Yeni əsrin qlobal layihəsi - “YAŞIL ENERJİ”

 

Azərbaycan alternativ enerjidən istifadəni daha da genişləndirəcək

 

 Dünyada yaranan iqlim dəyişikliyinin, qlobal istiləşmənin qarşısının alınması üçün havaya buraxılan zərərli qazların həcminin azaldılması istiqamətində görülən tədbirlər sırasında alternativ enerji mənbələrindən istifadə əsas yer tutur. Azərbaycanın bu sahədə gördüyü işlər ötən əsrdən başlasa da, XXI əsrdə “yaşıl enerji”yə keçid bir çox dövlətlər kimi, ölkəmizdə də prioritet sahələrdən birinə  çevrilib.

 

Bərpaolunmayan enerji mənbələri zərərli tullantıların artması nəticəsində  havanın  çirklənməsinə səbəb olur. Hazırda bir çox dövlətlər bərpaolunmayan enerjidən asılılığı azaldaraq, “yaşıl enerji”yə keçidi təmin etməyi hədəf seçirlər. Beynəlxalq Enerji Agentliyinin (BEA) proqnozuna görə, növbəti 10 ildə bərpaolunan enerji sektoruna hər il orta hesabla 440 milyard dollar investisiya qoyuluşu nəzərdə tutulur. Alternativ enerji mənbələri növbəti beş ildə 50 faiz artaraq 2025-ci ildə qlobal elektrik enerjisi istehsalının 33 faizini təşkil edəcək. Ümumilikdə, 2025-ci ildə elektrik enerjisi istehsalının artım gücünün 95 faizinin bərpaolunan enerji mənbələrinin payına düşəcəyi proqnozlaşdırılır.

 

 Qarabağda enerji növlərinin istehsalı 9-10 min meqavata çata bilər

 

 Torpaqlarımız işğaldan azad edildikdən sonra həmin ərazilərdə bərpaolunan enerjinin əldə olunması üçün əlverişli mühit yaranıb. Qarabağda günəş, külək enerjisi növlərinin istehsalı təxminən 9-10 min meqavata çata bilər. Artıq işğaldan azad edilmiş ərazilər, yəni, 10 min kvadratkilometr ərazi “yaşıl enerji” zonası elan olunub.

 

Prezident İlham Əliyevin sərəncamı ilə işğaldan azad edilmiş ərazilərdə “yaşıl enerji” zonasının yaradılması ilə əlaqədar müvafiq konsepsiyanın və baş planın hazırlanması üçün ixtisaslaşmış beynəlxalq məsləhətçi şirkətin cəlb edilməsi məqsədilə 2021-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan Energetika Nazirliyinə 1 milyon 391 min  40 ABŞ dollarının manat ekvivalenti məbləğində vəsait ayrılıb.

 

Azərbaycanın inkişaf strategiyasında Qarabağın “yaşıl enerji” zonasına çevrilməsi mühüm əhəmiyyət kəsb edir. Ötən il işğaldan azad edilmiş ərazilərdə ümumi generasiya gücü 20 meqavat olan 4 su-elektrik stansiyası bərpa edilib. Bu il isə 5 su-elektrik stansiyasının yenidən qurulması planlaşdırılır. Bu stansiyaların generasiya gücü 27 meqavat olacaq.

 

 Bərpaolunan enerji mənbəyi çox olarsa, ixrac üçün qaza qənaət ediləcək

 

 Prezident İlham Əliyev “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısındakı çıxışında bildirdi ki, Azərbaycanda bərpaolunan enerji mənbəyi nə qədər çox olsa, ixrac üçün daha çox qaza qənaət ediləcək. Azərbaycanın “yaşıl enerji” strategiyası hazırda, təkcə, qiymətləndirilmə deyil, həm də planlamanın yekun mərhələsindədir. İşğaldan azad edilmiş ərazilər üçün xüsusi proqram var: “Biz artıq Qarabağ və Şərqi Zəngəzurda bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirməsini aparmışıq və ilkin rəqəmlər çox ümidvericidir. Külək enerjisində potensial təxminən 7200 meqavat, günəş enerjisində potensial isə 2000 meqavatdan çoxdur”.

 

Azərbaycanda “yaşıl enerji”nin inkişafı daxili strategiyanın bir hissəsi olmaqla yanaşı, ixracdan əldə olunan gəlirlər üçün əlavə mənbə ola bilər və enerji mənbələri idxal edən ölkələr üçün də faydalı olar.

