Azərbaycan
daha da güclənəcək
Üç
ayın yekunları keçən il əldə edilmiş
uğurların davamıdır
Aprelin
12-də Azərbaycan Respublikasının Prezidenti İlham
Əliyevin sədrliyi ilə bu ilin birinci rübünün
yekunlarına həsr olunan müşavirə keçirilib.
AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı müşavirədə giriş nitqi söylədi.
Prezident İlham Əliyevin giriş nitqi
-İlin üç ayı arxada qaldı. Bu gün biz görülmüş işləri təhlil edəcəyik, eyni zamanda, ilin sonuna qədər olan planlar haqqında danışacağıq. Bu ilin üç ayında ölkəmiz bütün sahələrdə uğurla inkişaf edib. Biz bu üç ayın yekunlarını keçən il əldə edilmiş uğurların davamı kimi qiymətləndirməliyik.
Keçən il ölkəmizin həyatında
çox əlamətdar bir il olmuşdur. Müharibədən sonra birinci il olmuşdur. Əlbəttə
ki, müharibədən sonrakı dövr üçün
keçən ilin çox böyük əhəmiyyəti olmuşdur.
Bizim əsas məqsədimiz keçən il
həm azad edilmiş torpaqlarda bərpa işlərinə start
vermək idi, eyni zamanda, beynəlxalq müstəvidə yeni
reallıqları qəbul etdirmək idi və hər iki istiqamət
üzrə nəticələr göz qabağındadır.
Postmünaqişə dövrünün birinci ilinin nəticələri
deməyə əsas verir ki, qarşımızda duran
bütün vəzifələr icra edilmişdir. Biz, ilk
növbədə, beynəlxalq təşkilatlarla öz təmaslarımızı,
fəal əməkdaşlığımızı davam
etdirmişik və dünyanın aparıcı beynəlxalq təşkilatları
yeni reallıqları qəbul etmişlər. İlk
növbədə, BMT xətti ilə Şuşa
şəhərində bu yaxınlarda beynəlxalq tədbir
keçirilmişdir - Azərbaycanın BMT-yə
üzvlüyünün 30 illiyinə həsr edilmiş tədbir.
Bu, çox əlamətdar hadisə idi. Bu, bir daha onu göstərdi ki, BMT Azərbaycanın ərazi
bütövlüyünü tam tanıyan qurumdur. Əlbəttə ki, biz BMT-yə üzv olandan sonra
işğalla üzləşdiyimiz dövrdə gördük
ki, BMT, onun Təhlükəsizlik Şurası ədalətli
qərarlar qəbul etmişlər. Əfsuslar
olsun ki, bu qərarlar 30 ilə yaxın bir müddətdə
kağız üzərində qalmışdır. Ancaq Qarabağ münaqişəsinin həlli, Azərbaycan
tərəfindən birtərəfli həlli, eyni zamanda,
BMT-nin üzərindən bu yükü götürmüş
oldu. Şuşa şəhərində bu
tədbirin, bir daha demək istəyirəm ki, xüsusi əhəmiyyəti
var idi və təsadüfi deyil ki, Ermənistanda bu, növbəti
panikaya, isterikaya səbəb olmuşdur.
Digər aparıcı beynəlxalq təşkilatlardakı
fəaliyyətimiz də uğurlu idi. BMT-dən sonra ən
böyük beynəlxalq təsisat Qoşulmama Hərəkatıdır.
Qoşulmama Hərəkatına hazırda Azərbaycan sədrlik
edir və bildiyiniz kimi, bütün üzv dövlətlərin
razılığı və dəstəyi ilə bizim sədrliyimiz
bir il daha da uzadıldı. Bu,
bizə göstərilmiş böyük etimadın təzahürüdür.
Qoşulmama Hərəkatı Azərbaycan bu hərəkata
üzv olandan dərhal sonra keçmiş münaqişə
ilə bağlı ədalətli mövqe nümayiş
etdirmişdir və hesab edirəm ki, müharibədən sonra
bu istiqamətdə əlavə önəmli hadisələr
baş vermişdir. Birmənalı şəkildə
Qoşulmama Hərəkatı həm müharibədən əvvəl,
işğal dövründə, həm müharibə
dövründə, həm müharibədən sonra Azərbaycanla
həmrəy olmuşdur.
Digər böyük beynəlxalq təşkilat İslam
Əməkdaşlıq Təşkilatıdır. İslam
Əməkdaşlıq Təşkilatı işğal
dövründə dəfələrlə ədalətli, bizim
mövqeyimizi əks etdirən qərar-qətnamələr qəbul
etmişdir. Bu yaxınlarda İslam Əməkdaşlıq
Təşkilatının xarici işlər nazirləri səviyyəsindəki
toplantıda bir daha bir neçə qətnamə - Azərbaycan
mövqeyini dəstəkləyən, o cümlədən Azərbaycanın
tarixi-dini abidələrinin ermənilər tərəfindən
dağıdılmasına dair önəmli qərar-qətnamələr
qəbul etmişdir və təşkilatın rəhbərliyi
azad edilmiş torpaqlara səfərlər etmişlər.
ATƏT, hansı ki, Minsk qrupuna mandat vermişdir. ATƏT də
yeni reallıqları tam qəbul edib. Bu
yaxınlarda ATƏT-in fəaliyyətdə olan sədri ilə
mənim görüşüm olub və görüş bir
daha onu göstərdi ki, ATƏT də yeni reallıqları qəbul
edir və bu da çox əlamətdar hadisədir. ATƏT-in Minsk qrupuna gəldikdə, müharibədən
dərhal sonra Minsk qrupunun həmsədrləri Bakıya gəlmişdilər.
Bu, onların Azərbaycana müharibədən
sonra birinci və sonuncu səfəri idi və o
görüşlə bağlı mətbuatda kifayət qədər
məlumat var, təkrar etmək istəmirəm. Bizim mövqeyimiz həmişə birmənalı
olub. Biz müzakirə zamanı nəyi
demişiksə, rəsmi açıqlamalarda da eyni tezisləri,
eyni fikirləri səsləndirmişik. Biz
bu münaqişəni özümüz həll etdik.
Minsk qrupu İkinci Qarabağ müharibəsinə qədər
28 il fəaliyyətdə idi və həmsədr
ölkələr bu illər ərzində Azərbaycana, Ermənistana
bəlkə də yüzlərlə səfər etmişlər.
Nəticə də göz
qabağındadır, nəticə sıfır. Bunun səbəbləri də Azərbaycan ictimaiyyətinə
məlumdur. Bu haqda çox danışmaq
istəməzdim. Nəticə göz qabağındadır
və bir daha demək istəyirəm ki, nəticə
sıfır və Azərbaycan bu münaqişəni
özü həll edib. Hərbi-siyasi
yollarla həll edib. Minsk qrupuna
münaqişənin həlli üçün verilmiş
mandat faktiki olaraq de-yure qüvvədə olsa da, de-fakto
artıq etibarsız sayıla bilər. Müharibədən
keçən dövr ərzində - son Rusiya-Ukrayna müharibəsinə
qədər olan dövr ərzində biz bu məsələ
ilə bağlı öz fikirlərimizi bildirmişdik.
Bizim xarici işlər nazirimiz Minsk qrupunun həmsədrləri
ilə müxtəlif beynəlxalq tədbirlərdə
görüşmüşdür və biz deyirdik ki, siz bizə
deyin görək, nə ilə məşğul olmaq istəyirsiniz?
Dağlıq Qarabağ münaqişəsi həll
olunub, Azərbaycan ərazisində Dağlıq Qarabağ
inzibati ərazisi yoxdur və olmayacaq. Siz nə ilə məşğul
olmaq istəyirsiniz, deyin, biz də bilək və öz fikrimizi
bildirək. Bir ildən çox müddətdə
bu məsələ ilə bağlı bizə hər hansı
bir təklif verilməmişdir. İndiki
şəraitdə isə Minsk qrupu, onun həmsədrlər
formatı faktiki olaraq qeyri-funksional vəziyyətdədir.
Bunu artıq bu həmsədr ölkələrin
yüksəkvəzifəli şəxsləri bildirirlər və
belə olan halda, əlbəttə ki, hər hansı bir qrup
şəklində fəaliyyətdən söhbət gedə
bilməz. Hesab edirəm ki, ATƏT bir
mötəbər beynəlxalq təşkilat kimi öz rolunu
oynaya bilər. Bu yaxınlarda qeyd etdiyim kimi, ATƏT-in fəaliyyətdə
olan sədri ilə görüşlər əsnasında mən
bildirmişdim ki, vətəndaş cəmiyyətinin nümayəndələri,
media nümayəndələri, digər ictimai rəyə
nüfuz, yəni təsir edə bilən şəxslər
ATƏT-in fəaliyyəti çərçivəsində, yəni
ki, bu format çərçivəsində görüşlər
keçirə bilərlər ki, Ermənistan-Azərbaycan əlaqələri
normallaşsın. İndi gündəlikdə
duran məsələ budur. Dağlıq
Qarabağ münaqişəsi həll olunub. İndi məsələ Ermənistan-Azərbaycan
münasibətlərinin normallaşmasıdır və istənilən
beynəlxalq təşkilat, bu sahədə öz töhfəsini
verə bilən təşkilat, əlbəttə ki, qəbulediləndir.
