“Ümid” ümidləri
doğruldur
Bu il yataqdan hasilatın keçən ildəkindən
çox olacağı gözlənilir
Xəzərin Azərbaycan sektorundakı karbohidrogen yataqları sırasında “Ümid”in özünəməxsus yeri var. Bu, ölkəmizin müstəqilliyinin bərpasından sonra SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti) öz gücü ilə kəşf etdiyi ilk yataqdır.
“Ümid” qaz və kondensatla zəngindir. Yataqdan əldə olunan hasilat onun ümidləri doğrultduğunu təsdiq edir. Belə ki, indiyədək buradan 5,4 milyard kubmetr təbii qaz və 856,1 min ton kondensatın çıxarıldığı bildirilib. Yatağın ümumi karbohidrogen ehtiyatları isə 200 milyard kubmetr qaz və 40 milyon ton kondensat həcmində qiymətləndirilir.
“Ümid” yatağı Bakıdan 75 kilometr cənubda, qurudan 40 kilometr məsafədə yerləşir. 2009-cu ildə strukturda dərin axtarış-kəşfiyyat qazmasına başlanmış və 2010-cu ilin noyabrında burada nəhəng qaz-kondensat yatağı kəşf edilmişdir.
“Ümid” strukturunda, dayaqları suyun 58 metr dərinliyində yerləşən stasionar dəniz özülünün tikintisindən dərinliyi 6006 metr olan quyunun qazılmasına qədər bütün işlər SOCAR-ın öz gücü ilə həyata keçirilmişdir. Quyuda karotaj göstəricilərinə əsasən, məhsuldar qatın VII və V horizontlarında karbohidrogen ehtiyatları müəyyən edilmişdir. Sonradan VII horizontdan qaz axını alınmışdır. Bu da strukturun karbohidrogen ehtiyatlarını qiymətləndirməyə imkan vermişdir.
Xatırladaq ki, Prezident İlham Əliyev “Ümid”in açılmasının böyük əhəmiyyət daşıdığını bildirərək həmin münasibətlə 2010-cu il noyabrın 19-da şirkətin rəhbərliyi ilə görüşmüşdür. Dövlət başçısı bu mühüm hadisəni belə dəyərləndirmişdir: “Uzun fasilədən sonra biz böyük neft-qaz yatağında bütün qazma və kəşfiyyat işlərini öz hesabımıza, öz gücümüzlə aparmışıq. Siz bunu yaxşı bilirsiniz ki, Xəzər dənizinin bütün yataqlarını Azərbaycan neftçiləri kəşf etmişlər. Xəzərdə 1950-ci illərdən başlayaraq bu günə qədər Azərbaycan neftçiləri, mütəxəssisləri müstəsna rola malikdirlər. Xəzər dənizinin neft-qaz ehtiyatlarının dünya bazarlarına çıxarılması üçün ölkəmiz aparıcı rol oynamışdır. Ancaq bildiyiniz kimi, Sovet İttifaqı dağılandan sonra və ondan əvvəlki illərdə neft-qaz sənayesində tənəzzül başlamışdır. Demək olar ki, biz mövqelərimizi itirməyə başlamışdıq. 1990-cı illərin əvvəllərində Ulu Öndər Heydər Əliyev tərəfindən başlanmış yeni neft strategiyamız bu sahədə köklü dönüşün yaranmasına gətirib çıxardı. “Əsrin kontraktı”nın, “Şahdəniz” yatağı üzrə kontraktın imzalanması və digər addımlar bizə imkan verdi ki, neft-qaz sahəsində özümüzə məxsus olan mövqelərimizi bərpa edək. Biz mövqeyimizi nəinki bərpa edə, hətta onu böyük dərəcədə möhkəmləndirə bilmişik”.
Həmin vaxta qədər Azərbaycanın təsdiq edilmiş qaz ehtiyatlarının 2 trilyon kubmetr səviyyəsində olduğu tam dəqiqliklə deyilir və əlavə edilirdi ki, bu ehtiyatlar daha çox ola bilər. “Ümid” yatağının işlənməyə başlanması bunu bir daha təsdiqlədi. Deməli, 2 trilyon, sadəcə olaraq təvazökar bir rəqəmdir. Azərbaycan heç vaxt öz resursları haqqında yanlış məlumat verməmişdir, təbii ehtiyatlarını, necə deyərlər, şişirtməmişdir. Hətta əksinə, onları ehtiyatla qeyd etmişdir ki, dəqiqlik olsun. Buna görə ölkəmizin sözünə beynəlxalq enerji aləmində inam yüksək səviyyədədir.
Prezident həmçinin “Ümid”in ehtiyatlarının da bəlkə deyiləndən daha çox olacağını bildirmişdir: “Yadımdadır, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları haqqında birinci xəbərlər göstərirdi ki, 511 milyon ton neft vardır. Hətta mən o vaxt bir az təəccüblənirdim ki, nə üçün 511, belə dəqiqliyi necə bilmək olar?! Ancaq sonra həyat özü onu göstərdi ki, “Azəri-Çıraq-Günəşli” yatağının ehtiyatları 511 milyon ton deyil, 1 milyard tondan artıqdır... Ona görə, “Ümid” yatağının ehtiyatları haqqında verilən ilkin məlumat əminəm ki, gələcəkdə görülən işlər nəticəsində, düzəlişlərlə tamamlanacaq və dünya miqyaslı yeni qaz yatağının aşkarlanması dünya qaz bazarına müsbət təsir göstərəcəkdir. Azərbaycanın imkanları daha da genişlənəcək, bizim qaz ixracımız daha da artacaqdır”.
“Ümid” yatağı 2012-ci ildə sənaye istismarına daxil edilib. 2012-2021-ci illər ərzində yataqda qaz hasilatı 15 dəfəyə yaxın, kondensat hasilatı isə 14 dəfəyədək artıb. Ötən il “Ümid”dən 1 milyard 115 min kubmetrə qədər qaz və 173 min 453 ton kondensat hasil edilib. Cari ildə isə yataqdan 1 milyard 309 min kubmetr qaz və 194 min ton kondensatın çıxarılacağı gözlənilir. Bu da əvvəlki illə müqayisədə müvafiq olaraq 17,4 və 11,8 faiz artım deməkdir.
“Ümid” yatağında ikinci hasilat platformasının tikilib istismara verilməsi də planlaşdırılır. Belə ki, yatağın şimal qanadının tammiqyaslı işlənməyə cəlb edilməsi üçün “Ümid-2” platformasının olması vacibdir. Qurğunun bir neçə il sonra tikilib istifadəyə verilməsi nəzərdə tutulur. “Ümid” layihəsi çərçivəsində həmçinin üçüncü özülün tikintisi və əlavə quyuların qazılması da mümkündür.
Flora SADIQLI,
Azərbaycan.- 2022.- 5 aprel. S. 6.