Musiqili Teatrda yeni tamaşa
- “Sevənlərindi dünya”
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında altı aydır ki məşqləri gedən yeni tamaşa “Sevənlərindi dünya” adlanır.
AZƏRTAC xəbər verir ki, yeni səhnə əsərinin libretto müəllifi şair - dramaturq Əmir Pəhləvan, rejissoru Əməkdar incəsənət xadimi Oruc Qurbanov, bəstəkarı Əməkdar incəsənət xadimi Gövhər Həsənzadə, quruluşçu dirijoru Fəxrəddin Atayevdir.
Tamaşada rolları Aydan Qurbanova, Sübhan Rüstəmov, Ələkbər Əliyev, Telnaz Hüseynova, Nərmin Əliyeva və Gülçohrə Abdullayeva ifa edirlər.
Əsərin ana xəttini iki gəncin saf və ülvi məhəbbəti təşkil edir. Bu məhəbbət çağdaş dünyamızın təlatümlərlə dolu bir vaxtında barışın, sülhün, bərabərliyin və azadlıq ideyalarının müqəddəsliyinə və insanlığın aliliyinə köklənən əsl həyat macərasıdır. Tamaşada aktyor və orkestr məşqləri - rəssam (Vüsal Rəhim) işi bitmək üzrədir. Hər bir personaj və musiqi parçaları müasirləşən dünyamızın ruhunu əks etdirməklə bərabər gənc nəslin yeni dünyagörüşünün formalaşmasında öz müsbət təsirini göstərməyə xidmət edir.
Ümid
edirik ki, teatrsevərlər və çoxsaylı
tamaşaçılar musiqili librettoya yaxın zamanlarda baxmaq
imkanı əldə edəcəklər.
Azərbaycan.-2022.- 10 aprel.- S.16.