Azərbaycanda modern sənayeləşmə
yüksəliş mərhələsindədir
Sumqayıt Kimya Sənaye
Parkındakı müəssisələrin istehsal etdikləri
"Made in Azerbaijan" brendi olan məhsullara tələbat
getdikcə artır
Azərbaycanda müasir sənayenin inkişafı Prezident İlham Əliyevin inkişaf konsepsiyasının prioriteti olaraq qalır. Xüsusən də sənaye zonalarının yaradılması istiqamətində dövlət başçısının irəli sürdüyü təşəbbüslər bu sahədə atılan addımların daha da genişləndirilməsini şərtləndirir.
Bu gün sənaye park və məhəllələrinin istehsalçılara təqdim etdiyi güzəştlərə görə şirkətlər öz zavodlarını, müəssisələrini məhz belə mərkəzlərin ərazisində yaratmağa daha çox üstünlük verirlər. Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Kimya Sənaye Parkı da bu ünvanlardan biridir. Burada rezidentlər üçün təklif olunan güzəştlər, yaradılan şərait çox əlverişlidir. Bu səbəbdən də burada tikilən müəssisələrin sayı hər il artır.
Ötən həftə sənaye parkına səfərimiz zamanı burada fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi və 2 müəssisə - "Azerfloat", "Azmonbat" barədə ətraflı məlumat vermişdik. Bu sayımızda isə daha 2 müəssisədən reportajımızı təqdim edirik.
Böyük şəhərciyi xatırladan 3 zavod
Sumqayıt Kimya Sənaye Parkı yaradıldıqdan sonra buranın ilk rezidenti "Azertexnolayn" müəssisəsi olub. 2012-ci ilin fevralında təməli qoyulan şirkət 2013-cü ildən istismara verilib. "Azertexnolayn" 3 zavoddan - Polad boru, Polietilen məmulatları və Çuqun tökmədən ibarətdir.
Müəssisədə alman, türk və Çin texnologiyaları əsasında müxtəlif avadanlıqlar istehsal edilir. Böyük şəhərciyi xatırladan zavodun ümumi ərazisi 24 hektardır. Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına, yüksək keyfiyyət, gigiyenik və təhlükəsizlik göstəricilərinə görə beynəlxalq sertifikatları mövcuddur. Burada istehsal edilən polad, qofralı borular, metal konstruksiya, hasar və s. kimi məhsullar sənaye infrastrukturunun inkişafında mühüm rol oynayır.
Müəssisənin marketinq üzrə mütəxəssisi Rauf Kərimovla söhbətimiz zamanı məlum oldu ki, müəssisənin məhsullarının ixracatında əsas yerləri Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan tutur. Lakin keçən ildən zavodun xarici bazarlarda miqyası genişlənərək bir sıra Avropa ölkələrini də əhatə edib. Bunların sırasında İtaliya, Avstriya, İsveç, İsveçrə, Serbiya və s. ölkələr yer alır.
Rauf Kərimov qeyd edir ki, şirkətin ümumi xammal tələbatının 70 faizi xarici, 30 faizi yerli məhsullarla ödənilir. Xammalın yerli bazardan əldə edilməsində isə elə sənaye parkının digər bir rezidenti olan "SOCAR Polymer"in böyük rolu var. Müəssisə ümumilikdə 750-dən çox işçi qüvvəsinə sahibdir. Şirkətin istehsal etdiyi avadanlıqlardan əsasən yerli layihələrin həyata keçirilməsində istifadə olunur.
Öncə Polad boru zavodundakı istehsalat
prosesi ilə tanış olmaq qərarına gəldik. Burada müəssisənin
əsas istehsal avadanlığı olan spiral tikişli polad
borular hazırlanır. Zavodun illik istehsal gücü 200 min tondur.
