Azərbaycan
daha da güclənəcək
Üç
ayın yekunları keçən il əldə edilmiş
uğurların davamıdır
Prezident
İlham Əliyevin yekun nitqi
-Bu ilin sonuna qədər görüləcək bəzi işlər haqqında danışmalıyıq. Mən bu gün ancaq Qarabağ və Şərqi Zəngəzurda görüləcək işlərlə bağlı, planlarımız haqqında deyəcəyəm. Çünki bütün ölkə üzrə görüləcək işləri dilə gətirsəm, çox vaxt lazım olacaq. Ölkə üzrə bütövlükdə investisiya proqramının icrası nəticəsində işlər plan üzrə gedir və hər bir bölgədə vətəndaşlar bunu görürlər. Bir çox layihələr vətəndaşların məktubları əsasında icra edilir. Vətəndaşları narahat edən məsələlərlə bağlı onlar müraciət edirlər, həm mənə, həm də Prezident Administrasiyasına, hökumətə, aidiyyəti qurumlara və hər bir müraciət diqqətlə əhatə olunur. Ona görə investisiya proqramımızı tərtib edərkən, əlbəttə ki, yerlərdən gələn təkliflərə üstünlük verilir.
O ki qaldı, Qarabağ və Şərqi Zəngəzurdakı işlərə, orada hələ ki, heç kim yaşamır. Ona görə biz orada görüləcək işləri mərkəzləşdirilmiş qaydada etməliyik və edirik. Keçən il genişmiqyaslı abadlıq-quruculuq işlərinə start verildi, böyük infrastruktur layihələri icra edildi. Mən bu gün onların hamısını sadalasam, yenə də çox vaxt gedəcək.
Bu ilin sonuna qədər və növbəti
bir-iki il ərzində görüləcək işlərlə
bağlı öz tapşırıqlarımı bir daha vermək
istəyirəm. Birincisi, şəhərlərin Baş
planları ilə bağlıdır. Bizim hazırda Ağdam və
Füzuli şəhərlərinin Baş planları təsdiqlənib
və Baş planlar əsasında işlərə start
verilib. Artıq mən işlərin gedişatı ilə
tanış olmuşam. Digər şəhərlərin
Baş planlarının təsdiqlənməsi bu yaxınlarda
öz həllini tapmalıdır. Şuşa, Cəbrayıl,
Kəlbəcər, Zəngilan, Qubadlı şəhərlərinin,
Hadrut və Suqovuşan qəsəbələrinin Baş
planları hazırlanmalıdır, bu il təsdiq edilməlidir
və ondan sonra bizim Qarabağ və Şərqi Zəngəzura
aid olan investisiya proqramında əlavələr edilməlidir.
Çünki burada da
qeyd olundu, 2,2 milyard manat vəsait nəzərdə tutulur. Amma birinci rübdə cəmi 300 milyon manatdan bir qədər
çox vəsait istifadə olundu. Əlbəttə
ki, Baş planlar təsdiq olunandan sonra biz ancaq praktiki işlərlə
məşğul olacağıq. Mən,
ilk növbədə, yaşayış binalarının
inşasını nəzərdə tuturam. Çünki digər infrastrukturla bağlı layihələr
icra edilir. Minalardan təmizlənmə prosesini sürətləndirmək
üçün bu il dövlət büdcəsində
100 milyon manata yaxın vəsait nəzərdə tutulub və
bu, bizim üçün prioritet məsələdir. Çünki bu məsələ həll olunmadan biz
vətəndaşları o bölgələrə yerləşdirə
bilmərik. Ancaq tam əmin olandan sonra ki, o
ərazilər minalardan təmizlənib, biz vətəndaşları
o ərazilərə yerləşdirə bilərik.
Qeyd etdiyim kimi, yeni texnikanın alınması təmin
edilir, o cümlədən ən müasir texnika, dronlar və
digər müasir cihazlar alınır. Burada, əlbəttə ki,
beynəlxalq mütəxəssislərin dəstəyinə
böyük ehtiyac var. Bizim indi üç qurumumuz - ANAMA,
Müdafiə Nazirliyinin bölmələri və Fövqəladə
Hallar Nazirliyi minatəmizləmə işləri ilə məşğuldurlar.
Əlbəttə ki, bir müddət bundan əvvəl
yerli şirkətlərin buraya cəlb olunması məsələsi
müzakirə edilmişdir və bildiyimə görə, yerli
şirkətlər də bu işlərə qoşulur. Çünki bu təşəbbüs həm
sahibkarlığın inkişafına təkan verəcək,
- əfsuslar olsun ki, ölkəmizdə minatəmizləmə
prosesi uzunmüddətli olacaq, - eyni zamanda, yerli şirkətlər
burada təcrübə toplayıb öz xidmətlərini təqdim
edə bilərlər. Xarici şirkətlərə
gəldikdə, onların təklifi, əlbəttə ki, bu
günə qədər qiymət baxımından bizim
üçün o qədər də məqbul olmayıb.
Çünki yerli şirkətlərin verdikləri
qiymətlə xarici şirkətlərin verdikləri qiymətlər
arasında dəfələrlə fərq var. Ona görə mən
hesab edirəm ki, üç dövlət qurumu ilə bərabər,
yerli şirkətlər nə qədər çox yaransa, o qədər
yaxşıdır. Bir də ki, dövlət
xətti ilə ən müasir maşın və mexanizmlərin
alınması da təmin edilməlidir.
