Brüssel-Bakı-İrəvan əməkdaşlıq
formatı sülhə doğru gedir
Ermənistanın Azərbaycanın
irəli sürdüyü beş
baza prinsiplərini qəbul etməkdən
başqa yolu yoxdur
Ermənistan və Azərbaycan arasında sülh müqaviləsinin imzalanma prosesi yaxın zamanlarda reallaşa bilər. Məğlub ölkə olan Ermənistanın baş naziri Prezident İlham Əliyevin irəli sürdüyü 5 təkliflə razılaşdığını aprelin 6-da Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarlı Mişelin iştirakı ilə keçirilən görüşdə səsləndirib.
Bu məqsədlə bütün zəruri məsələləri əhatə edəcək sülh sazişinin hazırlanması üzərində işləmək üçün xarici işlər nazirlərinə tapşırığın verilməsinə dair razılıq da əldə olunub. Hər iki ölkə arasında sərhədin delimitasiyası və demarkasiyasının aparılmasının zəruri olacağı vurğulanıb. Bu məqsədlə 2021-ci il 26 noyabr tarixli Soçi Bəyanatına müvafiq olaraq aprel ayının sonunadək Birgə Sərhəd Komissiyasının iclasının keçirilməsi ilə bağlı razılıq əldə olunub.
Brüsseldə keçirilən görüşləri dəyərləndirən siyasətçilər hesab edirlər ki, Avropa İttifaqı regionda sülhün bərqərar olunmasında maraqlıdır. Çünki Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təminatçısıdır. Bölgədə sülhün əldə edilməsi həm də Qərbin marağındadır.
Qərb regiondakı proseslərdən qıraqda qalmaq istəmir
Milli Məclisin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc qəzetimizə açıqlamasında bildirib ki, Brüsseldə keçirilən sayca ikinci görüşdə Azərbaycan beynəlxalq aləmə daim açıq olduğunu, ilk növbədə isə Ermənistanla münasibətlərin dəqiq müstəvisini göstərib: "Biz regiona sülhün, təhlükəsizliyin gözündən baxırıq və yeni arxitektura quruculuğu da məhz bunu özündə ehtiva edir. Qərb dairələri İkinci Qarabağ savaşından müəyyən qədər kənarda qaldılar. Müxtəlif dairələrin Azərbaycanı müəyyən sanksiyalara məruz qoymağa çalışmaları reallaşmadı, çünki bunun üçün hər hansı hüquqi, hərbi və ya digər əsaslar mövcud deyil. Azərbaycan bu mənada da tarixə fərqli bir müharibə modeli və mədəniyyətini təqdim etmiş dövlət kimi düşəcək. Moskvada keçirilən görüşlər fonunda Qərb proseslərin bu dönəmində kənarda qalmaq istəməzdi. Avropa İttifaqının Ermənistana 2.6 milyard avroluq yardımı bəyan etməsindən sonra açıq şəkildə görünürdü ki, bu bölgəni itirməmək üçün müxtəlif iqtisadi, stimullaşdırıcı mexanizmlər işə salınıb. Azərbaycan Prezidentinin haqlı və sərt mesajlarından, iradəsindən sonra Azərbaycana ayrılacaq 150 milyon avroluq yardım qərarı dəyişdirildi".
Zahid Oruc qeyd etdi ki, beynəlxalq diplomatik siyasi həyat həm də güclü şəxsi münasibətlərə və iradəyə əsaslanır. Onun sözlərinə görə, Şarl Mişellə dövlətimizin rəhbərinin bu müddət ərzində apardığı danışıqlar onu Azərbaycanla bağlı yanlış mövqedən daşındırmağa imkan yaratdı. Nəhayət, Azərbaycana 2 milyard avroluq dəstəyin göstəriləcəyi bildirildi. Qərb bundan sonra danışıqlarda, delimitasiya və demarkasiya proseslərində, sülh müqaviləsinin imzalanmasında, ümumiyyətlə, regionun gələcək düzəninin formalaşmasında iştirak etməyə çalışır.
Deputat vurğuladı ki, Azərbaycan məğlub ölkəyə 5 müddəadan ibarət dəqiq sülh planı verib. Ermənistanda isə vəziyyət çox gərgindir: "Sülhə Ermənistanın ehtiyacı var, çünki xalq resursu son dərəcə acınacaqlı vəziyyətdə olan, hərbi imkanlarını 15-20 ilə bərpa edə bilməyəcək dövlətin bu gün sülh sənədini imzalaması onun xeyrinə olar. Onlar Qarabağ termininin hansısa formada bu sənəddə yer almasına çalışırdılar. Millətçi faşist qüvvələri və beynəlxalq erməni şəbəkəsi Paşinyana rahatlıq versə, o, bundan da əl çəkməyin tərəfindədir".