 

Azərbaycan 2030-cu ilədək bərpaolunan enerji mənbələrinin payını artıracaq

 

Energetika Nazirliyindən bildirilir ki, neft və qaz kimi ənənəvi enerji daşıyıcıları ilə zəngin olan Azərbaycanda bərpaolunan enerji mənbələrindən istifadənin genişləndirilməsi prioritet istiqamətlərdəndir.

 

Azərbaycanda onlarca günəş, külək, su-elektrik stansiyaları mövcuddur. Ən böyük külək-elektrik stansiyası Yeni Yaşma ərazisində fəaliyyət göstərir və 50 meqavat  gücündədir. Bununla yanaşı, Şuraabadda, Qobustanda külək elektrik stansiyaları var. Ən böyük günəş-elektrik stansiyası isə 22 meqavat gücü olan, Naxçıvanda yerləşən “Babək”dir. Bundan əlavə, 5 MVt gücündə “Kəngərli” və “Şərur” stansiyaları da mövcuddur. Qobustan, Suraxanı, Pirallahı, Sahildə də kiçik güclü günəş-elektrik stansiyaları var.

 

Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan ümumi elektrik enerjisi istehsalı gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizədək artırılması strateji hədəfdir. Bu, 2030-cu ilə qədər ölkəmizin ümumi qoyuluş gücündə bərpaolunan enerji mənbələrinin payının 30 faizə çatdırılmasını ehtiva edir ki, bu da 1500 meqavat yeni qoyuluş güclərinin istismara verilməsi deməkdir. İlk 470 meqavat güc artıq iki şirkətin inşa edəcəyi layihələr hesabına təmin ediləcək, digər hissəsi isə gələcəkdə reallaşdırılacaq.

 

Nazirlikdən bu sahəyə özəl investisiyaların cəlb edilməsi istiqamətində əməli addımların atıldığı da bildirilib. Artıq iki şirkətlə - “ACWA Power” və “Masdar” şirkətləri ilə müvafiq müqavilələr imzalanıb və nəticədə 230 MVt gücündə “Qaradağ” Günəş-Elektrik Stansiyası, 240 MVt gücündə “Xızı-Abşeron” Külək-Elektrik Stansiyasının təməli qoyulub. Bu stansiyalar xarici sərmayə cəlb edilməklə həyata keçirilən sənayehəcmli bərpaolunan enerji, eyni zamanda Azərbaycanda ən böyük külək və günəş-elektrik stansiyaları olacaq.

 

Bu, ölkəmizdəki iqtisadi sabitliyə və əlverişli investisiya mühitinə olan inamın göstəricisidir ki, hazırda xarici investorlar Azərbaycana belə böyük həcmdə investisiyalar qoyurlar. Hər iki layihənin  birlikdə investiya dəyəri yarım milyard ABŞ dollarından daha çox qiymətləndirilir. Bu, Azərbaycanda  qeyri-neft sektoruna qoyulmuş çox böyük investisiyadır.

 

 600 min tondan artıq karbon emissiyasının qarşısı alınacaq

 

Hazırda Azərbaycan enerji təhlükəsizliyini tam təmin edir, yəni 100 faiz elektrikləşmiş ölkədir. Eyni zamanda qonşu ölkələrin enerji təhlükəsizliyinin təminində də iştirak edir. Ölkəmiz enerji daşıyıcılarının ixracatçısıdır.

 

Təməli qoyulmuş hər iki stansiyanın birlikdə illik istehsal edəcəyi elektrik enerjisinin miqdarı 1 milyard 500 milyon kilovat/saat kimi qiymətləndirilir.  “Xızı-Abşeron” Külək-Elektrik Stansiyası hesabına istehsal olunan 1 milyard kilovat/saat elektrik enerjisinə müqabil olaraq 220 milyon kubmetr təbii qaza qənaət deməkdir ki, bu da özlüyündə 400 min tondan artıq karbon emissiyasının artırılmasının qarşısının alınmasıdır. “Qaradağ” Günəş-Elektrik Stansiyasının işə düşməsi ilə isə 110 milyon kubmetr təbii qaza qənaət ediləcək və 500 milyon kilovat/saat elektrik enerjisi istehsal edilmiş olacaq ki, bu da 200 min tondan artıq karbon emissiyasının qarşısının alınmasıdır. Layihə istər elektrik enerjisi, istərsə də təbii qaz ixracı potensialının artırılması ilə yanaşı, qlobal iqlim hədəflərinə yaxınlaşmağa da öz töhfəsini verəcək. Bu, 2050-ci ilə qədər karbon emissiyasının miqdarının 40 faiz azaldılmasına dair hədəfə nail olunması istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilə bilər.