Azad
edilmiş ərazilərdə bu il elektrik
təchizatı ilə bağlı işlər davam etdiriləcək.
Azad edilmiş torpaqlarda keçən il 20
meqavat gücündə 4 Su Elektrik Stansiyası inşa
edilmişdir. İkisi Suqovuşanda, biri
Laçın rayonunun Güləbird kəndində, biri isə
Kəlbəcər rayonunda Lev çayı üzərində.
Mənfur düşmən
torpaqlarımızı tərk edərkən 30-dan çox
elektrik stansiyasını dağıdıb, yandırıb, o
stansiyaların qalıqları orada qalıbdır.
Xüsusilə Kəlbəcər, Laçın rayonlarında
olarkən bunu hər kəs görə bilər. Biz keçən
il bu stansiyaların bərpasına
başlamışıq. Bu il beş
stansiya “Azərenerji” tərəfindən bərpa ediləcək
və bu stansiyaların gücü 27 meqavata bərabər
olacaq. Ancaq qalan stansiyaların bərpası və
ondan sonra işlənməsi sahibkarlar tərəfindən
olsa, daha yaxşı olar. Çünki əlbəttə,
dövlət də bu işi öz üzərinə
götürə bilər, ancaq dövlətin digər
başqa xərcləri çoxdur – bu, birincisi.
İkincisi, bu, sahibkarlar üçün də əlverişli
investisiya ola bilər. Nəzərə
alsaq ki, azad edilmiş bütün bölgələr bu gün
Azərbaycanın digər bölgələri ilə elektrik xətləri
ilə birləşdirilib, ona görə orada istehsal olunacaq
enerji ümumi sistemə daxil ediləcək. Mən hesab
edirəm ki, sahibkarlar üçün bu, çox cəlbedici
ola bilər. Mən bilirəm
ki, İqtisadiyyat Nazirliyi və Prezident Administrasiyası bu
işlə məşğuldurlar və təkliflər də
verildi. Hesab edirəm ki, hər bir stansiya
üzrə təkliflər verilsin və bəlkə bu
müşavirədən sonra sahibkarlar da bu məlumatı məndən
eşidib daha da həvəsli olacaqlar. Yaxşı
olar ki, bu məsələ ilə maraqlanan sahibkarlar
üçün qalan stansiyaların yerləri ilə
bağlı xüsusi bir təqdimat keçirilsin, təkcə
ermənilər tərəfindən
dağıdılmış stansiyalardan söhbət getmir.
Hazırda xüsusilə, Kəlbəcər,
Laçın rayonlarında külək elektrik stansiyalarının
tikintisi ilə bağlı xarici şirkətlər bizə
müraciət edirlər. Əgər xarici
şirkətlər üçün bu, maraqlıdırsa, deməli,
burada mənfəət olacaq. Yerli şirkətləri
də cəlb etməliyik, ya xarici şirkətlərlə
birlikdə, ya da ki, ayrı-ayrılıqda. Cəbrayıl, Zəngilan rayonlarında Günəş
Elektrik stansiyalarının potensialı həddindən
artıq böyükdür. Yəni,
bütün bunlardan biz səmərəli şəkildə
istifadə etməliyik. Həm bərpaolunan
enerji növlərinin ümumi enerji balansımızdakı
payını 30 faizə artırmalıyıq, - mən bu
göstərişi vermişdim, bəlkə də gələcəkdə
daha çox olacaq, - həm də ki, təbii qaza qənaət
edib onu indiki yüksək qiymətlərlə ixrac edə biləcəyik.
Qeyd
etdiyim kimi, artıq bütün bölgələri birləşdirən
xətlər var. Keçən il azad
edilmiş torpaqlarda 9 elektrik yarımstansiyası inşa
edilmişdir. Bu, çox böyük göstəricidir.
Eyni zamanda, ən çətin relyefə malik olan Daşkəsəndən,
Kəlbəcər dağlarından da elektrik xətləri
çəkildi - Daşkəsəndən Kəlbəcərə.
Orada dağların hündürlüyü 3500 metrdir,
ağır, çətin şəraitdə, qış
aylarında biz bunu bacardıq. “Azərenerji”nin
mütəxəssisləri yüksək qiymətə layiqdirlər.
Bu il “Xudafərin” və “Qız qalası”
Su Elektrik stansiyalarının tikintisi ilə bağlı
işlər sürətləndirilməlidir. İran
İslam Respublikası ilə danışıqlar
aparılır və hesab edirəm ki, daha da sürətlə
aparılmalıdır ki, biz tezliklə burada da
razılığa gələk. Çünki
bu stansiyaların potensialı çox böyükdür - 240
meqavat gücündədir və bu stansiyalar inşa ediləndən
sonra bunun yarısı bizə çatacaq. Beləliklə, biz bu imkanlardan da istifadə edə
bilərik. “bp” şirkəti ilə Cəbrayılda
Günəş Elektrik Stansiyasının tikintisi üzrə
danışıqlar gedir. Ümid edirəm ki,
yaxın gələcəkdə bir nəticə də olacaq.
