İlham Əliyevin “DOST”  nümunəsi

 

 

İndiyədək 820 min vətəndaşa xidmət edən “DOST” mərkəzlərindən əhali məmnunluğu 98 faizdir

 

 

 

“...Bu mərkəzə daxil olduğun andan etibarən, sanki tamamilə başqa bir dünyaya düşürsən. Qapıda qarşılamadan tutmuş, ta ki, müraciət etdiyin məsələnin həll olunmasına və evə yola salınmasına qədər olan bütün proseslər ərzində mərkəzin əməkdaşları bir dəqiqə olsun belə diqqətlərini səndən əsirgəmirlər. Gülər üzlə qarşılayırlar, qayğı ilə lazım olan bütün köməklikləri göstərirlər, sonda isə nəzakətlə yola salırlar. Sağ olsun Prezidentimiz ki, bu cür gözəl xidmətlər yaradıb və bizim istifadəmizə verib...”

Yarandığı gündən bəri göstərdiyi yüksək xidmətlərlə bağlı vətəndaşlardan daim haqqında xoş sözlər eşitdiyimiz “DOST”un İsmayıl bəy Qutqaşınlı, 86 ünvanında, yəni “DOST” Agentliyinin inzibati binasının və 1 saylı “DOST” mərkəzinin yerləşdiyi məkanda həmsöhbət olduğumuz Zərifə xanım səsləndirir bu fikirləri... Əvvəllər də müxtəlif məsələlərlə bağlı “DOST” mərkəzlərində olduğunu bildirən 63 yaşlı xanım deyir ki, indi bura pensiya haqqında arayış almaq üçün gəlib və hazırda müvafiq bölmədə müraciət etdiyi məsələ ilə məşğul olunur.

 

 

 

Müasir Azərbaycanın siması

 

 

 

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda sosial sahədə əhalinin rifah halının yaxşılaşdırılmasına, vətəndaş məmnunluğuna yönələn çoxsaylı islahatlar həyata keçirilir. “DOST” layihəsi isə mütərəqqi, çoxşaxəli və mərhələli şəkildə həyata keçirilən bu islahatlar konsepsiyasının daha bir uğurlu tərkib hissəsidir. Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsünün nəticəsi olan “DOST” layihəsi əhaliyə, xüsusilə sosial cəhətdən həssas qruplara dövlət sosial xidmətlərinin “bir pəncərə”dən operativ, şəffaf və nəzakətli, vətəndaş məmnunluğu prinsipi əsasında təqdim olunmasını özündə ehtiva edir.

 

Unikal model kimi dünyada da maraq və təqdirlə qarşılanan “DOST” layihəsi ölkəmizdə uğurla gerçəkləşdirilib və fəaliyyət göstərdiyi cəmi 3 illik qısa zaman ərzində vətəndaşların böyük rəğbətini, əsl dost güvənini qazana bilib.

 

Prezidentin 2018-ci il avqustun 9-da imzaladığı fərmanla Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində yaradılan Dayanıqlı və Operativ Sosial Təminat Agentliyinin ilk mərkəzinin açılışı 9 may 2019-cu ildə Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın iştirakı ilə baş tutub. Hazırda Bakıda və Abşeron rayonunda 5 “DOST” mərkəzi fəaliyyət göstərir. Bu günə qədər “DOST” mərkəzlərinə 820 minə qədər vətəndaş müraciəti qeydə alınıb. Bu mərkəzlərdə vətəndaşların xidmətlərdən məmnunluq səviyyəsi isə 98 faizdir.

 

“DOST” Agentliyinin İdarə Heyətinin sədri Fərid Məmmədov qəzetimizə müsahibəsində söylədi ki, fəaliyyətlərini cənab Prezident İlham Əliyevin qarşılarına qoyduğu tapşırıqların icrasını əsas tutaraq yerinə yetirirlər.

