İlham
Əliyevin meqalayihələri Avropanın enerji
xəritəsini dəyişib
Məlumdur ki, ilk növbədə ərzaq, enerji və nəqliyyat təhlükəsizliyini təmin edən ölkələr ciddi problemlərdən uzaq olur və sərbəst yaşaya bilirlər. Son illər ərzində Azərbaycan dövləti düzgün və məqsədyönlü siyasət yürüdərək bu istiqamətlərdə önəmli layihələr həyata keçirib.
O
cümlədən müəllifi Ümummilli Lider Heydər
Əliyev olan yeni neft strategiysı uğurla davam etdirilib və
Prezident İlham Əliyev tərəfindən bütün
dünyaya səs salan qlobal layihələrlə zənginləşdirilib.
Ulu Öndərin 2002-ci il sentyabrın 18-də təməlini qoyduğu Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəmərinin uğur salnaməsinə Prezident İlham Əliyevin həyata keçirdiyi tədbirlər sayəsində yeni səhifələr yazılır. 2005-ci ilin mayında Prezidentin iştirakı ilə kəmərə Səngəçal terminalındakı baş nasos stansiyasından ilk neft vuruldu. 2006-cı ilin iyulunda isə dövlət başçısı kəmərin tam sistem kimi işə düşməsi münasibətilə Türkiyədə keçirilən tədbirlərdə iştirak etdi.
Ötən illər ərzində BTC Prezident İlham Əliyevin diqqəti və dəstəyi ilə Azərbaycanı beynəlxalq enerji ailəsinə qovuşdurub və dünyanın enerji təhlükəsizliyinə öz töhfəsini verməkdədir: Dövlət başçısının dediyi kimi: “Bakı-Tbilisi-Ceyhan neft kəmərinin tikilməsi nəticəsində biz artıq pəncərədən başlayaraq böyük qapı açdıq. Azərbaycanı beynəlxalq enerji ailəsinə daxil edə bildik. Həm siyasi, həm iqtisadi baxımdan böyük uğurlar əldə edə bilmişik”.
BTC 16 ilə yaxındır Xəzər neftini dünya
bazarlarına təhlükəsiz, etibarlı, sakit
və ekoloji baxımdan minimum
risklə nəql edir. Regionun
neft ixracı arteriyası sayılan bu boru xətti ilə təkcə
keçən il təqribən 26,4 milyon ton (təxminən
200 milyon barel) xam neft və kondensat ixrac olunub. Həmin neft
həcmləri Ceyhan terminalında 280
tankerə yüklənib və yola
salınıb. 2021-ci il dekabrın 12-də
BTC Səngəçaldan başlayaraq Azərbaycan,
Gürcüstan və Türkiyədən
keçməklə Ceyhana ümumilikdə
500 milyon ton neft ixracı nailiyyətini qeyd
edib. Kəmər tam
istismara veriləndən ötən ilin sonunadək təqribən 502 milyon tondan çox
(3,77 milyard barel) xam neft nəql edib və bu həcm Ceyhanda 4939 tankerə yüklənərək dünya bazarlarına göndərilib.
Hazırda BTC əsasən “Azəri-Çıraq-Günəşli”nin neftini və “Şahdəniz”in kondensatını daşıyır. Bundan əlavə, kəmər vasitəsilə digər xam neft və kondensat həcmləri, o cümlədən Türkmənistan, Rusiya və Qazaxıstan nefti nəql olunur.
BTC Azərbaycan iqtisadiyyatının inkişafına böyük töhfələr verir. Bu, ümumiyyətlə, bütün regiona xeyir-bərəkət gətirən kəmərdir. Yeri gəlmişkən qeyd edək ki, belə bir xəttin Ermənistandan yan keçməsi bu ölkənin həm siyasi imicinə, həm də əhalisinin güzəranına böyük zərbədir.
BTC-nin əhəmiyyəti həm də onun özündən sonra neçə-neçə nəhəng layihəyə yol açmasındadır. Prezident İlham Əliyev təşəbbüskarı olduğu “Cənub qaz dəhlizi”nin möhkəm bünövrəyə əsaslandığını dəfələrlə vurğulayıb: “Bakı-Tbilisi-Ceyhan neft kəməri tikilməsəydi, yəni bu dəhliz yaradılmasaydı, “Şahdəniz” layihəsinin icrası böyük sual altında ola bilərdi. Məhz dəhlizlərin mövcudluğu, Azərbaycan ilə Gürcüstan və Türkiyə arasındakı üçtərəfli uğurlu əməkdaşlıq nəticəsində biz “Şahdəniz” layihəsinin icrasına nail ola bildik”.