Hesab edirəm ki, bu stansiyanın çox
böyük potensialı olacaq.
Bütövlükdə artıq bu rəqəmi mən səsləndirmişdim. Təkcə
azad edilmiş torpaqlarda bərpaolunan stansiyaların 9 min
meqavatdan çox potensialı var və biz dünyanın
aparıcı xarici şirkətlərindən çoxlu təkliflər
alırıq. Nəzərə alsaq ki, bizim qonşu
ölkələrlə elektrik xətləri mövcuddur və
ixrac imkanlarımız genişlənir və keçən il elektrik enerjisinin ixracatı 2020-ci ilə nisbətdə
daha da artıb. Burada doğrudan da həm ölkə
üzrə, həm Xəzər dənizini nəzərə
almaq şərti ilə çox unikal bir potensial var. Amma mən
bu gün azad edilmiş torpaqlarda görüləcək
işlər haqqında danışarkən məhz bu məsələni
diqqətinizə çatdırmaq istərdim. Eyni zamanda, Zəngilandan İran üzərindən
Naxçıvana və oradan yenə də İranın enerji
sisteminə və Türkiyəyə elektrik xətlərin
çəkilişi də gündəlikdə duran məsələlərdəndir.
Keçən ay İranla Azərbaycan arasında
körpülərin, dəmir yolu körpülərinin
tikintisi ilə bağlı memorandum imzalanmışdır. Eyni zamanda, o
memorandumda elektrik xətlərinin çəkilişi ilə
bağlı müddəa var. Ona görə biz bu işlərə
də tezliklə başlamalıyıq. Hər halda, Azərbaycan
ərazisində görüləcək işlərlə
bağlı bu il konkret təkliflər
verilməlidir. Cəbrayıl
yarımstansiyasından Zəngilana qədər xətlərin
çəkilməsi və İran İslam Respublikası ilə
son razılaşmaya gələndən sonra artıq İran
üzərindən bu xətt gedə bilər.
Eyni zamanda, avtomobil körpülərinin və dəmir
yolu körpülərinin inşası da nəzərdə
tutulur. Əlbəttə, bu, Zəngəzur dəhlizinin
açılmasını inkar etmir. Zəngəzur
dəhlizi açılmalıdır. Zəngəzur
üzərindən həm dəmir yolu, həm avtomobil yolu məsələsi
ilə bağlı aprelin 6-da Brüsseldə geniş fikir
mübadiləsi aparılmışdır. İran üzərindən yolun Naxçıvana
çəkilməsi və oradan dünya bazarlarına
çıxarılması layihəsi də artıq
hazırlanır. Ümid edirəm ki,
yaxın gələcəkdə təməlqoyma mərasimi də
keçirilə bilər və beləliklə, yeni beynəlxalq
nəqliyyat dəhlizi açılacaqdır. Ümumiyyətlə, bizim nəqliyyat infrastrukturu ilə
bağlı olan bütün planlarımız
vaxtlı-vaxtında yerinə yetirildi. Əgər bu
gün həm limana, həm dəmir yollarına, həm hava
limanlarına, avtomobil yollarına və digər infrastruktura bu
böyük investisiyalar qoyulmasaydı, Azərbaycan, əlbəttə
ki, yeni yaranan bu imkanlardan məhrum ola bilərdi.
Ancaq, əksinə, biz bu gün öz nəqliyyat
infrastrukturumuzu maksimum işə sala bilərik. Gəmiqayırma zavodunda yeni yük gəmiləri,
tankerlər inşa edilir. Yəni,
bütün bunlar vaxtında atılmış
addımlardır. Əgər biz gəmiqayırma
zavodunu inşa etməsəydik, bu gün bu imkanlardan istifadə
edə bilməzdik. İndi isə biz
heç kimdən asılı deyilik. Nə qədər
istəsək, o qədər də bərə, tanker, yük gəmisi
inşa edə bilərik və Xəzər üzərindən
yükdaşımaların həcmini bu il
artıracağıq və gələn il daha da
artıracağıq.
Onu da bildirməliyəm ki, 100 kilometr uzunluğu olan
Horadiz-Ağbənd dəmir yolunun 60 kilometri artıq
hazırdır. Yəni, biz sürətlə gedirik.
Dörd və altı zolaqlı avtomobil yolu da
çəkilir.
Mən bir məsələyə də diqqət yetirmək
istərdim. Ermənistan da görməlidir ki, o, bizim
planlarımızı əngəlləyə bilməz. Əgər Zəngəzur üzərindən bizə
keçid verməsə, özü itirəcək və
birinci növbədə, 10 noyabr Bəyannaməsini pozmuş
olacaq. Çünki 10 noyabr Bəyannaməsində
açıq-aşkar yazılıb ki, Azərbaycanın qərb
rayonları ilə Naxçıvan Muxtar Respublikası
arasında əlaqə olmalıdır və bu, Ermənistanın
öhdəliyidir. Əgər o, öz
öhdəliyini yerinə yetirmək istəmirsə, onda biz də
hər hansı bir öhdəliyin yerinə yetirilməsi ilə
bağlı heç bir məsuliyyət
daşımayacağıq. Onlar bunu bilməlidirlər,
vaxtı uzatmamalıdırlar. Onsuz da biz istədiyimizə
gec-tez nail olacağıq. Daha yaxşı
olar ki, onlar özləri də bir az cəld
tərpənsinlər. Yoxsa yenə də dalan
kimi qalacaqlar.
