müvəffəq olub.

Prezident seçkilərinin keçirildiyi 2018-ci il Azərbaycanın iqtisadi inkişafına və beynəlxalq nüfuzunun artmasına xidmət edən layihələrin icrasının başa çatması ilə əlamətdar oldu. “Cənub qaz dəhlizi” istifadəyə verildi, üçüncü peykimiz kosmosa uçdu. Türkiyədə “Starzavodunun  “Cənub qaz dəhlizi”nin 4 seqmentindən biri olan TANAP-ın məhz həmin il istifadəyə verilməsi cənab Prezident İlham Əliyevin həyata keçirdiyi yüksəliş siyasətinin möhtəşəm uğurları kimi tarixə düşdü. Bütün bunlar onu göstərdi ki, Prezident İlham Əliyev Azərbaycanın qüdrətli dövlətə çevrilməsi istiqamətində elan etdiyi prioritetləri inamla reallaşdırır. Azərbaycanın müasir hərb tarixinin şərəfli  səhifələrindən olan Günnüt əməliyyatı da 2018-ci ilə təsadüf etdi.

Prezident seçkilərindən qısa müddət sonra İlham Əliyevin elan etdiyi prioritetlərə uyğun olaraq Azərbaycan cəmiyyəti genişmiqyaslı islahatlara da şahidlik etdi. Bu islahatların əsas hədəfləri Azərbaycanı müasir, inkişaf edən və gələcəkdə inkişaf etmiş ölkəyə çevirmək, vətəndaşları narahat edən problemləri tamamilə gündəlikdən çıxarmaq, insanların rifah halını daha da yaxşılaşdırmaq idi. İstər sosial, istər iqtisadi islahatlar olduqca mütərəqqi məzmun daşımaqla cəmiyyətimizə yüksək ovqat və əhvali-ruhiyyə bəxş etdi. Bu islahatlar məzmununa görə məqsədyönlü olmaqla konkret hədəfə doğru hesablandı və kompleks xarakter daşıdı. Bütövlükdə ötən illərin reallıqları göstərir ki, ölkəmiz bu hədəflərə doğru sürətlə və inamla irəliləyir. Bütün bu islahatların nəticəsində Azərbaycan öz inkişafının yeni dövrünə qədəm qoyub.

 

Milli Məclisdə keçirilən andiçmə mərasimində Prezident İlham Əliyev demişdi: “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi yalnız və yalnız ölkəmizin ərazi bütövlüyü çərçivəsində öz həllini tapmalıdır. Bunun başqa yolu yoxdur. Azərbaycan heç vaxt imkan verməz ki, bizim ərazimizdə ikinci qondarma erməni dövləti yaradılsın”. Bəli, 2020-ci ilin 44 günlük Vətən müharibəsində qazanılan qələbə İlham Əliyevin nə qədər müdrik, uzaqgörən rəhbər, əsl lider olduğunu  bir daha təsdiq etdi. Çünki artıq keçmişdə qalmış Dağlıq Qarabağ münaqişəsi məhz Prezident, Müzəffər Ali Baş Komandan İlham  Əliyevin dediyi kimi öz həllini tapdı, Azərbaycan dövləti öz ərazilərində ikinci qondarma erməni dövlətinin yaradılmasına imkan vermədi.

 

Xalqımız dərindən inanırdı ki, İlham Əliyevin yürütdüyü qətiyyətli, hər addımda milli maraqlarımızı layiqincə qoruyan, Azərbaycanı tarixinin ən güclü dövlətinə çevirən siyasi  kursu mütləq torpaqlarımızın işğaldan azad olunmasını da təmin edəcək. Möhtərəm Prezidentin yürütdüyü siyasət torpaqlarımızın işğaldan azad ediləcəyi günü sürətlə yetişdirdi və 44 günlük müharibədə tarixi zəfəri təmin etdi. Ona görə İlham Əliyevin ötən 4 illik fəaliyyətinin möhtəşəm uğurları sırasında Vətən müharibəsindəki qələbənin xüsusi yeri var.

 

Bütövlükdə ötən 4 il Azərbaycanın müstəqillik tarixinin həm inkişaf, həm də qələbə ilə əhatə olunan möhtəşəm yüksəliş mərhələsidir. Bu inkişafın və zəfərin müəllifi isə Prezident İlham Əliyevdir.

 

 

Novruzəli ASLANOV,

Milli Məclisin deputatı,

Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti

Azərbaycan.-2022.- 10 aprel.- S.9.