NƏYİ
GÖZLƏYİRSİNİZ...
Qələbə var, tərənnümü
isə zəifdir
Həyatda möcüzəyə bənzər, möcüzə təsiri bağışlayan hadisələr çox olur!
Adətən
belə hadisələr insanlarda heyrət, xoş mənada təəccüb
və heyranlıq duyğuları yaradır!
Baş
verən möcüzə həyatımızla, ümumi, milli
maraqlarımızla bağlı olduqda hədsiz dərəcədə
sevinir, qürur və fəxarət hissi duyur, həmin
möcüzəni yaradanlara sonsuz təşəkkür və
minnətdarlığımızı bildiririk.
Təşəkkür və minnətdarlığın forması isə çoxsaylıdır, müxtəlifdir.
MƏSƏLƏN:
* Adi insanlar öz duyğularını xoş sözlərlə;
* Yazıçılar və şairlər yeni yaratdıqları roman, povest, şeir və poemalarla;
*
Jurnalistlər müxtəlif janrlı yazılarla;
* Rəssamlar
tablolarla;
* Bəstəkarlar
yeni bəstələri ilə;
* Dramaturqlar
dram əsərləri ilə;
* Kino
işçiləri isə müxtəlif sənədli, bədii
və televiziya filmləri ilə, başqa sözlə, hər
sənətin öz ifadə vasitəsilə münasibət və
minnətdarlıqlarını bildirirlər, həm də bu
möcüzənin təsirini uzadaraq əbədiləşdirirlər.
Azərbaycan
xalqı uşaqdan böyüyədək belə bir
möcüzənin 2020-ci ilin 44 günü ərzində
şahidi oldu!
Həm də
yaşadı!
* Xoşbəxtcəsinə
yaşadı!
* Sevinərək
yaşadı!
*
Qürur duyaraq yaşadı!
* Qəhrəman
şəhidlərini ağlayaraq yaşadı!
Bütövlükdə
bu möcüzəni bizə, həm də dünya azərbaycanlılarına,
bütün Azərbaycansevərlərə Müzəffər
Ali Baş Komandan İlham Əliyev yaşatdı!
İlham
Əliyev XXI əsrin ən yeni müharibəsini apardı!
İlham
Əliyev 44 gün ərzində düşmən ordusunu məhv
etdi!
İlham
Əliyev Ermənistanı öz qarşısında diz
çökdürdü, "dəmir yumruğ"u ilə
belini sındırdı!
İlham
Əliyev aman diləyən, ona-buna yalvaran, daban yalayan
düşmənə kapitulyasiya aktını
imzalatdırdı!
İlham
Əliyev təkcə döyüş meydanında deyil,
diplomatiya və informasiya müharibəsində də
düşmənə qalib gəldi!
İlham
Əliyev bu müharibədə təkcə Ermənistanı,
dünya erməniliyini deyil, Ermənistanın müdafiəçilərini
və havadarlarını da məğlubiyyətə
uğratdı!
İlham
Əliyev 30 il ərzində BMT-nin, ATƏT-in, digər beynəlxalq
qurum və təşkilatların görməli olduğu, lakin
görə bilmədiyi işi 44 gün ərzində həyata
keçirdi!
İlham
Əliyev 44 gün ərzində əsl möcüzə
yaradaraq Azərbaycan xalqının ən ülvi, ən
müqəddəs arzusunu gerçəkləşdirdi!
İlham
Əliyev xalqımızı qalib xalqa, dövlətimizi qalib
dövlətə, vətəndaşlarımızı məğrur
və qürurlu insanlara çevirdi!
Beş əsrdə
ilk dəfə olaraq Azərbaycan itirilmiş torpaqlarını
geri qaytardı!
İkiəsrlik
Qarabağ münaqişəsinə müvəffəqiyyətlə
yekun vuruldu!
Status da,
ATƏT-in Minsk qrupu da tarixin arxivinə göndərildi!
Otuz il yurd həsrəti çəkən, bir
çoxları ağır və çətin vəziyyətdə
yaşayan, ikili standartların ağrı-acısını
daşıyan insanlarımızı xoşbəxt günlərə
çıxardı!