Digər
infrastruktur layihələrinə gəldikdə isə deyə
bilərəm ki, Bərdə-Ağdam dəmir yolunun
inşası bu il davam edir. Yəqin ki, gələn
il istifadəyə veriləcəkdir. Bununla paralel olaraq, Ağdamda və Füzulidə dəmir
yolları, vağzalları da inşa edilməlidir. Layihələr təqdim edilməlidir və aidiyyəti
qurumlar tərəfindən nəzərdən keçirilməlidir
və mənə təqdim olunmalıdır.
Nəqliyyat infrastrukturu ilə bağlı digər məsələ
Zəngilan Beynəlxalq Hava Limanının istifadəyə
verilməsidir.
Bu da bu ilə nəzərdə tutulur. Azad edilmiş torpaqlarda Füzulidən sonra ikinci beynəlxalq
hava limanı olacaq. O ki qaldı, Laçın Beynəlxalq
Hava Limanının inşasına, bunu biz 2024-cü ilə
planlaşdırırıq. Orada işlərin həcmi
çox böyükdür, həm dağlar
partladılmalıdır, həm ərazi düzəlməlidir
və orada doğrudan da çox böyük torpaq işləri
var. Amma o da mütləq olacaq.
Avtomobil
yollarının çəkilişinə gəldikdə, bu il Naftalandan Talış kəndinə qədər
yollar tam istismara verilməlidir. Bu, eyni zamanda,
Naftalanı Suqovuşanla birləşdirəcək. Hər iki yaşayış yeri turizm
üçün çox əlverişlidir. Naftalan artıq beynəlxalq turizm mərkəzinə
çevrilib və Suqovuşana oradan məsafə çox
qısadır. Suqovuşanda da turizm
imkanları bu yaxınlarda təqdim edildi - həm turizm, həm
yaşayış, həm idman. Yəni, bu
yolun çox böyük əhəmiyyəti var və biz
Suqovuşana həm Naftalan istiqamətindən, həm də Tərtər
istiqamətindən rahatlıqla gedə biləcəyik.
Ona görə bu il bu yol istismara verilməlidir.
Laçın şəhərindən yan keçən
yeni alternativ yolun istifadəyə verilməsi də bu ilə
planlaşdırılır. Bu yolun da çox böyük əhəmiyyəti
var və biz bunu artıq bu il istismara verməliyik.
Bu il istifadəyə veriləcək yolların
arasında Füzuli-Hadrut avtomobil yolu, Qubadlı-Eyvazlı kəndi
yolu və digər yollar var. O cümlədən Kəlbəcər
və Laçın rayonlarında hərbi əhəmiyyətli
yolların çəkilişi davam etdiriləcək. Tarixdə
heç vaxt yollar olmayan yerlərdə, ərazilərdə təkcə
keçən il 700 kilometrə yaxın
yollar çəkilib. Yəni, Azərbaycan-Ermənistan
sərhədinə qədər bu yollar çəkilib.
İndi sərhəddə rahat xidmət etmək
mümkündür. Davam edən layihələrlə
bağlı Azərbaycan ictimaiyyətini məlumatlandırmaq
istəyirəm. Deməli, avtomobil
yolları arasında Bərdə-Ağdam avtomobil yolunda
işlər çox sürətlə gedir, Kəlbəcər-Laçın
avtomobil yolu və təxminən 4 kilometrlik tunel inşa edilir.
Xudafərindən Qubadlıya, oradan isə Laçına gedən
magistral yol inşa edilir. Cəbrayıl-Hadrut
yolu inşa olunur. Zəfər yolu
açıldı, amma indi Füzuli-Şuşa 4 cərgəli
magistral yol, Horadiz-Ağbənd, Ağdam-Füzuli yolları
çəkilir. Ən vacib yollardan biri Toğana-Kəlbəcər
avtomobil yoludur, çünki bu yol və 12 kilometrlik tunel
çəkiləndən sonra daha Murov
aşırımından keçməyə ehtiyac qalmayacaq,
biz rahat tunellə keçəcəyik. Kəlbəcər-İstisu
avtomobil yolunun tikintisi bu il davam etdirilir. Bunun da böyük rəmzi mənası var.