 

- Cənab Prezident İlham Əliyev 1 saylı “DOST” mərkəzinin inzibati binasının açılış mərasimində öz nitqində xüsusi bir məsələyə diqqət çəkərək bildirmişdi ki, islahat, innovasiya, korrupsiya, rüşvətxorluğa qarşı mübarizə, eyni zamanda yeni texnologiyalar, gənclərin bu işlərə cəlb olunması, könüllülərin fəaliyyəti ön planda olmalıdır. Cənab Prezident onu da vurğulamışdı ki, “ DOST” mərkəzləri müasir Azərbaycanın simasını əks etdirir və ölkəmiz bu yolla inkişaf etməlidir.

 

Ümumiyyətlə, son illər ölkəmizdə cənab Prezidentin bilavasitə apardığı islahatlar proqramı idarəetmə, inzibatçılıq istiqamətində müsbət dəyişikliklərə səbəb olub. Bu proseslərin içərisində “DOST” Agentliyinin fəaliyyəti də xüsusi əhəmiyyət kəsb edir. Amma burada tək “DOST” Agentliyini deyil, ümumilikdə, həm dövlət qurumlarının işinin təkmilləşdirilməsi və xüsusilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) və nazirliyin nəzdində olan bütün qurumların fəaliyyətinin təkmilləşdirilməsini qeyd etmək istəyirəm. Son 3-4 il ərzində ƏƏSMN struktur olaraq böyük transformasiyaya nail olub. Nazirlik daxilində bir çox strukturlar publik hüquqi şəxs statusuna malik olub. Bu baxımdan yaradılan “DOST” Agentliyində də vətəndaşlara göstərilən xidmətlər istiqamətində çox böyük təkmilləşmə və optimallaşma işləri aparılıb, elektron platformalar təqdim olunub.

 

 

 

Operativlik, çeviklik, şəffaflıq və məmnunluq

 

 

 

Hazırda “DOST” mərkəzlərində 154 növ xidmət göstərilir. Bu xidmətlər həm sosial müdafiə və təminat sahəsində (pensiya, müavinətlər, təqaüd, əlilliklə bağlı), həm də məşğulluqla bağlı olan (işsiz və iş axtaran şəxslərə, həmçinin özünüməşğulluqla bağlı) xidmətlərdir. Eyni zamanda burada əmək münasibətləri ilə bağlı işəgötürənlər və işçilər arasında olan münasibətlərin qurulması istiqamətində fəaliyyət göstərilir. Hər bir mərkəzdə Tibbi-Sosial Ekspert Komissiyaları əlilliyin müəyyən edilməsi və təyin edilməsi istiqamətində vətəndaşlara xidmətlər göstərir. Mərkəzlərdə təkcə funksional yox, yardımçı xidmətlər də var. Belə ki, bu ünvanlarda bank, notarius xidmətləri təşkil olunub, eləcə də psixoloq, surdo-tərcüməçilik istiqamətində xidmətlər mövcuddur.

 

Fərid Məmmədov deyir ki, sosial sahəni tam əhatə edən bütün xidmətlərin “DOST” mərkəzlərində cəmləşdirib vətəndaşlarımıza göstərilməsinə çalışıblar.

 

- Əsas məqsədimiz cənab Prezident tərəfindən qoyulmuş tapşırığa, yəni operativlik, çeviklik, şəffaflıq və sonda vətəndaş məmnunluğuna nail olmaqdır. Artıq məmnunluq dərəcəsi 98 faizi (98.2 faiz) keçib və bu o deməkdir ki, vətəndaşlarımız bizim xidmətlərdən çox məmnundurlar.

 

“DOST” Agentliyində “142” çağrı mərkəzi də fəaliyyət göstərir. Bu mərkəz kifayət qədər çağdaş formada qurulub, müasir elektron platformalardan istifadə edilərək vətəndaşlara xidmətlər göstərir. Bu ilin son 3 ayında 450 minə yaxın vətəndaş çağrı mərkəzimizə müraciət edib və bu mərkəz üzrə bu günə olan vətəndaş məmnunluğu artıq 92 faizə çatıb.

