"Qaz təchizatı
haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik
edilməsi barədə
Azərbaycan
Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 11-ci bəndini rəhbər tutaraq qərara alır:
Maddə 1. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, ¹ 9, maddə 563; 2004, ¹ 7, maddə 505; 2007, ¹ 5, maddə 442; 2009, ¹ 10, maddə 768; 2010, ¹ 5, maddə 374; 2011, ¹ 4, maddə 262, ¹ 12, maddə 1091; 2015, ¹ 11, maddə 1251; 2016, ¹ 12, maddə 1991; 2017, ¹ 6, maddə 1018; 2018, ¹ 3, maddə 380, ¹ 4, maddə 634; 2019, ¹ 11, maddə 1689; 2021, ¹ 5, maddə 429, ¹ 7, maddə 701) aşağıdakı dəyişikliklər edilsin:
1.1. 1-ci
maddənin birinci hissəsi üzrə:
1.1.1. onuncu abzasda "hüquqi şəxs"
sözləri "müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqan (qurum)" sözləri ilə əvəz
edilsin;
1.1.2. on
ikinci abzasdan "istilik enerjisinin alınması və məişət
ehtiyacları üçün" sözləri
çıxarılsın;
1.1.3. on üçüncü abzasdan ", əhalinin"
və "qazın yanacaq kimi istehlakı prosesində"
sözləri çıxarılsın;
1.1.4. on
dördüncü abzasda ", istilik enerjisinin alınması
və məişət ehtiyacları üçün qazın
yanacaq və müxtəlif növ məhsulların
istehsalı ilə əlaqədar xammal kimi istehlakı prosesində"
sözləri "və ya qeyri-məişət ehtiyacları
üçün" sözləri ilə əvəz edilsin;
1.1.5. iyirminci abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz olunsun
və maddəyə aşağıdakı məzmunda iyirmi
birinci - iyirmi beşinci abzaslar əlavə edilsin:
"müayinə - istehlakçının qaz
qurğularının və qaz xətlərinin, tüstü
bacalarının, habelə havalandırma və havadəyişmə
xətlərinin işçi vəziyyətdə
olmasının və texniki təhlükəsizlik tələblərinə
riayət olunması vəziyyətinin müəyyən edilməsi,
o cümlədən nöqsan və (və ya) pozuntuların
aşkar edilməsi məqsədilə həyata keçirilən
fəaliyyət;
texniki
xidmət - istehlakçının qaz qurğularının və
balans mənsubiyyəti sərhədində yerləşən
qaz xətlərinin (bundan sonra - qaz qurğularının və
qaz xətlərinin), tüstü bacalarının, habelə
havalandırma və havadəyişmə xətlərinin təhlükəsiz
və etibarlı istismarının təmin olunması məqsədilə
müayinə aktı üzrə aşkar edilmiş nöqsan və (və ya)
pozuntuların aradan qaldırılması məqsədilə həyata
keçirilən təmir və digər əlaqədar xidmət
işləri;
tüstü bacası - yanma məhsullarının (tüstü
qazlarının) qaz qurğularından sorularaq atmosferə
atılmasını təmin edən boru;
məişət abonenti - yaşayış evlərində və mənzillərdə, o cümlədən
Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 91-ci
maddəsində nəzərdə tutulan xüsusi təyinatlı
yaşayış sahələrində məişət
ehtiyacları üçün qazdan istifadə edən fiziki
şəxs;
ixtisaslaşmış podratçı - işçiləri
bu Qanunla müəyyən edilmiş qaydada ixtisas attestatı
alan, texniki xidməti həyata keçirən hüquqi şəxs
və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti
ilə məşğul olan fiziki şəxs.";
1.2.
3-cü maddə üzrə:
1.2.1. 1-ci
və 2-ci hissələrə "müvafiq" sözündən
sonra "icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) müəyyən etdiyi" sözləri
əlavə edilsin;
1.2.2.
4-cü hissə aşağıdakı redaksiyada verilsin:
"4. Müayinə bu Qanunun 6-2-ci maddəsinə
uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata
keçirilir.
