Azərbaycan dinlərarası və
sivilizasiyalararası təmas mərkəzinə çevrilib
Azərbaycan xalqı hər zaman adət-ənənələrinə, dini inanclarına ehtiramı, sədaqəti ilə nümunə olub. Tarixin müxtəlif dövrlərində siyasi-ictimai mühitdə yaranan, hətta bəzən on illərlə davam edən ziddiyyətli münasibət, sərt qayda-qanunlar xalqı ağır sınaqlarla qarşılaşdırıb.
Dini inanclarına görə, Azərbaycan xalqının müsibətlərə düçar edildiyi, təqiblərə, həbslərə, sürgünlərə məruz qaldığı vaxtlar olub. Ancaq heç zaman öz milli-mənəvi, dini inanclarını unutmayıb. Bütün çətinliklərə rəğmən milli-mənəvi düşüncələrindən, dini etiqadından uzaqlaşmayıb.
Bu siyasət yetmiş il sovet hakimiyyətinin əsas fəaliyyət istiqamətlərindən biri olub. Hətta cəmiyyəti dinindən uzaqlaşdırmaq üçün "Allahsızlar cəmiyyəti" yaradıblar. Sovetlər dövründə ali məktəblərdə keçirilən ateizm dərslərinin, tarixi əhəmiyyətini belə nəzərə almadan dini məbədləri anbarlara, uşaq bağçalarına çevirmələrin, din xadimlərinin az qala sinfi düşmən elan edilərək təqib olunmalarının, həbsə, sürgünə göndərilmələrinin, güllələnmə cəzalarının verilməsinin məqsədi də bu idi. Sovet hakimiyyəti rəhbərləri bununla dini dəyərləri unutdurmağa səy göstərirdilər. Amma sonunda bütün cəhdlər boşa çıxdı. Böyük faciələrlə üzləşməsi Azərbaycan xalqının öz milli-mənəvi, dini dəyərlərinə bağlılığının nə qədər dərin olduğunu təsdiq etdi.
XX əsrin sonlarında Azərbaycan yenidən öz müstəqilliyinə qovuşdu. Uzun illər boyu köksünə vurulmuş bu ağır yaralar da sağalmağa başladı. Respublikamızda yaşayan bütün xalqlara öz dini ayinlərini həyata keçirmək üçün şərait yaradıldı.
Bu gün müstəqil Azərbaycanda yaşayan bütün xalqlar və etnik qruplar bir ailənin üzvləri kimi mehriban yaşayırlar. Ölkəmizdə dini bayramlar dövlət səviyyəsində qeyd edilir, dini ayinlərin icrasına hər cür şərait yaradılır. Prezident İlham Əliyevin sərəncamı ilə 2016-cı ilin "Multikulturalizm ili", 2017-ci ilin isə "İslam həmrəyliyi ili" elan edilməsi də bunun nəticəsi oldu.
Son illər dövlət başçısının təşəbbüsü ilə respublikamızda bir çox yeni məscidlər tikilib və ya bərpa edilib. Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə məscidi, Həzrət Məhəmməd məscidi, Əjdər bəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə "İmamzadə" kompleksi və onlarca digər dini abidə və məscid dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa olunub. Həmçinin Cənubi Qafqazın ən böyük və müasir məscidi - Heydər məscidi tikilib. Dini tolerantlığın məkanı kimi tanınan Azərbaycanda ilk dəfə Heydər məscidində vəhdət namazı qılınıb.
Azərbaycan tarixən sahib olduğu tolerantlıq və multikulturalizm ənənələrini qoruyub saxlayır. Bu gün Azərbaycan dünyada tolerantlıq nümunəsi kimi tanınır. Mövcud olan yüksək multikultural dəyərlər, tolerantlıq, bütün dünyəvi dinlərin sərbəst şəkildə fəaliyyət göstərməsi ölkəmizin nüfuzunu daha da yüksəldir.
Azərbaycanda bütün xalqların, dinlərin nümayəndələri bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşadığını, heç vaxt ölkəmizdə dini-milli zəmində qarşıdurma, yaxud da anlaşılmazlıq olmadığını diqqətə çatdıran Prezident İlham Əliyev deyib: "Bu, bizim böyük sərvətimizdir. Bütün dinlərin tarixi dini abidələri dövlət tərəfindən qorunur, eyni zamanda dövlət öz vəsaiti hesabına bu abidələrin bərpasını təmin edir. Azərbaycanda məscidlər, kilsələr, sinaqoqlar tikilir, təmir edilir. Biz bütün dini bayramlarımızı birlikdə qeyd edirik. Bütün dini icmalar bunu birlikdə qeyd edir".
