Azərbaycana yüksəliş bəxş edən siyasət

 

 

Azərbaycan xalqının Ulu Öndər Heydər Əliyev ideyalarının ən layiqli davamçısı olan cənab İlham Əliyevə dərin etimadının növbəti təsdiqi kimi tarixə düşən sonuncu prezident seçkilərindən 4 il ötür.

 

2018-ci il aprelin 11-də keçirilən növbədənkənar seçkilərdə  İlham Əliyevin növbəti 7 il müddətinə prezident seçilməsi xalqımızın, Azərbaycanın yüksəlişini, aydın sabahını və tərəqqisini düşünən hər bir vətəndaşımızın qələbəsi oldu.

 

Bu seçkilərin nəticələri bir daha Azərbaycan xalqının iradəsini əks etdirdi. Seçicilər İlham Əliyevin timsalında Azərbaycanın uğurlarının davamlı olmasına, etibarlı gələcəyinə səs verdilər. Namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülən İlham Əliyevin 86,02 faizlik qələbəsi isə onun yalnız partiyamızın çoxminli üzvlərinin deyil, bütün xalqın dəstəklədiyi alternativsiz lider olduğunu göstərdi.

 

Növbədənkənar seçkilərdə xalqın seçimini Prezident İlham Əliyevin xeyrinə müəyyən etmiş amillər olduqca əhatəlidir. Bu sırada cənab İlham Əliyevin prezidentliyi dövründə ölkəmizin böyük inkişaf yolu keçməsini, Azərbaycan dövlətçiliyinin əsaslarının ciddi şəkildə möhkəmlənməsini, onun güclənməsini, qüdrətinin və iqtisadiyyatının daha da artmasını xüsusi qeyd etməliyik. Təsadüfi deyil ki, 2018-ci ilin prezident seçkilərinə qədər İlham Əliyevin 15 illik fəaliyyətinə nəzər saldıqda  olduqca çoxşaxəli inkişaf nümunələrinin şahidi oluruq. 2003-2018-ci illərdə Azərbaycan iqtisadiyyatının 3,2 dəfə artması, ölkə üzrə 3100-dən çox məktəbin, 640-dan artıq tibb müəssisəsinin, 40-dan çox olimpiya idman kompleksinin tikilməsi kimi möhtəşəm quruculuq işləri, Bakı-Tbilisi-Qars dəmir yolunun, “Cənub qaz dəhlizi”nin inşa olunması İlham Əliyevin rəhbərliyi ilə keçilən inkişaf yolunun qürurdoğuran nümunələrinin yalnız bir qismidir. Artan maliyyə vəsaitləri Azərbaycanın öz təhlükəsizliyini daha etibarlı və güclü formalaşdırmağa imkan verdi, Ermənistanla müharibə şəraitində ölkəmizin hərbi üstünlüyü tam təmin olundu. Dövlət başçısının müdrik diplomatiyası və xarici siyasət kursu milli maraqlarımızı layiqincə təmin etdi, Azərbaycanın regional və beynəlxalq müstəvidə nüfuzunun əhəmiyyətli şəkildə yüksəlməsinə gətirib çıxardı. Ötən illər ərzində Azərbaycan xalqı respublikamızın BMT Təhlükəsizlik Şurasına üzv seçilməsinə, kosmik klubun üzvünə və beynəlxalq tədbirlərin məkanına çevrilməsinə qürurla şahidlik etdi.

 

2018-ci ilin prezident seçkilərində öz siyasi iradəsini nümayiş etdirən xalqımız məhz bu uğurlara istinad etdi, İlham Əliyevin müəllifi olduğu inkişafın davamlılığına səs verdi. Ötən 4 ilin mənzərəsi göstərir ki, İlham Əliyevin yürütdüyü müdrik siyasi kursun nəticəsi olaraq Azərbaycanın inkişafı davamlı, sürətli və sistemlidir. Eyni zamanda ötən 4 il dövlətçiliyimizin əsaslarının daha da möhkəmlənməsini təmin edən, Azərbaycanın qlobal nüfuzunu yüksəldən  hadisələrlə zəngindir. Bu dövrdə uğurla reallaşan sosial islahatlar nəticəsində vətəndaşların rifahı əhəmiyyətli dərəcədə yüksəldi. İqtisadi islahatlar nəticəsində iqtisadi inkişafa yeni nəfəs verildi. O cümlədən idarəetmədə, məhkəmə-hüquq sistemində həyata keçirilən islahatlar köklü yeniliklərə səbəb oldu.