Eyni zamanda, Avropa İttifaqı ilə bizim təmaslarımız
müharibədən sonra daha intensiv xarakter
almışdır. Avropa İttifaqı da postmünaqişə
dövrünün reallıqlarını qəbul etmişdir.
Avropa İttifaqı Şurasının Prezidenti
cənab Şarl Mişelin təşəbbüsü ilə
dekabr və aprel aylarında üçtərəfli
görüşlər keçirilmişdir. Görüşlər haqqında məlumat
verilmişdir, bu məsələ ilə əlaqədar
çox da danışmaq istəmirəm. Ancaq,
əlbəttə ki, həm ekspertlər, həm Azərbaycan
ictimaiyyəti gördülər ki, yekun kommunikedə
“Dağlıq Qarabağ” adı yoxdur, bu da təbiidir. Çünki Azərbaycan buna etiraz etmişdir və
“münaqişə” sözü də yoxdur. Bu da təbiidir, çünki münaqişə
yoxdur. Münaqişə həll olunub.
İndi isə Avropa İttifaqı Azərbaycan-Ermənistan
əlaqələrinin normallaşması ilə məşğuldur
və son aprel görüşündə - 6 aprel tarixində
keçirilmiş görüşdə bu məsələlər
müzakirə edilmişdir. Bildiyiniz kimi,
Azərbaycan iki ölkə arasındakı əlaqələri
normallaşdırmaq üçün 5 prinsipdən ibarət təklif
vermişdir və Ermənistan tərəfi də bu təklifə
müsbət yanaşmışdır və Brüssel
görüşünə qədər artıq bu
açıqlamalar verilmişdir. Brüssel
görüşündə isə mən bunu özüm
üçün, sadəcə olaraq, daha da yəni,
aydınlaşdırmaq istəyirdim və
aydınlaşdırdım ki, Ermənistan 5 prinsipi qəbul
edir. Beləliklə, Azərbaycanın ərazi
bütövlüyü qəbul edilir və Ermənistan Azərbaycana
ərazi iddiasından əl çəkir. Yəni, əgər bu 5 prinsipi qəbul edirsə, -
bu, aprel görüşündə təsdiqləndi, - bu məsələlər
bu 5 prinsipin tərkib hissəsidir. Bu,
çox müsbət haldır və hesab edirəm ki, ikitərəfli
əlaqələrin normallaşdırılması
üçün əsas şərtdir. Razılaşdırıldı
ki, həm sərhədlə, həm də sülh müqaviləsinin
hazırlanması ilə bağlı işçi qrupları
yaradılsın. Bildiyiniz kimi, bu günlərdə Azərbaycan
və Ermənistan xarici işlər nazirləri arasında
hesab edirəm ki, yaxın tarixdə, bəlkə də son 30
il ərzində birinci dəfə telefon söhbəti də
olmuşdur. Biz bunu da müsbət qiymətləndiririk.
Çünki iki ölkə arasındakı
münasibətləri iki ölkə həll etməlidir.
Buna köməklik göstərmək istəyənlər
kömək göstərməlidirlər. Mən
bunu belə görürəm, bizim mövqeyimiz bundan ibarətdir.
Hesab edirəm ki, sərhədin delimitasiyası
ilə bağlı aprelin sonuna qədər
formalaşdırılacaq işçi qruplar, eyni zamanda,
sülh müqaviləsinin hazırlanmasına dair
işçi qruplar tezliklə öz işinə başlamalıdır.
Bu prosesə biz çox böyük ümidlərlə
baxırıq və vaxt itirmək lazım deyil. Hər halda, biz bunun tərəfdarıyıq ki, vaxt
itirmədən məsələnin həllinə başlayaq.
Beləliklə,
bir daha demək istəyirəm, müharibədən dərhal
sonra apardığımız siyasət, beynəlxalq təşkilatlardakı
fəaliyyətimiz, ikitərəfli formatda böyük
dövlətlərlə əlaqələrimiz, eyni zamanda,
Qarabağ və Şərqi Zəngəzurda baş verən
inkişaf və hadisələr, bax, bu reallıqlara gətirib
çıxarıb. Onu da bildirməliyəm ki,
biz beynəlxalq təşkilatlarla yanaşı, qonşu
ölkələrlə də sıx əlaqədə idik.
Bütün qonşu ölkələr yeni,
postmünaqişə reallıqlarını qəbul etmişlər
və bu da çox müsbət hal kimi qiymətləndirilməlidir.
Eyni zamanda, 3+3 əməkdaşlıq
formatının işə düşməsi də bizi
sevindirir. Birinci belə görüş
keçirilmişdir. Birinci
görüşün gündəliyi yox idi. Bu, sadəcə olaraq, bu formatı yaratmaq
üçün bir görüş idi. İkinci
görüş üçün gündəliklə
bağlı bizim planlarımız var, hansı məsələlər
orada müzakirə olunmalıdır. Hesab
edirəm ki, yaxın gələcəkdə ikinci
görüş də keçirilməlidir. Yəni, vaxt itirmək lazım deyil. Bizə bu formatlar, sadəcə olaraq,
görüntü naminə lazım deyildir. Bu formatlar əgər konkret nəticə verməsə,
onda onun əhəmiyyəti də itəcəkdir.
Biz real işlərin tərəfdarıyıq və gələcəkdə
bölgənin inkişafı ilə bağlı bizim çox
aydın təsəvvürümüz var, biz bilirik nə istəyirik
və öz məqsədlərimizə bundan sonra da
çatmaq üçün bütün imkanlardan istifadə
edəcəyik. Bax, postmünaqişə dövrü ilə
bağlı əsas məsələlər bundan ibarətdir və
bu işlərin böyük hissəsi 2021-ci ildə, bir hissəsi
isə bu ilin üç ayında görülüb. Bu,
bizə imkan verir ki, əgər bütün bu gündəlik
həyatda öz əksini taparsa, bölgədə, doğrudan
da Cənubi Qafqazda sülh olacaq, əmin-amanlıq olacaq,
müharibə riskləri böyük dərəcədə
azalacaq və beləliklə, biz rahat yaşaya bilərik. Azərbaycan xalqına xas olan yüksək
xüsusiyyətləri nəzərə alaraq qurub yarada bilərik.
Bunu edirik və bu haqda da bu gün
danışacağıq.
Eyni zamanda, əlbəttə, biz heç vaxt bu
işğalı unutmamalıyıq, erməni vəhşiliyini
unutmamalıyıq. Eyni zamanda, onu da unutmamalıyıq ki, bu
gün Azərbaycan güclüdür, Ermənistan zəifdir.
Ermənistan tərəfinin davranışı
da məhz bu amillərə söykənir. Biz real həyatda yaşayırıq və 1990-cı
illərin əvvəlində Ermənistan tərəfindən
bizə qarşı aparılmış etnik təmizləmə
siyasətini, Xocalı soyqırımını,
işğalı heç vaxt unutmamalıyıq, azərbaycanlılar
kimi həmişə bizim yaddaşımızda
olmalıdır. Məsuliyyətli insanlar
kimi həmişə biz hər şeyə hazır
olmalıyıq.
Əlbəttə, gələcəyə baxdıqda, mən
tam əminəm ki, Azərbaycan daha da güclənəcək. Bu gün digər
məsələləri müzakirə edərkən bir daha Azərbaycan
ictimaiyyəti bunu görəcəkdir. Ermənistanın
isə inkişafı onun özündən asılı olacaq,
Ermənistanın qonşu ölkələrə olan
münasibətindən asılı olacaq. Çünki
indi hər kəsə aydındır ki, Azərbaycanla və
Türkiyə ilə əlaqələri normallaşdırmadan
Ermənistan inkişaf edə bilməz və onların 30 illik
işğalçılıq siyasəti onların özlərinə
baha başa gəldi. Onlar real müstəqil
ölkə olmaq şansını itirmişlər. Biz isə
30 il ərzində, - baxmayaraq ki,
torpaqlarımız işğal altında idi, - tam siyasi və
iqtisadi müstəqilliyə nail olmuşduq. Ona
görə bu gün inamla və qürurla öz
sözümüzü bütün kürsülərdə
deyirik. Ona görə Ermənistan
üçün bəlkə də bu, son şansdır.
Ya ölkə inkişaf edəcək, ya da daha
ağır vəziyyətə düşəcək.
İnkişaf üçün də, bir daha demək istəyirəm
ki, ilk növbədə, Azərbaycan və Türkiyə ilə
əlaqələr beynəlxalq hüquq norma
və prinsiplər əsasında normallaşmalıdır.
Qeyd etdiyim kimi, biz heç nəyi unutmamışıq və
unutmayacağıq. Ona görə müharibədən dərhal
sonra bütün başqa bərpa işləri ilə bərabər,
biz həmişə olduğu kimi hərbi sahəyə də
fikir vermişik. Bildirməliyəm ki,
müharibədən sonra Türkiyə və İsrail
şirkətləri ilə yeni, böyük kontraktlar
imzalandı. Bəzi kontraktların
icrası başlanmışdır, bəzi kontraktların
icrası başa çatmışdır, bəzilərinin isə
icrası davam edir.