Müharibənin
gedişində çoxsaylı müraciətlər etdi, bəyanatlar
verdi, dünya KİV-inin, qəzetlərin
və telekanalların suallarını cavablandırdı!
Biz
hamımız evimizdə, rahat kreslomuzda oturaraq müharibənin
gedişini əks etdirən epizodlara baxdıq, düşmənin
canlı qüvvəsinin, zirehli texnikasının, silah-sursatının
necə məhv edilməsini izlədik!
Bütün bunlar möcüzə deyilmi?!
Bütün bunlar tarix deyilmi?!
Bəs bu möcüzələri bədii ədəbiyyatda,
kino sənətində, televiziya filmlərində, rəssamlıq
və musiqidə necə əks etdiririk, şərəf
tariximizə çeviririkmi?!
İndiki və gələcək nəsillərə nə
sayaq çatdırırıq?!
Qısaca
desək, çox zəif və yarıtmaz!
Əslində,
epizodik şəkildə, bəzən isə bəsit formada!
Axı
bu, 5 əsrdə bir dəfə baş verən hadisədir!
Axı
bu, 2 əsrlik münaqişəyə cəmi 44 gündə
son qoyulmasıdır!
Axı
bu, Azərbaycan əsgər və zabitlərinin kütləvi
qəhrəmanlığı və rəşadətidir!
Axı
bu, şəhidlərimizin müqəddəs qanı ilə
qazanılan möhtəşəm zəfərdir!
Bu, bir
reallıqdır ki, Azərbaycan yazıçıları
Qarabağ münaqişəsi ilə bağlı
xalqımıza olan qələm borclarını indiyədək
tam ödəməyiblər!
Barmaqla
sayılacaq qədər az miqdarda povest,
hekayə, dram əsərləri yazılsa da, ortada fundamental əsərlər
hələ də yoxdur!
NİYƏ,
NƏ SƏBƏBƏ?!
Ötən əsrin doxsanıncı illərində
yazıçılar söylədilər ki, hələ
müharibə təzə başlayıb. Gərək bir qədər
keçə, müəyyən hadisələr baş verə,
biz isə onları yaradıcılıq süzgəcindən
keçirərək yeni əsərlər yazaq!
I
Qarabağ müharibəsi qurtardı!
Xocalı,
Qaradağlı, Ağdaban, Bağanis-Ayrım...
soyqırımları baş verdi!
Bu dəhşətləri
bədii ədəbiyyatda əks etdirən, ürəyimizcə
yazılan kifayət qədər əsər görmədik!
Belə
getsə, heç görməyəcəyik də!
Yaşlı
yazıçılarımız söz verdikləri əsərləri
yazmadan dünyadan köçüb getdilər!
Cavan
yazarların özlərindən müştəbehlikdən
başqa əllərindən bir şey gəlmir!
Qələmi,
istedadı olanlar sanki kimdənsə sifariş,
tapşırıq gözləyirlər!
Heç kim heç kəsi bəyənmir, ortada isə
sanballı, necə deyərlər, ürəkdən tikan
çıxaran əsərlər hələ də yoxdur!
Lap
gülməlidir, erməni yüz ildən çoxdur yalandan
"soyqırımı" "həqiqətlərini"
uydurur, çoxsaylı əsərlər yazır, yaradır,
dünyanı öz yalanlarına inandırır, biz isə
"cavanlarla" "qocaların" çəkişməsinə,
bir-birini bəyənməməsinə baxmaqla kifayətlənməli
oluruq!
Halbuki sənətin,
sənətkarın borcu özünü əsərlərində
təsdiq, istedadını sübut etməkdir!
Reallıqda
isə bunlar görünmür!
Azərbaycan
yazıçısı, üzümü sənə tuturam:
Vətənə, Azərbaycan xalqına olan
yazıçı, vətəndaş borcunu nə zaman
qaytaracaqsan?!
***
Televiziya
öz auditoriyasına görə bütün sahələri
üstələyir, imkanları genişdir!
Müzəffər
Ali Baş Komandan İlham Əliyevin müraciət və
açıqlamaları sayəsində Azərbaycan
televiziyası hərbi əməliyyatların davam etdiyi
dövrdə xalqa müharibə ab-havasını duydura bildi!
