Şəffaf və ədalətli cəmiyyət naminə

 

 

Ölkəmizdə korrupsiyaya qarşı effektiv mübarizə aparılır

 

 

 

Respublikamızda bərqərar olmuş demokratik dəyərlər, cəmiyyətdə qanunçuluğun, şəffaflığın, ədalət prinsiplərinin təmin olunması sistemli şəkildə həyata keçirilən islahatların effektivliyini artırır, onların daha səmərəli olmasına xidmət edir.

Nəticə etibarilə bütün bunlar respublikamızın inkişaf strategiyasında qarşıya qoyulan bütün vəzifələrin uğurla yerinə yetirilməsi ilə müşayiət olunur.  Bu yolda cəmiyyət həyatını narahat edən problemlərin, o cümlədən korrupsiya ilə səmərəli mübarizə də mühüm əhəmiyyət kəsb edir.

 

 

 

Güclü iradənin təcəssümü

 

 

 

Korrupsiya bütün dünyanı narahat edən problemdir. Korrupsiyanın mövcudluğu ilk növbədə ümumbəşəri və milli dəyərləri sarsıdır, hüquqi dövlət quruculuğuna mane olur, iqtisadisosial inkişafı buxovlayır, cəmiyyətin ehtiyatlarından səmərəsiz istifadə edilməsinə şərait yaradır, aztəminatlı insanlara ziyan vurur. Korrupsiya demokratik proseslərə və vətəndaş cəmiyyətinə, dövlət orqanlarının səmərəli və qanunauyğun fəaliyyətinə mane olur. Məhz bu baxımdan korrupsiyaya qarşı mübarizə sahəsində davamlı hüquqi tədbirlərin həyata keçirilməsi labüddür.

Bu gün demokatiya yolunu seçmiş hər bir sivil ölkə cəmiyyətin yüksəlişinə süni əngəllər yaradan probemlərin aradan qaldırılmasına çalışır, o cümlədən korrupsiya ilə mübarizə aparır. Amma korrupsiyaya qarşı mübarizədən yalnız o halda danışmaq olar ki, dövlət iradəsini ortaya qoysun və korrupsiyanın qarşısını almaq üçün cəmiyyətin bütün səviyyələrində onunla davamlı mübarizə aparsın. Əgər belə olmazsa, heç bir dövlət öz cəmiyyətini korrupsiyadan təmizlədiyini iddia edə bilməz.

Respublikamızda korrupsiyaya qarşı mübarizə həyata keçirilən inkişaf strategiyasının bir hissəsini təşkil edir, aşkarlıq və şəffaflıq prinsipləri iqtisadi-sosial siyasətin mərkəzində dayanır. Şəffaflığın artırılması, korrupsiyaya şərait yaradan halların aradan qaldırılması və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi korrupsiyaya qarşı mübarizənin əsas prinsipləri kimi təsbit edilib. Bu  məqsədlə "Korupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramı (2004-2006-cı illər)", "Açıq hökumətin təşviqinə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", "Korrupsiyaya qarşı mübarizəyə dair 2012-2015-ci illər üçün Milli Fəaliyyət Planı", “Şəffaflığın artırılması və korrupsiyaya qarşı mübarizə üzrə Milli Strategiya” və onun həyata keçirilməsi ilə bağlı 2007-2011-ci illər üçün Fəaliyyət Planı, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı", "Açıq hökumətin təşviqinə dair 2020-2022-ci illər üçün Milli Fəaliyyət Planı"  icra olunub. Həyata keçirilən tədbirlərlə dövlət xidmətlərinin göstərilməsində müasir informasiya-kommunikasiya texnologiyalarından istifadənin genişləndirilməsi, dövlət orqanlarının göstərdikləri xidmətlərin elektronlaşdırılması, vətəndaş cəmiyyəti institutlarının ictimai həyatda rolunun daha da gücləndirilməsi, maliyyə şəffaflığının təmin edilməsi və korrupsiyanın qarşısının alınması sahəsində mühüm tədbirlər görülübbu davam etdirilir. Bürokratik əngəllərin tam aradan qaldırılması, məmur-vətəndaş münasibətlərinin sağlam zəmində qurulması, şəffaflığın və hesabatlılığın təmin edilməsi və digər bu kimi tədbirlər bütün cəmiyyətin razılığı ilə qarşılanır.

 

 

 

Yeni Milli Fəaliyyət Planı

 

 

 

Prezident İlham Əliyev aprelin 4-də imzaladığı sərəncamla "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nı təsdiq edib. 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planının həyata keçirilməsində məqsəd dövlət qurumlarının fəaliyyətində şəffaflığın daha da artırılması, korrupsiyaya şərait yaradan halların qarşısının alınması, dövlət orqanlarının ictimaiyyət qarşısında hesabatlılığının daha da gücləndirilməsi, dövlət qurumları tərəfindən əhaliyə göstərilən xidmətlərin daha da təkmilləşdirilməsi və elektronlaşdırılması, eləcə də korrupsiyaya qarşı mübarizə ilə bağlı görülən tədbirlərin davamlılığının təmin edilməsidir.

Eyni zamandaKorrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illəri əhatə edən Milli Fəaliyyət Planı” fərqli fəaliyyət istiqamətləri olan müxtəlif qurumların korrupsiyaya qarşı mübarizə səylərini birləşdirməyə xidmət edir, eləcə də korrupsiyaya qarşı mübarizənin bütün dövlət strukturları və vətəndaş cəmiyyəti institutları ilə birgə sistemli və əlaqəli şəkildə gerçəkləşdirilməsinə imkan yaradır. Milli Fəaliyyət Planında deyilir: "Ölkəmizdə son illərdə əsas strateji hədəflərə çatmaq üçün beynəlxalq miqyasda və ölkə daxilində görülmüş məqsədyönlü, düşünülmüş tədbirlər nəticəsində istər sosial-iqtisadi inkişaf, istərsə də hüquqi-institusional zəmin baxımından əhəmiyyətli irəliləyişə nail olunmuşdur.

Eyni zamanda Vətən müharibəsi nəticəsində işğal altında olan ərazilərin azad edilməsi ilə ölkəmiz üçün yeni inkişaf mərhələsi açılmışdır. Xariciyerli investorların həmin ərazilərdə infrastruktur layihələrinin icrasına cəlb edilməsi, bu torpaqlarda sahibkarlıq fəaliyyətinin genişləndirilməsi kimi dövlətin yeni strateji prioritetləri bölgənin gələcək inkişafının carçısıdır. Korrupsiyadan azad mühit və şəffaflıq kimi komponentlər isə məhz bu inkişafın başlıca amilləridir.

Ölkəmizin hazırkı inkişaf mərhələsi korrupsiyaya qarşı mübarizə sahəsində görülməli olan sistem xarakterli tədbirlərin effektivliyini və davamlılığını təmin edəcək yeni bir sənədin - “Korrupsiyaya qarşı mübarizəyə dair yeni Milli Fəaliyyət Planı”nın qəbul edilməsini şərtləndirir".

Bu bir daha dövlətin koorrupsiya ilə mübarizədə iradəsinin təcəssümüdür. Ümumiyyətlə, reallıq və görülən işlər korrupsiyaya qarşı effektiv mübarizə aparıldığını, o cümlədən mütərəqqi institusional tədbirlərin həyata keçirildiyini göstərir.

 

 

Rəşad CƏFƏRLİ,

Azərbaycan.-2022.- 12 aprel.- S.8.