İstisu sanatoriyası sovet vaxtında çox məşhur
idi. Həm Azərbaycan sakinləri, həm
sovet ittifaqının müxtəlif yerlərindən oraya gələnlər
çox idi. Amma biz Mehriban xanımla
İstisuda olanda dəhşətli mənzərəni
gördük. Sanatoriya, su mənbələri
tamamilə dağıdılıb. Mən
demişəm bu vəhşi qəbilə hər yerə
burnunu soxub, o cümlədən oraya. Keçmiş
sanatoriyadan ancaq bəzi qalıqlar qalıb. Ona görə mən qərara gəldim ki, orada yeni,
müasir otel inşa edilsin. İndi təqribən
150-160 yerlik otelin layihəsi hazırlanır. Biz müalicəvi içməli suyun istehsalına
da başlamalıyıq. Bu göstəriş
də verildi. İndi ilkin təmaslar olubdur və hesab
edirəm ki, bu il hər iki vacib və
böyük rəmzi məna daşıyan layihələrin təməli
qoyula bilər. Eyni zamanda, əminəm ki, necə
deyərlər, bu tarixi ədaləti bərpa edəcəyik və
yenə də beynəlxalq səviyyəli kurort yaranacaq. Çünki Laçın aeroportu istifadəyə
veriləndən və Toğana-Kəlbəcər avtomobil
yolu, tunel çəkiləndən sonra həm Gəncə
istiqamətindən, həm Laçın istiqamətindən Kəlbəcərə
gəlmək çox rahat olacaq. Əminəm,
çox vaxt keçməyəcək ki, İstisu yenə də
öz şöhrətini qaytaracaq. Azad
edilmiş torpaqlarda indi içməli su mənbələrinin
layihələndirilməsi gedir. Onların arasında, əlbəttə
ki, Şuşa şəhərinin içməli
su layihəsi prioritetdir. Çünki artıq
Şuşada insanlar yaşayır. Şuşada
yaşayış binaları da tikilir və tezliklə insanlar
qayıdacaqlar. Ona görə Şuşanın içməli
su layihəsi bu il tam istifadəyə verilməlidir.
Ermənilər müharibə zamanı
Şuşadan qaçarkən o su xətlərini də
partlatmışdılar, növbəti vəhşilik törətmişdilər
və işğal dövründə 17 bulağın 17-sini də
yararsız vəziyyətə salıb qurutmuşdular.
Bunlar vəhşiliyin təzahürləridir və bu, bir daha
onu göstərir ki, Şuşa ermənilər
üçün həmişə yad şəhər olub. Həmişə Şuşaya paxıllıq edirdilər,
öz çirkin arzularını yaşadırdılar ki, nə
vaxtsa Şuşanı onlar işğal edəcəklər.
Əfsuslar olsun ki, 1992-ci ilin mayında Şuşa
milli xəyanət nəticəsində işğal olundu. İndi isə biz Şuşaya
qayıtmışıq, biz Şuşanın sahibləri
qayıtmışıq və əbədi orada
yaşayacağıq. Şuşanın bərpası
bütün digər azad edilmiş torpaqlarla yanaşı, əlbəttə
ki, çox önəmlidir və hesab edirəm ki, prioritet
olmalıdır. Azərbaycan xalqı da bu
yanaşmanı təqdir edir. İndi Şuşada
artıq bərpa işləri gedir, bəzi tarixi abidələr
bərpa edilib və bu il görüləcək
işlərlə bağlı tapşırıqlar vermək
istəyirəm. Tarixi abidələr bərpa
edilir, Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə
bərpa edir, eyni zamanda, yeni məscidin inşası yaxın
aylarda başlanacaq. Artıq yer müəyyən
olundu, biz onun təməlini qoyduq.
İndi digər tarixi abidələrin bərpası
gedir. Bəzi təkliflər, eskizlər var və əlbəttə
ki, biz Şuşanın tarixi simasını bərpa etməliyik.
Hər hansı bir tarixi memarlıq ansambla xələl
gətirə biləcək başqa layihə orada icra edilməməlidir.
Şuşada yeni teleqüllənin təməli
qoyuldu və yəqin ki, yaxın gələcəkdə layihə
təqdim ediləcək. Təqdim edilən
kimi mütləq vəsait ayrılmalıdır. 960 şagirdlik məktəb, 90 çarpayılıq
xəstəxana inşa edilir. Bu layihələrin
təməli qoyuldu. Keçmiş poçt binasında
“ASAN xidmət”, DOST mərkəzi və əhaliyə xidmət
göstərən digər qurumlar yerləşəcək. Poçt binası memarlığı saxlanılmaq
şərti ilə əsaslı şəkildə təmir
olunacaq.
Onu da bildirməliyəm ki, Şuşada
yaşayış məhəlləsinin təməli qoyuldu,
evlərin inşasına start verildi. Yeni beşulduzlu otelin
inşası üçün yer seçildi. O, həmin
yerdir ki, o vaxt qondarma qurum orada dırnaqarası parlament
inşa etmək istəyirdi və digər şeytan yuvası
orada yerləşmişdi. Müharibə
zamanı o da yox oldu. İndi orada
beşulduzlu otelin layihəsi mənə təqdim edildi. Şuşanın memarlığına uyğun
gözəl bir bina olacaq. Şəhər
meriyası binası əsaslı şəkildə təmir
edilir və onun yanında yeni konfrans zalı inşa olunur.
Çünki indi Şuşada böyük tədbir
keçirmək üçün yer yoxdur. Ona görə konfrans zalı meriya binasına
bitişik olacaq və orada yaxın gələcəkdə ən
mötəbər tədbirlər keçiriləcək.