Müharibənin
44 gününün hər günü dərindən təhlil
edildi və əlbəttə, bu təhlil bizə imkan verdi ki, biz gələcək ordu
quruculuğumuzu real vəziyyətə əsaslanaraq quraq. Bunu nəzərə alaraq yeni silahların,
texnikaların alınması da təşkil edilir. Bununla bərabər, müharibədən sonra
Müdafiə Nazirliyində struktur islahatları
aparılmışdır, struktur dəyişikliyi edilmişdir
və bu, ordumuzu daha da gücləndirəcək, daha da
müasirləşdirəcək. Müharibədən
sonra yeni qoşun növü – Komando növü
yaradılmışdır və Hadrutda birinci Komando hərbi
bazasının açılışında mən şəxsən
iştirak etmişəm. Bu, çox
güclü bir qoşun növüdür. Əminəm ki, hazırda artıq bu qoşun
növü istənilən vəzifəni icra edə bilər.
Biz isə sadəcə olaraq, komandoların
sayını ildən-ilə artıracağıq. Hesab edirəm ki, onların sayı ilə
bağlı məlumat vermək yersizdir, ancaq hər kəs
bilməlidir ki, minlərlə tam hazırlıqlı döyüşçü
artıq hazırlanıb və hazırlanacaq.
Bununla paralel olaraq, İkinci Qarabağ müharibəsində
xüsusi qəhrəmanlıq göstərmiş Xüsusi Təyinatlı
Qüvvələrin şəxsi heyətinin sayı
artırıldı və artırılacaq. Hərbi məsələlərin
həlli üçün nə qədər vəsait
lazımdırsa, o qədər də vəsait ayrılacaq və
ayrılır. Ermənistanda isə bu, tam
fərqlidir. Ermənistanda xaricdən nə
qədər maliyyə yardımı, yaxud da qaytarılmayan
kreditlər ayrılarsa, onlar o qədər də xərcləyə
bilərlər. Bu məsələyə də
mən aydınlıq gətirmək istəyirəm. Hesab edirəm ki, bölgədə sülhün bərqərar
olunması üçün Ermənistanın silahlanmasına
son qoyulmalıdır. Ermənistanın
özünün silah almağa pulu yoxdur, heç vaxt da
olmayıb. İkinci Qarabağ müharibəsində
biz Ermənistanın haradasa 4-5 milyard dollarlıq dəyərində
hərbi texnikasını məhv etmişik. Bu texnikanın bir hissəsi qənimət kimi
götürülüb, biz ondan istifadə edirik. Bir hissəsi isə Hərbi Qənimətlər
Parkında nümayiş etdirilir. Sual olunur: Kasıb
ölkədə bu qədər pul haradandır? Bu kreditlər haradandır? Bu
kreditlərin sonra pulu qaytarılıbmı,
qaytarılmayıbmı? Yoxsa silinib? Əgər o kreditlər verilməsəydi, mən
tam əminəm ki, İkinci Qarabağ müharibəsinə
ehtiyac qalmazdı. Ermənistan özü gəlib
boynunu büküb razılığa gələrdi, necə
ki, kapitulyasiya aktını imzaladı, bütün şərtlərimizi
qəbul etdi və müharibədən sonra da necə deyərlər,
tam başqa mövqe sərgiləyir. Ona görə əgər
yenidən Ermənistanın silahlanmasına pul ayrılacaqsa,
biz bunu qeyri-dost addım kimi qiymətləndirəcəyik və
öz addımlarımızı buna uyğun şəkildə
atacağıq.
Biz isə əlbəttə, öz hesabımıza
yaşayan ölkə kimi bundan sonra ordu quruculuğuna, bir daha
demək istəyirəm, nə qədər pul
lazımdırsa, o qədər də ayıracağıq.
Postmünaqişə dövründə, əlbəttə,
biz bütün bizim iqtisadiyyatla bağlı, ərazilərin
bərpası ilə bağlı addımlarımızı
ölçüb-biçilmiş şəkildə
atmışıq və nəticələr də göz
qabağındadır. Azərbaycanda postmünaqişə
dövrü ilə bağlı bütün planlar yerinə
yetirilir. Qeyd etdiyim kimi, beynəlxalq
ictimaiyyət həm siyasi nöqteyi-nəzərdən bu
reallıqları qəbul edib, eyni zamanda, bizə olan maraq daha
da artıb - həm hörmət, həm maraq. Bu marağı biz böyük investisiya layihələrində
görürük. Təkcə bu ilin üç
ayında iki böyük investisiya layihəsinə start verildi
– bərpaolunan enerji üzrə iki elektrik stansiyasının təməli
qoyuldu. 470 meqavat gücündə olan stansiyalar xarici investorlar
tərəfindən inşa edilir və gələn il istismara veriləcək. Beləliklə,
böyük həcmdə təbii qaza qənaət edib öz
ixrac imkanlarımızı genişləndirə bilərik.
Eyni zamanda, bu, digər investorlar
üçün də hesab edirəm ki, çox önəmli
bir məsələdir. Hazırda həm aparılan
islahatlar, həm şəffaflıq, həm kadr islahatları nəticəsində,
eyni zamanda, İkinci Qarabağ müharibəsindəki Qələbəmiz
nəticəsində Azərbaycana çox böyük maraq
var. İş görmək, biznes əlaqələri qurmaq
müraciətləri kifayət qədər çoxdur. Bu gün dünya miqyasında Azərbaycan nadir
ölkələrdəndir ki, bu qədər marağı
özünə cəlb edə bilib.
Bizim iqtisadi göstəricilərimiz də çox
müsbətdir. Birinci rübün yekunları, bu rəqəmlər
faktiki olaraq heç bir şərhə ehtiyac qoymur.
Ümumi daxili məhsul 6,8 faiz artıb. Hazırda dünya, əgər belə demək
mümkündürsə, postpandemiya dövrünə qədəm
qoyur və bəlkə də “postpandemiya” sözünü
işlətmək bir qədər tezdir. Amma
hər halda, dünyadakı və Azərbaycandakı indiki vəziyyət
buna işarə verir. Ona görə 6,8
faiz artan iqtisadiyyatımız hesab edirəm ki, böyük
nailiyyət sayıla bilər. Qeyri-neft sektorunda
isə bu, daha da yüksək rəqəmlərlə
ölçülür. Qeyri-neft
iqtisadiyyatımız 10 faizdən çox artıb. Sənaye istehsalı sahəsində artım təxminən
4 faizdir, ancaq qeyri-neft sənaye istehsalında 18 faizdən
çoxdur. Bu rəqəmlər
özlüyündə dediyim sözlərin təsdiqidir.
Çünki iqtisadiyyatın şaxələndirilməsi,
neft-qaz sektorundan asılılığın azaldılması,
həm ümumi daxili məhsuldakı payının, həm
ixracdakı payının aşağı düşməsi –
bütün bunlar reallıqlardır.
Xarici ticarət dövriyyəmiz 60 faizdən çox
artıb. İxracımız təxminən iki dəfə
artıb. Əlbəttə, burada neftin
artan qiymətləri də nəzərə
alınmalıdır. Ancaq qeyri-neft
ixracımız da kifayət qədər artıb – 45 faiz.
Bu da məhz aparılan islahatlar nəticəsində
baş vermiş hadisədir. Mən
başqa ölkələrlə Azərbaycanı heç vaxt
müqayisə etməmişəm. Amma
inanmıram ki, bir çox ölkələrdə buna oxşar
statistika olsun. Əlbəttə, xarici ticarət
dövriyyəmiz artıb və xarici dövlət borcumuz azalıb.
Əgər keçən ilin aprel ayı ilə müqayisə
etsək, görərik ki, keçən ilin aprelində xarici
dövlət borcumuz ümumi daxili məhsulun 18 faizini təşkil
edirdi, hazırda cəmi 12,5 faizini təşkil edir. Yəni,
biz bir il ərzində xarici borcu təqribən
600 milyon dollardan çox bir səviyyədə
aşağı sala bilmişik. Bu da xarici borcun
idarə edilməsi strategiyasının icrası nəticəsində
mümkün olmuşdur. Mən vaxtilə
qarşıya vəzifə qoymuşdum ki, biz kreditlərin
alınmasına çox böyük ehtiyatla
yanaşmalıyıq. Eyni zamanda, dövlət
şirkətləri hansılar ki, vaxtilə heç kimdən
soruşmadan özbaşına müxtəlif kreditlər
götürürdülər. Sonra da bu
kreditləri qaytara bilməyəndə bu ödəniş
dövlətin üzərinə düşürdü. Eyni zamanda, çox qeyri-şəffaf mənzərə
müşahidə olunurdu. Buna da son qoyuldu.
İndi heç bir dövlət qurumu hökumətin
icazəsi olmadan bir manat kredit götürə bilməz.
Hər götürülən kredit də
hökumət tərəfindən təsdiqlənir və
kreditləri biz ancaq vacib olan layihələrə cəlb etməliyik,
yüksək texnoloji komponenti olan layihələrə, eyni
zamanda, azad edilmiş torpaqlarda həyata keçirilən layihələrə.
Digər layihələrə kreditlərin verilməsinə
ehtiyac yoxdur. Məhz buna görə biz
xarici dövlət borcumuzu həm mütləq rəqəmlərlə,
həm ümumi daxili məhsula nisbətdə
azaltmışıq. Təbii ki, ümumi
daxili məhsul da artıb və hələ ki, mən rəqəm
səsləndirmək istəmirəm. Amma
hesab edirəm ki, əgər biz bu templərlə
inkişafı davam etsək, ilin sonuna qədər çox əhəmiyyətli
bir artım olacaqdır. Xarici ticarətin
balansı da çox müsbətdir, müsbət saldo cəmi
üç ayda 5 milyard dollardan çoxdur. Yəni, bu, çox böyük rəqəmdir.
