Azərbaycan COVID-19-a tədricən
qalib gəlir
Dünyada iki ildir ki, davam edən COVID-19 pandemiyası müddətində virusa yoluxma saylarında zaman-zaman səngimə, yaxud artım halları qeydə alınıb.
Bir neçə ay əvvəl vəziyyətin stabilləşməsi ilə əlaqədar bəzi ölkələrdə karantin qaydaları yumşaldılsa da, son həftələrdə, xüsusən Çində xəstəliyə yoluxma sayının artması tədbirlərin sərtləşdirilməsinə gətirib çıxarıb.
Hazırda Azərbaycanda COVID 19-la bağlı vəziyyət qənaətbəxşdir. Son statistikaya əsasən, koronavirusa yoluxma olsa da, ölüm faktı qeydə alınmayıb. Yoluxma sayının azalması, sağalanların sayının artması, ölümün isə qeydə alınmaması koronavirusla uğurlu mübarizə tədbirlərinin təzahürüdür.
Xatırladaq ki, ölkəmizdə CovId-19 infeksiyasına qarşı mübarizə məqsədilə əhalinin peyvənd olunması prosesinin yüksək keyfiyyətlə təşkil edilməsi üçün ilk gündən bütün zəruri tədbirlər görüldü. Xəstəxanalarda vaksinasiya üçün ayrılmış peyvənd məntəqələrində qeydiyyat, gözləmə və peyvənd otaqları yaradıldı. Prosesin nizamlı təşkil olunması məqsədilə vətəndaşlar randevu.its.gov.az internet ünvanına daxil olub qeydiyyatdan keçməklə istədikləri tibb məntəqəsini və peyvənd növünü seçərək vaksinasiya olunmaq üçün təyin edilmiş tarixdə məntəqəyə yaxınlaşdılar. Fiziki məhdudiyyəti olan və ucqar ərazilərdə yaşayan vətəndaşlara isə səyyar xidmətlər təşkil olunaraq evlərində vaksinasiya işi həyata keçirildi. Hazırda da peyvəndlənmə davam etdirilir.
Azərbaycanda pandemiya ilə bağlı vəziyyətin müsbətə doğru getməsi, Omikron ştamında yoluxduruculuğun qısa müddət çəkməsi ilə əlaqədar xəstəliyə yoluxanların karantin müddəti 14 gündən 7 günə endirilib. Bu da virusa tədricən qalib gəldiyimizin göstəricisidir.
Ülkər
XASPOLADOVA,
Azərbaycan.- 2022.- 5 aprel. S. 12.