Gələn ay Şuşada “Xarıbülbül”
festivalı yenidən keçiriləcək. Keçən il Heydər Əliyev Fondunun təşəbbüsü
ilə bu festivalda Azərbaycanda yaşayan xalqlar öz
istedadını nümayiş etdirmişlər. Bu gün isə eyni zamanda, biz dünyanın müxtəlif
ölkələrindən folklor kollektivlərini dəvət
etmişik. Artıq məndə ilkin məlumat
var, vaxtından qabaq anons vermək istəmirəm, amma hesab
edirəm ki, çox maraqlı festival olacaqdır. Artıq bu ənənəni də biz bərpa
etmişik. Bildiyiniz kimi, TÜRKSOY
Şuşanı 2023-cü ildə “Türk
dünyasının mədəniyyət paytaxtı” elan
etmişdir.
Azad
edilmiş ərazilərdə suvarma ilə bağlı layihələrin
icrası bu il nəzərdə tutulur. Bu layihələrin xüsusiyyəti ondan ibarətdir
ki, hazırlıq işləri çox vaxt aparır. Çünki layihələndirmə işləri
düzgün aparılmalıdır, yerlər düzgün
seçilməlidir. Harada kanal çəkiləcək,
harada su anbarı tikiləcək – bu, doğrudan da vaxt aparan məsələdir.
Ona görə mən heç kimi tələsdirmirəm.
Amma, eyni zamanda, artıq təsdiq edilmiş layihələrin
icra edilməsi üçün də biz mütləq vəsait
tapmalıyıq. Burada da qeyd olundu ki, biz
indi büdcəni profisitlə icra edirik. Vergi
orqanları bu ilin 3 ayında proqnozdan əlavə 500 milyon
manatdan çox və gömrük orqanları 200 milyon manatdan
çox vergi toplamışlar. Yəni,
bizim indi imkanımız var.
Suvarma işləri həm azad edilmiş torpaqlar
üçün, həm bütün ölkə
üçün ərzaq təhlükəsizliyini şərtləndirən
əsas amillərdən biri olacaq. Bu layihələr elə
icra edilməlidir ki, bizim ümumi suvarma təsərrüfatımıza
inteqrasiya olunsun. Bax, buna da çox ciddi
fikir vermək lazımdır. Çünki
azad edilmiş torpaqların relyefi belədir ki, - xüsusilə
Kəlbəcər, Laçın, Qubadlı zonasını nəzərdə
tuturam, - oradan həm suvarma suyu, həm içməli su öz
axarı ilə gəlib Ağdama, Bərdəyə və digər
yerlərə çata bilər. Bu,
ümumi suvarma sistemimizə inteqrasiya edilməlidir. Eyni zamanda, biz çaylarımızdan içməli
su mənbəyi kimi istifadə etməliyik. İşğal dövründə
çaylarımız da ekoloji terrora məruz
qalmışdır, çaylarımız da işğal
altında idi və düşmən bizi
çaylarımızdan da məhrum etmişdi. Çünki biz Tərtər çayının
suyundan faktiki olaraq istifadə edə bilmirdik. Tərtər çayı isə Azərbaycanın ən
böyük çaylarından biridir. Suqovuşan
ermənilərin əlində olduğu üçün yayda
suyu kəsirdilər, bizə qarşı ekoloji terror törədilmişdi.
Qışda isə buraxırdılar ki, o da
daşqınlara səbəb olurdu.
İndi Qarabağda ermənilərin
yaşadıqları yerdə qaz xətti nasaz vəziyyətə
düşmüşdür və bir müddət qaz yox idi. Dünyaya
hay-haray qaldırmışdılar ki, Azərbaycan burada
humanitar fəlakət törədir. Naxçıvan
qazını onlar 15 il kəsib belə vəziyyətdə
saxlamışdılar. Naxçıvanda isə
qış daha sərtdir. Haradasa şaxta mənfi
30 dərəcəyə çatır. Yaxşı,
naxçıvanlılar 1990-cı ildən 2005-ci ilə qədər
qazsız yaşamışlar. Kim məhrum
etmişdi onları? Ermənilər və
Ermənistan rəhbərliyi, Ermənistan dövləti.
Bir adam, bir təşkilat, bir ölkə səsini
qaldırmışdı? Yox! Biganə idilər.
Amma bir həftə Xankəndidə qaz olmayanda adam
qalmayıb ki, bizə zəng etməsin - Amerikadan tutmuş
Avropaya qədər. Birincisi, Avropanın
özündə elə ölkələr var ki, orada qaz yoxdur,
ümumiyyətlə yoxdur, qazlaşdırma aparılmayıb.
İndi mən ad çəkmək istəmirəm.
Elə ölkələr var ki,
qazlaşdırmanın səviyyəsi 3-5 faizdir. Orada humanitar fəlakət hökm sürür?
Bunlar bir həftə qazsız qalıblar, bu,
humanitar fəlakətdir? Bəs, Naxçıvan 15 il qazsız qalanda niyə humanitar fəlakət
deyildi. Sualdır bu. Bu suala cavab var? Var! İkili standartlar və ayrı-seçkilik. Biz indi qazı bərpa etmişik və ermənilər
bunu qiymətləndirməlidirlər. Biz,
sadəcə olaraq, xoş niyyət göstərmişik.
İstəməsəydik, bərpa etməzdik.