Mütəxəssislər onu da bilirlər ki,
dünyanın əksər ölkələrində saldo mənfidir.
Ölkələr daha çox idxal edir, nəinki
ixrac edir. Azərbaycanda isə təkcə üç
ayda 5,1 milyard dollar gəlir - bizim
ixracımız idxalı üstələyir. Əlbəttə
ki, ilin sonuna qədər əminəm bu rəqəm daha da
artacaq. Həm makroiqtisadi sabitliyə bunun əvəzolunmaz
təsiri var, eyni zamanda, valyuta ehtiyatlarımızın
artması da göz qabağındadır. Üç
ayda da valyuta ehtiyatlarımız artıb. Ona
görə, bütün bu göstəricilərlə biz
haqlı olaraq fəxr edə bilərik. Amma
o demək deyil ki, biz bu nailiyyətlərlə kifayətlənməliyik.
Yox. İndi dünyada proseslər
mənfi istiqamətdə gedir. Toqquşmalar, müharibələr
alovlanır və gələcəkdə sabitliyin təmin
edilməsi ilə bağlı müxtəlif fikirlər var.
Dünyada ərzaq qıtlığı ola
bilər, ərzaq qiymətləri qalxır. Biz
bu gün bu haqda da danışacağıq. Onu da bildirməliyəm ki, biz bütün bu nailiyyətləri
öz zəhmətimiz hesabına qazanmışıq. Heç kimdən bir manat dəstək
almamışıq. Azad edilmiş torpaqları
da yüz faiz öz gücümüzə bərpa edirik.
Bəli, xarici şirkətləri dəvət
etmişik. Onlar orada podratçı kimi
işləyir. Amma bu günə qədər
heç kimdən bir manat almamışıq. Ancaq öz gücümüzə, öz
istedadımıza güvənirik. Bunu mən
xüsusilə qeyd etmək istəyirəm. Çünki adətən belə qanlı
müharibələrdən, belə dağıntılardan
sonra, - Qarabağ və Zəngəzurda
dağıntıların dünyada bənzəri yoxdur,
heç İkinci Dünya müharibəsində bu qədər
dağıntılar olmamışdı, - donor konfransları,
beynəlxalq təşkilatlar yığışır və
bərpa planı icra edilir. İndi yenə
də İkinci Dünya müharibəsinin tarixçəsinə
nəzər salmaq kifayətdir. O vaxt Marşal planı tətbiq
edilmişdir. Əgər Amerika Avropanı bərpa
etmək üçün bu planı tətbiq etməsəydi,
Avropa öz gücünə öz potensialını bəlkə
də 50 ilə bərpa edə bilərdi. Digər
münaqişələrlə bağlı beynəlxalq fondlar
maliyyə yardımı göstərirlər. Bizə isə
heç kim heç bir yardım göstərmir,
nə işğal dövründə, nə də sonra. Hətta ölkələrin əksəriyyəti
işğalı işğal kimi adlandırmaq istəmirdilər.
Mənim yadımdadır, işğal dövründə
beynəlxalq təşkilatlardakı fəaliyyətimiz, eyni
zamanda, ikitərəfli formatda apardığımız
danışıqlar əsnasında biz güc-bəla ilə,
zorla ölkəmizin ərazi bütövlüyü prinsipini o
bəyannamələrə saldırırdıq. Bir çoxları imtina edirdi. Halbuki bu, gün
kimi aydın idi, kim
işğalçıdır, kim işğala məruz qalan
ölkədir. İkili standartlar, ədalətsizlik,
bax, budur. Biz bunu bu gün də
görürük, Rusiya-Ukrayna müharibəsində
görürük. Vaxtilə biz
torpaqlarımızı işğaldan azad edəndə və
məşhur “Bayraktar” dronlardan istifadə edəndə xarici
ekspertlər və mətbuat bunu ölüm silahı kimi qələmə
verirdi. İndi isə Rusiya-Ukrayna
müharibəsində bunu mələk adlandırırlar.
Fərq budur, ikili standartlar budur, bizə
qarşı ədalətsizlik budur. Bu,
reallıqdır. Biz isə öz
gücümüzlə yeni reallıq yaratmışıq və
yaradırıq. Ona görə bir daha demək
istəyirəm ki, mən hələ də ümid edirəm,
beynəlxalq təşkilatlar, böyük fondlar, xeyriyyəçiliklə
məşğul olan beynəlxalq qeyri-hökumət təşkilatları
bir nəzər yetirəcəklər. Ağdam
Qafqazın Xirosimasıdır. Bunu mən yox,
beynəlxalq mütəxəssislər deyir. Ağdam kimi bütün şəhərlər ermənilər
tərəfindən yerlə-yeksan edilib. Biz
heç kimdən bir manat almamışıq. Ancaq bu ədalətsizliklə barışmaq da olmaz.
Mən hesab edirəm ki, bizim qurumlarımız,
hökumət, Prezident Administrasiyası, nazirliklər, hərə
öz xətti ilə bu məsələ ilə bağlı gərək
ciddi fəaliyyət göstərsin. Yardım
göstərmək istəmirlərsə, desinlər ki, biz sizə
yardım etməyəcəyik. Biz də
işimizi bilək. Yəni, müharibədən təxminən
bir il yarım keçibdir. Bir
fond belə bizə heç bir yardım göstərməyib.
Minaların təmizlənməsi ilə
bağlı - müharibədən sonra 200-dən çox
insan ya həlak olub, ya da ki, ağır yaralanıb. Dünyada bu məsələ ilə məşğul
olan o qədər fondlar var, QHT-lər var. Nə ilə məşğuldurlar?
Gəlsinlər, kömək göstərsinlər.
Bizim fiziki cəhətdən gücümüz
çatmır. Biz nə lazımdırsa,
almışıq. Maşın, mexanizm
almışıq, texnika almışıq, hətta dronlar
almışıq ki, o minalarla çirklənmiş yerləri
təsbit edir. Ancaq bizdə mütəxəssis
çatışmır, bizdə işçi qüvvə
çatışmır. Ona görə,
heç olmasa, bu sahədə bizə kömək göstərsinlər.
Yenə də deyirəm, biz onsuz da öz
gücümüzlə hər şeyi bərpa edəcəyik.
Mən demişəm, Qarabağı da, Zəngəzuru
da nümunəvi bir bölgə kimi quracağıq. Azərbaycan vətəndaşları orada rahat,
firavan yaşayacaqlar. Dünya
üçün də bir nümunə olacaq. Ancaq mənim sözüm beynəlxalq təşkilatlaradır.
İnsan hüquqları ilə məşğul
olanlar, ədalət prinsiplərini rəhbər tutanlar
heç olmasa, Azərbaycana da diqqət yetirsinlər və
ikili standartlardan kənar olsunlar. Bir
sözlə, bu mənzərə hər şeyi necə deyərlər,
göstərir. Bu ilin üç ayında
əldə edilmiş iqtisadi nailiyyətlər əminəm
ki, ilin sonuna qədər davam edəcək.
Çünki biz görürük ki, buna nail olmaq
üçün imkanlar var. Beləliklə, biz bu ili də uğurla başa vuracağıq.
İndi isə bəzi məsələlərlə
bağlı mən məlumat dinləmək istərdim. Birincisi, indi ilin üç
ayı arxada qaldı, büdcənin icrası ilə
bağlı vəziyyət nə yerdədir, maliyyə naziri məlumat
versin.
Maliyyə
naziri Samir Şərifov: Möhtərəm cənab Prezident,
hörmətli müşavirə iştirakçıları.
2022-ci ilin
birinci rübünün nəticələri 2021-ci il ərzində Azərbaycan
Respublikasının əldə etdiyi nailiyyətlərin davam
etdirilməsi kimi qiymətləndirilə bilər. Ötən ilin sosial-iqtisadi yekunları göstərmişdi
ki, Vətən müharibəsində böyük Qələbədən
sonra Azərbaycan çox tez bir zaman kəsiyində öz
qüvvələrini səfərbər edərək
iqtisadiyyatda böyük irəliləyişə nail
olmuşdur. Belə ki, ötən ilin ümumi daxili məhsulu
üzrə nəzərdə tutulan artım artıqlaması
ilə icra edilmişdir, yəni, 2,2 faiz
artıq, 3,4 faizin əvəzinə 5,6 faiz. Bu
ildə də biz bu tendensiyanın davamını
görürük. Həmin bu müsbət
meyillər dövlət büdcəsinin cari ilin birinci
rübündəki göstəricilərində də
özünü büruzə vermişdir. Birinci rübdə
dövlət büdcəsinin gəlirləri proqnoza
qarşı 6,3 faiz və yaxud 418 milyon manat artıqlaması
ilə icra olunmuşdur və dövlət büdcəsinin gəliri
7 milyard 10 milyon manat təşkil etmişdir.