 

Ötən 4 il Naxçıvan Muxtar Respublikasının da həyatında əlamətdar hadisələrlə zəngindir. Fərəh hissi ilə bildirmək istəyirəm ki, sonuncu prezident seçkilərindən ötən dövrdə möhtərəm İlham Əliyev iki dəfə - 2018-ci və 2021-ci ilin may aylarında Naxçıvan Muxtar Respublikasına səfər edib. Dövlət başçısının bu səfərlərinin hər biri muxtar respublikanın sosial-iqtisadi və mədəni həyatında dərin iz buraxıb, inkişaf proseslərinə böyük təkan verib. Bu baxımdan ötən 4 il Naxçıvanda sosial-iqtisadi  inkişafda mühüm mərhələ kimi səciyyələndirilir. Elə son iki ilin makroiqtisadi göstəricilərinə qısa nəzər yetirməklə bunu görmək mümkündür:  2021-ci ildə inkişafı xarakterizə edən əsas göstərici kimi ümumi daxili məhsul istehsalı 3 milyard 16 milyon 315 min manat olmuşdur ki, bu da bir il öncəki göstəricidən 2,4 faiz çoxdur. Hər bir nəfərə düşən ümumi daxili məhsul isə əvvəlki ilə nisbətən 3,4 faiz artaraq 6525 manat olmuşdur.  2021-ci ildə muxtar respublikada 1 milyard 69 milyon 655 min 700 manat dəyərində sənaye məhsulu istehsal olunmuşdur ki, bu da bir il öncəki göstəricini 1,7 faiz üstələmişdir. Bütün bunlar muxtar respublikada iqtisadisosial inkişafın davamlı olduğunu göstərir.

 

Ötən 4 ildə tək Naxçıvanın deyil, bütün Azərbaycanın tarixinə həkk olunan əlamətdar hadisələrdən biri Günnüt əməliyyatıdır. 2018-ci ildə Günnüt əməliyyatı zamanı 11 min hektar ərazi düşməndən azad edildi. Əlahiddə Ümumqoşun Ordunun əks-həmlə əməliyyatı nəticəsində Günnüt kəndi, “Ağbulaq” yüksəkliyi, Qızılqaya dağı, Qaraqaya dağı və yüksəklikləri Azərbaycan Ordusunun nəzarətinə keçdi. Ali Baş Komandan İlham Əliyev hələ o zaman Günnüt zəfəri ilə göstərmişdi ki, torpaqlarımızın işğaldan azad ediləcəyi gün lap yaxındadır. Günnüt əməliyyatından cəmi 2 il yarım sonra Prezident İlham Əliyev xalqımıza daha möhtəşəm zəfər sevinci yaşatdı, 44 günlük Vətən müharibəsində torpaqlarımız işğaldan azad olundu. Bu zəfər cənab İlham Əliyevin yeni müddətə prezidentliyinin tariximizə qızıl hərflərlə həkk olunan salnaməsinə çevrildi.

 

Vətən müharibəsində qələbə qazanan, pandemiyanın çətinliklərini inamla dəf edən Azərbaycan indi inkişafının yeni mərhələsinə qədəm qoyub. Azərbaycana yüksəliş bəxş edən bu siyasət qarşıdakı illərdə də layiqincə davam etdiriləcək, ölkəmiz Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişaf kursunu daha da sürətləndirəcək, dünya birliyindəki layiqli yerini daha da möhkəmləndirəcək.

 

 

 

Cəbi QULİYEV,

Milli Məclisin deputatı

Azərbaycan.-2022.- 10 aprel.- S.9.