Bakıda keçirilən Dünya kuboku başa çatdı

 

Azərbaycan gimnastı mötəbər yarışın bürünc medalına sahib çıxdı

 

 Ötən həftə Azərbaycanın paytaxtı növbəti dəfə mötəbər beynəlxalq yarışa evsahibliyi etdi. Bakıda Milli Gimnastika Arenasında Kişi və Qadın İdman Gimnastikası üzrə FIG Dünya Kuboku yarışları keçirildi.

 

34 ölkədən 145 idmançının qüvvəsini sınadığı turnir dörd gün davam etdi. Yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutdu.

 

Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil etdilər.

 

Yarışların açılış mərasimində çıxış edən gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikasının ölkəmizdə çox sevildiyini, bu növün Olimpiya oyunlarında da böyük maraqla qarşılandığını bildirdi.

 

Açılış mərasiminin ardınca idmançıların çıxışlarına start verildi. Dünya kubokunun ilk günündə kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim etdilər. Qadın idman gimnastları isə dayaqlı tullanmada və müxtəlif hündürlüklü qollarda mübarizə apardılar.

 

Azərbaycanın dörd təmsilçisi yarışın ilk günündə qüvvəsini sınadı. Nikita Simonov  halqalarda proqramını təqdim etdi. Onun çıxışı hakimlər tərəfindən 14,266 xalla qiymətləndirildi. Gimnastımız altıncı pillədə qərarlaşdı və finala vəsiqə qazandı. Digər təmsilçimiz İvan Tixonov paralel qollarda çıxış edərək hakimlərdən 13,933 xal aldı. Bu nəticə ilə idmançımız 8-ci olub və finala keçdi.

 

Aprelin 2-də final mərhələsi oldu. Final proqramında kişilər arasında paralel qollar və halqalar, qadınlar arasında isə dayaqlı tullanma və müxtəlif hündürlüklü qollar  üzrə qaliblər müəyyənləşdi.

 

Sevindirici haldır ki, təmsilçimiz Nikita Simonov halqalarda uğurla çıxış edərək komandamıza bürünc medal qazandırdı. İdmançımız həlledici mərhələdə hakimlərdən 14,500 xal aldı. Yarışın qalibi 14,800 xalla italiyalı Mareska Salvatore oldu. Türkiyəli İbrahim Çolak 14,766 xalla turniri ikinci pillədə başa vurdu.

 

 Həlledici mərhələdə paralel qollarda ölkəmizi təmsil edən İvan Tixonov 13,833 xalla 7-ci pillədə qərarlaşdı.

 

Mükafatlandırma mərasiminin yekununda kişi və qadınlar arasında bu il keçirilmiş 4 dünya kubokunda göstərilən üç ən yaxşı nəticənin yekununa əsasən idmançılara ayrı-ayrı alətlər üzrə FIG kuboku təqdim edildi. Kişilər arasında sərbəst hərəkətlər üzrə Artyom Dolqopyat (İsrail),  paralel qollar üzrə İlya Kovtun (Ukrayna), qadınlar arasında dayaqlı tullanma üzrə Oksana Çusovitina (Özbəkistan),  müxtəlif hündürlüklü qollar üzrə isə Daniela Batrona (Ukrayna) FIG kubokuna layiq görüldülər.

 

Bundan əlavə, ən yüksək icra xalı toplamış gimnastlar - Bolqarıstan təmsilçisi Valentina Georgiyeva və Gürcüstan təmsilçisi İoanne Cimşeleşvili  AGF Trophy” kuboku ilə təltif olundular.

 

Aprelin 3-də final yarışlarında kişilər arasında dayaqlı tullanma, dəstəkli at və turnik, qadınlar arasında isə gimnastika tiri və sərbəst hərəkətlər proqramları üzrə qaliblər müəyyənləşdi.

 

Braziliya təmsilçisi Julia Soaresin sərbəst hərəkətlərdə final çıxışı hakimlər tərəfindən 13,433 xalla qiymətləndirildi və o, birinci oldu. Macarıstanlı Dorina Boeczoeqo 13,166 xalla turniri ikinci, özbəkistanlı Dildora Aripova isə 12,866 xalla üçüncü pillədə başa vurdular.