Onu da qeyd
etmək istərdim ki, daxilolmalar üzrə proqnoz göstəriciləri
Dövlət Vergi Xidməti üzrə 539 milyon manat və
yaxud 23,8 faiz, Dövlət Gömrük Komitəsi xətti ilə
isə 236 milyon manat və yaxud 23,7 faiz üstələməklə
icra edilmişdir. Sosial sığorta haqları
üzrə isə 961 milyon manat proqnoza qarşı 1 milyard 41
milyon manat icra təmin edilmişdi. Qeyd etməliyəm
ki, Dövlət Vergi Xidməti üzrə proqnozların artıqlaması
ilə icra edilməsinin böyük hissəsi, yəni, 90 faizə
yaxın hissəsi qeyri-neft sektoru üzrə gəlirlərin
artması ilə bağlıdır. Ümumiyyətlə,
qeyri-neft sektorundan gəlirlər birinci rübdə 80 faizdən
yuxarı, ümumi daxilolmaların, vergi üzrə ümumi
daxilolmaların 80 faizdən yuxarı hissəsini təşkil
etmişdir. Belə vəziyyətdə Dövlət Neft
Fondunun dövlət büdcəsinə nəzərdə
tutulan transfertləri 3 milyard 180 milyon manata qarşı 2
milyard 757 milyon manat icra olunmuşdur, yəni, 423 milyon manat az.
Bu da onunla bağlıdır ki, dövlət büdcəsinin
icra göstəriciləri olduqca yüksək idi.
Möhtərəm cənab Prezident, onu da qeyd etməliyəm
ki, birinci rüb üzrə büdcənin xərclərinin
icrası adətən o qədər yüksək olmur. Amma cari ildə
bu, 99 faiz olmuşdur. Hətta belə bir yüksək icra
səviyyəsi şəraitində dövlət büdcəsinin
gəlirlərinin bir tərəfdən fiskal orqanlar tərəfindən
artıqlaması ilə yerinə yetirilməsi, digər tərəfdən
isə Dövlət Neft Fondundan 423 milyon manat məbləğində
vəsaitin alınmaması şəraitində dövlət
büdcəsinin profisiti 1 milyard 380 milyon manat təşkil
etmişdir. Bu, olduqca gözəl bir göstəricidir.
Dövlət büdcəsinin xərcləri, qeyd etdiyim kimi, həmin
dövr üzrə 5 milyard 630 milyon manat və yaxud 99 faiz icra
edilmişdir. Əsas dövlət vəzifələri,
dövlətin büdcədən maliyyə yardımları və
digər proqramlarının maliyyələşdirilməsi tam
təmin olunmuşdur və dövlət büdcə təşkilatları
tərəfindən xəzinədarlıq orqanlarına təqdim
etdiyi büdcə sifarişləri tam icrasını
tapmışdır.
Qeyd etmək
istərdim ki, Qarabağın yenidən qurulması proqramının
icrası üçün dövlət büdcəsindən
ayrılmış vəsait 2,2 milyard manatdır, birinci rüb
ərzində 346 milyon manat, yaxud 16 faizə yaxın hissəsi
artıq icra olunmuşdur. Dövlət əsaslı
vəsait qoyuluşu proqramının icrası da təxminən
eyni faiz nisbətində təmin edilmişdir. Möhtərəm cənab Prezident, Sizin
tapşırıqlarınızın icrası təmin
olunmuşdur.
Ərzaq təhlükəsizliyi proqramı çərçivəsində,
əsasən də dünyadakı ərzaq problemləri ilə
əlaqədar cari ilin birinci rübündə 220 milyon manat vəsait
ayrılmışdır. Bu da kənd təsərrüfatı
sahəsinə müəyyən əkin subsidiyalarının
verilməsi ilə bağlıdır. Büdcənin
icrası ilə bağlı bu qədər.
Prezident
İlham Əliyev: Aydındır. İndi xarici
dövlət borcumuzun gələcək parametri ilə
bağlı məlumat verin. Çünki
mən qeyd etdim ki, strategiya var və uğurla icra edilir.
12,5 faiz o rəqəmdir ki, hər bir
ölkə bu rəqəmlə fəxr edə bilər. Amma
bilirsiniz, mən bir neçə il bundan əvvəl
vəzifə qoymuşdum ki, xarici dövlət borcumuz ümumi
daxili məhsulumuzun 10 faizindən çox olmasın. Yəni, biz buna yaxınlaşırıq. Bununla paralel olaraq, biz, əlbəttə, kreditlər
də götürməliyik, bundan tam imtina etməməliyik.
Ona görə, builki vəziyyət haqqında məlumat
verin. Bu il dövlət büdcəsində
xarici borcun qaytarılmasına nə qədər vəsait nəzərdə
tutulur, təxminən nə qədər kredit alınacaq və
növbəti illər üçün strategiyanın
qısamüddətli parametrləri nədən ibarət
olacaq? Bu barədə məlumat verin.
Samir
Şərifov: Möhtərəm cənab Prezident, qeyd etmək
istərdim ki, Sizin 2018-ci il 24 avqust tarixli Sərəncamınızla
təsdiq edilmiş Azərbaycan Respublikasında dövlət
borcunun idarə edilməsinə dair orta və uzun müddət
üçün strategiyanın icrası davam etdirilməkdədir.
Xarici dövlət borcunun ümumi daxili məhsula nisbətinin
10 faizə çatdırılması istiqamətində Sizin qarşımızda qoyduğunuz işlər
davam etdirilir. Bu istiqamətdə vacib məsələlərdən
biri də ümumi dövlət borcunun, yəni, xarici və
daxili dövlət borcundan ibarət olan dövlət borcunda
xarici valyutada ifadə edilmiş borcun məhz Siz dediyiniz həmin
istiqamət nəzərə alınmaqla tədricən
azaldılması və eyni zamanda, daxili dövlət borcunun
xüsusi çəkisinin borc portfelində artırılması
istiqamətində işlər görülür. Strategiya qəbul edilən zaman həmin nisbət 94
faiz idi, yəni, 94 faiz xarici dövlət borcunun payına
düşürdü. Hazırda isə bu,
82 faizə endirilmişdir. Bu da onunla
bağlıdır ki, daxili borcun xüsusi çəkisi
artmışdır. Daxili dövlət borcunun, yəni,
daxili maliyyə bazarlarının inkişaf etdirilməsi
üçün biz bazara daha çox dövlət qiymətli
kağızları, dövlət istiqrazlarını təklif
edirik və strategiyanın qəbul edildiyi müddət ərzində
həmin borc bazarda 3,2 faiz
artmışdır. Hazırda 2,5 milyard
manat təşkil edir və proqram davam etdirilməkdədir.
Şübhəsiz ki, dövlət büdcəsinin
icrasının göstəriciləri yaxşı olduqda, yəni,
fiskal orqanlar profisitlə təmin etdikdə büdcə kəsiri
yaranmır və nəticə etibarilə biz bir o qədər
daxili borcu buraxmırıq. Amma bu proqram davam
etdiriləcəkdir.
Möhtərəm
cənab Prezident, Sizin bu yaxınlarda
imzaladığınız Sərəncama əsasən,
ümumi dövlət borcunun ortamüddətli dövrdə
ÜDM-in 20 faizi səviyyəsində saxlanılması, xarici
dövlət borcunun ortamüddətli dövrdə 15 və
uzunmüddətli dövrdə 10 faizə endirilməsi nəzərdə
tutulub.
Bu gün vacib məsələlərdən biri də
bizim borclanma strategiyamızdır - biz nə qədər əlavə
borc götürəcəyik. Möhtərəm cənab
Prezident, eyni zamanda, Sizin bu yaxınlarda
imzaladığınız Sərəncamla Azərbaycan
Respublikasının büdcə qaydası üzrə müəyyən
göstəricilərin, ilk növbədə, qeyri-neft baza kəsiri
üzrə nisbətlərinin təsdiq edilməsi bizim
üçün müəyyən çərçivəni
formalaşdırır. Həmin çərçivə
əsasında ümumi borclanma növbəti üç il
üçün 4,3 milyard manat məbləğində
nəzərdə tutulur. Yəni, buraya borcun
yenidən maliyyələşdirilməsi daxil edilmir. Biz
borcun yenidən maliyyələşdirilməsini də daxil etsək,
söhbət 8,3 milyard manat həcmində
borcun cəlb edilməsindən gedir. Yeni cəlb ediləcək
borcun 1,3 milyard manatlıq hissəsini bu
günədək imzalanmış kreditlər üzrə əldə
edəcəyimiz vəsaitlər təşkil edəcək. Yəni, bunlar müəyyən layihələr
üzrə imzalanıb, lakin bu kreditlərin tam istifadəsi hələ
ki, təmin olunmayıb. Yeni borc 3 milyard
manat məbləğində nəzərdə tutulub.
Möhtərəm cənab Prezident, onu da qeyd etmək istərdim
ki, bizim bugünkü ümumi daxili məhsul üzrə
göstəricilərimiz kifayət qədər yüksəkdir. Bu ilin sonuna
gözlənilən nəticələr də nəzərə
alınmaqla, növbəti illər üzrə İqtisadiyyat
Nazirliyi tərəfindən mart ayında bizə artıq yeni
ortamüddətli proqnozlar təqdim edilmişdir. Bu
proqnozlar nəzərə alınmaqla, hesab edirik ki, borclanma
üzrə əlavə imkanlarımız ola
bilər.