Geniş
informasiyalar verdi, müharibəni, necə
deyərlər, evimizə gətirdi!
Bu gün
də müharibə qəhrəmanları, şəhidlərimiz
barədə az-çox maraqlı verilişlər
yaradılır!
Lakin
şairlərin tək-tük poemalarından, uğurlu
yazılardan hazırlanan parlaq kliplər görmədik!
Halbuki
sözlə təsvirin vəhdətindən yaranan belə
kliplər daha təsirli, daha uğurlu alınır!
Standart, basmaqəlib verilişlər sizi bezdirmədimi?!
Özəl
telekanalların hər birində gün ərzində bir
neçə saat çəkən, baş qəhrəmanları
isə milli-mənəvi dəyərlərimizi pozan, adət-ənənələrimizə
utanc gətirən insanlar olan verilişlər nə vaxtadək
"reytinqli" hesab olunaraq kimlərinsə cibinə xidmət
edəcək?!
Bəs deyilmi?!
Əgər olub-qalan dəyərlərimizi də gəlirə
qurban veririksə, maddi marağı mənəviyyatdan
üstün tuturuqsa, onda kimə və nəyə xidmət
etmiş oluruq?!
Sovet
dövründə yaranmış elə televiziya filmləri
var ki, bu gün də maraqla baxılır!
Niyə belə filmlər çəkmirsiniz?
Nəyiniz çatmır?
Bütün
dünya 44 günlük Zəfər müharibəsinə
heyranlığını söyləyir, bütün dünya
müharibə dövrü taktika və strategiyamızı
öyrənib tətbiq edir, biz isə hələ də
ekranlarımızı toy müğənnilərindən xilas
edə bilməmişik!
Ağsaqqalımız
da, ağbirçəyimiz də, ağıllımız da,
ziyalımız da, hamıya göstərilən nümunəmiz
də yalnız onlardır!
Niyə hələ də qəhrəman əsgər və
zabitlərimiz filmlərimizin baş qəhrəmanına
çevrilməyib?
Niyə ordu həyatı, Azərbaycan əsgərinin
hünəri, rəşadəti, cəsarəti maraqlı
filmlərə çevrilməyib?
Azərbaycanın
xüsusi təyinatlısı keçilməz
cığırlardan keçərək, sıldırım
qayalardan dırmaşaraq, əsgər xəncəri, beli ilə
döyüşərək əlbəyaxa davada
Şuşanı düşməndən azad etdi!
Bütün
dünya Şuşa əməliyyatına
heyranlığını bildirir!
Biz isə
hələ də bu barədə çəkilən fərli-başlı
televiziya filminə baxa bilməmişik!
Ssenaristlər, studiyalar hara baxır, nə işlə məşğuldurlar?!
***
Sovet
dövrünün "davalı" kinoları bizim ən
yaxşı uşaqlıq xatirələrimizdir!
Hər
filmə bir neçə dəfə baxsaq da, doymazdıq!
Filmlərdə
reallıq da vardı, gop da!
Amma Vətən sevgisinin, qorxmazlığın,
döyüşkənliyin, əsl mənəviyyatın tərənnümü
daha qabarıq görünürdü.
Əvvəlcə
"Fəryad", sonra "Dolu" filmini görəndə
bir az ürəyimizə su səpildi!
Dedik, yəqin
ki, bunlardan da yaxşıları çəkiləcək!
Bəs
hanı, haçan çəkiləcəkdir!
Hələ
də həmin filmlər ən yaxşısı
sayılır, bəlli günlərdə bütün
telekanallarda nümayiş olunur!
Onlar çəkilməsəydi, deməli, ekranlar boş
qalacaqdı?
Kinonu bilən,
bu mürəkkəb sahədən baş çıxaran
rejissor, operator, ssenarist, aktyorlardan az-çox qalıb!
Onlar da
işsizdir!
Hərdən
eşidirik ki, hansısa Azərbaycan filmi hansısa müsabiqədə
yaxşı yer tutub!
Sonradan həmin
filmləri görürük!
Belə də ...
Bu 30 ildə niyə hərbi mövzuda fərli-başlı
bir bədii film çəkilmədi?
Yaxşı, tutaq ki, məğlub olmuşduq.