Müayinə
zamanı aşkar edilmiş nöqsan və (və ya)
pozuntuların aradan qaldırılması məqsədilə
bu Qanunun 6-3-cü maddəsinə uyğun olaraq texniki xidmət
həyata keçirilir.";
1.2.3. 5-ci
hissədə "sənaye qaz qurğularına" sözləri
"qaz qurğularının müayinəsi və ona nəzarət"
sözləri ilə, "texniki baxış" sözləri
"həyata" sözü ilə əvəz edilsin;
1.2.4.
5-2-ci hissədə "sayğacdan kənar paylayıcı
şəbəkəyə qanunsuz qoşulma (qaz
paylayıcısının razılığı olmadan
paylayıcı şəbəkəyə qoşulma)"
sözləri "qaz paylayıcısının
razılığı olmadan qaz paylayıcı şəbəkəyə
sayğacdan kənar qoşulma (bundan sonra - qanunsuz
qoşulma)" sözləri ilə əvəz edilsin;
1.3. aşağıdakı məzmunda 6-1 - 6-5-ci
maddələr əlavə edilsin:
"Maddə 6-1. Müayinə və texniki xidmət məlumatları
reyestri
1. Qaz
paylayıcısı tərəfindən müayinə və
texniki xidmət məlumatları üzrə reyestr (bundan sonra
- Reyestr) yaradılır. Reyestrə daxil
edilmiş məlumatlar müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) və
istehlakçılar üçün açıq
olmalıdır. Reyestrin aparılması və
ondan istifadə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
2. Qaz
paylayıcısı müayinə və texniki xidmətlə
bağlı məlumatları müayinənin və ya texniki
xidmətin keçirildiyi vaxtdan 5 (beş)
iş günündən gec olmayaraq Reyestrə daxil etməlidir.
Maddə 6-2. Müayinə
1. Qaz
paylayıcısının işçiləri
istehlakçıya 5 (beş) iş günü əvvəl
sifarişli poçt göndərişi və ya
istehlakçının əvvəlcədən
razılığı ilə elektron poçt və ya digər
elektron kommunikasiya vasitələri ilə bildiriş təqdim
etməklə (göndərməklə), bu Qanunun 6-2-ci maddəsinin
3-cü hissəsində nəzərdə tutulan hallar istisna
olmaqla, ildə bir dəfə (hər il noyabrın 1-dək) müayinə
keçirilməsini təmin etməli, nəticəsi barədə
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqanın (qurumun) təsdiq etdiyi formada 2 (iki) nüsxədə
müayinə aktını istehlakçının (və ya
onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik
yaşına çatmış ailə üzvlərindən
birinin) iştirakı ilə tərtib etməli və aktın
bir nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli
nümayəndəsinə, yaxud eyni ünvanda yaşayan
yetkinlik yaşına çatmış ailə üzvlərindən
birinə) təqdim etməlidir.
Müayinə zamanı nöqsan və (və ya)
pozuntular aşkar edildikdə müayinə aktında texniki
xidmətin qaz paylayıcısı, ixtisaslaşmış
podratçı və ya məişət abonenti olmayan
istehlakçının müvafiq ixtisaslı işçi heyəti
tərəfindən bir aydan çox olmayan müddətdə
həyata keçirilməsi barədə
istehlakçının seçimi qeyd edilməlidir.
Müayinə
zamanı sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə bu
Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə
tutulmuş tədbirlər görülür.
Qaz paylayıcısı tərəfindən müayinənin
keçirilməsi qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
2. Qaz
paylayıcısı tərəfindən müayinə ödənişsiz
həyata keçirilir.
3.
İstehlakçı tərəfindən qaz qurğuları
, qaz xətləri
və tüstü bacalarında, habelə havalandırma və
havadəyişmə xətlərində nöqsan və (və
ya) pozuntular aşkar edildikdə istehlakçının
müraciəti əsasında təkrar müayinə qaz
paylayıcısı tərəfindən 3 (üç) iş
günündən gec olmayaraq aparılmalıdır.
İstehlakçı təkrar müayinə üçün
il ərzində 1 (bir) dəfədən
çox müraciət edərsə növbəti müayinə
ödənişli keçirilir. Ödənişin
məbləği qaz paylayıcısı ilə
istehlakçı arasında bağlanmış müqavilə
ilə müəyyən edilir. Müayinə
nəticəsində texniki xidmətin göstərilməsi zərurəti
yarandıqda, bu Qanunun 6-3-cü maddəsi ilə müəyyən
edilmiş tədbirlər görülməlidir.