Kim bizə söz deyə bilər? Biz borclu idik onu bərpa etməyə? Yox! Bərpa etdik, ümid edirik, onlar da anlayacaq ki, Azərbaycan
vətəndaşlarıdır və onlar Azərbaycan
bayrağı altında yaşamalıdırlar və
yaşayacaqlar. Bunu nə qədər tez
başa düşsələr, onlar üçün o qədər
yaxşı olacaq. Ona görə
etmişik, humanizm göstərmişik. Amma
Naxçıvanı qazsız qoyan o hadisəni heç vaxt
unutmamışıq. Biz 2005-ci ildə
İranla razılaşma əsasında İrandan
Naxçıvana qaz çəkdik və Astaradan İran
Astarasına qaz xətti çəkdik və svop əməliyyatları
keçiririk. O vaxtdan bu günə qədər
Naxçıvan belə təmin edilir, İrandan qaz alır. Amma bizim qazımız kəsilmişdir, bizim suyumuz kəsilmişdir.
Avropa Şurası Parlament Assambleyasında bir neçə il bundan əvvəl xüsusi məruzə hazırlandı və qəbul edildi - Ermənistanın Azərbaycana qarşı ekoloji terroru ilə bağlı məruzə. Orada hər şey açıq-aşkar deyilmişdi. Tərtər çayının suyundan bizi məhrum etmişdilər. Halbuki Heydər Əliyev Suqovuşan su anbarını inşa edəndə Bərdə, Ağdam, Goranboy, Yevlax, Ağcabədi və digər rayonların 100 min hektar torpağını suvarması nəzərdə tutulurdu və su gedirdi. İndi biz Suqovuşana qayıtmışıq, indi suyu bərpa etmişik və yeni kanallar da çəkiləcək. Digər çaylar, - qoy, bunu həm Azərbaycan vətəndaşları, həm dünya bilsin, ermənilər bizi nədən məhrum etmişlər, - Həkəri çayı - ən böyük çaylardan biri, istifadə edə bilmirdik. Bazarçay. Buna Bərgüşad çayı da deyilir. Lev çay, Zabux, Tutqun, Turqay, Bəsitçay, Qarqarçay, Quruçay, Köndələnçay, Oxçuçay. Bütün bu çayları ermənilər işğal etmişdilər, vəhşicəsinə istismar edirdilər. Oxçuçay çayının fəlakəti indi dünyanın gözü qabağındadır. Biz bu məsələni qaldırmışıq. Məsələni qaldıranda bizə söz verildi ki, bu fəlakəti törədən şirkət gəlib bunu təmizləyəcək. Amma artıq bundan bir il vaxt keçib, bizə heç bir təklif verilmir. Oxçuçayı zibilləyən, zəhərləyən “Cronimet” şirkətidir. Bu, böyük şirkətdir və bəzi xarici mətbu orqanlarında gedən məlumatlara görə, korrupsiya sxemləri əsasında Serjik Sarkisyanın keçmiş xunta rejiminin nümayəndələri ilə bunların qanunsuz biznes əlaqələri olub və onlar birlikdə orada o mis kombinatını işlədiblər. Ondan sonra Ermənistan hökuməti korrupsiyalaşmış həmin o erməni nümayəndələrindən bu kombinatın payını alıbdır. Ancaq bu fəlakəti törədən “Cronimet” şirkəti buna cavab verməlidir, yoxsa yox? Mən demişəm ki, beynəlxalq məhkəmələrdə məsələ qaldırılmalıdır. İndi mən çox şey demək istəmirəm, biz artıq hüquqi iddia ilə də çıxış edəcəyik, hazırlıq işləri gedir, beynəlxalq mütəxəssislər cəlb olunub. Biz erməniləri törətdikləri vəhşiliklərə görə bütün dünyada ifşa edəcəyik. O cümlədən xarici şirkətləri, hansılar ki, bizim təbii yataqlarımızı istismar ediblər. Qızıl yataqlarımızı, digər yataqlarımızı qanunsuz istismar edən xarici şirkətlər hesab edirlər ki, bizdən yaxa qurtaracaqlar? Yox! Biz onları məhkəməyə gətirəcəyik, onları biabır edəcəyik. Oxçuçay suyunu sarı rəngə boyayan “Cronimet” şirkəti gəlsin o zibilini təmizləsin. Yoxsa hesab edirlər ki, vaxt keçdi və biz hər şeyi unutduq. Biz heç nəyi unutmamışıq və unutmayacağıq.