Başqa sözlə, məhz Prezident İlham Əliyevin səyləri, dünyadakı siyasi nüfuzu və təşəbbüskarı olduğu nəhəng layihələr sayəsində Azərbaycan qaz ixrac edən ölkə kimi tanındı, şöhrət tapdı.
Xatırladaq ki, 2007-ci il iyulun 3-dən “Şahdəniz” yatağından çıxarılan qazı nəql edən Bakı-Tbilisi-Ərzurum (BTƏ) kəməri başlanğıcını Bakı yaxınlığındakı Səngəçal terminalından götürərək Türkiyə sərhədinədək Azərbaycanda və Gürcüstanda Heydər Əliyev adına Bakı-Tbilisi-Ceyhan əsas ixrac neft kəməri ilə eyni marşrut boyu uzanır. BTƏ-nin ayrılmaz hissəsi olan Cənubi Qafqaz Boru Kəmərinin (CQBK) ümumi uzunluğu 691 kilometrdir. O, Azərbaycanda 443 , Gürcüstanda 248 kilometr məsafə qət edir. Gürcüstan-Türkiyə sərhədində CQBK-ya 280 kilometrlik boru kəməri qoşulur ki, bununla Azərbaycan qazı Ərzuruma çatdırılır. Səngəçal-Ərzurum marşrutu ilə uzanan bu xətt bütövlükdə Bakı-Tbilisi-Ərzurum kəməri adlanır. Qeyd edək ki, CQBK Azərbaycan qazını Gürcüstana 2006-cı ildə çatdırıb.
“Cənub qaz dəhlızi”nin təməlini də əslində elə BTƏ yaradıb. Azərbaycandan İtaliya torpağınadək 3500 kilometrlik məsafə boyu uzanan, üç kəmərdən ibarət olan bu dəhlizin birinci seqmentini genişləndirilmiş CQBK təşkil edir.
Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) “Cənub qaz dəhlizi”nin ikinci və ən böyük hissəsidir. Onu bu möhtəşəm enerji dəhlizinin birləşdirici halqası, onurğa sütunu da adlandırırlar.
Azərbaycanın və Türkiyənin, bu iki qardaş ölkənin dövlət başçılarının səyi ilə gerçəkləşən TANAP təkcə region üçün deyil, həm də bütün Avrasiya məkanı üçün önəm daşıyan layihədir. Məlum olduğu kimi, “Cənub qaz dəhlizi” bir sıra ölkələrin, layihənin ayrı-ayrı seqmentlərində tərəfdaşlıq edən çoxsaylı şirkətlərin sıx əməkdaşlığı nəticəsində reallaşıb. Dəhlizlə nəql olunan təbii yanacağın Avropanın iri şirkətləri tərəfindən alınması nəzərdə tutulub.
TANAP ildə 16 milyard kubmetr Azərbaycan təbii qazını nəql edəcək. Bunun 6 milyard kubmetri Türkiyədəki, 10 milyard kubmetri isə Avropa ölkələrindəki istehlakçılara çatdırılacaq. Növbəti illərdə isə kəmərin nəqletmə qabiliyyətinin əvvəlcə 24 milyard kubmetrə, daha sonra 31 milyard kubmetrə qədər artırılacağı planlaşdırılır.
Azərbaycan qazı artıq Avropaya çatıb. “Cənub qaz dəhlizi”nin sonuncu seqmenti olan TAP(Trans-Adriatik Qaz Boru Kəməri) 2020-ci ilin son günündə istifadəyə verildı. Bununla da “Cənub qaz dəhlizi” tam fəaliyyətə başladı. TAP qaz nəqlini ahəngdar davam etdirərək yeni uğurlara imza atır.
“Cənub Qaz Dəhlizi” Məşvərət Şurasının layihənin həyata keçirilməsində müstəsna rolu var. Məşvərət Şurasının bu il fevralın 4-də Bakıda keçirilən toplantısı sayca 8-ci idi. Keçən il koronavirus pandemiyası səbəbindən videokonfrans formatında keçirilən 7-ci iclası nəzərə almasaq, 2015-ci ildən üzübəri ildə bir dəfə, adətən fevral ayında baş tutan bu tədbirə həmişə Azərbaycan evsahibliyi edib. Bu da XXI əsrin nəhəng layihələrindən biri - “Cənub qaz dəhlizi”nin təşəbbüskarının və aparıcı qüvvəsinin Azərbaycan olduğunu təsdiqləyən faktlardandır. Bu, həm də Prezident İlham Əliyevin dünyadakı nüfuzundan qaynaqlanır.