4.
Tüstü bacalarının istismarında təhlükəsizlik
texnikası qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir.
Maddə 6-3. Texniki xidmət
1. Qazpaylayıcı
şəbəkəyə texniki xidmət qaz
paylayıcısı tərəfindən həyata
keçirilir.
2.
Müayinə aktında istehlakçının qaz
qurğularına və qaz xətlərinə texniki xidmətin
qaz paylayıcısı tərəfindən həyata
keçirilməsi nəzərdə tutulduqda, o, bu Qanunun 6-2-ci
maddəsinin 1-ci hissəsinə əsasən müayinə
aktını tərtib etdikdən sonra 2 (iki) iş günü
müddətində istehlakçıya (və ya onun səlahiyyətli
nümayəndəsinə, yaxud yetkinlik yaşına
çatmış ailə üzvlərindən birinə)
texniki xidmətin göstərilməsi ilə bağlı
müqaviləni sifarişli poçt göndərişi və
ya istehlakçının razılığı ilə
elektron poçt və ya digər elektron kommunikasiya vasitələri
ilə təqdim etməlidir (göndərməlidir).
İstehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi,
yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən
birinin) müqavilə şərtləri ilə razı olduqda
3 (üç) iş günü müddətində
müqaviləni imzalayaraq qaz paylayıcısına onun təqdim
edildiyi (göndərildiyi) üsulla təqdim edir,
razılaşmadıqda isə həmin müddətdə
seçdiyi ixtisaslaşmış podratçı və ya məişət
abonenti olmayan istehlakçının müvafiq ixtisaslı
işçi heyəti barədə məlumatı bu Qanunun
6-3-cü maddəsinin 3-cü hissəsində nəzərdə
tutulan qaydada qaz paylayıcısına təqdim etməlidir. Tüstü bacalarına, habelə havalandırma və
havadəyişmə xətlərinə texniki xidmət bu
Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə uyğun olaraq
yaşayış evlərinə münasibətdə
istehlakçının seçdiyi ixtisaslaşmış
podratçı, digər tikinti obyektlərinə münasibətdə
isə bu Qanunun 6-3-cü maddəsinin 6-cı hissəsinə
uyğun olaraq ixtisaslaşmış podratçı və ya
məişət abonenti olmayan istehlakçının
müvafiq ixtisaslı işçi heyəti tərəfindən
həyata keçirilir.
3.
Müayinə aktında texniki xidmətin
ixtisaslaşmış podratçı və ya məişət
abonenti olmayan istehlakçının müvafiq ixtisaslı
işçi heyəti tərəfindən həyata
keçirilməsi nəzərdə tutulduqda,
istehlakçı (və ya onun səlahiyyətli nümayəndəsi,
yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən
biri) müayinə aktının tərtib edilməsindən
sonra 3 (üç) iş günü müddətində
ixtisaslaşmış podratçı ilə
bağladığı müqavilənin bir nüsxəsini və
ya xidmət işlərinin müvafiq ixtisaslı işçi
heyəti tərəfindən yerinə yetiriləcəyi barədə
məlumatı onun təqdim edildiyi (göndərildiyi)
üsulla qaz paylayıcısına təqdim etməlidir
(göndərməlidir).
