"Star" inamla addımlayır

 

 

Azərbaycan-Türkiyə iqtisadi tərəfdaşlığının göstəricisi olan bu zavodun hədəfləri daha böyükdür

 

 

 

Azərbaycan-Türkiyə iqtisadi əməkdaşlığı və tərəfdaşlığı  bütün regionun həyatında  mühüm rol oynayan ən nəhəng  layihələrin gerçəkləşməsini  mümkün edib. "Star" getdikcə daha da möhkəmlənən  bu əlaqələrin bəhrələrindən biridir.

Yaşı az, uğurları  çox olan  "Star"ın gəlirləri  ildən-ilə artır. Məsələn, 2021-ci ildə zavodun ümumi gəlirləri 44 faiz artaraq 6,14 milyard ABŞ dolları təşkil edib.

2018-ci ilin  oktyabr ayında açılan  zavod  həmin vaxtdan təxminən  bir il sonra tam gücü ilə işləməyə başlayıb. Müəssisə gündə 35 min kubmetr xam neft  emal etmək qabiliyyətinə malikdir. Onun neft  saxlama tutumu 2020-ci ildə yeni məhsul çənləri layihəsinin tamamlanması ilə 1,9 milyon kubmetrə çatıb. Zavodda işin səmərəliliyini və əməliyyatların rahatlığını artırmaq üçün əlavə investisiyalar qoyulur. Sərmayələrin qoyuluşu  başa çatdıqdan sonra  "Star"ın anbar tutumu 1,6 milyon kubmetrdən 2,2 milyon kubmetrə qədər artacaq. Bu həcm isə ildə 11 milyon ton neft emal edən  neftayırma zavodu üçün ideal ölçü sayılır.

Xatırladaq ki, "Star" neft emalı  zavodunun təməli  2011-ci il oktyabrın 25-də Azərbaycan Prezidenti İlham Əliyevin və Türkiyə Prezidenti  Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə qoyulub. Həmin vaxtdan  yeddi il sonra  müəssisə  istifadəyə verilib.  Zavodu "Tecnicas Reunidas" (İspaniya), "Saipem" (İtaliya), "GS Engineering & Construction Corp" (Cənubi Koreya) və "Itochu" (Yaponiya) şirkətlərindən ibarət konsorsium inşa edib. Bununla bağlı müqavilə 2013-cü il mayın 20-də imzalanıb.

 "Star" SOCAR-ın (Azərbaycan Respublikası Dövlət Neft  Şirkəti) ölkəmizdən kənarda inşa etdiyi ilk neft emalı zavodudur. Bu layihə şirkətin biznes portfelini şaxələndirmək məqsədilə xaricdə həyata keçirdiyi layihələrdən biridir.

Zavod Türkiyənin İzmir şəhərinin Əliağa rayonunda, "Petkim" neft-kimya kompleksinin ərazisində inşa edilib. İşə salınmasından bir neçə ay əvvəl  müəssisədə  sınaq məqsədilə xam neft emalına başlanıb. İlk xammal  yükü də məhz Azərbaycandan olub - zavoda 80 min ton "Azeri Light" markalı neft çatdırılıb. Müəssisənin əsas xammal tədarükçüsü  kimi də SOCAR çıxış edir.  "Star" Türkiyənin ilk Strateji Sərmayə Təşviq Sənədinə sahibdir.

Hələ  zavodun açılışı zamanı  bildirilmişdi ki, müəssisə ildə 5 milyon ton dizel yanacağı istehsal etmək imkanına malikdir və Türkiyənin idxalının 40 faizə düşməsinə səbəb olacaq. Həmçinin mayeləşdirilmiş qazın idxal səviyyəsi  70 faizə enəcək. Zavod ildə 1,6 milyon ton təyyarə yanacağı istehsal etməklə Türkiyənin tələbatını tam ödəyəcək. "Star" neftin qiymətindən asılı olaraq hər il 6-8 milyard dollarlıq ticarət həcmi formalaşdıracaq.

"Star" layihəsi istər tikinti  müddətində, istərsə də  istehsala başlanandan  sonra  minlərlə insanı  yeri ilə təmin edib.

