Sosial rifahın təminatçısı
Prezidentin son 4 ildə
reallaşdırdığı möhtəşəm sosial
layihələr Azərbaycanın inkişafına böyük
töhfə verib
Azərbaycanda əhalinin sosial müdafiəsinin etibarlı təmin edilməsi praktik işdə real təsdiqini tapır. Prezident İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı, imzaladığı fərman və sərəncamlar sosial cəhətdən həssas əhali qruplarının etibarlı müdafiə sistemi ilə əhatə olunmasına şərait yaradıb.
2018-ci il aprelin 11-də ölkədə keçirilən prezident seçkilərində xalqın böyük etimad göstərərək özünə lider seçdiyi İlham Əliyev fəaliyyəti ilə daim ictimai maraqları doğrultmağa, hər bir vətəndaşın mənafeyinə hesablanan siyasi-hüquqi və sosial-iqtisadi islahatları həyata keçirməklə böyük rəğbət qazanıb. Ölkə Prezidenti bütün dövrlərdə olduğu kimi, son 4 ildə də əhalinin sosial müdafiəsinin təşkilini və daxili siyasətin sosialyönümlülüyünü ön planda saxlayıb. Ən önəmli məqam isə ondan ibarətdir ki, Azərbaycan dövlətinin həyata keçirdiyi sosial siyasətin mərkəzində Azərbaycan vətəndaşının firavan yaşam tərzi dayanır. Xüsusən sosial məsələlərin həlli ilə bağlı ölkədə çoxsaylı dövlət proqramları, böyük layihələr həyata keçirilir. Çox önəmli faktdır ki, hər il Prezidentin imzaladığı fərman və sərəncamların 65 faizi məhz sosialyönümlüdür.
Şəhid ailələrinə, müharibə əlillərinə və digər həssas qruplara böyük qayğının davamı
Dörd il əvvəl ölkəmizdə keçirilən seçkilərdə İlham Əliyevin ölkə seçicilərinin mütləq əksəriyyətinin səsini qazanaraq Prezident seçilməsi onun rəhbərliyi ilə 2003-2018-ci illərdə ölkənin nail olduğu dinamik inkişaf kursunun, o cümlədən sosial sahədə qazanılmış mühüm nailiyyətlərin uğurla davam etdirilməsinə şərait yaratdı.
Dövlət başçısının tapşırıqları ilə 2018-ci ildən Azərbaycanda başlanan köklü sosial islahatlar vətəndaş rifahı və məmnunluğunun təminatı istiqamətində inqilabi addımların atılmasına, sosial müdafiə və sosial təminat, məşğulluq, əmək münasibətləri, tibbi-sosial reabilitasiya və sosial sahənin digər sektorları üzrə ötən 4 illik dönəmdə ciddi irəliləyişlərə imkan verdi.
Əhalinin həssas qruplarının, xüsusilə şəhid ailələri və müharibə əlillərinin sosial müdafiəsinin gücləndirilməsi İlham Əliyevin siyasətinin ana xəttini təşkil edir.
2018-ci ilin aprelində ölkə Prezidenti seçildikdən sonra imzaladığı ilk - 19 aprel 2018-ci il tarixli fərmanın məhz şəhid ailələri ilə bağlı olması və həmin ailələrə növbəti ciddi dəstək tədbirini nəzərdə tutması da bunu sübuta yetirir.
Həmin fərmanla, həmçinin 2019-cu ilin yanvar ayında imzalanan digər fərmanla yeni mühüm sosial müdafiə proqramı icra edildi - 1997-ci il avqustun 2-dək ölkəmizin ərazi bütövlüyü uğrunda döyüşlərdə şəhid olmuş hərbi qulluqçuların, daxili işlər orqanları əməkdaşlarının - 12 min şəhidin 18 mindən çox vərəsəsi 11 min manat məbləğində birdəfəlik ödəmə ilə təmin olundu.