Dövlət başçısının qeyd etdiyi kimi, “Cənub qaz dəhlizi” Azərbaycanın liderliyi ilə həyata keçirilən, tarixi əhəmiyyətə malik, xalqımızın firavan gələcəyini təmin edən, regionda, Avropada təhlükəsizliyin, əməkdaşlığın möhkəmlənməsinə xidmət göstərən qlobal layihədir. Dövlət başçısı bununla yanaşı, “Cənub qaz dəhlizi”nin beynəlxalq əməkdaşlıq və tərəfdaşlıq şəraitində reallaşdığını da dəfələrlə vurğulamışdır. Yəni “Cənub qaz dəhlizi” layihəsinin uğurla tamamlanması nümayiş etdirir ki, komanda şəklində aparılan iş həmişə yaxşı nəticə verir. Burada istehsalçı, tranzit və istehlakçı ölkələrin maraqları üst-üstə düşür. Belə ki, layihənin icrasında geniş beynəlxalq əməkdaşlıq formatı yaradılaraq yeddi ölkə - Azərbaycan, Gürcüstan, Türkiyə, Bolqarıstan, Yunanıstan, Albaniya və İtaliya iştirak edir. Üç Balkan ölkəsi - Bosniya və Herseqovina, Xorvatiya və Monteneqro tərəfdaşlar kimi növbəti mərhələdə layihəyə qoşulacaqlar. Deməli, “Cənub qaz dəhlizi”nin “qol”larının da olacağı mümkündür. Çünki Avropanın Azərbaycan qazına ehtiyacı var. Eyni zamanda biz öz ixrac imkanlarımızı genişləndirmək istəyirik və bu baxımdan Avropa bazarı çox əlverişlidir.
İlham Əliyevin meqalayihəsi olan “Cənub qaz dəhlizi” qarşıdan gələn 100 il ərzində Azərbaycan xalqına xidmət edəcək və milli iqtisadiyyatımızın inkişafında mühüm amil olacaq. Ölkəmizin regionda və Avropada nüfuzunun artmasını, Azərbaycanla Qərb arasında münasibətlərin daha yüksək pilləyə qalxmasını şərtləndirəcək. Azərbaycanın enerji ixrac edən və tranzit ölkə kimi əhəmiyyəti daha da artacaq. Layihədə iştirak edən bütün ölkələr, şirkətlər mənfəət götürəcəklər. Bu layihə Azərbaycana böyük gəlirlər gətirərək insanların rifahının yüksəlməsinə təsir göstərəcək, xalqımızın firavan gələcəyini təmin edəcək.
Prezident İlham Əliyev Azərbaycanın sosial-iqtisadi və hərbi qüdrətinin artmasında həyata keçirilən bu nəhəng layihələrin əhəmiyyətini dəfələrlə vurğulamışdır: “Bizim transmilli layihələrimiz regionda tamamilə yeni mənzərə yaratdı. Biz regionun enerji xəritəsini, nəqliyyat xəritəsini yenidən tərtib etdik. Bizim təşəbbüsümüzlə reallaşan layihələr təkcə bizim xalqımızın maraqlarını təmin etmir, bir çox ölkələrin maraqlarını təmin edir, o cümlədən region ölkələrinin. Qonşu ölkələrlə bizim həm ikitərəfli, həm üçtərəfli əməkdaşlıq formatlarımız vardır. Bütün bunlar Azərbaycanın beynəlxalq nüfuzunu böyük dərəcədə gücləndirdi. Əgər bu nailiyyətlər olmasaydı, problem dondurulmuş vəziyyətdə qala bilərdi”.
Zaman Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulmuş vəzifələrin məqsədyönlü olduğunu, müəyyənləşdirilmiş strategiyanın düzgün seçildiyini təsdiqlədi. Həyata keçirilən çoxşaxəli proqramlar, dərin islahatlar ölkəmizi böyük inkişaf yoluna çıxardı və bu yolda yeni uğurlu addımlar atılmaqdadır. Prezidentimiz dediyi kimi, “Cənub qaz dəhlizi” layihəsi başa çatıb, bzim işimiz isə davam edir”.
Hazırda ölkəmizdə yeni karbohidrogen yataqları işlənməkdədir. Odur ki, gələcəkdə təbii qazın təkcə “Şahdəniz”dən deyil, Azərbaycanın digər yataqlarından da Avropa bazarlarına nəql etmək potensialı var və bu, mühüm siyasi-iqtisadi əhəmiyyətə malikdir.
Flora SADIQLI,
Azərbaycan.-2022.- 10 aprel.- S.12.