4. Bu
Qanunun 6-2-ci maddəsinin 1-ci hissəsinə uyğun
keçirilən müayinə zamanı aşkar edilmiş
nöqsan və (və ya) pozuntuların tərtib edilmiş
müayinə aktında göstərilmiş müddətdə,
lakin bir aydan çox olmayan müddətdə aradan qaldırılması
üçün istehlakçı qaz
paylayıcısını və ya ixtisaslaşmış
podratçını bunun üçün istifadə olunacaq
mal-materialla təmin etməyə və ya onların, habelə
görülmüş işin dəyərini ödəməyə
borcludur. Texniki xidmət zamanı görülən işlərin
siyahısı və onların dəyəri qaz
paylayıcısı və ya ixtisaslaşmış
podratçı tərəfindən təsdiq edilir və qaz
paylayıcının və ya
ixtisaslaşmış podratçının (olduğu halda)
internet saytında yerləşdirilir, həmçinin bu Qanunun
6-3-cü maddəsinin 2-ci və 3-cü hissələrində
nəzərdə tutulan müqaviləyə əlavə
edilir, istifadə olunan mal-materialın dəyəri
istehlakçı tərəfindən ödənilmək
şərtilə qaz paylayıcı və ya
ixtisaslaşmış podratçı tərəfindən təqdim
edildikdə həmin mal-materialın dəyəri
istehlakçı ilə qaz paylayıcısı və ya
ixtisaslaşmış podratçı arasında
razılaşma yolu ilə müəyyən edilir. Texniki xidmət
zamanı istifadə olunan, o cümlədən qaz paylayıcı
və ya ixtisaslaşmış podratçı tərəfindən
təqdim edilən
və dəyəri istehlakçı tərəfindən
ödənilən mal-materialın, habelə görülən
işlərin dəyəri
texniki xidmət aktında qeyd edilir. Müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) Reyestrə
daxil edilmiş texniki xidmət aktlarının təhlili əsasında
görülmüş işlərin dəyərinin "Qiymətləndirmə
fəaliyyəti haqqında" Azərbaycan
Respublikasının Qanununa əsasən müəyyən
edilmiş bazar qiymətinə uyğunluğuna mütəmadi
nəzarət edir, habelə əvvəlki ildə tərtib
edilmiş texniki xidmət aktlarına əsasən onların
orta qiymətini müəyyən edir və rəsmi internet
saytında yerləşdirir. Qaz paylayıcısı və ya
ixtisaslaşmış podratçılarla
istehlakçılar arasında münasibətlər, eləcə
də texniki xidmətin
göstərilməsinə görə xidmət
haqqının məbləği onlar arasında
bağlanmış müqavilə ilə tənzimlənir.
5. Qaz
paylayıcısı, ixtisaslaşmış podratçı və
ya istehlakçının müvafiq ixtisaslı işçi
heyəti texniki xidmətin həyata keçirilməsindən
dərhal sonra onun nəticəsi barədə müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq
etdiyi formada aktı (qaz paylayıcısı və
istehlakçının müvafiq ixtisaslı işçi heyəti
2 (iki), ixtisaslaşdırılmış podratçı isə
3 (üç) nüsxədə) istehlakçının (və
ya onun səlahiyyətli nümayəndəsinin, yaxud yetkinlik
yaşına çatmış ailə üzvlərindən
birinin) iştirakı ilə tərtib etməli və qaz
paylayıcısı aktın 1 (bir) nüsxəsini,
ixtisaslaşmış podratçı isə aktın 2 (iki)
nüsxəsini istehlakçıya (və ya onun səlahiyyətli
nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış
ailə üzvlərindən birinə) təqdim etməlidir.
Texniki xidmət ixtisaslaşmış podratçı və
ya istehlakçının müvafiq ixtisaslı işçi
heyəti tərəfindən göstərildikdə,
istehlakçı texniki xidmətin göstərilməsinə
dair aktın bir nüsxəsini 1 (bir) iş günü
müddətində qaz paylayıcısına təqdim etməlidir.
6.
Yaşayış binalarının mənzil mülkiyyətçiləri
(bina mənzil mülkiyyətçiləri tərəfindən
bilavasitə idarə edildikdə), mənzil mülkiyyətçiləri
müştərək cəmiyyəti, ixtisaslaşmış
istehlak kooperativi, binanı idarə edən hüquqi şəxs
və fərdi sahibkar (idarəedici təşkilat), habelə
digər qazlaşdırılmış tikinti obyektlərinin
mülkiyyətçiləri (istifadəçiləri)
ixtisaslaşmış podratçı və ya məişət
abonenti olmayan istehlakçının müvafiq ixtisaslı
işçi heyəti tərəfindən binanın
tüstü bacalarına, habelə havalandırma və havadəyişmə
xətlərinə ildə bir dəfə (hər il iyulun 1-dək)
texniki xidmətin həyata keçirilməsini təmin etməli
və istehlakçının müvafiq ixtisaslı
işçi heyəti və ya ixtisaslaşmış
podratçı tərəfindən bu Qanunun 6-3-cü maddəsinin
5-ci hissəsinə uyğun texniki xidmətin nəticəsi
barədə akt tərtib edilməli və bir nüsxəsi
Reyestrə daxil edilməsi üçün qaz
paylayıcısına təqdim edilməlidir.
