Uğurlarımızın müəllifi

 

 

Ulu Öndər Heydər Əliyevin anadan olmasının 95 illiyinin, Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının və Bakının işğaldan azad olunmasının 100-cü ildönümünün böyük təntənə ilə qeyd edildiyi 2018-ci il mühüm bir siyasi hadisə ilə də yadda qaldı.

Həmin il aprelin 11-də keçirilən növbədənkənar prezident seçkilərində ölkə vətəndaşları ən doğru seçimlərini edərək, öz səslərini prezident postuna ən layiqli namizəd olan cənab İlham Əliyevə verdilər.

Bu seçkidə 86,02 faiz səs toplayan cənab İlham Əliyev bir daha xalqın etimadını qazandı. Növbədənkənar seçkilər xalqın Heydər Əliyev yoluna sədaqətini, bu xəttin layiqli davamçısı İlham Əliyevə dərin etimadını bir daha təsdiq etdi. Xalq İlham Əliyevin timsalında ən layiqli namizədi dəstəkləməklə Ulu Öndər Heydər Əliyevin ideyalarının davam etdirilməsinə səs verdi, gələcəyini tarixin sınaqlarından çıxan siyasi kursa əmanət etdi.

Əlbəttə ki, bu qələbənin kökündə ilk növbədə Prezident İlham Əliyevin 2003-cü ildən sonra Azərbaycanın inkişafı, xalqımızın rifahı, dövlətçiliyimizin və müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində əzmkar fəaliyyəti dayanırdı. Respublikamızda gedən siyasi, sosial-iqtisadi prosesləri müdrikcəsinə qiymətləndirən xalqımız növbəti dəfə  prezident seçkilərində 2003-cü ildən sonra Azərbaycandakı sürətli inkişafı, regionların yüksəlişini, respublikamızın dünyadakı nüfuzunun artmasını təmin edən siyasətə səs verdi.

Cənab İlham Əliyevin növbəti müddətə prezidentliyinin ötən 4 ili isə ölkə həyatı üçün strateji əhəmiyyət kəsb edən inkişaf proqramlarının sürətlə və işlək mexanizmlər əsasında həyata keçirilməsi, bir neçə il əvvəl baş qaldırmış qlobal iqtisadi böhrandan Azərbaycanın alnıaçıq çıxması, bütün sahələrdə tərəqqinin yenidən vüsət alması ilə səciyyəvidir. Prezident İlham Əliyev növbədənkənar seçkilərdə ona göstərilən böyük etimada görə 2018-ci il aprelin

11-də xalqımıza müraciətində və andiçmə mərasimindəki çıxışı zamanı Azərbaycanın perspektiv inkişafı ilə bağlı qarşıda duran vəzifə və məqsədləri açıqlamış, yeni islahatların həyata keçiriləcəyini bəyan etmişdi. Dövlət başçısının elan etdiyi bütün istiqamətlər üzrə islahatlar ötən 4 ildə uğurla reallaşdı. İqtisadi, sosial, struktur, idarəetmənin təkmilləşdirilməsi, məhkəmə və digər sahələrdə həyata keçirilən islahatlar Azərbaycanın inkişafına, cəmiyyətimizin firavanlığına, insanların rifahına xidmət etdi.

Son iki il həm də bütün dünyada qlobal problem olan koronavirusla mübarizə dövrüdür. İnsan amilini dövlət siyasətinin prioriteti elan edən Prezident İlham Əliyev koronavirusun respublikamızda qeydə alındığı ilk gündən əhalinin sağlamlığının təmin olunması üçün mühüm qərarlar qəbul etdi. Dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva ilk gündən koronavirusla mübarizənin effektiv şəkildə həyata keçirilməsi, görülən tədbirlərin səmərəli olması üçün qətiyyət göstərdilər, pandemiyanın ciddi fəsadlara səbəb olmaması üçün böyük iradə nümayiş etdirdilər. Bu mənada Prezident İlham Əliyevin növbəti mərhələ üçün respublikamıza rəhbərliyinin son iki ili həm də pandemiyaya qarşı uğurlu mübarizə dövrü kimi əlamətdardır. Son günlərin statistikası da göstərir ki, Azərbaycan tədricən COVID-19 pandemiyasına qalib gəlir.

Prezident İlham Əliyevin böyük uğurlar və əlamətdar hadisələrlə zəngin ötən son 4 illik fəaliyyətinin zirvəsi isə sözsüz ki, torpaqlarımızın işğaldan azad olunmasıdır. 2020-ci ilin 44 günlük Vətən müharibəsində xalqımız bir daha öz rəhbərinin qətiyyətinə, əzmkarlığına, vətən sevgisinə şahidlik etdi. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük savaşda “dəmir yumruqla” ədaləti təmin etdi. Tarixini bu möhtəşəm qələbə ilə şərəfləndirən Azərbaycan xalqı bütün dünyaya öz gücünü, haqqı uğrunda mübarizə aparmaq əzmini nümayiş etdirdi. Ermənistanın 30 illik işğalına son qoyuldu.

Bu qələbənin memarı Prezident İlham Əliyevdir. Eyni zamanda indi Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işlərinin də baş müəllifi Müzəffər Ali Baş Komandandır. Bu baxımdan dövlət başçımızın hazırkı prezidentlik dövrünün işğaldan azad edilmiş ərazilərimizin bərpası istiqamətində mühüm mərhələ olacağı şübhəsizdir. Beləliklə,  qarşıda bizi yeni uğurlar gözləyir və bu yolda xalqımız hər zaman öz rəhbərinin ətrafında sıx səfərbər olacaq.

 

 

Könül NURULLAYEVA,

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 10 aprel.- S.9.