Cənab
Prezident, Siz qeyd etdiyiniz kimi, bizə bu gün kifayət qədər
böyük həcmlərdə borc vermək niyyətində
olan beynəlxalq qurumlar var. Sizin müəyyən
çıxışlarınızdan sonra Avropa İttifaqı
artıq 2 milyard avro məbləğində borcun bizə
verilməsi barədə niyyətlərini bildirib. Bu borcu iki bank vasitəsilə - Avropa Yenidənqurma və
İnkişaf Bankı, eyni zamanda, Avropa İnvestisiya Bankı
vasitəsilə verməyə hazırdırlar. Digər tərəfdən, başqa beynəlxalq
maliyyə qurumları, ilk növbədə, Dünya Bankı
yenidənqurma işlərində təcrübələri
çox olduğuna görə öz kredit xətlərini bizə
təklif edirlər. Asiya İnkişaf
Bankı da Azərbaycan hökumətinin təqdim etdiyi
proqramlar əsasında kifayət qədər böyük həcmlərdə
borc ayırmağa hazırdırlar. Burada, belə desək,
“top bizim tərəfdədir”. Hansı layihələri
seçməyimizdən asılı olaraq, Sizin
qarşımızda qoyduğunuz borc çərçivəsi
daxilində biz bu vəsaitləri cəlb edə bilərik.
Prezident
İlham Əliyev: Burada hədəflər aydındır. Mən də bir daha demək istəyirəm, xarici
borcumuzu ümumi daxili məhsula nisbətdə 10 faiz səviyyəsinə
endirməliyik. Buna yaxınlaşmaq
üçün siz gərək təkliflər verəsiniz,
biz nə qədər almalıyıq və nə qədər
qaytarmaq məcburiyyətindəyik. Avropa
İttifaqının kredit vermə təklifləri, əlbəttə
ki, müsbət haldır. Çünki bildiyiniz kimi,
müharibə başa çatandan sonra Ermənistan
üçün kredit və qrant paketi təqribən 2,6 milyard avro səviyyəsində idi. Azərbaycana isə cəmi 140, ya 160 milyon. Əlbəttə ki, biz buna səssiz qala bilməzdik.
Müsbət haldır ki, Avropa İttifaqı Azərbaycana
da 2 milyardlıq paket elan edib. Mən bunu
çox müsbət hal kimi qiymətləndirirəm. Ancaq, eyni zamanda, mən o təkliflərə də
baxdım. Elə layihələr var ki, o
layihələri biz borc götürmədən icra edə bilərik,
təbii ki. Ancaq bununla yanaşı, bizim
istəyimiz və ədalətli mövqeyimiz ondan ibarətdir
ki, Ermənistana hansı şərtlərlə bu borc və
ya qrant verilirsə, bu, bizə də eyni şərtlərlə
təklif edilməlidir. Biz bundan istifadə
edəcəyik, yoxsa etməyəcəyik, bu, başqa məsələdir.
Ancaq yanaşma eyni olmalıdır. Xüsusilə nəzərə alsaq ki, Ermənistanda
dağıntılara məruz qalmış bir koma da yoxdur.
Azərbaycanda isə 10 min kvadratkilometr ərazidə
bir salamat bina yoxdur. Mən bunu heç vaxt
kənara qoya bilmərəm. Ona görə
bu da nəzərə alınmalıdır. O ki qaldı,
aparıcı beynəlxalq maliyyə qurumları ilə əməkdaşlığımıza,
mən bilirəm ki, bu yaxınlarda Dünya Bankının
missiyası gəlmişdi. Mənə Baş
nazir məruzə etmişdi. Onların təklifləri
var. Əlbəttə ki, ənənəvi tərəfdaşlarımız
Avropa Yenidənqurma və İnkişaf Bankı, Asiya
İnkişaf Bankı. Avropa İnvestisiya
Bankı nisbətən təzə gəlib Azərbaycan
bazarına. Birinci onların layihəsi qaz
infrastrukturu ilə bağlı idi. Bir də
Asiya İnfrastruktur və İnkişaf Bankı ilə də
bizim əlaqələrimiz inkişaf edir. Biz
o ölkələrdənik ki, bu bankın təsisçisi
kimi iştirak etmişik və səhmdarıq orada. Hesab edirəm ki, biz dünyanın bu əsas maliyyə
qurumları ilə işləməliyik. Sadəcə
olaraq, biz bu strategiyanı vaxtaşırı təftiş etməliyik
ki, daha da çox borc götürək, az
götürək, çox qaytaraq, az qaytaraq. İndi
siz buna baxın və təkliflər verin.
Xarici borcla bağlı başqa hansısa fikirlər var,
məlumat vermək istəyən var? Buyur.
Samir
Şərifov: Möhtərəm cənab Prezident, mən təkcə
bir şeyi qeyd etmək istərdim ki, Dünya Bankı üzrə
bunlar bu gün bizə xüsusi şərtlər təklif
edirlər. Biz onlarla növbəti ilin
ortalarına qədər tam razılığa gəlsək, o
şərtləri əldə edə bilərik.
Prezident
İlham Əliyev: Yəni, güzəştli şərtlər.
Samir
Şərifov: Güzəştli şərtlər. Yəni, onlar bizim Qarabağın yenidən
qurulması proseslərini nəzərə alaraq, belə bir qərar
qəbul ediblər ki, bizə güzəştli şərtlərlə
kreditlər verə bilərlər.
Prezident
İlham Əliyev: Ondan istifadə etməliyik.
Samir
Şərifov: Bəli. Siz tamamilə
düzgün qeyd etdiyiniz kimi, bu şərtlər çərçivəsində
bizə lazım olan layihələri seçə bilərik.
Yəni elə layihələr var ki, məsələn,
avtomobil yollarının tikintisi, biz onlara xarici komponentli
valyutanı cəlb etməməliyik. Amma
biz layihələri seçərkən istənilən halda
valyuta xərclərimizi nəzərə almalıyıq.
Yəqin ki, bu məqsədlər
üçün biz vəsait cəlb edə bilərdik.
Prezident
İlham Əliyev: Bir də dünyanın aparıcı maliyyə
qurumları özəl sektora da kreditlər ayırırlar. Hesab edirəm ki, daha da böyük məbləğ
ayıra bilərlər. Onlarla təmaslar əsnasında
bu məsələ həmişə müzakirə edilməlidir.
Çünki mən bilirəm ki, misal
üçün, qeyd etdiyim bərpaolunan enerji mənbələri
üzrə elektrik stansiyalarının tikintisinə də
aparıcı maliyyə qurumları kredit ayırırlar.
Bizə yox, investorlara, xarici investorlara. Ona görə yerli şirkətlərə, yerli
sahibkarlara da onların kreditlərinin ayrılması zəruridir.
Düzdür, bizim özümüzün
mexanizmimiz var və İqtisadiyyat Nazirliyi bu işləri təşkil
edir. Ancaq burada özəl sektora, misal üçün,
Dünya Bankının, Avropa Yenidənqurma və
İnkişaf Bankının, digər bankların daha da
böyük həcmdə kreditlərinin verilməsinə
mütləq baxmaq lazımdır.
Hər kəs yaxşı bilir ki, hazırda dünyada ərzaq
məhsullarının qiymətləri kəskin artır. Bu proses bir neçə ay
bundan əvvəl başlamışdır. Əlbəttə
ki, Rusiya-Ukrayna müharibəsi bunu daha da sürətləndirib,
xüsusilə nəzərə alsaq ki, Rusiya və Ukrayna
dünyada aparıcı taxıl ixracatçıları
arasındadırlar və digər ərzaq məhsullarını
dünya bazarlarına ixrac edirlər. İndi artıq təbii
qıtlıq hiss olunur və hiss olunacaq. Bizim ərzaqlıq
buğda ilə təminatımız, əlbəttə ki, diqqət
mərkəzində olmalıdır. Hökumətə
bu məsələ ilə bağlı göstəriş
verilmişdir. Operativ tədbirlər
görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda, bilməliyik ki, belə vəziyyət
uzun müddət ərzində davam edə bilər və yəqin
ki, davam edəcək. Ona görə burada,
ilk növbədə, daxili təminatımız
artmalıdır. Bu məsələ ilə
bağlı göstərişlər verildi. Həm azad edilmiş torpaqlarda əkin işlərinin
daha da genişmiqyaslı aparılması üçün
göstərişlər verildi, həm də digər bölgələrdə.
Əlbəttə ki, burada suvarma layihələrinin
uğurla icrası böyük nəticələrə gətirib
çıxara bilər. Amma hər halda
indiki şəraitdə ərzaq qiymətlərinin qalxması
və süni qiymət artımının
qarşısının alınması məsələləri,
hesab edirəm ki, ən vacib məsələlərdən
biridir. Bu məsələ ilə
bağlı vəziyyət nə yerdədir? İqtisadiyyat naziri məlumat versin.
İqtisadiyyat
naziri Mikayıl Cabbarov: Möhtərəm cənab Prezident, bu
istiqamətdə Sizin müvafiq
tapşırıqlarınıza və hökumət tərəfindən
verilən müvafiq qərarlara uyğun olaraq, biz müvafiq
strukturlarla birlikdə fəaliyyətimizi əlaqəli şəkildə
qurmuşuq. Bu fəaliyyət üç istiqamətdən
ibarətdir. Birincisi, daimi monitorinq mexanizmləri
mövcuddur və biz gündəlik əsasda ərzaq, un, şəkər tozu və bir sıra digər
məhsullar üzrə gündəlik anbar
qalıqlarını sahibkarlıq subyektləri və dövlət
agentləri ilə birlikdə monitorinq edirik. İkinci
istiqamət qanunvericilik tənzimlənməsidir. Bununla bağlı bir sıra qərarlar, son olaraq
Nazirlər Kabinetinin qərarı qəbul edilibdir. Biz hazırda belə bir rejim tətbiq edirik ki, o
balans təmin etsin. Başqa sözlə,
Azərbaycanda istehsal olunmayan və bizim idxaldan
asılılığımız yüksək olan məhsulların
ölkədən ixracı xüsusi nəzarət rejimi ilə
həyata keçirilir. Eyni zamanda,
sahibkarlıq subyektlərinin ixrac potensialının
azalmaması və ixrac bazarlarının itirilməməsi
üçün biz ölkədə istehsal olunan və yaxud
istehsal potensialı olan məhsullara dair analoji şəkildə
həmin çərçivədə fəaliyyəti tənzimləyirik
ki, bu fəaliyyət də uyğun olaraq həyata keçirilə
bilsin.