Dövlət
mənzil fondu binalarında tüstü bacalarına, habelə
havalandırma və havadəyişmə xətlərinə
texniki xidmətin həyata keçirilməsi balans mənsubiyyəti
üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) tərəfindən ildə bir dəfə (hər
il iyulun 1-dək) bu Qanuna uyğun olaraq təmin edilməli və
texniki xidmətin həyata keçirilməsinə dair tərtib
edilmiş aktın bir nüsxəsi Reyestrə daxil edilməsi
üçün qaz paylayıcısına təqdim edilməlidir.
7.
İstehlakçılar yaşayış evlərinin
tüstü bacalarının, habelə havalandırma və
havadəyişmə xətlərinin işçi vəziyyətdə
saxlanılmasını və müayinə keçirilərkən
aşkar edilmiş nöqsan və (və ya) pozuntuların
aradan qaldırılması üçün texniki xidmətin
ixtisaslaşmış podratçı tərəfindən həyata
keçirilməsini təmin etməlidirlər.
8. Bu Qanunun 6-3-cü maddəsinin 7-ci hissəsinə
uyğun olaraq tüstü bacalarının, habelə
havalandırma və havadəyişmə xətlərinin
işçi vəziyyətdə olması qaz
paylayıcısı tərəfindən müayinə
keçirilərkən yoxlanılır.
Maddə 6-4. Müayinəyə və texniki xidmətə nəzarət
Müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) Reyestrə daxil edilmiş məlumatlar əsasında
bu Qanunun 6-2-ci və 6-3-cü maddələrinin tələblərinə
riayət olunmasına monitorinq keçirilməsi yolu ilə
mütəmadi nəzarət edir və həmin tələblərə
riayət olunmadığını müəyyən etdikdə
icrası məcburi olan göstərişlər verir. Monitorinqin
keçirilmə qaydası müvafiq icra hakimiyyəti
orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən
müəyyən edilir. Sahibkarlıq
subyektlərinə münasibətdə monitorinq
"Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi
və sahibkarların maraqlarının müdafiəsi
haqqında" Azərbaycan Respublikası Qanununun tələblərinə
uyğun həyata keçirilir.
Maddə 6-5. İxtisaslaşmış podratçı
1.
Hüquqi şəxsin işçisinin və ya hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxsin ixtisaslaşmış podratçı
kimi fəaliyyət göstərməsi üçün onlar
energetika və texniki sahələrdə, o cümlədən
qaz avadanlıqlarının təmiri və istismarı üzrə
peşə təhsilinə malik olmalı, habelə müvafiq
ixtisas üzrə ən azı 1 (bir) il iş təcrübəsi
olmalı və müvafiq icra hakimiyyəti orqanının
müəyyən etdiyi orqandan (qurumdan) ixtisas attestatı
almalıdır.
2.
İxtisaslaşmış podratçıların reyestrinin
aparılmasını və onların fəaliyyətinə nəzarəti
müvafiq icra hakimiyyəti orqanının müəyyən
etdiyi orqan (qurum) həyata keçirir.
3. Bu Qanunun 6-5-ci maddəsinin 1-ci hissəsində nəzərdə
tutulan ixtisas attestatının forması, attestatın verilməsi,
qüvvədə olma müddətinin dayandırılması
və ya onun ləğv edilməsi, eləcə də
ixtisaslaşmış podratçıların reyestrinin
aparılması və onların fəaliyyətinə nəzarətin
həyata keçirilməsi qaydasını müvafiq icra
hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) müəyyən edir.
