Vətən müharibəsi əlillərinə və şəhidlərin ailə üzvlərinə qayğı artırılır

 

 

2020-ci ildə işğalçı Ermənistanın silahlı qüvvələri üzərində qazanılan tarixi Zəfərdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin, habelə Birinci vitse-prezident Mehriban xanım Əliyevanın tapşırıq və tövsiyələrinə əsasən, ölkəmizdə şəhidlərin ailə üzvləri, qazi və erməni terrorundan zərər çəkən şəxslərlə bağlı genişmiqyaslı sosial qayğılar həyata keçirilir. İlk növbədə qazilərin, şəhidlərin ailə üzvlərinin sosial problemləri həll olunur. Həmin sosial dəstək proqramlarının həyata keçirilməsi dövlət tərəfindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN) həvalə edilib.

Fevral ayının sonlarında nazirliyin tabeliyindəki Dövlət Məşğulluq Agentliyi və Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdindəki "İT Learning Centre" MMC tərəfindən 20 nəfər Vətən müharibəsi qazisi də İKT sahəsi üzrə peşə hazırlığı kurslarına cəlb edilib. "Peşə öyrən, işsiz qalma" devizi ilə təşkil edilən bu kurslarda ümumilikdə 43 işsiz şəxs İKT sahəsi üzrə peşələrə (İT mütəxəssis - proqram təminatçısı və inkişafetdirici, informasiya sistemləri mütəxəssisi, şəbəkə administratorus.) yiyələnirlər. Onlara kompüter sistemləri, proqramlaşdırma dilləri, proqram təminatı və sistemləri, şəbəkə texnologiyaları, şəbəkə təhlükəsizliyinin əsasları, kiçikorta ölçülü şəbəkə qurulması, bu şəbəkələrə dəstək verilməsi, proqram təminatı mühəndisliyi və digər mövzularda zəruri bilik və bacarıqlar tədris olunur. Məmnunluq doğuran odur ki, peşə hazırlığı dövründə müdavimlərə minimum aylıq əməkhaqqı məbləğində təqaüd də verilir. Kursu uğurla bitirən şəxslərə agentlik tərəfindən sertifikatlar təqdim olunacaqyeni öyrəndikləri peşələr üzrə onların məşğulluğunun təminatına dəstək göstəriləcək.

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Sosial Xidmətlər Agentliyi Vətən müharibəsi əlilləri üçün motivasiya düşərgəsi də təşkil edib. Sosial tərəfdaşlıq prinsipi əsasında "Bakcell" şirkətinin dəstəyi ilə ərsəyə gələn "II Qarabağ müharibəsi əlillərinin asudə vaxtının təşkili və motivasiya düşərgəsi" adlı bu layihə Lənkəran şəhərində həyata keçirilib. Düşərgənin davam etdiyi 6 gün ərzində layihə iştirakçılarının Lənkərandakı Şəhidlər xiyabanına, Xan evinə, Həzi Aslanovun ev-muzeyinə, Hirkan qoruğuna, Xanbulan gölünə və s. ekskursiyaları təşkil olunub. Həmçinin müharibə əlilləri peşəkar təlimçilərin iştirakı ilə motivasiya xarakterli görüşlərə, asudə vaxtlarının səmərəli təşkili üçün qrup işlərinə cəlb ediliblər. Onlar üçün əyləncə saatları, ekskursiyalar, habelə psixoloqun iştirakı ilə qrup terapiyaları, öyrədici təlimlər təşkil olunub. Təlimin sonunda iştirakçılara sertifikatlar təqdim edilib. Motivasiya düşərgəsinə ümumilikdə 30-a yaxın Vətən müharibəsi əlili qatılıb. Qeyd edək ki, "Sosial Məsuliyyət Platforması" layihəsi çərçivəsində bundan əvvəl Vətən müharibəsi əlilləri üçün Gəncə şəhərində motivasiya düşərgəsi təşkil olunub.

 

Sosial Xidmətlər Agentliyi tərəfindən hazırda şəhid ailələri üzvlərinin və qazilərin yeni ixtisaslar qazanmasına xüsusi diqqət yetirilir. Fevralın sonlarında ƏƏSMN-nin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Bakı Peşə Hazırlığı Mərkəzi ilə "Bakı Metropoliteni" QSC arasında birgə fəaliyyət müqaviləsi imzalanıb. Tədbirdə "Bakı Metropoliteni" QSC-nin Təlim-tədris mərkəzinin fəaliyyəti və son dövrlərdəki layihələri barədə məlumat verilib. Bildirilib ki, bundan sonra metropoliten üçün yeni mütəxəssislərin hazırlanmasında Bakı Peşə Hazırlığı Mərkəzinin imkanlarından da istifadə olunacaq. İmzalanan yeni əməkdaşlıq sənədi bunu nəzərdə tutur.

 

Birgə fəaliyyət çərçivəsində şəhid ailələrinin üzvləri və Vətən müharibəsi iştirakçılarının, əlilliyi olan şəxslərin, digər həssas təbəqədən olan şəxslərin də metropolitendə mövcud peşə ixtisasları üzrə peşə hazırlığı kurslarına cəlb edilməsi təmin olunacaq. Bura cəlb olunacaq şəxslərin müəyyən olunması və kursların təşkili sahəsində hər iki mərkəz əməkdaşlıq edəcək. Əməkdaşlıq çərçivəsində 10 nəfər üçün qatar maşinisti, 13 nəfər üçün platforma növbətçisi peşələri üzrə ilk təlimlər artıq təşkil olunub.

