“Aqroservis”
ASC kombayn mexanizatorları
üçün təlimlərə
başlayıb
“Aqroservis” ASC cari ildə taxıl biçininin operativ, vaxtında və itkisiz həyata keçirilməsi, o cümlədən texnikaların istifadəsi zamanı istismar qaydalarına düzgün riayət edilməsi, yanğın, əməyin mühafizəsi və texniki təhlükəsizlik qaydalarının vacibliyini nəzərə alaraq müvafiq təlimlərə start verib.
Təlimlərə ümumulikdə 249 mexanizator cəlb edilib. Təlimlər aprel ayının 1-dən sonunadək davam edəcək.
İlk olaraq Səhmdar Cəmiyyətin Yevlax Regional nümayəndəliyindəki təlim mərkəzində müasir kombaynların idarə olunması ilə bağlı təlim təşkil edilib. Təlimlər Səhmdar Cəmiyyət və “New Holland” şirkətinin birgə dəstəyi ilə tamamilə ödənişsiz olaraq həyata keçirilir. Həmçinin təlim boyunca mexanizatorların gecələməsi və qidalanması da şirkət tərəfindən qarşılanır.
Təlimlər həm əyani, həm də praktiki dərslər formasında keçirilir. Həmçinin mexanizatorlara biçin zamanı yanğından mühafizə üzrə praktiki məşğələlər də keçiriləcəkdir. Təlimləri müvəffəqiyyətlə başa vuran mexanizatorlara sertifikatlar təqdim olunacaqdır. Qeyd edək ki, təlimlər pandemiya qaydalarına uyğun olaraq həyata keçirilir.
Təlimlərin keçirilməsində əsas məqsəd mexanizatorlar tərəfindən kombaynların düzgün idarə edilməsi, dəqiq texniki xidmətin göstərilməsi, onların üzərində nizamlama işlərinin, istismar zamanı baş verə biləcək nasazlığın aradan qaldırılması və texnikanın idarə edilməsində təhlükəzlik qaydalarına düzgün riayət edilməsinin öyrədilməsidir.
Təlimlər istehsalçı zavoddan dəvət olunmuş yüksəkixtisaslı mütəxəssislər və “Aqroservis” ASC-nin nümayəndə heyəti tərəfindən videogörüntülü, əyani vasitələrdən istifadə edilməklə interaktiv və kombaynı idarə etməklə, üzərində işlər aparmaqla praktiki formada tədris olunur.
Təlimdən sonra imtahandan keçən hər bir operatora (mexanizatora) sertifikat təqdim edilir.
Azərbaycan.- 2022.- 5 aprel. S. 5.