Tolerantlıq və multikulturalizm ənənələrini qoruyub saxlaması Azərbaycanın tərəqqisinə təkan verir. Bu ölkə də, onun sevinci də, qayğıları da, problemləri də, uğurları da burada yaşayan, dilindən, dinindən asılı olmayaraq, hər bir xalqındır. Bu birlik Vətən müharibəsində bizi böyük zəfərə apardı. 2020-ci il sentyabrın 27-də dövlət başçısı, Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin qismən səfərbərlik çağırışına ölkəmizin bütün bölgələrində yaşayan xalqların - türk, ləzgi, talış, yəhudi, rus, udin və digər xalqların nümayəndələri dərhal səs verdilər. Hər bir gənc Azərbaycan adlı vətənin ərazi bütövlüyünün bərpa olunması uğrunda döyüşlərdə iştirak etmək üçün könüllü ordu sıralarına yazıldı. Onları valideynləri, qohum-əqrəbaları böyük qürur və fəxrlə, xeyir-dua verərək cəbhəyə yolladılar. Çünki Vətən torpaqlarının otuz ilə yaxın Ermənistan silahlı qüvvələrinin işğalında qalması, o yerlərdə düşmənlərin meydan sulaması bu ölkədə yaşayan hər bir Azərbaycan vətəndaşının qüruruna toxunurdu.
2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi yalnız işğalçı Ermənistana deyil, bütün dünyaya bu həqiqəti bir daha göstərdi ki, bir çox xalqların, dinlərin nümayəndələrinin bir ailə kimi sülh, mehribanlıq şəraitində yaşadığı bu ölkə yenilməzdir.
Ermənistanın uzun illər işğal altında saxladığı yurdlarımızda əsirlikdə qalan mədəniyyət abidələrimizi, məscidlərimizi, ziyarətgahlarımızı uçurub dağıdıblar. Onlar məscidlərimizi tövlələrə, qəbiristanlıqlarımızı otlaqlara çeviriblər. Prezident İlham Əliyev çıxışlarından birində söyləyib: "İşğal edilmiş torpaqlarda bizim tarixi, dini abidələrimiz ermənilər tərəfindən dağıdılıb. Bu barədə də faktlar var. ATƏT işğal edilmiş torpaqlara iki dəfə faktaraşdırıcı missiya göndərib və onların məruzələrində bu, açıq şəkildə göstərilir. Bütün şəhərlər yerləyeksan edilib, infrastruktur, qəbirlər dağıdılıb. Onlar qəbirlərimizin üstünə buldozer salmışlar, dağıtmışlar. Məscidlərimiz dağıdılıb. Bakının mərkəzində erməni kilsəsi var. Biz o kilsəni bərpa etmişik. İndi o kilsədə erməni dilində 5 mindən çox kitab saxlanılır. Onlar isə bizim məscidlərimizi yerləyeksan ediblər".
Dövlət başçısının diqqətə çatdırdığı faktlar Azərbaycan xalqının humanistliyinin, Ermənistanın isə vandallığının, qəddarlığının bariz nümunələridir.
Artıq Azərbaycanın işğaldan azad olunmuş tarixi torpaqlarında zəfərlərimizin nişanəsi olan bayraqlarımız dalğalanır. Həmin yerlərdə bərpa edilmiş məscidlərimizdən yenidən azan səsləri yüksəlir.
Ölkəmizdə milli və dini tolerantlıq dövlət səviyyəsində dəstəklənir, multikultural həyat tərzinin daha da möhkəmlənməsi məqsədi ilə həyata keçirilən böyük işlər davam etdirilir. Təsadüfi deyil ki, Azərbaycanın tolerantlıq modeli dünyanın bir çox universitetlərində, o cümlədən bu gün yeni binası istifadəyə verilən Azərbaycan İlahiyyat İnstitutunda öyrənilir. İnstitutda ali təhsil pilləsinin bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə yüksəkixtisaslı kadrlar hazırlanır.
Aprelin 11-də Prezident İlham Əliyev Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun yeni inzibati binasının açılışında iştirak edib. Dövlət başçısı yeni binada yaradılan şəraitlə tanış olub.
Qeyd edək ki, İlahiyyat İnstitutunda hazırda 277 tələbə təhsil alır. Təhsil dövlət sifarişinə əsasən həyata keçirilir. İnstitutda dinşünaslıq və islamşünaslıq istiqamətlərinin müxtəlif fənləri ilə yanaşı, sosial və humanitar fənlər, həmçinin ingilis, ərəb və ibri dilləri tədris olunur.
Zöhrə
FƏRƏCOVA,
Azərbaycan.-2022.- 13 aprel.- S.10.