 

 Özəl investisiyaların cəlb edilməsi perspektivdə duran məsələdir

 

Energetika Nazirliyindən aldığımız  məlumatda bildirilir ki, Azərbaycanda bərpaolunan enerji ilə bağlı qanunvericilik sahəsində də mühüm addımlar atılıb. Bu, “Elektrik enerjisi istehsalında bərpaolunan enerji mənbələrindən istifadə haqqında” qanundur. Qanunda özəl investisiyaların cəlbini stimullaşdırmaq üçün mexanizmlər mövcuddur. Bunlardan biri bərpaolunan enerji hərraclarının keçirilməsidir. Hərraclar zamanı özəl şirkətlər müraciət edir və qalib olduqları təqdirdə öz investiyaları hesabına bərpaolunan enerji stansiyalarının tikintisi ilə məşğul olurlar. Qanun fiziki şəxslərin evlərinin damında, həyətyanı sahələrdə və digər yerlərdə bərpaolunan enerji qurğularının quraşdırılaraq şəbəkə ilə əlaqələndirməsinə icazə verir. Qanun qəbul olunub. İndi hərracların keçirilməsi ilə əlaqədar, həmçinin aktiv istehlakçıların dəstəklənməsi mexanizminə dair qanunvericilik aktları hazırlanır.

 

Azərbaycan enerjiyə olan tələbatını 100 faiz ödəyir

 

Azərbaycanın hər bir guşəsi bərpaolunan enerji potensialı ilə zəngindir. İşğaldan azad olunmuş ərazilər - Qarabağ və Şərqi Zəngəzur iqtisadi zonalarında da bu potensial yüksəkdir. Həmin ərazilərdə texniki potensial 10 min meqavatadək - günəş enerjisi üzrə 7200 MVt, külək enerjisi üzrə isə 2000 MVt kimi qiymətləndirilir. Günəş enerjisi potensialı əsasən cənub - Cəbrayıl, Zəngilan rayonlarında yüksəkdir. Külək enerjisi ilə zəngin olan rayonlarımız isə Kəlbəcər və Laçındır.

Nazirlikdən bildirilib ki, bu ərazilərdə potensialın reallaşdırılması üçün özəl investisiyaların cəlbi istiqamətində bir çox işlər görülür. Məsələn, bp şirkəti ilə imzalanmış icra müqaviləsini misal göstərmək olar. Bu şirkətlə 200 meqavatdan yüksək günəş-elektrik stansiyasının inşasının mümkünlüyünün araşdırılması hazırda davam etdirilir. Eyni zamanda Kəlbəcər və Laçın rayonlarında 100 MVt gücündə külək-elektrik stansiyasının inşasına da özəl investisiyaların cəlbi istiqamətində addımlar atılmaqdadır. Beynəlxalq şirkətlərin bu layihəyə böyük marağı var.

 

Azərbaycanda həyata keçirilən siyasət enerji resurslarının diversifikasiyasına, yəni müxtəlif mənbələr hesabına ölkənin elektrik enerjisinə tələbatının ödənilməsinə hesablanıb. Ölkəmizin enerjiyə olan tələbatı müxtəlif mənbələr hesabına 100 faiz ödənilir.

Alternativ enerjidən istifadə nəticəsində ölkəyə daha çox  valyuta daxil olacaq

 

Milli Məclisin İqtisadi, siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov qəzetimizə açıqlamasında bildirib ki, Prezident İlham Əliyevin iştirakı ilə “Qaradağ” Günəş-Elektrik Stansiyasının təməlqoyma mərasimi Azərbaycanda alternativ enerji mənbələrindən istifadə imkanlarını genişləndirəcək.

 

Deputatın sözlərinə görə, alternativ enerji istehsalının qlobal olaraq növbəti 3 ildə 50 faiz, qlobal istehlakda isə payının 35 faizə qədər yüksədilməsi nəzərdə tutulur.

 

Dünyada alternativ və ya bərpaolunan enerjinin 60 faizi günəş, 30 faizi külək, 10 faizi isə digər mənbələrin payına düşür. Azərbaycan alternativ enerjidə böyük üstünlüklərə və potensiala malik ölkələrdəndir. Azərbaycanda günəş, külək enerjisindən istifadə imkanları kifayət qədər yüksəkdir, eyni zamanda hidroenerji potensialı torpaqlarımızın işğaldan azad olunmasından sonra daha da artıb.