İstehsal edilən borular 400-2400 millimetr
diametrli, 6-16 metr uzunluqlu ölçüləri əhatə
edir. Boruların digər bir özəlliyi
isə ondadır ki, neft-qaz sektorunda, təbii sərvətlərimizin
daşınmasında birbaşa rola malikdir. Belə ki,
bunlardan xam neftin, təbii qazın, suyun və s. təyinat
nöqtəsinə göndərilməsində istifadə
edilir.
Zavodda istehsalat prosesi rulon formasında olan metalın
açılma dəzgahında düzləşdirilərək
növbəti avadanlığa ötürülməsi ilə
başlayır. Bu zaman ölçüyə görə bükülən
lent ilkin boru formasına salınır. Hər
iki tərəfdən qaynaq olunan borular müşahidə edilə
biləcək hər hansı xətaya qarşı ultrasəs
cihazı ilə yoxlamadan keçirilir. Yoxlanışdan
uğurla keçən borular sifariş edilən uzunluqda kəsilərək
mühəndislər tərəfindən bir daha vizual
yoxlanılır. Əgər hər
hansı boruda natamamlıq aşkarlanarsa, yenidən təmirə
göndərilir. Hər bir boru sızma,
yüksək təzyiqə müqavimətinə görə
bir neçə mərhələli sınaqdan keçirilir.
Həm vizual, həm də avadanlıqlarla testdən
keçən boruların kiri, pası təmizlənir və rənglənməyə
ötürülür.
Son olaraq borular "Made in Azerbaijan" yazısı ilə
etiketlənərək gedəcəyi ünvana yola
salınır.
Bununla da polad boruların ərsəyə gətirilməsi
başa çatır. Polad boru zavodunda
laboratoriya da fəaliyyət göstərir. Burada xammal hazır məhsula gətirildiyi mərhələyə
qədər tərkibinin müxtəlif analizləri
aparılır.
İçməli
suyun, maye qazın daşındığı borular
"Azertexnolayn"ın digər bir istehsalat sahəsi
Polietilen məmulatları zavodudur. Burada polietilen,
qofralı borular və plastik injeksiya məhsulları istehsal
edilir. Polietilen borulardan içməli
suların, yanar qazların və digər mayelərin nəqlində
istifadə edilir. Adından da
göründüyü kimi, bu boruların əsas xammalı
yüksək sıxlıqlı polietilendir. İş istifadə edilən xammalların analiz edilərək
istehsalata göndərilməsi ilə başlayır. Qızdırılaraq əridildikdən sonra daxil
olduğu dairəvi qəlibdə tam formasını alır.
Borular soyudulduqdan sonra üzərinə
tanınma zolağı və məhsul haqqında məlumatlar
vurulur.
Qofralı borular müəssisədə diametrindən
asılı olaraq ikiqat və üçqat istehsal edilir. İkiqat borular daxili
sifarişə uyğun olaraq sarı, ağ,
göy rənglərdə olur. Üçqat
borular isə dayanıqlılıq müddəti daha çox
olan növlərdəndir. Bunlar büzməli
məsamələr nəticəsində xarici təsirlərə,
gərilmə və sıxılmalara qarşı
dözümlülüyü ilə seçilir. Qofralı borular bir-birinə olduqca asan qaynaq edilmə
özəlliyinə də malikdir.
Plastik
injeksiya sexində isə müxtəlif plastik qabların
hazırlanması ilə tanış
oluruq. Burada istehsal edilən plastik məhsullar həm
borulara lazım olan istiqamətdə (bir borunun digərinə
keçirilməsi üçün nəzərdə tutulan
birləşdirici fittinqlər), həm də gündəlik tələbatda
(sayğac qutuları və s.) istifadə edilir. Sexdə əridilmiş xammal müxtəlif qəliblərə
daxil edilərək formaya salınır. Rauf
Kərimov onu da qeyd etdi ki, sexin illik istehsal həcmi 3 min tondur.
Müəssisənin növbəti, sonuncu zavodu -
Çuqun tökmə zavodudur. İçəri daxil olduqda
toz-dumanlı məkanda qızğın iş prosesi ilə
qarşılaşdıq. Burada
sürgülü siyirtmə, drossel klapanı, quyu
qapağı, yanğın hidrantı, yağış suyu
barmaqlığı və bu kimi digər məhsullar istehsal
edilir. Fəaliyyətə başlama prosesi
isə digərlərindən nisbətən fərqlidir.