Prezident İlham Əliyevin məramı, ortaya qoyduğu iradə çox yüksəkdir
Komitə sədri hesab edir ki, sülh müqaviləsinin imzalanmasının məhz Zəngəzur mahalında baş tutması arzuolunandır. Bunun üçün tarixi zərurət də var: "Prezident İlham Əliyev fərqli, yeni reallıqlar və yeni eranı meydana gətirib. Bunu sənədlər üzərinə daşımaq və tarixi aktlara çevirmək lazımdır. Əminəm ki, bu, millətimiz üçün son dərəcə böyük nailiyyət olacaq. Ermənilər üçün isə qazanc ondan ibarətdir ki, onlar Qarabağ məsələsində hər hansı formada ideologiyadan, saxta tarixi iddialarından daşınıb normal yaşayışlarına qayıtsınlar".
Avropa İttifaqı və ABŞ-ın da bu məsələdə ilkin mövqeyi müsbətdir. Belə olan halda danışıqların Qərb, xüsusilə Avropa İttifaqı ilə formalaşmış ən yüksək münasibətlər fonunda yalnız məhsuldar olması, müsbət nəticə ilə bitməsi faydalıdır. Sənədin imzalanması istiqamətində Prezident İlham Əliyevin məramı, ortaya qoyduğu iradə həlledici və önəmlidir.
Aİ-nin danışıqları himayə etməsi yeni və səmərəli bir formatdır
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədr müavini Hikmət Məmmədov bildirdi ki, Brüssel görüşündə əldə edilən nəticələr Azərbaycanın strateji diplomatiyasının növbəti uğurudur. Brüsseldə keçirilən görüşdən sonra Şarl Mişelin fikirlərində əksini tapan məsələlər postmüharibə mərhələsi Azərbaycanın irəli sürdüyü beş baza prinsipinə söykənir. Bu baza prinsipləri beynəlxalq hüquqa və Azərbaycanın maraqlarına tamamilə uyğundur. 2021-ci ilin dekabrında keçirilən üçtərəfli görüşdə postmüharibə mərhələsində davamlı sülh üçün yeni danışıqlar platforması kimi Brüssel-Bakı-İrəvan xəttinin əsasları qoyulub.
Deputat qeyd edir ki, hazırda bu əsaslarda sülh danışıqlarını irəli götürmək üçün mexanizmlər yaradılır. Danışıqlarda əsas məsələlərdən biri xarici işlər nazirlərinin birbaşa əməkdaşlıq etmələrinin nəzərdə tutulmasıdır. İkinci məsələ isə aprel ayının sonunadək sərhədlərin delimitasiya və demarkasiyası ilə bağlı müvafiq komissiyanın yaradılmasıdır. Eyni zamanda diqqətçəkən daha bir məsələ hazırda sərhədlərdə mövcud olan reallığın toxunulmazlığıdır.
Hikmət Məmmədov bildirdi ki, danışıqlarda ATƏT və Minsk qrupu xatırlanmayıb. Hər iki tərəfin etimad etdiyi Avropa İttifaqının danışıqları himayə etməsi yeni və səmərəli bir format yaradır. Şarl Mişelin mətbuata verdiyi bəyanatda kommunikasiyaların, o cümlədən avtomobil nəqliyyatı kommunikasiyasının açılmasının zəruriliyi qeyd edilir. Sənəddə alqışlanan dəmir yolu xətti ilə bərabər, avtomobil yolunun açılması zərurəti də öz əksini tapır. Ərazilərin minalardan təmizlənməsi, itkin düşən insanların taleyinə aydınlıq gətirilməsi kimi humanitar məsələləri qeyd etməklə Azərbaycanın Brüsseldə istədiyini əldə etdiyini demək olar. Bu isə Prezident İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişellə qarşılıqlı etimada söykənən əlaqələri və Aİ ilə Azərbaycan arasında gələcək tərəfdaşlıq münasibətləri kontekstində baş tutdu.
Əsmər QARDAŞXANOVA,
Azərbaycan.-2022.- 12 aprel.- S.8.