 

Vüqar Bayramov qeyd edib ki, Azərbaycanın bərpaolunan enerji potensialı 27 min MVt olaraq qiymətləndirilir. Onun 23 min meqavatı günəş, 3 min meqavatı külək, qalanı isə digər enerji mənbələrinin payına düşür. Azərbaycan 2030-cu ilədək  bərpaolunan enerjinin ümumi istehlakda payının 30 faizə qədər yüksəlməsinə nail olmağı hədəfləyib: “Nəzərə alsaq ki, 2013-2019-cu illərdə külək enerjisinin istehsalı 131 dəfə artıb, deməli, bu sahədə zəngin potensial var. Alternativ enerjidən istifadə həm də iqtisadi baxımdan əhəmiyyətlidir, çünki Azərbaycan il ərzində 13 milyard kubmetr qaz istehlak edir”.

 

Deputat deyib ki, alternativ enerjidən istifadə ekoloji baxımdan vacib olmaqla yanaşı, həm də mavi qaz istehlakında qənaətə imkan yaradır. Qənaət nəticəsində əldə edilmiş təbii qazın xarici ölkələrə ixracı ilə ölkəyə daha çox valyuta gətirmək olar. Alternativ enerjidən istifadə həm ekoloji, həm yaşıl iqtisadiyyat prinsipləri baxımından vacib olmaqla yanaşı, iqtisadi potensialın genişləndirilməsi aspektindən də mühümdür.

 

 Bərpaolunan enerji atlasının yaradılması strateji qərardır

 

İqtisadçı ekspert Eldəniz Əmirov qəzetimizə bildirib ki, Azərbaycanda son dövrlər “yaşıl enerji”yə keçidlə əlaqədar sistemli işlər görülür. Onun sözlərinə görə, “ağıllı şəhər” və “ağıllı kənd” layihələrinin icrasına başlanması, Zəngilanın Ağalı kəndində bu layihənin başa çatmaq üzrə olması və kənd konsepsiyasının icrasında məhz yaşıl enerjidən geniş istifadə olunması, o cümlədən işğaldan azad olunmuş ərazilərdə müxtəlif çaylar üzərində 13 avtomatlaşdırılmış hidroloji stansiyanın yaradılması ilə bağlı göstərişin verilməsi orada hidroloji enerji potensialından maksimum istifadəni nəzərdə tutur.  Respublikamız texniki cəhətdən istifadəsi mümkün olan 27 min meqavat alternativ enerji mənbələrinə malikdir. 3 min meqavat külək, 23 min meqavat günəş enerjisi, 380 meqavat bioenerji, 530 meqavata yaxın dağ çaylarının və  bu qəbildən olan digər enerji mənbələrinin kifayət qədər alternativ enerji potensialı var. Bu, ölkənin “yaşıl enerji”yə keçidi üçün əlavə fürsətlər yaratmış olur.

 

Ekspert qeyd edib ki, alternativ enerji mənbələrindən daha səmərəli istifadənin həyata keçirilməsi, bu mənbələrin optimal realizə edilməsi üçün bərpaolunan enerji atlasının yaradılması ilə bağlı Prezident İlham Əliyev tərəfindən göstəriş verilib: “Bu, ölkənin ərazisi boyu alternativ enerji mənbələrinin aşkarlanması üçün son dərəcə strateji qərardır. Qərarın icrasından sonra “yaşıl enerji”yə keçid daha da sürətlənəcək. Bərpaolunan yeni enerji formalarına keçidin iqtisadi əhəmiyyəti çox böyükdür. Bu, iqtisadiyyatdan icrası üçün böyük layihə tələb edən prosesdir, həmçinin strateji olaraq effektivdir”.

 

Eldəniz Əmirovun fikrincə, “Qaradağ” Günəş-Elektrik Stansiyasının enerji potensialından istifadə qaza qənaət baxımından da faydalıdır, çünki həmin elektrik enerjisinin digər istilik elektrik stansiyasında istehsalı zamanı ildə 160-170 milyon dollar civarında  qaz sərf oluna bilərdi. Bu stansiyanın işə düşməsi həm elektrik enerjisi ilə fasiləsiz təmin olunmasına, həm də qaz resurslarına qənaət olunmasına şərait yaradacaq, eyni zamanda atmosferə karbon emissiyasının atılmasının  qarşısını alacaq.

 

Bu, işğaldan azad olunmuş ərazilərdə iqtisadi reinteqarasiyanın daha sürətli keçirilməsi üçün də vacibdir.

 

 

  Əsmər QARDAŞXANOVA,

 

 Azərbaycan.- 2022.- 5 aprel. S. 6.