Görün, işğal altında qalan su anbarları nə qədər idi. Xudafərin - 1 milyard 600 milyon kubmetr su ehtiyatı olan ən böyük su anbarı, Qız qalası, Suqovuşan, Xaçın, Köndələnçay-1, Köndələnçay-2, Aşağı Köndələnçay, Ağdamkənd – bax, bu su anbarları işğal altında idi. İndi biz onları bərpa edirik və bərpa edəcəyik. Konkret layihələrə gəldikdə, mən bu sahədə hansı işlər görüləcəyini də bildirməliyəm. Həkəriçay su anbarının tikintisi nəzərdə tutulur, yeni su anbarı olacaq. Suqovuşan su anbarının və kanalın təmiri. Kanalın uzunluğu 5,2 kilometrdir, təmirdən sonra Suqovuşandan daha böyük əraziyə suyun verilməsi mümkün olacaq. Xaçınçay su anbarının və 7 kilometr uzunluğunda kanalın təmiri. Onu da bildirməliyəm ki, Xaçınçay su anbarı düz Fərrux dağının altındadır, Fərrux kəndinin düz böyüründədir və ermənilərin hərbi mövqeləri bu su anbarının istismarını təhlükəyə salmışdı, yəni, böyük bir təhlükə mənbəyi idi. Dəfələrlə oradan və digər kəndlərdən Ağdam istiqamətinə atəş açılırdı. Fərrux dağını məncə, indi dünyada tanımayan yoxdur və Azərbaycanın böyük dağı olan Fərrux dağı bu gün bizim nəzarətimizdədir, Azərbaycan bayrağı orada dalğalanır. Xaçınçayın təhlükəsizliyi və bu sudan istifadə etmək üçün Fərrux dağının böyük əhəmiyyəti var. Ondan sonra Aşağı Köndələnçay, Köndələnçay-1 və Köndələnçay-2 su anbarlarının təmiri nəzərdə tutulur. Tərtərçay Sol Sahil kanalının, Ağdam, Füzuli və Cəbrayıl rayonlarının su təsərrüfatı kompleksinin yenidən qurulması, o cümlədən su mənbələrinin müəyyən edilməsi nəzərdə tutulur. Çünki sovet vaxtında olan su mənbələri bəzi səbəblərə görə uyğun olmaya bilər. Ona görə bu kompleks tədbirlər nəzərdə tutulur və Bərgüşad su anbarının layihəsinin hazırlanması bu il öz həllini tapmalıdır. Bu yaxınlarda verilən yeni təklif əsasında Zəngilan, ya da Qubadlı rayonlarının birində yeni su anbarının tikintisi nəzərdə tutulur və bu kanalların inşası bizə imkan verəcək ki, yaxın zamanlarda 10 min hektarı suvarma ilə təmin edək. Yenə də demək istəyirəm ki, bütün bu işlər ümumi su təsərrüfatı sistemimizə inteqrasiya edilməlidir.
Digər layihələrə gəldikdə bildirməliyəm ki, Ağalı kəndinin sakinləri artıq bu il Ağalıda yerləşəcəklər, orada yaşayacaqlar. Bu il Ağalı kəndinin açılışı olacaq. Bu, birinci pilot layihədir. Füzulinin Dövlətyarlı kəndinin yaradılmasına bu il başlanacaq. Bu, bir neçə kəndi birləşdirən layihədir. Ağalı kəndindən daha böyük yaşayış yeri olacaq. Azad edilmiş digər rayonlarda kəndlərin yenidən qurulması layihələri hazırlanır və şəhərlərlə paralel olaraq biz kəndləri də bərpa edəcəyik.
Üç məktəbin inşası bu il başa çatmalıdır – Ağdamda 1 nömrəli məktəb, Cəbrayıl şəhərində məktəb və qeyd etdiyim kimi, Şuşa şəhərində məktəb. Hər üç məktəb 960 yerlikdir. Dörd xəstəxana inşa edilir. Şuşa şəhərində xəstəxana bu il istismara veriləcək, Ağdamda 210, Füzulidə 180 çarpayılıq xəstəxanaların inşasına start verilib. Cəbrayılda isə yaxın gələcəkdə xəstəxananın təməli qoyulacaq.
Mən Ağdam və Cəbrayıl rayonlarında iki sənaye parkının təməlini qoymuşam və bu yaxınlarda iqtisadiyyat naziri mənə orada görüləcək işlər barədə məruzə etmişdir. Maraq böyükdür, yerli şirkətlər çox böyük maraq göstərirlər və mən əminəm ki, yaxın, bəlkə də 1-2 ilə, 3 ilə o parklar üçün nəzərdə tutulmuş çox böyük ərazi bəlkə çatmaya da bilər. Ona görə mən çox şadam ki, Azərbaycan sahibkarları böyük həvəslə, ürəklə bu işlərə qoşulurlar. Başa düşürəm ki, bəlkə də ilkin mərhələdə iqtisadi cəhətdən o qədər də böyük səmərə verməyəcək. Ancaq mən bunu onların necə deyərlər, vətəndaşlıq borcu kimi qəbul edirəm və şadam ki, onlar mənim çağırışıma cavab veriblər. Eyni zamanda, azad edilmiş bölgələrin potensialını, nəqliyyat yollarını nəzərə alaraq əminəm ki, bura qoyulan hər bir manat xeyir gətirəcək.
Beləliklə, keçmiş məcburi köçkünləri qaytarmaq üçün kompleks tədbirlər görürük. Yaşayış binaları, infrastruktur, iş yerləri, kənd təsərrüfatı ilə məşğul olmaq imkanları, sənaye parkları - biz planlı şəkildə bu işləri görəcəyik. Bu, ancaq azad edilmiş torpaqlarda bu il görüləcək işlərin siyahısıdır və əminəm ki, bütün planlar həyatda öz əksini tapacaq. Biz istədiyimizə nail olacağıq. Azad edilmiş torpaqlarda görülən işlərlə bağlı Azərbaycan xalqına bundan sonra da müntəzəm məlumat veriləcəkdir.
Sağ olun.
Azərbaycan.-2022.- 13 aprel.- S.4-5.