Zavodun açılış mərasimində  Prezident İlham Əliyev demişdir: "Star Rafineri"nin yaradılması üçün Azərbaycan 6,3 milyard dollar yatırım edib. Növbəti mərhələdə əlavə 700 milyon dollar yatırım ediləcəkdir. Bu, bizim xaricə qoyduğumuz ən böyük yatırımımızdır və bu, təbiidir. Eyni zamanda biz digər önəmli layihələri birlikdə həyata keçirdik. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum, TANAP neft-qaz kəmərlərinin, "Cənub qaz dəhlizi"nin, Bakı-Tbilisi-Qars dəmir yolunun yaradılması - bunların hər biri özlüyündə nəhəng bir layihədir və nəinki ölkələrimiz, xalqlarımız üçün, bölgə, dünya, Avrasiya üçün çox böyük önəm daşıyır. Türkiyə və Azərbaycan birgə səylərlə güclü siyasi iradə nümayiş etdirərək Avrasiyanın enerji və nəqliyyat xəritəsini yenidən cızır. Bunu biz edirikbu yeni xəritələrin altında bizim imzamız var. Bütün bunları biz birgə səylərlə etdik. Bütün bu layihələr böyük maliyyə yatırımı tələb edən layihələrdir. Burada artıq qeyd edildi ki, biz qardaş ölkələrin iqtisadiyyatına böyük sərmayə yatırmışıq. Təkcə Əliağaya qoyulan sərmayə 10 milyard dollara yaxındır və gələcəkdə bu rəqəm daha da artacaq".

 

Türkiyə  Prezidenti  Rəcəb  Tayyib Ərdoğan  həmin tədbirdə  yeni açılan müəssisə barədə fikirlərini belə ifadə etmişdir: "Star" neft emalı zavodu ilə Azərbaycanla qardaşlıq əlaqələrimizin strateji miqyasını daha da gücləndirmiş oluruq. Türkiyə və Azərbaycanın liderliyi ilə həyata keçirdiyimiz hər bir layihə ölkələrimizin regional gücə çevrilmək qabiliyyətini qüvvətləndirməkdədir. Dünyanın ticarət müharibələri və böhranlarla sarsıldığı bir dövrdə bir-bir açılışını etdiyimiz bu layihələrin ölkələrimizi həm ayrılıqda öz qayələrinə, həm də ortaq hədəflərinə yaxınlaşdırdığına inanıram. Hər şeydən əvvəl 6,3 milyard dollarlıq bir sərmayə - "Star" neft emalı zavodu. Amma bundan başqa, konteyner limanı, digər tərəfdən isə ilk açılışı ilə addımını atdığımız neft-kimya müəssisələri - bütün bunları ümumilikdə hesabladıqda söhbət təxminən 10 milyard dollarlıq sərmayədən gedir".

 

"Star"  ona bəslənən ümidləri doğruldaraq  nailiyyətlərini artırır.   Zavod  indiyədək on  minlərlə  ton  xam neft idxal edib.  Müəssisədə "Urals", "Azeri Light" və "Kərkük" neft növlərini emal etmək mümkündür. Əsas məhsullarını dizel və təyyarə yanacağı, nafta, maye neft qazı, qarışıq ksilol, neft koksu təşkil edir.

 

2024-cü ildən "Star" neft emalı zavodunun istehsal həcmi 115 faiz proqnozlaşdırılır. Müəssisə  rəhbərliyi  hələ keçən ilin sonlarında bu  barədə media nümayəndələrinə verdiyi məlumatda  bildirib ki, 2030-cu ildən, xüsusilə, nəqliyyat sektorunda neftə olan tələbatın azalacağına baxmayaraq, Türkiyə bazarında neft-kimya sektorunun 2-3 faiz böyüməsi gözlənilir. Bu artım eyni zamanda dünya bazarında da özünü göstərəcək.

 

SOCAR-ın bu günlərdə  bildirdiyinə görə, zavodun məhsullarının idxalçıları arasında ilk beşliyə Yunanıstan, Liviya, İtaliya, BelçikaNiderland daxildir. Müəssisənin keçən il əldə etdiyi  məbləğin 64 faizi daxili bazarın, 36 faizi ixracın payına düşüb. Zavodun Türkiyənin dizel yanacağı, reaktiv yanacaq və mayeləşdirilmiş neft qazı bazarında payı müvafiq olaraq 17,5, 12,6 və 5,1 faiz təşkil edir.

 

Türkiyənin rəqəmsal neft emalı zavodu olaraq STAR 2020-ci ildə rəqəmsallaşma hesabına 3,4 milyard dollar məbləğində əlavə dəyər yaradıb.

 

Bir sözlə, "Star"ın  uğurları  bol, strateji hədəfləri   uzunmüddətlidir.

 

 

Flora SADIQLI,

Azərbaycan.-2022.- 12 aprel.- S.10.