30 illik zirvə

 

Azərbaycanda Olimpiya hərəkatı tarixi uğurlara imza atıb

 

 Son illər digər sahələrdə olduğu kimi, Azərbaycanın idman tarixində də şanlı səhifələr yazılıb. Ötən dövr ərzində ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Gələcəyə hesablanmış idman siyasəti ölkəmizdə sağlam nəsil və böyük idmançı ordusu formalaşdırıb. Bunlara paralel olaraq Azərbaycan mötəbər beynəlxalq idman yarışlarının keçirildiyi məkana, dünyanın idman mərkəzlərindən birinə çevrilib.

 

“Bakı-2015  I Avropa Oyunlarında yarışların standartını müəyyənləşdirən, “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında isə yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan “Formula-1” Qran-prilərini də keçirməklə yarışların tarixinə öz imzasını həkk etdirib.

 

 

İdmanda yüksəliş mərhələsi

 

 

Bu günlərdə Azərbaycanda Milli Olimpiya Komitəsinin (MOK) yaradılmasının 30 illiyi keçiriləcək. Azərbaycan Prezidenti İlham Əliyev MOK-un 30 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. Qeyd olunur ki, Milli Olimpiya Komitəsi təsis olunduğu vaxtdan ölkədə idmanın dinamik inkişafı, Olimpiya ideallarının bərqərar olması və təşviqi üçün məqsədyönlü, ardıcıl fəaliyyət göstərmişdir. Ötən müddət ərzində Azərbaycanın idman infrastrukturunun yenilənərək ən müasir standartlara cavab verən səviyyəyə gətirilməsində, idmanın kütləviliyinin artırılmasında və sağlam həyat tərzinin təbliğində Milli Olimpiya Komitəsinin mühüm xidmətləri olmuşdur.

 

Xatırladaq ki, sovet dövründə idmançılarımız yalnız SSRİ-nin adı və bayrağı altında beynəlxalq idman yarışlarına qatılırdılar. Ölkəsinin bayrağını qaldırmaq, himnini səsləndirmək o dövrün qalib Azərbaycan idmançısına nəsib olmurdu. Müstəqillik dövründə isə vəziyyət tamam başqadır. Doğrudur, ötən əsrin 90-cı illərinin əvvəllərində, xaos və anarxiya dövründə idmançılarımız iştirak hüququ qazandıqları yarışlara belə vəsait çatışmazlığından qatıla bilmirdilər. 1992-1997-ci illərdə MOK-un fəaliyyəti heç də istənilən səviyyədə deyildi və qənaətbəxş sayıla bilməzdi. Çünki bu sahədə fəaliyyət planı lazımi səviyyədə qurulmamışdı.

 

Əslində, həmin dövrdə MOK qarşıda duran ümdə vəzifələrin həyata keçirilməsi üçün kənarda qalmamalı, aparıcı rol oynamalı idi. Təəssüf ki, MOK belə bir mövqe tuta bilmədi, ümumən, qurumun fəaliyyətinin ilk beş illiyi dövründə Milli Olimpiya Hərəkatında durğunluq hökm sürürdü. Belə bir vəziyyət isə ölkə rəhbərliyini, idman ictimaiyyətini qane etmirdi. Çünki Olimpiya oyunlarında yüksək nəticələr göstərmək lazım idi.

 

MOK-un 1997-ci il iyulun 31-də keçirilmiş növbəti Baş Məclisində bütün məsələlərin müzakirəsi zamanı bəlli oldu ki, istedadlı idmançılarımızın, məşqçi və mütəxəssislərimizin bir qismi ölkədən gedib, idmançıların məşq və yarışlarda iştirakı, onların sosial vəziyyəti acınacaqlı haldadır. MOK-un nəinki beynəlxalq idman qurumları ilə, hətta ölkənin idman təşkilatları ilə belə əlaqəsi yox idi.

 

Bu vəziyyətlə barışmayan Baş Məclis MOK İcraiyyə Komitəsinin yeni tərkibini seçdi. Səsvermə nəticəsində Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin birinci vitse-prezidenti, Milli Məclisin deputatı İlham Əliyev MOK-un prezidenti seçildi. Elə ilk günlər göstərdi ki, MOK çox düzgün və qətiyyətli bir addım atıb. Komitə ilk növbədə mövcud durumu düzgün qiymətləndirməklə idmanımızı dirçəltməyin yollarını dəqiq müəyyənləşdirib hərəkətə keçdi. Olimpiya hərəkatının real vəziyyəti öyrənildi, mövcud problemlər aşkara çıxarılaraq araşdırıldı. Cənab İlham Əliyevin rəhbərliyi altında Milli Olimpiya Komitəsinin görməli olduğu işlər həddən artıq idi. Bunların sırasında beynəlxalq əlaqələrin qurulması və genişləndirilməsi olduqca vacib rol oynayırdı. Qarşıya çıxan bütün problemləri bacarıqla həll edən İlham Əliyev Olimpiya hərəkatının məqsəd və vəzifələrini, fəaliyyət sisteminin ardıcıl istiqamətlərini müəyyənləşdirdi. Beləliklə, İlham Əliyevin MOK-un prezidenti seçilməsindən sonra ölkədə bədən tərbiyəsi və idman geniş vüsət aldı, respublikamız beynəlxalq Olimpiya hərəkatına qoşuldu, bu sahədə sistemli şəkildə işlər görüldü.