 

 

 

“Gənc”, Gümüşü”, “Korporativ”, “Distant”...

 

 

 

İdarə Heyətinin sədri məlumat verdi ki, “DOST” Agentliyinin geniştutumlu könüllü proqramı var və bu proqramın da 4 altproqramı mövcuddur. “Gənc DOST”, “Gümüşü DOST”, “Korporativ DOST” və “Distant DOST”. Ən geniş yayılmış “Gənc DOST” altproqramı 16-29 yaş aralığında olan yeniyetmələri və gəncləri əhatə edir. Yeniyetmələr əsasən agentliyə müəyyən ilkin layihələrlə müraciət edirlər. 18 yaşdan yuxarı gənclər isə könüllü proqramlarına birbaşa müraciət edirlər. Bu proqrama indiyə qədər 54 minə yaxın gənc müraciət edib. Həmin gənclərdən isə kadr bazası kimi də istifadə edilir və elə “DOST” Agentliyinin 50 faiz işçi heyəti də gənclərdən ibarətdir.

 

“Gümüşü DOST” altproqramı isə pensiyaçıların cəmiyyətə reinteqrasiyası, nəsillərarası təcrübə və bilik mübadiləsi, yaşlı şəxslərin asudə vaxtının aktiv təşkili və fəal yaşlanması məqsədi daşıyır.

 

“Korporativ DOST” altproqramında cəmiyyətdə ictimai-sosial məsuliyyət hissinin artırılması, müxtəlif təşkilatların korporativ sosial məsuliyyətlilik proqramlarının daha effektiv formada təşkili və sosial sahədəki təşəbbüslərin qarşılıqlı faydalı əməkdaşlıq çərçivəsində ehtiyac olan sahələr üzrə istiqamətləndirilməsi məqsədi daşıyır.

 

“Distant DOST” altproqramı məsafədən könüllülük proqramıdır. Ev şəraitində, əsasən əlilliyi olan şəxslər üçün işlənmiş bir proqramdır və bu proqram çərçivəsində müəyyən mikrolayihələr işlənir. Bu mikrolayihələr çərçivəsində əlilliyi olan şəxslər həmin proqramlarda iştirak edib müəyyən ideyalar, təşəbbüslər irəli sürürlər.

 

 

 

Pandemiya sınağı

 

 

 

Fərid Məmmədov söylədi ki, pandemiya dövründə “DOST” Agentliyi “ASAN”la birgə ən aktiv fəaliyyət göstərən dövlət qurumlarından olub.

 

- Vətəndaşlarımıza mütəmadi xidmət göstərdik. Hətta pandemiyanın tələblərinə görə vətəndaş qəbulu müvəqqəti olaraq dayandırıldıqda belə, “Çağrı” mərkəzi vasitəsilə onlayn şəkildə fəaliyyətdə olduq. Elektron platformalarımızı geniş formada inkişaf etdirdik. İlk növbədə e.sosial.az portalının inkişafı istiqamətində işlər aparıldı və o portal vasitəsilə vətəndaşlara sosial və məşğulluq sahəsində bütün növ xidmətlər göstərildi. Bundan əlavə, internet səhifəmizi təqdim edərək elektron müraciət imkanlarını genişləndirdik. Həmin dövrdə 40 mindən çox vətəndaş müraciəti sırf elektron formada qəbul olundu.

 

 

 

“DOST” Qarabağda

 

 

 

Fərid Məmmədov dedi ki, “DOST”un regional proqramı 2019-cu ildə təqdim olunsa da, sonradan onun yenidən işlənməsinə zərurət yarandı. 44 günlük Vətən müharibəsi və zəfərimizin nəticəsi olaraq azad edilmiş ərazilərimizdə “DOST” mərkəzlərinin təşkili planı da hazırlandı.

