Azərbaycan ilə Türkiyə
arasında qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf perspektivləri müzakirə olunub
Aprelin
11-də Milli Məclisin Beynəlxalq münasibətlər və
parlamentlərarası əlaqələr komitəsinin sədri
Səməd Seyidov Türkiyənin Azərbaycandakı səfiri
Cahit Bağçı ilə görüşüb.
Milli Məclisin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, səfiri Milli Məclisdə salamlamaqdan məmnunluq duyduğunu bildirən Səməd Seyidov ölkələrimiz arasındakı qardaşlıq və dostluq əlaqələrindən bəhs edib. O, Türkiyə ilə Azərbaycan arasında münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyini, iki qardaş ölkənin bütün məsələlərdə bir-birini dəstəklədiyini bildirib.
Səməd Seyidov Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən imzalanan Şuşa Bəyannaməsinin ölkələrimiz arasında qardaşlıq münasibətlərini keyfiyyətcə yeni səviyyəyə yüksəltdiyini vurğulayıb. Həmçinin aprelin 8-də Şuşa şəhərində Milli Məclis komitələrinin ilk dəfə olaraq keçirilən iclasının və iclasda baxılan “Azərbaycan Respublikası Hökuməti, Türkiyə Respublikası Hökuməti və Gürcüstan Hökuməti arasında “Qafqaz Qartalı” xüsusi təyinatlı qüvvələrin təliminə dair” Anlaşma Memorandumunun önəminə toxunub.
Komitə sədri Azərbaycanla Türkiyə arasında parlamentlər səviyyəsində də əməkdaşlığın yüksək səviyyədə olduğunu, parlamentarilərimizin beynəlxalq təşkilatlarda bir-birilərini dəstəklədiyini qeyd edib.
Səmimi görüşə görə təşəkkürünü bildirən səfir Cahit Bağçı Azərbaycan ilə Türkiyə arasındakı yüksək səviyyəli qardaşlıq və dostluq münasibətlərinin daha da genişləndirilməsi üçün görülən işlərdən, qurulan ikitərəfli və müxtəlif formatlı əməkdaşlıq platformalarından bəhs edib. Azərbaycan, Türkiyə və Pakistan parlamentlərinin sədrlərinin birinci üçtərəfli görüşü və görüşün yekunlarına dair Bakı Bəyannaməsinin qəbul edilməsinin əhəmiyyətinə toxunan Cahit Bağçı Türkiyənin hər zaman Azərbaycanın yanında olduğunu vurğulayıb.
Sonra
görüşdə qarşılıqlı faydalı əməkdaşlığın
inkişaf perspektivləri müzakirə edilib, bölgədə
dayanıqlı sülhün və əməkdaşlığın
bərqərar olmasına yönəlmiş təşəbbüslər
dəyərləndirilib.
Azərbaycan.-2022.- 12 aprel.- S.4.