 

Şəhid ailələrinin üzvləri və qazilərdən başqa, həssas qrupa daxil olan digər şəxslərin də sosial məsələlərinə nazirlik tərəfindən xüsusi diqqət yetirilir. Belə ki, ƏƏSMN-nin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin həssas əhali qruplarından olan şəxslər üçün Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsinin bölgələrdə də filialları açılır. Belə sığınacaqlardan biri, bu il Füzuli rayonunda yaradılacaq.

 

Hazırda agentliyin paytaxtda fəaliyyət göstərən Sığınacaq və Sosial Reabilitasiya Müəssisəsində baxımsız, kimsəsiz və sosial təhlükəli vəziyyətdə olan uşaqlara stasionar şəraitdə zəruri sosial xidmətlər göstərilir. Xüsusilə də həmin insanların normal həyat tərzinə qayıdışı, sosial adaptasiyası və reabilitasiyası işləri aparılır. Burada hazırda 10-u oğlan, 15-i qız olmaqla, 25 gənc həmin xidmətlərdən yararlanır. Müəssisədə ötən il 68 nəfərə sosial xidmətlər göstərilib. Müəssisənin Füzuli rayonunda yaradılacaq filialına qəbul olunacaq uşaqlarla, həmçinin onların ailələri ilə xüsusi tərtib edilmiş fərdi qayğı planı əsasında aparılacaq. Sosial işçilər, musiqiidman mütəxəssisləri müəssisədə qeyd olunan kateqoriyadan olan uşaqlara reabilitasiya yönümlü zəruri sosial xidmətlərin göstərilməsini təmin edəcəklər.

ƏƏSMN-nin tabeliyində Sosial Xidmətlər Agentliyinin Paralimpiya İdman Kompleksində daha iki paralimpiya idman növü - oxatmatennis üzrə də məşqlərin keçirilməsinə başlanıb. Bunun üçün kompleksdə təlim-məşq toplanışları üçün zəruri şərait yaradılıb. Məşqlər Azərbaycan Milli Paralimpiya Komitəsi (MPK) ilə birgə əməkdaşlıq çərçivəsində təşkil olunur. Kompleks əlilliyi olan şəxslərin idmanla məşğul olmasına və idman bacarıqlarının artırılmasına, həmçinin tibbi-sosial reabilitasiyanın təşkilinə xidmət göstərir. Burada indi 10-dan çox idman növü üzrə məşqlər keçirilir. Onlardan 6-sı paralimpiya idman növlərinə daxildir.

Bu il fevralın sonlarında autizm üzrə məşhur amerikalı mütəxəssis, "Child with a Future" fondunun təmsilçisi Bill Piters ƏƏSMN-nin tabeliyindəki Dövlət Tibbi-Sosial EkspertizaReabilitasiya Agentliyinin 1 saylı Uşaq Reabilitasiya Mərkəzində olub. Bill Piters hələ 2 yaşında olarkən onda autizm xəstəliyi aşkar olunub. Böyüdükcə ardıcıl səylərlə və bacarıqla sosial həyata adaptasiya olan 40 yaşlı B.Piters hazırda bu sahədə məşhur mütəxəssislərdən biridir. O, autizmli insanlar, onların ailələri ilə ünsiyyət quraraq onlara öz məsləhətləri, seansları ilə dəstək göstərir. Uşaq Reabilitasiya Mərkəzində reabilitasiya xidmətləri göstərilən autizm sindromlu sağlamlıq imkanları məhdud uşaqlarla görüşən mütəxəssis onlarca sosial-psixoloji seanslar təşkil edib. O, müəssisədə göstərilən xidmətlərlə də yaxından tanış olub. Bildirilib ki, agentliyin 1 və 2 saylı Uşaq Reabilitasiya Mərkəzlərində ötən il ərzində 524-ü stasionar olmaqla, ümumilikdə, 1026 sağlamlıq imkanları məhdud uşağa reabilitasiya xidmətləri göstərilib. Bu ilin əvvəlindən isə həmin mərkəzlərdə 620 sağlamlıq imkanları məhdud uşaq reabilitasiyaya cəlb edilib. Agentlik tərəfindən icra edilən daha bir dəstək layihəsi çərçivəsində ötən il 200-dən çox, bu il isə 40 sağlamlıq imkanları məhdud uşağın valideyninə psixoloji dəstək göstərilib və reabilitasiya ilə bağlı maarifləndirici sessiyalar keçirilib.

Ölkə rəhbərliyi tərəfindən sağlamlıq imkanı məhdud olan uşaqlara, autizm xəstələrinə, həmçinin şəhidlərin ailə üzvlərinə və Vətən müharibəsi əlillərinə sosial qayğı dəstəyinin bundan sonra da mütəmadi olaraq yüksək səviyyədə davam etdirilməsi nəzərdə tutulur.

 

 

 

Rəhman SALMANLI,

Azərbaycan.-2022.- 12 aprel.- S.7.