Nəhayət, üçüncü istiqamət
sahibkarlıq subyektləri ilə fəaliyyətimizdir. Burada da
dövlət tərəfindən aidiyyəti təşviq
mexanizmləri tətbiq edilir. Xüsusilə mən ən
son məlumat olaraq vurğulamaq istəyirəm ki, Baş
nazirin 5 aprel tarixli müvafiq tapşırığına
uyğun olaraq 115 milyon manat vəsaitin sahibkarlıq subyektlərinə
yumşaq təşviq kreditləri kimi ayrılması istiqamətində
və həmçinin strateji ərzaq məhsullarının
pandemiya dövründə uğurla istifadə olunan mexanizmi
Sizin müvafiq tapşırığınıza uyğun
olaraq xatırlayarsınız ki, bir sıra sahibkarlıq
subyektlərinin kredit borclarının, faizlərinin ödənilməsində
dövlət subsidiyaları ayrılmışdı və
analoji mexanizmdən istifadə edərək biz bunu edirik. Bunun məntiqi nədən ibarətdir?
Aşağıdakı kimidir: daimi ehtiyatları təmin etmək
məqsədilə sahibkarlar tərəfindən həmin
ehtiyatların mal qalıqlarının artırılması tələb
olunur. Bu da öz növbəsində onlar tərəfindən
daha çox dövriyyə kapitalına ehtiyac yaranır.
Biz belə çevik mexanizmlərlə işləyirik
ki, bir tərəfdən sahibkarların maraqlarına
toxunulmasın, digər tərəfdən dövlət
qarşısında duran vəzifələr tam həcmdə
yerinə yetirilsin.
Möhtərəm cənab Prezident, sualınızla
bağlı son olaraq onu da qeyd etmək istəyirəm ki,
2020-ci ilin əvvəlində, pandemiyanın ilk günlərindən
biz əsas təchizatçı ölkələrin bir
çoxunda məhsul ixracının qadağan
olunmasını, ərzaq məhsullarında bəzi
malların olmamasını digər ölkələrdə
müşahidə etmişik. Azərbaycanda istər
o dövrdə, istərsə də, indiki dövrdə bu
istiqamətdə hesab edirik ki, qənaətbəxş nəticələr
əldə olunubdur.
Müvafiq tapşırıqlarınıza və
mövcud vəziyyətə uyğun olaraq, ərzaq qiymətləri
təbii ki, başqa bir prioritetimizdir. Bununla bağlı
antiinflyasiya tədbirləri haqqında imzalanmış
müvafiq qərara əsasən fəaliyyət həyata
keçirilir. Bu gün münaqişədə,
müharibədə olan hər iki dövlət Azərbaycan
üçün ərzağın həm ixracı, həm də
idxalı nöqteyi-nəzərindən vacib tərəfdaş
olduğuna görə, biz çalışırıq ki, bu prosesləri
də əlaqələndirilmiş şəkildə quraq.
Məruzə
etmək istəyirəm ki, Azərbaycan cari ilin ilk
rübündə daxili bazarı tam təmin etməklə
yanaşı, müxtəlif ölkələrə 60 min ton
müxtəlif çeşidli meyvələr, 37 min ton tərəvəz,
12 min ton şəkər, 3,5 min ton meyvə-tərəvəz
emalı məhsulları ixrac etmişdir. Digər
tərəfdən isə, biz həmin struktur
asılılığımız olan məhsullar üzrə
idxalın sadələşdirilməsi üçün
artıq sadaladığım tədbirləri həyata
keçiririk.
İnflyasiyanın təbii olaraq Mərkəzi Bankla və
digər aidiyyəti strukturlarla birlikdə aradan
qaldırılması üçün qısamüddətli tədbirlərlə
yanaşı, hesab edirik ki, orta və uzunmüddətli tədbirlərə
də dair addımlar atıla bilər. Qaldırılan
məsələlərin müsbət həllinə görə,
xüsusilə də kiçik və orta sahibkarlığa, ərzaq
istehsalçılarına güzəştli dövlət
maliyyələşməsinin təmin edilməsində kapital
yardımının göstərilməsində verdiyiniz dəstəyə
görə fürsətdən istifadə edərək Sizə
təşəkkürümü bildirmək istərdim.
Prezident
İlham Əliyev: Mənə verilən məlumata görə,
son üç ayda inflyasiya 18 faizə qalxıb. Bu, əlbəttə ki, yüksək rəqəmdir.
Amma onu da bilməliyik ki, bunun bir hissəsi idxal
edilmiş inflyasiyadır. Çünki
dünyada ərzaq məhsullarının və digər məhsulların
qiymətinin artması, təbii ki, daxili qiymətlərə də
təsir edir. Ancaq, eyni zamanda, onu da bildirməliyəm ki,
üç ayda əhalinin gəlirləri təxminən 20
faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri
ilə müqayisə etsək, burada yenə də real gəlirlər
artmış olur. Ancaq o demək deyil ki, biz buna
laqeyd yanaşmalıyıq. Ona görə
antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi
zəruridir. Əlbəttə ki, burada əsas
məsələ süni qiymət artımının
qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə
geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan
istifadə etməyə çalışırlar və heç
bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir.
Ərzaq təminatı ilə bağlı sənin
bir sözün var?
Baş
nazir Əli Əsədov: İnflyasiyanı iki hissəyə
bölmək olar. Yəni, söylədiyiniz 18
faiz ərzaq inflyasiyasıdır. Ümumi
inflyasiyamızın göstəricisi üç ay ərzində
12,2 faizdir. İnflyasiyanın
tərkibində idxal olunan ərzaq məhsulları 60 faizdən
artıqdır. Bunun səbəbini də Sizin tərəfinizdən
verilən tapşırığa uyğun olaraq iqtisadiyyat
naziri ardıcıllıqla dedi. Siz o məqamı ki, dediniz, bu
situasiyalarda çox vaxt qiymətlərin şişirdilməsi
və sui-istifadə halları var. İlin əvvəlindən,
biz subsidiyaları çörək üçün saxlayan
dövrdə xalq arasında “zavod çörəyi” deyilən
çörəklərin 5 qəpik artırılan qiymətlərindən
sonrakı proseslər monitorinq olundu və indiyə qədər
davam etdirilir və sahibkarlar da bunu bilir. Bu proseslər
ciddi şəkildə nəzarətdədir. Ehtiyatlarla əlaqədar iki vacib məqamı icazənizlə
qeyd edim.
Hələ
pandemiya dövrünün başlanğıcında, mart
ayından başlayaraq Sizin tapşırığınızla
bu proseslər əsasən, ərzaq məhsulları və digər
defisit məhsullar, o cümlədən respublikanın dərmanlar
və tibb ləvazimatları ilə təchiz olunması istiqamətlərində
aparıldı. İctimaiyyət də bilir, cənab
Prezident, Ukrayna-Rusiya müharibəsi ilə əlaqədar qiymətlər,
taxılın qiyməti ən pik həddə
qaldırıldı. Söhbət ancaq
heç qiymətdən də getmir. Söhbət ondan
gedir ki, bu gün ərzaq taxılı idxal etməyin öz
prosesi var. Siz dediyiniz kimi, Ukrayna və Rusiyanın dünya
taxıl istehsalında aparıcı rollarını, Ukraynada
bu il çətinliklər olacağını nəzərə
alaraq bu ehtiyatları artırırıq. Bir məqamı
da demək istəyirəm. Sizin
tapşırığınızla yerli istehsal, idxaldan
asılılığın azaldılması istiqamətində
də konkret layihələr hazırlanır və burada foksda
olan tədbirlər yaxın dövrdə təqdim olunacaq.
Siz bu gün Qarabağda, işğaldan azad olunmuş ərazilərdə
əkini dediniz və bizim digər böyük təsərrüfatlarda
da bu iş gedir.
Cənab
Prezident, Mikayıl Cabbarov dedi, hər məhsul üzrə
monitorinq aparılır, əsasən də minimum istehlak
bazarına daxil olan, əhali tərəfindən gündəlik
istifadə olunan 12 əsas məhsulun həm qiymət
baxımından, həm anbarlarda, respublikada olan ehtiyatlar
baxımından günbəgün monitorinqi aparılır. Təbii olaraq, bu gün elə bir dövr gəlib
ki, ölkələrin çoxu ancaq özlərinin təminatı
ilə ilk prioritet edirlər. Bunları nəzərə
alaraq, biz də, ilk növbədə, öz daxili
ehtiyatlarımıza baxırıq. Əgər artıq
yerli istehsal, planlar varsa, onlara ixrac verirlər və
sahibkarların İqtisadiyyat Nazirliyinə müraciətinə
əsasən beş gün ərzində
operativ qaydada bunlara baxılır. Yəni, deyə
bilərəm ki, bu gün Azərbaycanda əsas ərzaq məhsulları
üzrə kifayət qədər ehtiyatlarımız var.