Belə ki, müəssisəyə daxil olan
sifarişin yerinə yetirilməsi üçün əvvəlcə
məhsul mühəndislər tərəfindən dizayn edilir.
Görünüş və parametrləri
müvafiq sifarişə uyğun hazırlanan qəliblər
növbəti mərhələdə istehsala göndərilir.
İngiltərə istehsalı olan dəzgahlarda
qəliblər və içlikləri hazır vəziyyətə
gətirildikdən sonra tökmə prosesi həyata
keçirilir. Tökməni yanğına
qarşı xüsusi geyimli və qoruyucu sipərlikli
işçilər həyata keçirirlər. Belə tozlu mühitdə
çalışmağın çətin və təhlükəli
tərəfi isə tənəffüs yollarının
tutulmasıdır. Lakin müəssisə
hər bir işçinin həyat və
sağlamlığı naminə bütün ehtiyat tədbirlərini
lazımi qaydada yerinə yetirir. Onlar
gündə bir neçə dəfə südlə təmin
edilirlər.
Emal prosesini izlədikdən sonra boyama nöqtəsinə
gəlib çatırıq. Burada da əvvəlcə
malların üzərindəki kir, toz təmizlənir. Boya ilə rənglənən məhsullar sonra qurutma
hissəsində saxlanılır. Sonuncu mərhələ
isə istehsal edilən məhsulların yoxlanılması ilə
başa çatır. Təbii ki, testlər
hər bir məhsula görə fərdi aparılır. Məsələn, əgər hazırlanan quyu
qapağıdırsa, bu zaman onlar 40 tona qədər tab gətirmələri
üçün ağırlıq sınağını
keçməlidir. Beləliklə,
bütün prosesləri uğurla başa vuran mallar
müştəriyə ötürülür.
Öz
növünün ilki - "SOCAR Polymer"
Buradakı müəssisələrdən biri də
"SOCAR Polymer" zavodudur. Müəssisəyə
daxil olduğumuz andan etibarən təhlükəsizlik
qaydalarına xüsusi diqqətlə yanaşan işçilər
öncə davranış qaydaları ilə, baş verə
biləcək hər hansı hadisəylə bağlı bizi
təlimatlandırdılar. Daha sonra zavodla
tanışlığa başladıq.
Təsisçisi
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti
(SOCAR) olan "SOCAR Polymer" MMC Azərbaycanda kimya sənayesinin
inkişafının gücləndirilməsi, istehsal zəncirində
əlavə dəyərin yaradılması, yeni iş yerlərinin
açılması məqsədilə yaradılıb. Zavodun təməli 2015-ci ilin oktyabrında Prezident
İlham Əliyev tərəfindən qoyulub. "SOCAR Polymer" MMC Azərbaycanın neft-kimya sənayesində
dövlət-özəl sektor tərəfdaşlığı
əsasında yaradılan ilk şirkətdir.
Hazırda 51 faizi SOCAR-ın olmaqla, ölkə sənayesində
mühüm iştirakçılar kimi tanınan digər
şirkətlər də burada səhm payına sahibdirlər.
Şirkət polipropilen və yüksək
sıxlıqlı polietilen istehsal edən iki qurğudan ibarətdir. Bu müəssisə
öz növü baxımından Azərbaycanın ilk belə
zavodlarındandır. İllik istehsal gücü 184 min
ton təşkil edən polipropilen zavodu 2018-ci il,
illik istehsal gücü 120 min ton təşkil edən yüksəksıxlıqlı
polietilen zavodu isə 2019-cu ildə istismara verilib.