Axı
indi qalib xalqıq, ordumuz, döyüşçülərimiz
bütün dünyaya nümunədirlər!
Niyə bütün baş verənlər kino lentlərində
yoxdur?
Onu kim çəkməlidir?
Kim bu işlə məşğul olmalıdır?
Kim məsələ qaldırmalıdır?
Kim, kim, kim?!
Pulumuz yoxdur?!
Nə vaxt ortaya ssenari qoyub pul istədiniz verən
olmadı?
Niyə bütün ölkələr Hollivudla birgə
dünya miqyasına çıxan filmlər çəkir, biz
isə bunu bacarmırıq?
Nəyimiz çatmır?
Müzəffər
Ali Baş Komandanın qüdrətini, ordumuzun qəhrəmanlığını,
xalqımızın rəşadətini biz yazmasaq, biz çəkməsək,
biz əbədiləşdirməsək, bunu kim
edəcəkdir?!
Niyə sənət adamlarının canındakı
yanğı tükənib?!
Niyə deyinməklə, gileylənməklə
işimizi bitmiş sayırıq?!
Əgər bu işə mane olanlar, vəzifəsinin məsuliyyətini
lazımınca dərk etməyənlər varsa, niyə bunun
ağrısını qəhrəman ordumuz, müzəffər
xalqımız çəkməlidir?!
Deyəsən,
çatmayan başlıca məsələ vətəndaş
mövqeyidir!
***
Rus bəstəkarı Dmitri Şostakoviçin möhtəşəm
IV simfoniyası var.
Deyirlər, müharibə dövründə Leninqrad
şəhərinin mühasirəsinə həsr olunub.
Qəhrəmanlıq
simfoniyasıdır və dünyanın bütün məşhur
musiqi salonlarında səsləndirilib!
Vaxtilə
Qara Qarayevin, Fikrət Əmirovun, Niyazinin, Arif Məlikovun simfonik
əsərləri də dünyanı gəzib, ürəkləri
fəth edib.
Sovet
dövrünün bir dəbi də əmək qəhrəmanlarına
- çobana, mexanizatora, pambıqçıya mahnılar həsr
olunması idi!
Bəzən
hətta belə mahnılar populyarlaşırdılar da!
İndi
simfoniya yazanımız yoxdur!
Neynək...
Sadə əmək adamlarına da mahnılar qoşulmur.
Dolanışıq
üçün, toylarda oxunmaq üçün kifayət qədər
"nay-nay"larımız isə boldur!
Yaxşı,
niyə ürəkləri fəth edən əsgər
mahnıları, marşlar yoxdur!
Pul az ayrılırsa, onda artırın!
Müsabiqələr
keçirin!
Əgər
biz qəhrəman şəhidlərimizə, qalib əsgərlərimizə,
igid döyüşçülərimizə mahnılar həsr
etməyəcəyiksə, onda bunu kim edəcək?
Axı
biz QA-LİB-LƏ-RİK!
Qalibi tərənnüm edərlər, qalibi vəsf edərlər, şəninə şeir yazıb, mahnı bəstələyərlər!
Bunların da "beyin süzgəcindən" keçirilməsi üçün 20-30 il vaxt gərək olacaq?!
Rəssamlardan, heykəltəraşlardan da bu mövzuda əsərlər gözləyirik!
***
Qarabağın viran qoyulmuş torpaqlarında, xarabalıqlar fonunda çalıb oxumaq hələ sənət deyil!
Belə kliplər heç sənət nümunəsi də sayılmır.
"Quş" qoymaq üçün müəyyən verilişlər də hazırlamaq mümkündür.
Xalqımıza isə bütün janrlarda əsl sənət nümunələri, dünyaya çıxarıla biləcək əsərlər lazımdır.
Dünən məcburi köçkünlərə borclu qalaraq onların məşəqqətli həyatlarından ortaya fərli-başlı bir şey çıxara bilmədik.
Bu gün isə bu müharibəni aparanlara, döyüşənlərə, şəhid olanlara, qəhrəman xalqımıza borclu qalmağın yalnız bir adı olacaqdır:
ÜZ
QARALIĞI!
Bəxtiyar SADIQOV
Azərbaycan.-2022.- 13 aprel.- S.8.