 

- 2020-ci ilin sonunda “DOST Qarabağ Proqramı” hazırlanaraq təqdim olundu. Hazırda plana uyğun olaraq 2025-ci ilə qədər 17 regional “DOST” mərkəzinin, 55 regional “DOST” filialının yaradılması planlaşdırılır. Bu müddət ərzində Bərdə, Quba, Sumqayıt, Gəncə, Sabirabad, Masallı şəhərlərində “DOST” mərkəzlərinin açılışını planlaşdırırıq. Eyni zamanda, Naxçıvan şəhərində “DOST” mərkəzinin yaradılması ilə bağlı işlər aparılır. Bu ilin sonuna qədər isə Şuşa şəhərində Qarabağ regionunda ilk “DOST” mərkəzinin açılışı olacaq və hazırda layihə işləri gedir. Şərqi Zəngəzur iqtisadi bölgəsində həm regional “DOST” mərkəzinin açılışını (Cəbrayılda), həm də  Zəngilanda “Ağıllı kənd” prinsipi ilə qurulmuş Ağalı kəndində Azərbaycanda ilk olaraq “Ağıllı DOST”, “SMART DOST” prinsipi ilə bir layihə həyata keçirəcəyik. Kəlbəcərdə, Laçında, Ağdamda, Hadrutda, Zəngilanda, Füzulidə, Qubadlıda da “DOST” filiallarının yaradılmasını, eyni zamanda ağıllı kəndlərimizdə “SMART DOST” məntəqələrinin quraşdırılmasını planlaşdırırıq.

 

 

 

Dünyaya örnək model

 

 

 

“DOST” Agentliyinin korporativ idarəetmə sistemi üzrə böyük nailiyyətlər əldə etdiyini vurğulayan Fərid Məmmədov bildirdi ki, hətta İSO təşkilatı (Beynəlxalq Standartlaşdırma Təşkilatı) tərəfindən 4 İSO sertifikatına layiq görülüblər. Belə ki, 4 istiqamətdə - keyfiyyətin idarə edilməsi, müştəri məmnunluğunun təmin edilməsi və şikayətlərin idarə edilməsi istiqamətində işin qurulması, korrupsiyaya qarşı idarəetmə sisteminin tətbiq olunması və korporativ sosial məsuliyyətlilik istiqamətində sertifikatlar alıblar. Bu ilin fevral ayında MDB dövlətlərinin (Müstəqil Dövlətlər Birliyi) Beynəlxalq Pensiya və Sosial Fondlar Assosiasiyasının Azərbaycanda keçirilən tədbirində iştirak edərək assosiasiya tərəfindən “MDB məkanında sosial təminat və məşğulluq sahəsində ən şəffaf, ən operativ xidmət göstərən təşkilat” kimi xüsusi diploma layiq görülüblər. 1 aprel tarixində isə Avropa Sosial Şəbəkəsi tərəfindən “Avropa Sosial Xidmətlər” mükafatını əldə ediblər.

 

- “DOST” dünyada unikal modeldir. Müxtəlif ölkələrdə mövcud olan bu cür modellər iki yerə bölünür, ya sosial, ya da ki, məşğulluq sahəsində “bir pəncərə” prinsipi ilə xidmətlər göstərilir. Yəni bu ikisinin qarışıq, hibrid modeli dünyada olmayıb. Biz “DOST” modelini bu istiqamətdə işlədik və onun unikallığı budur ki, həm sosial təminat, həm də məşğulluq və əmək münasibətləri istiqamətində bir məkanda vətəndaşlara xidmət göstərir. Hətta bu modelin unikallığını nəzərə alaraq digər ölkələrdə təqdimatlar da keçirmişik. Artıq Macarıstan, Bolqarıstan kimi ölkələr modelimizə maraq göstərir. Hazırda Avropa Sosial Şəbəkəsi vasitəsilə bizim modellə İspaniya, Şotlandiya, İtaliya kimi ölkələr də maraqlanırlar. Bu isə o deməkdir ki, Azərbaycan sosial sahədə xidmətlərin göstərilməsi istiqamətində artıq qabaqcıl ölkələrlə eyni sıradadır və onlara öz təcrübəsini göstərir.

