Prezident İlham ƏLİYEV: "Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik"

 

 

Müharibələr itkilər, dağıntılar gətirir. Azərbaycan 1990-cı illərdə təcavüzkar ermənilərin təxribatı nəticəsində başlanan Birinci Qarabağ müharibəsində böyük fəlakətlərlə üzləşdi. Minlərlə azərbaycanlı müharibədə şəhid olduya əsir, girov götürüldü. Qalanları isə erməni zülmündən ancaq canlarını götürüb qaça bildilər.

Yerli əhalinin böyük zəhmət və əziyyətlə illərlə tikdiyi, ailələri ilə birlikdə rahat yaşadıqları evləri, eləcə də inzibati infrastrukturları ermənilər qarət etdilər, uçurub dağıtdılar, od vurub yandırdılar. Həmin ərazilərdəki yalnız Azərbaycan üçün deyil, bütün bəşəriyyət üçün misilsiz dəyərə malik olan tarixi abidələrimizi də erməni vandalları məhv etdilər.

 

 

 

Ermənilərin Qarabağı və Şərqi Zəngəzuru azərbaycanlılarsız qoymaq arzuları gözlərində qaldı

 

 

 

1990-cı illərdə Azərbaycan ərazilərinin iyirmi faizi Ermənistan silahlı qüvvələri tərəfindən işğal olundu. İşğal otuz ilə yaxın davam etdi. Bu müddətdə cənnətməkanı yağı düşmən xarabalığa çevirdi. Birinci Qarabağ müharibəsi zamanı erməni qəsbkarları öz məkrli planlarını həyata keçirərək Qarabağı və Şərqi Zəngəzuru azərbaycanlılarsız qoydular. Zəngin təbii sərvətlərini otuz il ərzində daşıyıb Ermənistana apardılar. O yerlərdəki dünyada tayı-bərabəri olmayan, nadir ağacheyvan növləri ilə zəngin meşələri də talan etdilər.

Təəssüf ki, otuz ilə yaxın müddətdə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil edilən ərazilərin yeraltı-yerüstü sərvətləri erməni vandalları tərəfindən talandı, qarət olunaraq Ermənistana daşındı. Prezident İlham Əliyevin bildirdiyi kimi: "Vəhşi kimi gəlib başqasının torpağına onu istismar edib, onun mənşəyini dəyişdirmək istəyib, yaşayış məntəqələrinin adlarını dəyişdirmək istəyib, tarixi abidələrimizi yerləyeksan edib, saxta tarix yaradıb, xəritələr dərc edib. Bu, bölgədə mövcud olan ənənələrə, qaydalara, Qafqazda mövcud olan davranış qaydalarına tamamilə ziddir. Bu, bir daha onu göstərir ki, erməni xalqının bizim bölgə ilə heç bir əlaqəsi olmayıb. Bunlar heç vaxt Qafqaz xalqı olmayıb. Sonradan gəlmələrdir".

 

Birinci Qarabağ müharibəsində Azərbaycan xalqının sinəsinə çalın-çarpaz dağ çəkilmişdi. Neçə-neçə övladı erməni quldurları tərəfindən vəhşicəsinə qətlə yetirilmiş, işgəncələr verilərək əlil edilmişdi. Düşmən işğal etdiyi Azərbaycan ərazilərini talayır, qəddarlıqla məhv edirdi. Azərbaycan xalqı otuz ilə yaxın bu mənəvi əzablarla yaşadı. Bir tərəfdən də Ermənistan silahlı qüvvələri 1994-cü ildə elan olunmuş atəşkəs rejiminə əhəmiyyət vermir, demək olar ki, hər gün Azərbaycan Ordusunun mövqelərini, eləcə də mülki əhalinin yaşayış məntəqələrini atəşə tuturdular. Bütün beynəlxalq hüquq qaydalarını və insani duyğuları heçə sayan, BMT Təhlükəsizlik Şurasının Azərbaycanın işğal olunmuş torpaqlarının qeyd-şərtsiz azad edilməsi barədə dörd qətnaməsinə əməl etməyən Ermənistan dövlətinin bu özbaşınalıqlarının uzun sürməyəcəyinə, işğalçıların layiqli cavablarını alacaqlarına Azərbaycan xalqı inanırdı. Dövlət başçısı İlham Əliyev Azərbaycan xalqı və dövlətinin heç vaxt işğalla barışmayacağını, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəyini dəfələrlə bildirirdi.

 

Xalqımızın arzusu reallaşdı. 2020-ci ildə 44 gün davam edən İkinci Qarabağ müharibəsində Azərbaycan qələbə çaldı. Müzəffər ordumuz torpaqlarımızı azad etdi. Zəfərimizin sevinci və iftixarı misilsiz oldu. Ancaq gördüyümüz mənzərələr hər birimizi kədərə boğdu, hiddətləndirdi. Çünki otuz il Ermənistan silahlı qüvvələrinin işğalında qalan Azərbaycan ərazilərində daş-daş üstə qalmamışdı.

