Azərbaycandan keçən yeni marşrut Fars körfəzi ilə Qara
dənizi birləşdirəcək
Prezident İlham Əliyevin apardığı uğurlu siyasət sayəsində Azərbaycan artıq dünya əhəmiyyətli tranzit ölkə kimi tanınıb. Ölkəmiz “Şərq-Qərb”, “Şimal-Cənub” nəqliyyat dəhlizlərinin qovuşduğu coğrafi məkana çevrilib. Bu marşrutların Azərbaycandan keçməsi bizə həm iqtisadi, həm də siyasi dividendlər qazandırır.
Azərbaycan Şərqlə Qərbi birləşdirən ən qısa yol üzərində yerləşir ki, bu da ölkəmizə yeni tranzit imkanları açır. Hazırda Çinlə Avropa arasında qarşılıqlı ticarətin həcmi 1 trilyon dollardır. Həmin yüklərin “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə Azərbaycanın üzərindən Avropaya daşınması vaxta 12 gün qənaət etməyə imkan yaradır. Bu səbəbdən yüklərin Azərbaycan üzərindən daşınmasında ticarət tərəfdaşı olan bütün ölkələr maraqlıdır.
“Şimal-Cənub” nəqliyyat dəhlizində də Azərbaycanın açar ölkəsi olması bizə daha geniş imkanlar açır. 2000-ci il sentyabrın 12-də Rusiya, İran və Hindistan arasında imzalanmış dövlətlərarası sazişlə “Şimal-Cənub” nəqliyyat dəhlizinin təməli qoyuldu. Azərbaycan bu imzalanma mərasimində iştirak etməsə də, layihənin gerçəkləşməsi prosesinin mərkəzində rol aldı. Belə ki, həmin nəqliyyat dəhlizinin qovuşduğu coğrafi məkan məhz buradır. Azərbaycanın iştirakı olmadan bu marşrut fəaliyyətə başlaya bilməz.
Onu da bildirək ki, “Şimal-Cənub” nəqliyyat marşrutu həm ölkəmiz, həm də dünya üçün “Şərq-Qərb” marşrutu qədər əhəmiyyətlidir. Bu dəhliz Rusiya, Şimali Avropa, İran, Hindistan və Fars körfəzi vasitəsilə Yaxın Şərq ölkələri arasında ticarətin inkişafına töhfə verir. Həmin nəqliyyat dəhlizinin davamı kimi yeni bir nəqliyyat marşrutu yaranıb. Bu, İranla Gürcüstan arasında Fars körfəzi və Qara dəniz limanlarını birləşdirən marşrutdur. Öncə onu qeyd edək ki, Ermənistan bu marşrutun öz ölkəsinin üzərindən keçməsi üçün çox çalışdı. Hətta baş nazir Nikol Paşinyan bu marşrutun Ermənistandan keçməsi üçün İrana və Gürcüstana xüsusu səfərlər də etdi. Ancaq istəyinə nail ola bilmədi. Ona görə ki, bu ölkənin yol-nəqliyyat infrastrukturu Azərbaycanla müqayisəedilməz dərəcədədir.
İranla Gürcüstan isə yeni nəqliyyat marşrutunun Azərbaycan üzərindən keçməsinə üstünlük verdi. Bununla Cənubi Qafqazda Azərbaycanın iştirakı ilə növbəti əməkdaşlıq platforması yarandı. Ötən il dekabrın 22-də Fars körfəzi ilə Qara dənizi birləşdirən tranzit marşrutu ilə ilk dəfə avtomobil karvanı İran, Azərbaycan və Gürcüstan üzərindən yakdaşımalarını həyata keçirdi. Bu marşrutla yüklər İrandan Azərbaycana, sonra Gürcüstan limanlarına, oradan da Bolqarıstana və Şərqi Avropa ölkələrinə daşınacaq. Marşrut İranın cənubundan, Fars körfəzindən başlayaraq Avropaya kimi geniş bir coğrafiyanı əhatə edəcək. Gələcəkdə bu dəhliz üzərindən dəmir yolu yükdaşımalarının da həyata keçirilməsi mümkün olacaq. Layihəyə əsasən Cənubi Asiya ölkələri dəhliz vasitəsilə Qərbə daha bir yol əldə edəcəklər. Bu nəqliyyat dəhlizi və gələcəkdə onun istifadəsinin genişləndirilməsi region ölkələri üçün mühüm iqtisadi üstünlüklər vəd edir. Dəhlizin həm tranzit yükdaşımaları, həm də dünya bazarına çıxış baxımından böyük əhəmiyyəti var. Bu da regiondakı böyük nəqliyyat-kommunikasiya layihələrinin əsas təşəbbüskarı və aparıcı qüvvəsi olan Azərbaycanın nəqliyyat habı olaraq mövqeyinin möhkəmlənməsinə, beynəlxalq yükdaşımalardan əldə etdiyi gəlirlərin artmasına şərait yaradacaq. Nəticədə ölkəmizin strateji mövqeyi daha da güclənəcək.
Bu il aprelin 4-də rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev Gürcüstanın Baş naziri ilə görüşündə digər məsələlərlə yanaşı, Fars körfəzi-Qara dəniz mürşrutunun perspektivləri barədə fikir mübadiləsi aparılması da təsadüfi deyil. Görüşdə qeyd olundu ki, Azərbaycanla Gürcüstan arasında koordinasiya edilmiş əməkdaşlıq Avropa-Asiya nəqliyyat dəhlizinə yüklərin cəlb edilməsi prosesinə şərait yaradır ki, bu da hər iki ölkənin xeyrinədir.
Aprelin 7-də isə Moskvada "İran və Rusiya: Ticarət əlaqələrinin inkişafı" mövzusunda konfrans keçirildi. Konfransda İran və Rusiya arasındakı nəqliyyat sahəsində əməkdaşlıq məsələlərinə də baxıldı. Bildiyimiz kimi, İran, Rusiya və Azərbaycan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizində yerləşir və onun formalaşmasında aparıcı rola malikdirlər. İran ilə Rusiya arasındakı dəmir yolu əlaqəsi Azərbaycan üzərindən qurulub. Hazırda İranda Qəzvin-Rəşt-Astara (İran) -Astara (Azərbaycan) dəmir yolunun tikintisi davam edir. Bu dəmir yolu xəttinin Qəzvin-Rəşt hissəsi artıq istismara verilib. Rəşt-Astara hissəsində isə işlər hələ gedir. Sanksiyalara baxmayaraq, İran bu yolu inşa edib başa çatdırmaqda israrlıdır. Azərbaycan Astarası ilə İran Astarası arasında dəmir yolu xətti isə çəkilib və Astaraçay üzərindən dəmir yolu körpüsü də salınıb.
Məsələnin mahiyyəti ondan ibarətdir ki, İran ilə Rusiya arasında ticarət dövriyyəsinin artması yükdaşımaların da çoxalmasına səbəb olacaq. İrandan Rusiyaya və əks-istiqamətə yüklər tranzit olaraq Azərbaycan üzərindən daşınacaq ki, bu da ölkəmizə gəlirlərini artırmağa imkan verəcək. Bununla yanaşı, Rusiyanın Yaxın Şərq və Cənub-Şərqi Asiya ölkələri ilə də ticarət əlaqələri mövcuddur. Yəni Hindistan Rusiyanın ən yaxın ticarət tərəfdaşıdır. Bu ölkələrlə də həyata keçiriləcək idxal-ixrac əməliyyatları zamanı yükdaşımalar Azərbaycan üzərindən reallaşacaq.
Rüstəm KAMAL,
Azərbaycan.-2022.- 12 aprel.- S.8.