4. Müvafiq
icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan
(qurum) ixtisaslaşmış podratçıların reyestrində
olan aşağıdakı məlumatları rəsmi internet
saytında, habelə bu Qanunun 6-1-ci maddəsinin 1-ci hissəsində
nəzərdə tutulmuş reyestrdə yerləşdirir və
müntəzəm olaraq yenilənməsini təmin edir:
4.1. ixtisaslaşmış podratçı fiziki
şəxs olduqda soyadı, adı, atasının adı,
ünvanı və ixtisas attestatı almış əməkdaşları
barədə məlumatlar, hüquqi şəxs olduqda isə
hüquqi şəxsin adı, təşkilati-hüquqi
forması, hüquqi ünvanı və ixtisas attestatı
almış əməkdaşları barədə məlumatlar;
4.2. ixtisas
attestatının nömrəsi, verilmə və qüvvədə
olma tarixi;
4.3. ixtisas attestatının qüvvədə olma
müddətinin dayandırılması və ya onun ləğv
edilməsi barədə məlumat.";
1.4.
13-cü maddə üzrə:
1.4.1. adında "və satılması"
sözləri ", satılması və qazın verilməsinin
dayandırılması" sözləri ilə əvəz
edilsin;
1.4.2.
6-cı hissənin yeddinci və səkkizinci abzasları
aşağıdakı redaksiyada verilsin:
"istehlakçı qaz
paylayıcısının işçilərini müayinə
keçirilməsi üçün onun mülkiyyətində
və ya istifadəsində olan tikinti obyektinə daxil
olmasına maneə törətdikdə və ya müayinənin
keçirilməsinə şərait yaratmadıqda;
istehlakçı qaz paylayıcısının işçiləri tərəfindən
tərtib edilmiş müayinə aktında qeyd olunmuş
nöqsan və (və ya) pozuntuların aradan
qaldırılması üçün bu Qanunun 6-2-ci və
6-3-cü maddələrinin tələblərini yerinə
yetirmədikdə;";
1.4.3. 7-ci
hissəyə aşağıdakı məzmunda ikinci abzas əlavə
edilsin:
"Qazın
verilməsinin dayandırılmasına səbəb olmuş
hallar aradan qaldırıldıqdan və qaz
paylayıcısı tərəfindən
istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən
sonra 1 (bir) gün
müddətində qazın verilməsi bərpa edilməli və
aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir.";
1.4.4. 8-ci
hissə aşağıdakı redaksiyada verilsin:
"8. Bu
Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə
tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı
istehlakçıya verdiyi qazın dəyərini qaz
sayğacının göstəricilərinə əsasən
hər ay üzrə hesablamalı və növbəti ayın
10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim
etməlidir (göndərməlidir).
"Smart-kart" tipli qaz sayğacı olan
istehlakçıya istifadə etdiyi qazın dəyəri
haqqında hesabın qaz paylayıcısı tərəfindən
təqdim edilməsi (göndərilməsi) tələb
olunmur. İstehlakçının istehlak etdiyi qazın
dəyəri tam ödənildikdən sonra, qaz
paylayıcısı tərəfindən yol verilmiş səhvə
görə düzgün hesablanmamış qazın dəyərinin
istehlakçı tərəfindən ödənilməsi tələb
edilə bilməz.";
1.4.5. aşağıdakı məzmunda 8-1-ci hissə
əlavə edilsin:
"8-1. Qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir.";
1.4.6. 9-cu hissənin birinci cümləsi aşağıdakı redaksiyada verilsin:
"Məişət qaz qurğularını istifadə edən məişət abonentləri üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, digər istehlakçılar üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir.";
1.4.7. 10-cu hissəyə "orqanının" sözündən sonra "və qaz paylayıcısının" sözləri əlavə edilsin;
1.5. 22-ci maddənin mətni aşağıdakı redaksiyada verilsin:
"Bu Qanunun tələblərini pozan şəxslər Azərbaycan Respublikasının Mülki Məcəlləsində, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində və Azərbaycan Respublikasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyırlar.";
1.6. aşağıdakı məzmunda 22-1-ci maddə əlavə edilsin:
"Maddə 22-1. Mübahisələrə baxılma qaydası
İstehlakçı qaz paylayıcısının qərarlarından, digər hərəkət və hərəkətsizliyindən inzibati qaydada və "Mediasiya haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla məhkəməyə şikayət verə bilər.".
Maddə 2. Bu Qanun 2022-ci il mayın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının
Prezidenti
Bakı şəhəri, 25 fevral
2022-ci il
Azərbaycan.-2022.- 13 aprel.- S.6.