4 ildə 9 mərkəz
İlham
Əliyevin yaratdığı “ASAN” brendi ictimai xidmətlər sahəsində inqilabi dəyişikliklər edib
Siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanan İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 19 ildə xalqın rahatlığı naminə həyata keçirdiyi islahatlar bu gün öz mükəmməl nəticəsini verməkdədir.
Məhz Prezidentin ictimai xidmətlər sahəsində reallaşdırdığı islahatların nəticəsidir ki, bu gün vətəndaş-dövlət münasibətləri yüksək səviyyədədir. Çünki İlham Əliyev fəaliyyətə başladığı ilk gündən dövlət orqanları qarşısında əhalinin problemlərinin operativ öyrənilməsi və səmərəli həllini ən vacib vəzifə kimi müəyyənləşdirib və həmçinin bu sahədə ən mükəmməl nümunəni yaratmaqla rəsmi strukturların xalqın xidmətçisi funksiyası daşıdıqlarını daim təbliğ edib.
İslahatların bəhrəsi
İlham Əliyevin sosial islahatlarının real nümunəsindən biri də prinsipləri operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyətlilik, etik davranış qaydalarına nəzarət və rahatlıq olan “ASAN xidmət” sistemidir. Prezidentin də dediyi kimi, “ASAN xidmət”in yaradılması Azərbaycanda aparılan ciddi islahatların real təzahürüdür. Bu, yeni sistem dünyada tanınmış bir Azərbaycan brendidir.
10 il öncə - 2012-ci ildə Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılmasını və gələcək fəaliyyətini dəyərləndirərkən İlham Əliyevin söylədiyi bu fikirlər indi bir daha öz təsdiqini tapır.
İşlər rəvan gedəndə hər şey rahat, hər kəs məmnun olur
“ASAN xidmət” dünyada bu sahədə ən təkmil örnək kimi qəbul edilən Azərbaycan modelidir. İctimai xidmətlər sahəsində “ASAN xidmət”in xətti ilə aparılan islahatlar nəinki bu sahəni nümunəvi edib, eyni zamanda, cəmiyyətdəki münasibətlərə də çox müsbət təsir göstərib.
Dövlət başçısının 2012-ci il 13 iyul tarixli 685 nömrəli fərmanı ilə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi və onun tabeliyində “ASAN xidmət” mərkəzləri yaradılsa da, qurum həmin ilin 29 dekabr tarixindən fəaliyyətə başlayıb. Hazırda ölkəmizdə 22 “ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 6-sı Bakı şəhərində, 2-i Gəncədə olmaqla, digərləri Sumqayıt, Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi və Balakəndədir. Son 4 ildə isə ölkəmizdə 9 “ASAN xidmət” mərkəzi açılıb.
Bakıda və Sumqayıtda növbəti, Lənkəran, Salyan və Naxçıvanda isə ilk “ASAN xidmət” mərkəzləri inşa olunur. “ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 320-dən çox xidmət göstərilir.
“ASAN xidmət” həm də gənclər mərkəzidir
“ASAN Kommunal” mərkəzlərində “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir. Bu günədək “ASAN xidmət” mərkəzlərinə 7 milyon 887 mindən çox vətəndaşın 51 milyondan çox müraciəti daxil olub. Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,5 faiz təşkil edir.
Ümumiyyətlə, sirr deyil ki, İlham Əliyevin müəllifi olduğu “ASAN xidmət”in yaradılması ictimai xidmətlər sahəsində inqilabi dəyişiklik sayılır. Eyni zamanda, bu, yeni davranış qaydalarının tətbiq edilməsidir.
İlham Əliyevin söylədiyi kimi, “ASAN xidmət” mərkəzləri həm də gənclər mərkəzidir. Artıq demək olar ki, minlərlə gənc “ASAN xidmət”də çalışır, təcrübə qazanır. Könüllülər hərəkatı da məhz “ASAN xidmət” mərkəzlərində yaranmağa başlayıb. Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 30 000-dən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 3000-dən çox təlim, 700-dən çox layihə həyata keçirilib və 3000-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.