Dövlət başçısının 23 dekabr 2021-ci il tarixli fərmanı isə 1997-ci il avqustun 2-dək olan xidmət dövründə ölkəmizin ərazi bütövlüyü, müstəqilliyi və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar, hərbi xidmət vəzifələrini yerinə yetirərkən və ya hərbi xidmət dövründə xəsarət alması və ya xəstələnməsi nəticəsində əlilliyi müəyyən edilmiş hərbi qulluqçular və daxili işlər orqanları əməkdaşlarının, onlardan vəfat etmiş şəxslərin vərəsələrinin də birdəfəlik ödəmə (I dərəcə əlilliyə görə 8800 manat, II dərəcə əlilliyə görə 6600 manat, III dərəcə əlilliyə görə 4400 manat) ilə təminatını nəzərdə tutur və bu prosesə də yaxın vaxtlarda başlanacaq.
Eyni zamanda Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun şanlı tarixi Zəfər əldə etdiyi, torpaqlarımızın Ermənistanın 30 ilə yaxın davam etmiş işğalından azad edildiyi 44 günlük Vətən müharibəsində iştirak edən şəxslərə "Müharibə veteranı" adı verilərək onlara Prezidentin aylıq təqaüdü təyin edildi ki, bu da daha bir sosial dəstək proqramı kimi ictimaiyyət tərəfindən rəğbətlə qarşılandı.
Mənzil,
fərdi ev və avtomobillə təminat
Şanlı
tarixi Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən
sonra İlham Əliyevin göstərişi ilə şəhid
ailələri və müharibə
iştirakçıları ilə bağlı geniş istiqamətləri
əhatə edən sosial dəstək proqramı icra olunur. Bu proqram üzrə mühüm sosial dəstək tədbirlərindən
biri kimi şəhid ailələri və müharibə əlillərinin
mənzillə təminatı proqramı cənab Prezidentin sərəncamı
ilə 2021-ci ildə 5 dəfə genişlənib.
Əmək
və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
həmin kateqoriyadan olanlara 2018-ci ildə 626, 2019-cu ildə 934,
2020-ci ildə 1572 mənzil və fərdi ev verilibsə,
2021-ci ildə onlara 3 min mənzil və fərdi ev verilməsi
proqramı uğurla icra olunub ki, bu da 2018-ci ilə nisbətən
5 dəfə çoxdur.
Ümumən nazirlik tərəfindən ötən
dövrdə 12500-dən çox şəhid ailəsi və
müharibə əlili mənzil və ya fərdi evlə təmin
edilib.
Dövlət başçısının 25 avqust 2021-ci il tarixli sərəncamı ilə Vətən
Müharibəsi qəhrəmanlarına və onlardan şəhid
olanların ailələrinə də mənzillər verilir. Digər həssas qruplardan olanların (gözdən əlilliyi
olanlar, dövlət uşaq müəssisələrinin məzunları)
da ardıcıl şəkildə mənzillə təminatı
həyata keçirilir.
Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti
Mehriban xanım Əliyevanın təşəbbüsü
olaraq və fondun mühüm sosial layihələrindən biri
kimi Abşeron rayonunda çoxmənzilli yaşayış
binaları inşa etdirilərək dövlət uşaq
müəssisələri məzunlarının istifadəsinə
verilib. Nazirliyin tabeliyindəki Sosial Xidmətlər
Agentliyinin "Məzun evi" sosial xidmət müəssisəsi
kimi fəaliyyət göstərən həmin
yaşayış binalarında 365 məzun mənzillə təmin
olunub. Bununla yanaşı, müxtəlif ərazilərdəki
yeni yaşayış komplekslərində də bu
kateqoriyalardan olan şəxslərin mənzillə təminatı
davam etdirilir.