Prezident
İlham Əliyev: Aydındır. Bu məsələ
ilə bağlı danışarkən, biz, ilk növbədə,
ərzaqlıq buğdanın istehsalını
artırmalıyıq. Əlbəttə
ki, ehtiyatları yığmalıyıq. Çünki
bizdə ümumi taxıl istehsalı ölkə tələbatının
60 faizini təşkil edir, ərzaqlıq buğda ilə isə
biz özümüzü cəmi 25 faiz təmin edirik. Ona görə məsələ qoyulub ki, ərzaqlıq
buğda ilə biz özümüzü ən azı 70-75 faiz
təmin edək. Buna nail olmaq
üçün potensial var, imkanlar var - həm azad edilmiş
torpaqlarda, həm ölkəmizin digər yerlərində. Həm
bu il, həm gələn illərdə
dövlət investisiya xərcləri
artırılmalıdır. Eyni zamanda,
sahibkarlara məqsədyönlü kreditlər, güzəştli
kreditlər verilməlidir ki, məhz bu sahə inkişaf etsin.
Çünki buğda əsas ərzaq məhsuludur.
Bizim həm coğrafi yerləşməyimiz,
iqlimimiz, eyni zamanda, bəzi yerlərdə torpağın
keyfiyyəti və şərait imkan vermir ki, biz
özümüzü bu gün buğda ilə yüz faiz təmin
edək. Ancaq buna
çalışmalıyıq və altı ay keçməmiş
biz azad edilmiş torpaqlarda indi böyük əkin işləri
ilə məşğuluq. Təxirəsalınmaz tədbirlər
nəticəsində ikinci dəfə əkin aparırıq və
bu il haradasa 50 min hektarda əkin
aparılacaq. Bu, çox yaxşı nəticədir.
Həm azad edilmiş torpaqlarda, həm də
bütün başqa yerlərdə məhsuldarlığı
artıra biləcək tədbirlərə əlavə vəsait
ayrılmalıdır. İlk növbədə,
suvarma, suvarma sistemləri, gübrələr və digər məsələlər
öz həllini tapmalıdır.
Bizim şəhid ailələri, müharibə əlilləri
üçün inşa etdiyimiz evlərin, mənzillərin
sayı artır. Bu, həm işğal dövründə
prioritet məsələlərdən biri idi və İkinci
Qarabağ müharibəsindən sonra bu məsələlər
öz həllini tapır. Burada məsələ
qoyulmuşdur ki, şəhid ailələrinin - həm Birinci
Qarabağ müharibəsinin, həm İkinci Qarabağ
müharibəsinin şəhid ailələrinin, müharibə
əlillərinin yaşayış məsələləri
tezliklə öz həllini tapsın. Bu istiqamətdə bu il və keçən il önəmli
addımlar atılmışdır. Əmək
və əhalinin sosial müdafiəsi naziri məlumat versin, bu
işlər nə yerdədir və ilin sonuna qədər
hansı işlərin görülməsi nəzərdə
tutulur?
Əmək
və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev:
Möhtərəm cənab Prezident, Sizin ali rəhbərliyiniz
ilə Azərbaycan Ordusunun Qələbəsi nəticəsində
ərazilərimizin işğaldan azad olunmasından sonra həyata
keçirilən siyasətin əsas istiqamətlərindən
biri də müharibədə iştirak edən və həyatını
itirən şəhidlərimizin ailə üzvlərinə,
öz sağlamlığını itirən müharibə əlillərimizə,
eyni zamanda, müharibə iştirakçılarına
dövlət dəstəyinin genişləndirilməsi idi. Bu
istiqamətdə Sizin
tapşırıqlarınıza uyğun olaraq tədbirlər
bir neçə sahə üzrə aparılmışdır.
İlk növbədə, sosial ödənişlərin
təminatı üzrə 93 min unikal şəxsə 103 min
sosial ödəniş təyin olunmuşdur. Burada həm şəhid ailəsi üzvləri, həm
müharibə əlilləri, eyni zamanda, müharibə
veteranları da əhatə edilmişdir. Mən
xüsusi olaraq vurğulamaq istəyirəm ki, Sizin müvafiq fərman,
sərəncamlarınızla 2021-ci ilin əvvəllərində
bu kateqoriyadan olan insanlara ödənilən Azərbaycan
Respublikası Prezidentinin təqaüdünün məbləği
60 faizədək artırılmışdır. Bu ilin əvvəlindən isə əlilliyə
görə aldıqları sosial müavinətlər də 60
faizədək artırılmışdır. Ümumilikdə qeyd etdiyim kimi, 93 min şəxsə
103 min sosial ödəniş təyin olunmuşdur.
Digər bir istiqamət məşğulluq sahəsinə dəstək tədbirləri olmuşdur. Bu çərçivədə 11 min şəhid ailəsi üzvü və müharibə əlilinə məşğulluq tədbirləri görülmüşdür. Onların yarısı özünüməşğulluq proqramlarına cəlb edilmiş və bu çərçivədə onlara kiçik ailə təsərrüfatının qurulması imkanı yaradılmışdır. Digər bir istiqamət isə işədüzəltmə, münasib işlə təminetmə proqramı olmuşdur ki, burada da məşğulluq marafonu çərçivəsində, xüsusilə sahibkarlarımızın bu proqrama aktiv qoşulması nəticəsində yaradılmış vakansiyalara iki mindən artıq şəhid ailəsi üzvü və müharibə əlilləri cəlb edilmişdir. Bu proqramın ən önəmli istiqamətlərindən biri Sizin vurğuladığınız kimi, mənzil təminatı məsələləri idi. Ötən il üç minədək mənzil məhz şəhid ailələri və müharibə əlillərinə təqdim olundu. Cari ilin birinci rübündə də 200 mənzil bu kateqoriyadan olan insanlara təqdim edildi. İlin sonunadək şəhid ailələrinə və müharibə əlillərinə 1500 mənzilin təqdim olunması planlaşdırılıb. Bu çərçivədə yaxın dövrlərdə növbəti yaşayış kompleksinin açılışı planlaşdırılır ki, ondan sonra bu proses daha da sürətlənəcəkdir.
Cənab Prezident, xüsusi olaraq vurğulayım ki, son üç il ərzində Sizin fərman-sərəncamlarınızla 6300 mənzil məhz bu kateqoriyadan olan insanlara təqdim olunub. Ümumilikdə müstəqillik dövrümüzdə bu rəqəm 12 min 500 mənzildir. Bunun 6300-ü məhz son üç ilin genişləndirilmiş proqramı çərçivəsində icra edilib ki, ilin sonunadək əlavə 1300 mənzilin də təqdim olunması, əlbəttə, bu kateqoriyadan olan insanlarımızın həyat şəraitinin yaxşılaşdırılması üçün çox önəmlidir.
Digər bir istiqamət də reabilitasiya məsələləri idi. Bu çərçivədə müharibədə yaralanmış 8 min əsgərimizə nazirlik tərəfindən 23 min reabilitasiya xidməti göstərilib. Bunu xüsusi olaraq vurğulamaq istərdim ki, əzalarını itirən 190 qazimiz bu günədək dördüncü nəsil 200 elektron protezlə təchiz edilib. Əlavə olaraq, müharibədə yaralanmış 3 minədək əsgərimizə 16 min reabilitasiya vasitəsi təqdim olunub. Bu proses də uğurla icra olunur və davamlı şəkildə həyata keçiriləcəkdir. Ümumiyyətlə, Vətən müharibəsində iştirak edib əzalarını itirən cəmi 6 qazimiz qalıb ki, onlar protezlə təmin olunmayıblar. Bunun da səbəbi onların müalicə proqramıdır. Çünki müalicənin müəyyən bir nöqtəsindən sonra məhz protezləşməyə təqdim oluna bilərlər. Bu sahədə işlərin əlaqələndirilmiş şəkildə həyata keçirilməsi üçün ötən ilin yayında Sizin verdiyiniz Fərmana uyğun olaraq, avqust ayından etibarən Vahid Əlaqələndirmə mərkəzləri yaradılmağa başlandı - həm DOST mərkəzlərində, həm də Dövlət Sosial Müdafiə Fondunun regional filiallarında. Bu günə artıq Bakı şəhəri və 33 rayonumuz Vahid Əlaqələndirmə Mərkəzi ilə əhatə olunub. Yaxın iki ay ərzində 15 rayonu birləşdirən daha üç mərkəz də yaradılacaq. Ümumiyyətlə, ötən 6 aylıq dövr ərzində bu mərkəzlərdə 26 min vətəndaşımız - şəhid ailəsi üzvü, müharibə əlili qəbul edilib və onlara 6 müxtəlif mərkəzi icra hakimiyyəti orqanının və yerli icra hakimiyyəti orqanlarının göstərdiyi 26 xidmət mərkəzləşdirilərək bu çərçivədə təqdim olunur.
Prezident
İlham Əliyev: Sağ olun.
X X X
Dövlətimizin başçısı
müşavirəyə yekun vurdu.
Azərbaycan.-2022.- 13 aprel.- S.1-4.