 

 

Bakıdan bölgələrə doğru

 

 MOK-un fəaliyyətində canlanma təkcə olimpizmin təbliği, idmançılarımızın olimpiadalarda iştirakını təmin etməklə bitmədi, həm də maddi-texniki bazanın gücləndirilməsi sahəsini əhatə etdi. Ölkədə idmanın sürətli inkişafını təmin etmək və onun perspektivlərini genişləndirmək məqsədilə mövcud maddi-texniki bazanın vəziyyətində dönüşün əsası qoyuldu. MOK 1999-cu ildən öz obyektlərinin tikintisinə başladı və artıq 2000-ci ilin oktyabrında Bakıda ilk Olimpiya kompleksinin açılış mərasimi oldu. Paytaxtdan başlayan quruculuq bölgələrə doğru istiqamətləndi. Bölgələrdə Olimpiya idman komplekslərinin tikilib istifadəyə verilməsi idman hərəkatının tərəqqisi üçün çox önəmli rol oynadı.

 

Bütövlükdə 2000-ci ildən indiyədək ölkədə 50-yə yaxın Olimpiya idman kompleksi, həmçinin ixtisaslaşmış idman qurğuları tikilib istifadəyə verilib, mövcud idman obyektləri yenidən qurulub. İndi, demək olar ki, respublikamızın bütün bölgələrində Olimpiya kompleksləri fəaliyyət göstərir. Azərbaycanın ucqar rayonlarında müxtəlif idman növləri ilə məşğul olmaq üçün mövcud şərait var.

 

 

Son 7 olimpiada, 53 medal

 

 Atletlərimiz  çıxış etdikləri son 7 olimpiadada möhtəşəm tarixi zəfərlərə imza atıblar. Onları bir daha xatırlamaq yerinə düşərdi.  1996-cı ildə ABŞ-da keçirilən Atlanta Olimpiadasında 23 idmançı ilə təmsil olunan Azərbaycan 1 gümüş medalla 61-ci yeri tutmuşdu. Yeganə medalı 52 kq çəki dərəcəsində yarışan sərbəst güləşçimiz Namiq Abdullayev gümüş medal qazanmışdı.

 

2000-ci ildə Sidneydə 31 idmançı ilə təmsil olunan Azərbaycan 2 qızıl və 1 bürünc medalla dünyada 34-cü yeri, Avropa ölkələri arasında isə 23-cü yeri tutdu. Komandamıza ilk medalı qadınlar arasında stend atıcılığı yarışlarında Zemfira Meftahəddinova qazandırdı. Ölkəmizə ikinci qızıl medalı Atlanta oyunlarının gümüş mükafatçısı, güləşçi Namiq Abdullayev gətirdi. Boksçu Vüqar Ələkbərov bürünc medala sahib oldu.

 

21-ci minilliyin ilk Olimpiya Oyunlarında - “Afina-2004”də  12 idman növündə 38 idmançı ilə təmsil olunan Azərbaycan milli komandası bu möhtəşəm yarışdan vətənə 1 qızıl, 4 bürünc medalla qayıtdı. Yunan-Roma güləşi üzrə 66 kq çəki dərəcəsində 22 yaşlı Fərid Mansurov fəxri kürsünün ən yüksək pilləsinə qalxaraq qızıl, atıcılıq üzrə yarışlarda kiçik çaplı tapançadan 25 metr məsafəyə atəş açmada İradə Aşumova və stend atıcılığı üzrə təmsilçimiz, “Sidney-2000” Olimpiadasının qızıl mükafatçısı Zemfira Meftahəddinova Azərbaycan yığmasının hesabına iki bürünc medal yazdırdılar.

 

Afinada yarımfinala yüksələn ilk Azərbaycan boksçusu Ağası Məmmədovun çəki problemi onu bürünc medalla kifayətlənməyə məcbur etdi. Ölkəmizin aktivinə yazılan 4 bürünc medaldan biri isə digər boksçumuz Fuad Aslanovun payına düşdü.

 

2008-ci ildə Pekində təşkil edilən Olimpiadada Azərbaycan 12 idman növündə 44 atletlə təmsil olundu. Komandamız Olimpiya oyunlarında ilk dəfə olaraq hər üç əyarda medallar qazandılar. Ölkəmizə Olimpiya qızılını cüdoçumuz Elnur Məmmədli (73 kq) gətirdi. Gümüş medalları Yunan-Roma güləşində Rövşən Bayramovla (55 kq) Vitali Rəhimov (60 kq) qazandı.

 

Sərbəst güləşçimiz Xetaq Qazyumov (96 kq), qadın güləşində Mariya Stadnik (48 kq), boksda Şahin İmranov (57 kq) və cüdoda Mövlud Mirəliyev (100 kq) bürünc medala layiq görüldülər.