Dövlət başçısının
tapşırığı ilə müharibə əlillərinin
avtomobillə təminatı da uğurla davam edir. Son 4 ildə də
1450-dək, ümumilikdə isə ötən dövrdə
7400 müharibə əlili minik avtomobili ilə təmin edilib.
4 ildə
minimum əməkhaqqı 2,3 dəfə,
orta aylıq əməkhaqqı 40 faizə yaxın artıb
İlham Əliyevin sosial-iqtisadi siyasətinin mərkəzində
vətəndaş rifahının təminatı prinsipinin
dayanması ölkədə sosial ödənişlərin
ardıcıl şəkildə artırılmasında da
öz təsdiqini tapır.
2003-2018-ci illərdə ümumi daxili məhsulun 3,2 dəfə
yüksəldiyi ölkəmizdə əhalinin nominal gəlirləri
8,6 dəfə, minimum əməkhaqqı 12,9 dəfə, əməkhaqları
təxminən 7 dəfə, pensiyalar 10 dəfədən
çox artmışdı. 2018-ci ildən sonrakı
köklü sosial islahatlar bu istiqamətdə inqilabi irəliləyişlərə
nail olunması ilə nəticələnib.
2019-cu ildə sosial ödənişlər orta hesabla 100
faiz, bəzi sahələrdə daha çox artıb. 2020-ci və 2021-ci illərdə
də sosial ödənişlərdə növbəti artımlar
(indeksasiya, təqaüd artımları) edilib. Pandemiyanın
məşğulluğa və rifaha mənfi təsirlərinin
qarşısının alınması üçün
genişmiqyaslı dəstək proqramları icra olunub.
2022-ci ilin əvvəlindən isə 3,4
milyon şəxsi əhatə edən əməkhaqqı,
pensiya və digər sosial ödənişlər
artırıldı və bunun üçün illik əlavə
olaraq 2,1 milyard manat ayrıldı.
Beləliklə,
yalnız son 4 ildə minimum əməkhaqqı 2,3 dəfə, orta aylıq əməkhaqqı
40 faizə yaxın artıb. Minimum pensiyada 2,2
dəfə, müavinət və təqaüdlərdə orta
hesabla 2,5-3 dəfə, bəzi istiqamətlərdə 3 dəfədən çox
artım baş verib.
Ümumilikdə,
2018-ci ildən sonrakı dövrdə dövlət
başçısının imzaladığı fərman və
sərəncamlarla ölkə əhalisinin yarısını əhatə
edən 3 sosial islahat paket icra olunub və bu paketlərin illik
maliyyə dəyəri 6,5 milyard
manatdır.
Əmək,
məşğulluq, əməkhaqqı fondunda yüksəliş
Prezidentin tapşırıqlarına uyğun olaraq məşğulluq
imkanlarının artırılması və qeyri-formal məşğulluğun
qarşısının alınması, formal məşğulluğa
keçidin stimullaşdırılması istiqamətində
görülən kompleks tədbirlər əmək müqavilələrinin
sayında artımın da davam etdirilməsinə imkan
yaradıb.
2018-2021-ci illərdə əmək müqavilələrinin
sayında 30 faiz və ya 400 minə yaxın artım qeydə
alınıb.
İllik əməkhaqqı fondunda həmin dövrdə 2 dəfədən
çox, 2022-ci ilin ilk rübündə isə 11,1 faiz artım olub.
Dövlət başçısının uğurlu
sosial-iqtisadi siyasətinə uyğun olaraq aktiv məşğulluq
proqramları da ildən-ilə genişləndirilir. Prezidentin sərəncamı
ilə icra olunan özünüməşğulluq proqramı
işsiz və işaxtaran şəxslərin məşğulluğunun
təminatında, onların kiçik sahibkarlığa
çıxışına imkan yaradılmasında
mühüm dəstəkdir. 2021-ci ildə 16232 şəxs
özünüməşğulluq proqramına cəlb olunub
ki, bu da proqramın icrasına başlanıldığı
2017-ci illə müqayisədə 13,8 dəfə
çoxdur. Ümumilikdə son 4 ildə və bu ilin ilk rübündə 44
mindən çox şəxs özünüməşğulluq
proqramına cəlb edilib. Özünüməşğulluq
proqramının fəaliyyət sahələrinin sayı yeniləri
əlavə edilməklə 44-ə çatdırılıb.