 

Qazaxıstan idmançısı Nəriman Qurbanov kişilərin dəstəkli at yarışlarında 14,633 xalla qızıl medal əldə etdi. Albaniya idmançısı Matvey Petrov 14,466 xalla ikinci, Fransa gimnastı Siril Tommazon isə 14,333 xalla üçüncü oldular.

 

Almaniya təmsilçisi Sara Voss qadınlar arasında gimnastika tirində qızıl medala sahib oldu. O, 13,733 xalla bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Fransa təmsilçisi Lorett Şarpi 12,966 xalla turniri ikinci, ukraynalı gimnast Daniela Batrona isə 12,900 xalla üçüncü pillədə başa vurdular.

 

Ukraynalı gimnast Nazar Çepurnının dayaqlı tullanma yarışlarında final çıxışı hakimlər tərəfindən 15,016 xalla qiymətləndirilib və o, qızıl medal qazandı. İlk üçlüyü İsrail gimnastları qapayıblar. Belə ki, Andrey Medvedev 14,500 xalla gümüş, Artyom Dolqopyat isə 14,450 xalla bürünc medala sahib oldular.

 

Son olaraq Milli Gimnastika Arenasında kişilər arasında turnik üzrə qaliblər müəyyənləşdi. Çıxışına görə hakimlərdən 14 xal alan Böyük Britaniya idmançısı Co Frayzer bütün rəqiblərini qabaqladı. Avstraliya təmsilçisi Mitçell Morqans 13,966 xalla gümüş, ukraynalı İlya Kovtun 13,866 xalla bürünc medala yiyələndilər.

 

Sonuncu qalib müəyyənləşdikdən sonra mükafatlandırma mərasimi təşkil olundu.

 

Ümumiyyətlə, Azərbaycanda idman siyasəti Prezident İlham Əliyevin rəhbərliyi altında böyük uğurla həyata keçirilir. Müstəqillik tarixində ölkəmiz, xüsusilə paytaxtımız bir sıra idman növləri üzrə mötəbər yarışları təşkil etməsi ilə yadda qalıb. Gimnastika növləri üzrə yarışların keçirilməsi də artıq bir ənənəyə çevrilib.

 

2002-ci ildə Mehriban xanım Əliyeva Azərbaycan Gimnastika Federasiyasının prezidenti seçilib və bu vəzifədə özünü peşəkar təşkilatçı kimi nümayiş etdirib. Həmin vaxtdan bəri ölkəmizdə mövcud gimnastika növləri dirçəlib və digərləri də inkişaf etməyə başlayıb.

 

 Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın beynəlxalq aləmdə artmaqda olan nüfuzu bədii gimnastika üzrə dünya kubokunun “A” kateqoriyalı mərhələsinin, dünya kubokunun, 27-ci dünya çempionatının, 23-cü, 25-ci və 30-cu Avropa çempionatlarının Azərbaycanda keçirilməsinə dair qərarın qəbul olunmasında həlledici rol oynayıb.

 

Bundan əlavə, batut üzrə Avropa, dünya çempionatlarına evsahibliyi etmişik. Ötən həftə Bakıda Akrobatika Gimnastikası üzrə XII Dünya Yaş Qrupları Yarışları, martın 10-13-də isə böyüklər arasında Akrobatika Gimnastikası üzrə XXVIII Mundial uğurla keçirilib.

 

Aprelin 22-dən 24-dək dünyanın diqqəti bir daha Azərbaycanın paytaxtı Bakıya cəmlənəcək. Belə ki, dünyanın ən güclü bədii gimnastları bu dəfə ölkəmizdə təşkil olunacaq Bədii Gimnastika üzrə Dünya Kubokunda bir araya gələcəklər.

 

 

  R.CƏFƏROV,

 

 Azərbaycan.- 2022.- 5 aprel. S. 7.