Polipropilen və yüksək sıxlıqlı
polietilenin müxtəlif növləri nəqliyyat vasitələrinin,
kabel və boruların, yeyinti, tibb sənayesində istifadə
olunan qabların və digər məhsulların
xammalıdır. Bunun hesabına artıq yerli bazarın tələbatını
qarşılamaq asanlaşır. Ümumilikdə
istehsal edilən məhsulun 15 faizi yerli, 85 faizi isə xarici
bazara təqdim edilir. Türkiyə, Rusiya, Ukrayna və
digər xarici ölkələrə edilən ixracat 3 nəqliyyat
vasitəsilə - yük maşınları, dəmiryolu və
gəmi ilə həyata keçirilir.
Mühəndis Murad Əliyev deyir ki, polipropilen və
yüksək sıxlıqlı polietilenin istehsalı
üçün əsas xammal propilen, etilen və hidrogendir. Bu zaman maye
şəklində olan qarışım zavodun nəhəng
qurğularından biri olan reaktora daxil olur. Burada katalizatorların köməyi ilə xüsusi
reaksiyalar aparılır. Nəticədə
məhsuldan kükürdlü qaz ayrılaraq qurutma
avadanlığına ötürülür. Toz halında əldə edilən polimer daha sonra
ekstruderə daxil olur və qranula halına gətirilir. Son məhsul kisələrə doldurulub paketlənir
və saxlanma anbarına yerləşdirilərək
satışa hazır edilir.
Müəssisənin laboratoriyası maraqlı məkanlardan
biridir. Burada bazara çıxarılacaq xammalın ümumi
keyfiyyəti təcrübəli mütəxəssislər tərəfindən
yoxlanılır. İş başında
elə əsl tərkibin necə əldə olunduğunun
şahidi oluruq. Sınaqdan keçirilən
nümunə bir çox laboratoriya müayinələrindən
keçib uzun yol qət edən məhsulun tələblərə
uyğunluğunu sübut edir.
Müəssisə
2021-ci il ərzində ötən ilə
nisbətən böyük nailiyyətlər əldə edib.
Belə ki, istehsalat həcmi 2020-ci illə müqayisədə
44 faiz artıb, məhsul çeşidi zənginləşib,
yüksək marjalı məhsulların payı 2 dəfə, satış gəlirləri isə
2 dəfədən çox artıb. Hazırda zavodda 768 nəfər
daimi iş yeri ilə təmin olunub. İstehsalat
işçilərinin ixtisaslaşmış peşəkar
kadr kimi formalaşdırılması məqsədilə
"SOCAR Polymer" onları xarici ölkələrdə
ixtisasartırma proqramlarına da cəlb edir.
"SOCAR
Polymer"in 2022-ci il üçün əsas
hədəfləri sabit və təhlükəsiz istehsal,
yüksək marjalı məhsulların payının
artırılması, satış və ixrac dairəsinin
genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və
proseslərin optimallaşdırılmasıdır.
Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət
göstərən müasir sənaye müəssisələrinin
istehsal etdikləri məhsulların həm yerli tələbatı
ödəməsi, həm də xarici bazarlara
çıxışı Azərbaycanda qeyri-neft sənayesinin
inkişafının göstəricisidir desək,
yanılmarıq. Artıq dünya bazarlarında "Made in
Azerbaijan" brendinə tələbat getdikcə artır.
Bunu təsdiqləyən statistik göstəricilərə
nəzər yetirsək, görərik ki, təkcə 2021-ci
ildə qeyri-neft sənayesində 20 faizdən çox
artım qeydə alınıb. Qeyri-neft ixracı 44 faiz
artaraq 2,6 milyard ABŞ dollarını
keçib. Yeri gəlmişkən, Azərbaycanın yeni
müstəqillik tarixində qeyri-neft ixracı heç vaxt 1,9 milyard ABŞ dollarından yuxarı
olmayıb. Son rəqəm isə bir daha təsdiq
edir ki, Prezident İlham Əliyevin modern sənayeləşmə
siyasəti ölkəmizə iqtisadi dividendlər
qazandırır.
Aydan XƏLİLOVA,
Azərbaycan.-2022.- 13 aprel.- S.9.