 

 

 

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri

 

 

 

İkinci Qarabağ müharibəsinin başa çatmasından altı gün sonra - 2020-ci il noyabrın 16-da Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı  İlham Əliyev Füzuli və Cəbrayıla səfər etdi. Bu, dövlət başçısının işğaldan azad edilmiş ərazilərimizə ilk səfəri oldu. O, öz çıxışında vurğuladı ki, uzun illər işğal altında qalmış kəndlərin, şəhərlərin infrastrukturunun, ekologiyasının bərpası ilə bağlı planları icra olunacaq. Prezident İlham Əliyev Qarabağa ilk səfəri zamanı bəyan etdi ki, düşmənin yerlə-yeksan etdiyi tarixi torpaqlarımızda quruculuq işlərinə başlanılacaq.

 

Artıq işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzurun bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər reallaşdırılır. Prezident İlham Əliyev vurğulayıb ki, azad edilmiş torpaqlarda bu gün bütün bərpa işləri Azərbaycanın vəsaiti hesabına icra olunur: "Biz Qarabağı və Şərqi Zəngəzuru bərpa etmək üçün xüsusi proqram qəbul etdik. Bu proqram bir neçə ili əhatə edirbirinci il - 2021-ci il üçün proqram icra olunur. Bu gün o bölgələrdə gedən quruculuq-abadlıq işləri göz önündədir. Bir çoxları üçün bu, çox gözlənilməz oldu və bəziləri təəccüb edirlər ki, biz bu işləri belə yüksək templərlə görürük".

 

Ötən il avqustun 26-da Prezident İlham Əliyev Abşeron rayonunda şəhid ailələrinə, müharibə əlillərinə və Vətən müharibəsi qəhrəmanlarına mənzillərin və avtomobillərin təqdim olunması mərasimindəki çıxışında bərpa prosesinin təkcə maliyyə vəsaiti ilə həllinin kifayət etmədiyini diqqətə çatdırdı: "Gərək bu genişmiqyaslı layihələri icra etmək üçün texniki imkanlar olsun, kadr potensialı olsun, daxili resurslar olsun. Biz bütün bu gücləri səfərbər etmişikbu gün erməni vəhşiliyinin fəsadlarını aradan qaldırırıq. Mən demişdim, biz Qarabağı və Şərqi Zəngəzuru cənnətə çevirəcəyik. Biz bunu edəcəyik. Necə ki, bu günə qədər verilən bütün vədlər həyatda öz əksini tapdı, bir dənə də olsun vəd yerinə yetirilməmiş qalmadı və İkinci Qarabağ müharibəsindəki parlaq qələbəmiz buna əyani sübutdur".

 

 

 

Qarabağda və Şərqi Zəngəzurda həyatın öz axarına düşəcəyi günlər uzaqda deyil

 

 

 

Prezident İlham Əliyev tərəfindən Azərbaycan Respublikasında iqtisadi rayonların yeni bölgüsü haqqında fərmanın imzalanması və bu sənəddə Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarının yaradılması düşməndən təmizlənən bu bölgələrdə bərpa, tikinti-quruculuq işlərinin sürətlə aparılmasına əlverişli zəmin yaratdı. Qeyd edək ki, Qarabağ iqtisadi rayonuna Xankəndi şəhəri, Ağcabədi, Ağdam, Bərdə, Füzuli, Xocalı, Xocavənd, Şuşa və Tərtər rayonları daxil edilib. Şərqi Zəngəzur iqtisadi rayonu isə Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın və Zəngilan rayonları əsasında qurulub.

 

Müharibədən dərhal sonra, qısa vaxt ərzində Qarabağ və Şərqi Zəngəzurda neçə-neçə infrastruktur layihəsinin bünövrəsi qoyulubbir qisminin icrası artıq başa çatıb. Füzuli Beynəlxaq Hava Limanı tez bir zamanda tikilib, istifadəyə verilib. Bu, Qarabağın və Şərqi Zəngəzurun yeganə aeroportu olmayacaq. Gələcəkdə istər vətəndaşlarımız, istərsə də xarici qonaqlar Zəngilan və Laçına da təyyarə ilə gələ biləcəklər.

 

İşğaldan azad edilmiş ərazilərimizə yol, işıq, su xətləri çəkilir. Qarabağ və Şərqi Zəngəzurun zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə edilməsi üçün bir sıra əhəmiyyətli tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub.

Qarabağda və Şərqi Zəngəzurda tikinti-quruculuq işlərinin sürətlə, geniş miqyasda davam etdirilməsi göstərir ki, erməni işğalı nəticəsində öz yurdundan didərgin düşən, uzun illər dədə-baba torpaqlarına həsrət qalan keçmiş məcburi köçkünlərin geri dönəcəkləri gün uzaqda deyil.

 

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 12 aprel.- S.8.