 

Beləliklə, Pekində keçirilən XXIX Yay Olimpiya Oyunlarında Azərbaycan yığması 7 medalla (1 qızıl, 2 gümüş, 4 bürünc) 204 ölkə arasında medalların sayına görə 27-ci, medalların növünə görə isə 39-cu yeri tutdu.

 

2012-ci ildə London Olimpiya Oyunlarında isə Azərbaycan idmançıları 10 medal (2 qızıl, 2 gümüş, 6 bürünc) qazandılar. Bununla da 204 ölkə arasında 30-cu yerdə qərar tutan ölkəmiz medalların ümumi sayına görə 25-ci oldu. İki qızıl, iki gümüş və altı bürünc əldə edən idmançılarımız bu göstərici ilə Avropa ölkələri arasında 15-ci, MDB-də isə 5-ci yeri tutdular. Londonda Toğrul Əsgərov və Şərif Şərifov qızıl, Rövşən Bayramov və Mariya Stadnik gümüş medalların sahibi oldular. Digər üç güləşçimiz Emin Əhmədov, Yuliya Ratkeviç və Xetaq Qazyumov isə mübarizələrini bürünc medalla başa vurdular. Digər üç bürünc medalı isə ağırlıqqaldıran Valentin Xristov və boksçularımız Teymur Məmmədovla Məhəmmədrəsul Məcidov qazandılar.

 

2016-cı ildə Braziliyanın Rio-de-Janeyro şəhərində təşkil edilən XXXI Yay Olimpiya Oyunlarına Azərbaycan 56 idmançı ilə qatıldı. İlk dəfə rekord sayda - 18 medal (1 qızıl, 7 gümüş, 10 bürünc) qazanıldı. Dünyanın 207 ölkəsindən 11 mindən çox idmançının iştirak etdiyi turnirə respublikamız 56 idmançı ilə qatılmışdı. Azərbaycan medal sayına görə 87 mükafatçı dövlət arasında 15-ci yeri tutaraq İslam, türk və Qafqaz ölkələri arasında lider oldu.

 

Pəhləvanlarımız bu dəfə də 9 medal qazandılar. Güləş yığmamızın aktivinə 3 gümüş medalı pəhləvanlar (Mariya Stadnik, Toğrul Əsgərov və Xetaq Qazyumov) əlavə etdilər. Digər 6 güləşçimiz - Cəbrayıl Həsənov, Rəsul Çunayev, Nataliya Sinişin, Sabah Şəriəti, Şərif Şərifov və Hacı Əliyev isə çıxışlarını bürünc medalla başa vurdular. Cüdoçulardan Rüstəm Orucov və Elmar Qasımov 4 illiyin zirvə yarışını gümüş medalla başa vurdular.

 

Tarixində ilk dəfə Olimpiya oyunlarında mükafat qazanan taekvondo üzrə Azərbaycan millisi “Rio-2016”da ən yaxşılardan olub. Braziliyaya 4 idmançı ilə yollanan yığmamız okeanın o tayında 3 medal əldə edib. Radik İsayev Azərbaycanın yeganə qızıl medalının sahibi olub. Milad Beiqi Harçeqani və Patimat Abakarova bürünc medal qazandıqlarına sevindilər. Boksçulardan Sotomayor Lorenzo gümüş, Kamran Şahsuvarlı bürünc medala sahib oldular. Ölkəmizin hesabına daha bir gümüş medalı avarçəkmə yarışlarında Valentin Demyanenko, bürüncü isə İnna Osipenko-Rodomskaya əlavə etdi.

 

Pandemiya səbəbindən bir il təxirə salınan “Tokio-2020” Olimpiadasına 44 idmançı ilə qatılan Azərbaycan komandası turniri 3 gümüş və 4 bürünc medalla başa vurub. Gümüş medalların 2-si karate, 1-i güləş, bürünc mükafatlardan isə 2-si güləş, 1-i cüdo, 1-i boks yarışlarında qazanılıb. Karateçilərimizdən Rafael Ağayev (kumite, 75 kq) və İrina Zaretska (kumite, +61 kq) təkcə finalda uduzaraq gümüş medallara sahib olublar. Digər gümüş medalın sahibi sərbəst güləşçi Hacı Əliyevdir. Yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və qadın güləşçimiz Mariya Stadnik (50 kq) Olimpiadanı bürünc medallarla başa vurdular. Ölkəmizin aktivinə digər bürünc medalları cüdoçu İrina Kindzerska (+78 kq) və boksçu Alfonso Domingez (81 kq) yazdırdılar.

 

Şübhəsiz ki, idmançılarımız növbəti yarışlarda da möhtəşəm qələbələri ilə yeni tarix yazacaqlar. Onlar Prezident İlham Əliyevin yüksək diqqət və qayğısını, xalqımızın inamını doğruldacaq, son ana qədər əzmkarlıqla mübarizə apararaq dünyanın ayrı-ayrı ölkələrində himnimizi səsləndirəcək və müqəddəs bayrağımızı daim yüksəklərə qaldıracaqlar.

 

 

 Elçin CƏFƏROV,

 

 Azərbaycan.- 2022.- 5 aprel. S. 7.