Dövlət başçısının təşəbbüsü
və göstərişi ilə icra olunan ödənişli
ictimai işlər proqramı da işsiz və
işaxtaranların əmək bazarına
çıxışına önəmli dəstəkdir. Proqram üzrə
56 min şəxs işlə təmin edilib.
DOST
konsepsiyası Azərbaycanın mühüm sosial uğurudur
İlham
Əliyevin 9 avqust 2018-ci il tarixli Fərmanı
ilə Əmək və Əhalinin Sosial Müdafiəsi
Nazirliyinin tabeliyində yaradılaraq 2019-cu ilin may ayında
açılışı olan DOST Agentliyi və agentliyin DOST
mərkəzləri sosial sahədə vətəndaş məmnunluğuna
yönəlik köklü islahatların ən mühüm
nailiyyətlərindən biridir.
DOST
Agentliyi və onun
1 saylı Bakı DOST mərkəzinin açılış mərasimində
dövlət başçısı vurğulayıb ki, həyata
keçirdiyi siyasət demək olar bu mərkəzlərdə
öz əksini tapır - islahat, innovasiya, korrupsiyaya,
rüşvətxorluğa qarşı mübarizə, yeni
texnologiyalar, gənclərin bu işlərə cəlb
olunması, könüllülərin fəaliyyəti. Yəni bu mərkəzlər müasir Azərbaycanın
simasını əks etdirir və ölkəmiz məhz bu
yolla inkişaf etməlidir. Müasirlik,
yenilik, islahatlar gənclərin bu işlərə
böyük dərəcədə qoşulması ölkəmizin
inkişafına xidmət göstərəcək.
Birinci
vitse-prezident Mehriban xanım Əliyevanın təşəbbüsü
olan DOST konsepsiyası dövlət sosial xidmətlərinin
(156 növdə xidmət) "bir pəncərə"dən,
innovativ yanaşmalar əsasında modern və çevik, tam
şəffaf mexanizmlər üzərində qurulması ilə
ölkəmizin bu sahədə yeni brendini
formalaşdırıb. Təsadüfi deyil ki, bu gün DOST
konsepsiyası beynəlxalq səviyyədə də
böyük maraq kəsb edərək yüksək dəyərləndirilir
və Azərbaycanın DOST təcrübəsini öyrənməyə
maraq göstərən ölkələrin sayı artır.
Hazırda
5 DOST mərkəzi fəaliyyət göstərir və ötən
dövrdə 800 mindən çox vətəndaş DOST xidmətlərindən
faydalanıb. Bu xidmətlərdən vətəndaşların
məmnunluq səviyyəsi 98 faiz üzərindədir.
Müasirləşən
sosial infrastruktur
İlham Əliyevin uğurlu sosial siyasəti ölkədə
sosial infrastrukturun, o cümlədən sosial xidmət və
reabilitasiya sisteminin davamlı inkişafına imkan yaradıb. 2018-ci ildən
sonrakı dövrdə nazirliyin 12 reabilitasiya və sosial xidmət
müəssisəsi əsaslı təmir və yenidənqurmadan
sonra ən müasir avadanlıqlarla təchiz edilmiş şəkildə
istifadəyə verilib, Qəbələdə də Uşaq
Reabilitasiya Mərkəzi açılıb.
