Azərbaycanla İordaniya arasında mülki aviasiya sahəsində əməkdaşlıq perspektivləri müzakirə edilib

 

 

“Azərbaycan Hava Yolları”nın Mətbuat xidmətinin verdiyi məlumata görə, aprelin 4-də AZAL prezidenti Cahangir Əsgərov İordaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Sami Asem Qoşeh ilə görüşüb.

 

Görüşdə Azərbaycanla İordaniya arasında mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığın gündəliyinə dair fikir mübadiləsi aparılıb, tərəflər, həmçinin COVID-19 pandemiyası ilə mübarizədə həyata keçirilən tədbirlərin yüksək səmərəliliyini qeyd ediblər.

 

Görüş zamanı tərəflər iki ölkə arasında hava əlaqəsinin başlanması imkanlarını müzakirə ediblər.

 

Cahangir Əsgərov qeyd edib ki, Bakı ilə Amman arasında uçuşların yerinə yetirilməsinə 2020-ci ilin mayın sonunda başlanılmalı idi və bu barədə müvafiq razılıq 2019-cu ilin dekabr ayında əldə edilmişdir. Lakin COVID-19 pandemiyasının yayılması bu planların həyata keçirilməsinə mane olmuşdur.

 

Onun sözlərinə görə, birbaşa reyslərin açılması ölkələr arasında dostluq əlaqələrini gücləndirməklə yanaşı, Azərbaycan və İordaniya sahibkarları üçün bütün sahələrdə, o cümlədən ticarət və turizm sahəsində yeni imkanlar yaradacaq.

 

İordaniya səfiri Sami Asem Qoşeh yeni reysin hər iki ölkə vətəndaşları üçün böyük maraq doğuracağına və ölkələr arasında mehriban qonşuluq əlaqələrinin daha da möhkəmlənməsinə xidmət edəcəyinə əminliyini bildirib.

 

 Azərbaycan.- 2022.- 5 aprel. S. 12.