Səyyar “ASAN Qatar” Astarada
Sözün həqiqi mənasında, Azərbaycanın intellektual məhsulu olan bu mərkəzlər vətəndaş məmnunluğuna xidmət edir. Artıq vətəndaş üçün vaxt itkisi yoxdur. Hələlik “ASAN xidmət” mərkəzləri olmayan rayon və qəsəbələrdə vətəndaşlara səyyar formada xidmət göstərilir. “ASAN Qatar” və ya səyyar “ASAN xidmət” avtobusu, demək olar ki, vətəndaşın ünvanına gedir.
10 səyyar “ASAN xidmət” avtobusu və 1 səyyar “ASAN Qatar” vasitəsilə regionlarda vətəndaşlara səyyar formada xidmətlər göstərilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 500 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib. Əsas məqsəd dövlət xidmətlərinin vətəndaşlara daha rahat, yeni və innovativ üsullarla təqdim edilməsi, vətəndaşlar üçün əlçatanlığın təmin edilməsi və vətəndaş məmnunluğuna nail olunmasıdır.
“ASAN Qatar” növbəli qaydada ölkədə bütün istiqamətlərdə hərəkət edərək əvvəlcədən təyin olunan yerdə dayanır və əhaliyə xidmət göstərir. Səyyar “ASAN Qatar” gözləmə zalı, xidmət zalı, əməkdaşların istirahət kupeləri olmaqla 3 vaqondan ibarətdir.
“Allah Prezidentimizin canını sağ eləsin ki, bizim üçün belə şərait yaradıb”
Hazırda “ASAN Qatar” martın 29-dan Astara dəmiryol stansiyasında vətəndaşlara xidmət göstərir. Rayon sakini Rahim Rüstəmov ümumvətəndaşlıq pasportu almaq üçün səyyar xidmətə müraciət etmişdi. Sənədləri hazır olana qədər bizimlə söhbətində maraqlı fikirlər səsləndirdi. Onun sözlərinə görə, “ASAN xidmət” yaranandan hər kəsin işi rahatlıqla qaydasına düşüb. Çünki kənd və rayon əhalisinin daim işlə-güclə, təsərrüfatla məşğul olduğu üçün hansısa sənədi almağa vaxtı olmur. Amma bu xidmət vətəndaşları tam məmnun edir: “Bizim üçün çox rahatdı. 10-15 dəqiqəyə sənədləri qaydasına salıb təqdim edirlər. Hələ bu xidmətdən narazı qalan adam görməmişəm. Allah Prezidentimizin canını sağ eləsin ki, vətəndaşlar üçün belə şərait yaradıb”.
Vətən müharibəsi qazisi Elnur Rüstəmov da “ASAN Qatar”a müraciət edənlərdən biridir. 44 günlük müharibədə Füzuli istiqamətindən Şuşaya qədər gedən döyüşlərdə iştirak edən qazi deyir ki, “ASAN xidmət” yaranandan hər bir vətəndaşın işi rahatlaşıb. Hansı rayondasa “ASAN xidmət” yoxdursa, oraya ya avtobus, ya da qatar göndərirlər. Vətəndaşlar da asanlıqla lazımi sənədlərini əldə edirlər: “Əvvəllər hər hansı sənədi almaq üçün müxtəlif idarələrə yollanırdıq. Bu da həm vaxt itkisi, həm artıq xərc aparırdı. İndi dövlət elə bir xidmət yaradıb ki, o, özü vətəndaşın ünvanına gəlib nə lazımdırsa həll edir. Bundan yaxşı nə ola bilər ki...”
Göründüyü kimi, xidmətə müraciət edən hər bir kəs məmnunluq ifadə edir. Dövlət agentliyinin “ASAN”ı və onun səyyar xidmətləri bir daha təsdiq edir ki, İlham Əliyevin vətəndaşlara daim diqqət və qayğı göstərilməsi ilə bağlı tapşırığı, habelə bir sıra tövsiyələri effektiv üsullarla yerinə yetirilir.
Sonda onu da vurğulayaq ki, ümumilikdə Astarada səyyar xidmət 17 dəfə gerçəkləşib. 12 dəfə səyyar “ASAN xidmət” avtobusları vasitəsilə 36 688-ə yaxın, 5 dəfə isə “ASAN Qatar” vasitəsilə 9787-yə yaxın müraciət daxil olub. “ASAN Qatar” aprelin 27-dək Astarada vətəndaşların xidmətindədir.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 10 aprel.- S.12.