Yaxın aylarda Şamaxı Psixonevroloji Sosial Xidmət Müəssisəsi, Şəmkir Uşaq Reabilitasiya Mərkəzi də açılacaq. Yeni reabilitasiya mərkəzlərinin açılması və bərpa sisteminin müasirləşdirilməklə imkanlarının artırılması reabilitasiya xidmətləri göstərilən şəxslərin illik sayının 3 dəfə artırılaraq 30 minə çatdırılmasına imkan verir. Son 4 ildə sosial xidmətlər, günərzi və icma əsaslı reabilitasiya mərkəzləri şəbəkəsi xeyli genişlənib. Sosial xidmət sahələrində daim təkmilləşdirmələr aparılıb və davam edir.
Əlilliyi olan şəxslərin cəmiyyətə fəal inteqrasiya imkanlarının artırılması ölkə Prezidentinin diqqət mərkəzində olmaqla aparılan sosial siyasətin hədəfləri sırasındadır. Bunun nəticəsidir ki, ölkəmizdə əlilliyi olan şəxslərin aktiv həyat tərzinə, bütün sahələrdə cəmiyyət həyatında fəal iştirak imkanlarına malik olmaları, yaradıcılıq potensiallarını dolğun şəkildə reallaşdıra və cəmiyyətə təqdim edə bilmələri üçün genişmiqyaslı işlər aparılır.
Prezident İlham Əliyevin, birinci xanım Mehriban Əliyevanın və qızları Leyla Əliyevanın iştirakı ilə 22 oktyabr 2021-ci il tarixdə Bakıda DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin açılması bu istiqamətdə mühüm addımlardan biridir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Cənubi Qafqazda kifayət qədər əhatəli, çoxşaxəli fəaliyyət istiqamətlərini özündə birləşdirən belə bir ilkin - ən böyük inklüziv yaradıcılıq və inkişaf məkanının Azərbaycanda açılması əlilliyi olan şəxslərin və digər həssas əhali qruplarının yaradıcı potensialının inkişafına dəstək verilməsi istiqamətində dövlət tərəfindən fəal və məqsədyönlü siyasətin aparıldığını bir daha təsdiq edir. 121 nəfərlik auditoriumdan, 9 müxtəlif peşə-yaradıcılıq otağı və studiyasından, kitabxanadan, inzibati otaqlardan, yeməkxanadan ibarət olan mərkəz əlilliyi olan şəxslərin, şəhid ailəsi üzvlərinin, digər sosial cəhətdən həssas qrupların yaradıcı potensialını ortaya çıxararaq cəmiyyətə təqdim etmək, onların istedad və inteqrasiyasına dəstək göstərmək sosial-mədəni mühitin inklüziv çalarlarla daha da zənginləşməsinə xidmət edir.
Beləliklə, Prezident İlham Əliyevin 2018-ci il 11 aprel tarixində andiçmə mərasimində söylədiyi "Hamımızın amalı ondan ibarətdir ki, ölkəmiz daha da güclənsin, daha da qüdrətli dövlətə çevrilsin, Azərbaycan vətəndaşları daha da yaxşı yaşasınlar" sözləri davamlı sosial islahatlar nəticəsində əldə olunan mühüm nailiyyətlərdə öz əməli təsdiqini tapıb.
Dünyada çox az ölkə tapılar ki, sosial siyasətin təzahür formalarının müxtəlifliyinə görə Azərbaycanla müqayisə oluna bilsin. Sosial-iqtisadi sahədə ardıcıl şəkildə islahatlar aparan dövlətlər sırasında adıçəkilən Azərbaycanın iqtisadi uğurları sosial sahədə inqilabi islahatların gerçəkləşməsini şərtləndirib. Bir tərəfdən düşünülmüş və ardıcıl olaraq həyata keçirilən islahatların nəticəsi, digər tərəfdən isə İlham Əliyevin cəsarətli, inamlı addımları ölkə vətəndaşlarının gələcəyinə hesablanmış qətiyyətli siyasətin təzahürüdür desək, yanılmarıq.
Rəşad BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 12 aprel.- S.8.