İdman tariximizdə şərəfli səhifələr yazılır

 

 

Prezident İlham Əliyevlə görüş isə idmançıları daha böyük qələbələrə ruhlandırır

 

 

 

Ötən həftə Prezident İlham Əliyev güləş üzrə Macarıstanın paytaxtı Budapeştdə keçirilən Avropa çempionatında tarixi qələbəyə imza atan idmançılarımızı qəbul etdi. Bu çempionatda güləşçilərimiz ölkəmizi ləyaqətlə təmsil edərək böyük uğura imza atıblar, vətənə 3-ü qızıl olmaqla 16 medalla dönüblər.

Macarıstanda qazanılmış bu möhtəşəm qələbə təsadüfi deyil. Budapeşt zəfərinin təməlində dövlətin bu sahədə yeritdiyi siyasət, bədən tərbiyəsi və idmanın inkişafı naminə görülən ardıcıl tədbirlər, mütəxəssis və idmançıların peşəkarlıq və məsuliyyəti durur.

Pəhləvanlarımızın nailiyyəti bir daha göstərdi ki, bu qələbələr təsadüfi xarakter daşımır.  Güləşçilərin qazandıqları uğurları Prezident İlham Əliyev yüksək dəyərləndirərək qeyd etdi ki, Avropada birinci olmaq böyük uğurdur: "Əlbəttə ki, bir daha Azərbaycan güləşçilərimiz bizim güləşimizi təbliğ etmişlər, çünki güləş bizim ənənəvi idman növümüzdür. Güləşin çox böyük ənənələri vardır və bu ənənələr yaşayır".

Ümumiyyətlə, respublikamızın inkişaf strategiyasına uyğun olaraq idman da dövlət siyasətinin prioritet istiqamətlərindən biri kimi sürətlə inkişaf edir. Təsadüfi deyil ki, ötən illərdə hər bir sahədə olduğu kimi, Azərbaycanda idmanın tarixində də şərəfli səhifələr yazılıb, ölkəmizdə idmanın və olimpiya hərəkatının inkişafında böyük canlanma müşahidə olunub. Respublikamızda 50-yə yaxın olimpiya idman kompleksinin fəaliyyət göstərməsi, idmanın ayrı-ayrı növləri üzrə müasir komplekslərin yaradılması bu siyasətin uğurla həyata keçirilməsindən xəbər verir.

İdmançılarımız beynəlxalq yarışlarda qalib gəlmiş müzəffər xalqı təmsil edirlər. Beynəlxalq yarışlarda iştirak edən bütün idmançıların ürəyində bu duyğular var. Təkcə Azərbaycan vətəndaşları yox, bütün dünya azərbaycanlıları da bu gün özlərini əmin hiss edirlər, yaşadıqları ölkələrdə Azərbaycan həqiqətlərini yerli sakinlərlə bölüşərək İkinci Qarabağ müharibəsi haqqında qürur hissi ilə danışırlar.

İdmançılarla görüşdə bu kimi məsələlərə toxunan Prezident İlham Əliyev idmanın gənclərin vətənpərvərlik hisslərinin artırılmasındakı rolundan da danışdı. Qeyd etdi ki, idman bu istiqamətdə ən mühüm sahələrdən biri hesab olunur: "Doğrudan da, cəmi 44 gün ərzində böyük tarixi qələbə qazanmış xalqı təmsil etmək həm böyük qürurdur, həm də böyük məsuliyyətdir. İdmanın inkişafı və idman nailiyyətləri təkcə ölkəmizi dünyada təbliğ etmir, gücümüzü göstərmir, eyni zamanda cəmiyyətdə vətənpərvərlik hisslərini gücləndirir".

Prezidentin söylədiyi kimi, məhz vətənpərvərlik, Vətənə olan sədaqət, fədakarlıq gənc nəsli Qarabağın azad olunması uğrunda müharibədə irəliyə aparırdı. Ona görə də gənc nəsil mütləq vətənpərvərlik, milli ruhda tərbiyə almalıdır. Azərbaycan dövləti buna nail olmaq üçün bütün imkanlardan istifadə edir. Vətənpərvərliyi gücləndirən amillərdən biri də tarixi-hərbi zəfərimiz və eyni zamanda idman uğurlarımızdır.

Qeyd edək ki, yunan-Roma güləşi üzrə Azərbaycan millisi qitə birinciliyində tarixi uğur qazanıb. On güləşçi ilə yarışda təmsil olunan komandamızın 8 üzvü fəxri kürsüyə qalxıb. Eldəniz Əzizli (55 kq), Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvü Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medal qazanıblar. Onlar komandaya müvafiq olaraq 25, 20 və 15 xal qazandırıblar. Beşinci yeri tutan Murat Lokyayev (97 kq) və Beka Kandelaki (130 kq) isə 10 xalı millimizin xal ehtiyatına əlavə ediblər.

Beləliklə, yığmamız 165 xalla tarixində ilk dəfə komanda hesabında Avropa çempionu olub. Türkiyə 150 xalla ikinci, Gürcüstan isə 114 xalla üçüncü yeri tutublar. Həm medalların sayına, həm əyarına, həm də toplanan xallara görə Azərbaycan yunan-Roma güləşi tarixində yeni rekorda imza atıb.

Qitə birinciliyində sərbəst güləşçilərin mübarizəsində yığmamızın 10 üzvündən 7-si fəxri kürsüyə qalxıb. Maqomedxan Maqomedov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq), Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurmaqomedov (92 kq) isə bürünc medal qazanıblar. Yekunda 159 xal toplayan millimiz komanda hesabında Avropa çempionu olub.

Bir sözlə, Budapeştdən böyük qələbə ilə qayıdan güləşçilərimiz ölkənin idman tarixinə növbəti şanlı səhifə yazdılar. Qarşıda idmançılarımızı bir-birindən mötəbər yarışlar gözləyir. Bu turnirlərin ən böyüyü isə sözsüz ki, Fransanın paytaxtı Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarıdır. İnanırıq ki, idmançılarımız bu mötəbər tədbirdə də uğurlu çıxışları ilə xalqımızı sevindirəcəklər.

 

 

 

Elçin CƏFƏROV,

Azərbaycan.-2022.- 13 aprel.- S.10.