 

 

 

Könül dostları

 

 

 

5 mərtəbədən ibarət binanın 3 mərtəbəsində agentlik, digər 2 mərtəbəsində isə 1 saylı mərkəz fəaliyyət göstərir. Mərkəzə gələn vətəndaşlar ilk olaraq qəbul masasına müraciət edirlər. Sonra isə burada fəlaiyyət göstərən könüllülərə yaxınlaşırlar və könüllülər onları lazımi (əlillik, sosial sığorta, sosial müavinətlər, pensiya və sair) bölməyə yönləndirirlər.

 

Mərkəzdə könüllülərin idarə edilməsi üzrə məsul şəxs olan Humay Qasımlı məlumat verdi ki, burada könüllülər vətəndaşların qarşılanmasını, onların xidməti masalara yönləndirilməsini, aparatdan növbələrin götürülməsini, xidmət görmüş vətəndaşlardan sorğuların alınmasını həyata keçirirlər. Könüllülər “könüllü masası”nda əyləşərək vətəndaşların arayışlarının imzaladılmasında, müəyyən müraciət ərizələrinin yazılmasında və sair iştirak edirlər. Könüllülər əmək müqaviləsi əsasında 2 ay müddətə fəaliyyət göstərirlər. Sonda onlar əldə etmiş olduqları qiymətlərlə müəyyən “A”, “B”, “C” dərəcəli sertifikatlar əldə edirlər.

 

Bakı Dövlət Universitetinin 1-ci kurs tələbəsi, 1 saylı “DOST” mərkəzinin könüllüsü Elçin İsmayılovla elə “könüllü masası”nda həmsöhbət olduq. 18 yaşlı gənc deyir ki, mərkəzdə vətəndaşlara göstərlən fəaliyyəti bəyənərək, özü də bura müraciət edib: “Qeydiyyatdan keçdim və tez bir zamanda məni müsahibəyə, sonra isə işə çağırdılar. Bir aydır ki, işləyirəm. Bura gələn vətəndaşları qarşılayırıq, onlara növbələr veririk, daha sonra  müraciət etdikləri bölməyə yönləndiririk. Vətəndaşlar gedən zaman isə sorğu götürürük, xidmətimizi bəyənib, bəyənmədiklərini soruşuruq. Vətəndaşların böyük əksəriyyəti göstərdiyimiz xidməti bəyənir və bu, bizdə böyük məmnunluq yaradır”.

 

Mərkəzdə “GÜMÜŞÜ könüllü” olaraq fəaliyyət göstərən 1957-ci il təvəllüdlü Tərlan Zülalovla iş başında, vətəndaşdan məmnunluğunun ölçülməsi ilə bağlı sorğu götürən zaman tanış olduq. Uzun müddət Elmlər Akademiyasının Kibernetika, Bioloji Mərkəz İnstitutunda mühəndis kimi işləmiş Tərlan Zülalov bir müddət istehsalat sahəsində, 30 ilə yaxın isə daşınmaz əmlak sahəsində çalışıb. Bu ilin fevral ayında isə təqaüdə çıxıb və elə pensiya kartını da bu mərkəzdən alıb. O dedi: “Üçüncü bahar” İctimai Birliyində aktiv olduğuma görə “DOST” Agentliyinin əməkdaşları məni tanıyırdılar və buna görə məni könüllü olaraq dəvət etdilər. Dəvətlərinə can-başla razı oldum. Buradakı ab-hava, münasibət çox xoşuma gəlir. Məmnuniyyətlə çalışıram, bacardığım yardımı edirəm. Vətəndaşlarla sorğuda, növbələrin yerləşdirilməsində, yönləndirmədə iştirak edirəm”.

