Akademik Teymur Bünyadov II Fəxri
xiyabanda dəfn edilib
Görkəmli tarixçi-etnoqraf alim, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Arxeologiya və Etnoqrafiya İnstitutunun şöbə müdiri, Əməkdar elm xadimi, “Şöhrət” və “Şərəf” ordenləri laureatı, akademik Teymur Bünyadov II Fəxri xiyabanda dəfn edilib.
AZƏRTAC
xəbər verir ki, vida mərasimində akademiyanın bir
sıra elmi müəssisə və təşkilatlarının
rəhbərləri, Milli Məclisin deputatları, elmi ictimaiyyətin
nümayəndələri və mərhumun ailə üzvləri
iştirak ediblər.
Alimin
məzarı önünə Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın adından əklil qoyulmuşdu.
Vida
mərasimində AMEA-nın prezidenti vəzifəsini icra edən
akademik Arif Həşimov, AMEA-nın vitse-prezidenti, Ədəbiyyat
İnstitutunun baş direktoru akademik İsa Həbibbəyli, Milli
Məclisin deputatı, akademik Nizami Cəfərov, Milli Məclisin
Beynəlxalq münasibətlər və parlamentlərarası
əlaqələr komitəsinin sədri Səməd Seyidov,
AMEA-nın Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun
baş direktoru professor Abbas Seyidov, “Qazax” Xeyriyyə İctimai
Birliyi İdarə Heyətinin sədri professor İlham Pirməmmədov
akademik Teymur Bünyadovun Azərbaycan elminə töhfələrindən,
elmi-pedaqoji və ictimai fəaliyyətindən
danışıblar.
Vurğulanıb ki, Teymur Bünyadov respublikada arxeologiya və etnoqrafiya elmləri sahəsində tarix elmləri doktoru dərəcəsini almış ilk alim olub. Onun fəaliyyəti daha çox Azərbaycanın arxeologiya və etnoqrafiya elmi ilə bağlı idi. Yorulmaz tədqiqatçı 35 monoqrafiyanın və 800-dən çox məqalənin, o cümlədən xarici ölkələrdə (Rusiya, İran, Türkiyə, Ukrayna, Norveç və s.) nəşr olunmuş əsərlərin müəllifi idi.
Mərhumun
ailəsi adından çıxış edən Bakı
Slavyan Universitetinin kafedra müdiri dosent Əsgər Əhməd
akademik Teymur Bünyadovun xatirəsinə göstərilən
hörmət və ehtirama görə dərin minnətdarlığını
bildirib.
Teymur
Bünyadov 1928-ci il yanvarın 20-də Qazax rayonunun II
Şıxlı kəndində doğulub, orta məktəbi
qızıl medalla bitirərək 1951-ci ildə Azərbaycan
Dövlət Universitetinin Tarix fakültəsinə qəbul
olub. Moskvada SSRİ Elmlər Akademiyasının
Maddi Mədəniyyət Tarixi
İnstitutunun aspiranturasında təhsil
alıb, dünyaşöhrətli qafqazşünas
alim Y.İ.Krupnovun rəhbərliyi
ilə “Tunc dövründə Azərbaycanda
əkinçilik və maldarlıq” mövzusunda
namizədlik dissertasiyası müdafiə edib.
1955-ci ilin
may ayında Azərbaycan
EA Tarix İnstitutunda elmi fəaliyyətə başlayıb. Həmin ildən onun
bütün həyatı
və elmi fəaliyyəti Azərbaycan
EA-nın Tarix,
1993-cü ildən isə
Arxeologiya və Etnoqrafiya İnstitutu ilə bağlı olub.
Alim
1968-ci ildə “Azərbaycanın
qədim və Orta əsrlər dövrü təsərrüfat
həyatı” mövzusunda
doktorluq dissertasiyası
müdafiə edib,
1970-ci ildə professor elmi
adına layiq görülüb. O,
1989-cu ildə Azərbaycan
EA-nın müxbir üzvü, 2001-ci ildə
AMEA-nın həqiqi üzvü seçilib.
O, elmi və bədii
yaradıcılıqla yanaşı,
pedaqoji sahədə də səmərəli fəaliyyət göstərib.
Uzun illər Bakı Dövlət Universitetində, N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində, Bakı Slavyan Universitetində “Azərbaycan tarixi”, “Qədim dünya tarixi” və “Arxeologiya” fənlərindən
dərs deyib.
Teymur Bünyadov
respublikanın ictimai həyatında da fəal iştirak edib. 1995-ci ildə I çağırış Azərbaycan
Respublikası Milli Məclisinin deputatı seçilib. O, həmin
müddətdə Milli
Məclisin Elm və təhsil məsələləri
daimi komissiyasının
sədri olub.
Akademikin
səmərəli elmi,
elmi-pedaqoji və ictimai fəaliyyəti dövlətimiz tərəfindən
yüksək qiymətləndirilib,
o, 2008-ci ildə Əməkdar
elm xadimi fəxri adına layiq
görülüb, 2005-ci ildə
“Şöhrət” ordeni,
2018-ci ildə isə
“Şərəf” ordeni
ilə təltif edilib.
Azərbaycan.-2022.- 10 aprel.- S.2.