 

 

 

Şəffaflığın təminatı

 

 

 

Mərkəzdə pensiya məsələləri üzrə məsləhətçi vəzifəsində çalışan Eyyub Bayramov məlumat verdi ki, burada işləri vətəndaşların pensiya ilə bağlı təyinatları, yerində hesablanması və pensiyanı əhatə edən digər məsələlərlə bağlı onların qəbulunu həyata keçirməkdən ibarətdir: “Vətəndaş bizə yaxınlaşan zaman müraciəti şifahidirsə ona şifahi məlumat verilir, müraciəti daha dolğun şəkildədirsə ərizə ilə müraciət edir, sənədləri qəbul olunur və aidiyyəti üzrə yönləndirilir. Cavab gələn zaman vətəndaşın təqdim etdiyi telefon nömrəsinə SMS göndərilir”.

 

Gün ərzində orta hesabla 25-30 nəfər vətəndaş qəbul etdiklərini söyləyən məsləhətçi onu da xüsusi vurğuladı ki, qarşılarında olan monitordan əlavə, ikinci bir monitor da vətəndaşın qarşısında var ki, bununla həyata keçirilən bütün prosesləri anbaan görə bilir: “Bu isə bir növ şəffaflığın təminatıdır”.

 

 

 

Vətəndaş məmnunluğu

 

 

 

Ülvi adlı 22 yaşlı gənc isə mərkəzə iş yerinə təqdim etmək üçün arayış almağa gəlib. Növbəsini gözləyən Ülvi deyir ki, bundan əvvəl də “DOST” mərkəzlərinə müraciət edib və bu mərkəzlərdəki müsbət aura, könüllülər və digər işçilərin göstərdikləri diqqət çox xoşuna gəlib.

 

Yeri gəlmişkən qeyd edək ki, iş yoldaşımız, “Azərbaycan” qəzetinin şöbə redaktoru Vətən müharibəsi iştirakçısı, baş leytenant Rəşad Baxşəliyev də elə bu günlərdə “DOST”un 6 saylı mərkəzində olub. Mərkəzlə bağlı təəssüratlarını bölüşən R.Baxşəliyev deyir ki, müharibə iştirakçısı olması ilə bağlı sənəd almaq üçün həmin ünvana müraciət edib: “İçəri girən kimi gülərüz personal məni qarşıladı və qəbul məntəqəsinə yönləndirdi. Orada da hansı məsələ ilə bağlı müraciət etdiyimi öyrənib məni lazımi şöbəyə yönəltdilər. Və növbəti personal məni əyləşəcəyim stula qədər müşayiət etdi. Orada şəxsiyyət vəsiqəmi təqdim etdim. Xüsusilə diqqətimi çəkən məqam o oldu ki, üzbəüz oturduğum əməkdaşın qarşısındakı monitordan biri də mənim qarşımda var və buradan əməkdaşın işimlə bağlı hansı prosesi həyata keçirdiyinin canlı şahidi olurdum”. Cəmi 2-3 dəqiqəyə sənədinin hazır olduğunu və imzalanıb təhvil verildiyini deyən əməkdaşımız qeyd etdi ki, yenidən onu mərkəzin əməkdaşları axıra qədər müşayiət edib yola salıblar: “Sonda isə məmnunluqla bağlı sorğuda iştirak etdim və ürəklə “məmnunluq düyməsi”ni basdım. Çox razıyam ki, Azərbaycanda belə bir mərkəz var...”

 

Bəli, bura vətəndaşların ən çox müraciət etdiyi və elə ən çox da razı qaldığı ünvanlardan biridir. Bura bütün müraciətlərin çevik və şəffaf həll olunduğu operativ xidmət məkanıdır. Bu mərkəzdə bütün işlər vətəndaş məmnunluğuna köklənib...

 

Çünki bura Prezident İlham Əliyevin vətəndaşlar üçün qurub-yaratdığı dostluq ünvanıdır...

 

 

Yasəmən MUSAYEVA,

Azərbaycan.-2022.- 10 aprel.- S.14.