Şimal rayonunun bahar qayğıları

 

 

Siyəzəndə yaz-tarla işləri getdikcə sürətlənir

 

 

 

Ölkənin şimal bölgəsinin seçilən rayonlarından olan Siyəzənin iqtisadiyyatının  əsasını aqrar sahə təşkil edir. Rayon dağlıq və aran ərazilərindən ibarət olduğu üçün burada heyvandarlıq, taxılçılıq, quşçuluq və meyvəçilik inkişaf etmişdir.

Ötən ilin payızından başlayaraq rayonda taxıl əkininə başlanılıb. Artıq 5812 hektar əkin sahəsinin 5648 hektarında səpin aparılıb. Bunun 2779 hektarı buğda, 2869 hektarı arpa sahəsidir. Həmin sahələrin 2007 hektarı suvarılan, 3641 hektarı dəmyədir. Suvarılan ərazilərdə su qıtlığı olmamışdır. Martın əvvəllərindən havaların yağıntılı keçməsi dəmyə sahələrində də problemin olmayacağından xəbər verir.

Siyəzən rayonu üzrə suvarılan torpaq sahələrində becərilən əkin sahələri iki mənbədən - Taxtakörpü-Ceyranbatan kanalının yeni suvarma qurğuları və Samur-Abşeron kanalından qidalanan suvarma arxlarından su alır. Samur-Abşeron kanalına vaxtında su verilməməsi bəzən rayon üzrə suvarılması nəzərdə tutulan 5165 hektar torpaq sahəsinin becərilməsində çətinliklər yaradırdı. Bir neçə il əvvəl belə problem yaşanmışdı. Son illər isə belə hal yaranmayıb və həmin işlərə nəzarət edənlər hər gün əraziləri gəzir, tələb edilən suyun zamanında verilməsini təmin edirlər.

Əkin sahələrində ardıcıl olaraq aqrotexniki tədbirlər həyata keçirilir. Cari ilin məhsulu üçün 493 hektar taxıl sahəsində sink-fosfid preparatı vasitəsilə siçanabənzər gəmiricilərə qarşı mübarizə tədbirləri aparılıb. Taxıl sahələrində həmçinin alaq otlarına və xəstəliklərə qarşı mübarizə tədbirləri həyata keçirilib. Rayon üzrə 2300 hektar sahəyə yemləmə gübrəsi də verilib.

Siyəzən həm də meyvəçilik rayonudur. Rayonda təsərrüfat və həyətyanı sahələrlə birlikdə 924 hektar müxtəlif meyvə bağları var. Yaz başlayandan bağlarda böyük canlanma hiss olunur. 73 hektarda texniki və süfrə üzüm sortları becərilir. Hələ fevral ayının ortalarından üzüm bağlarında budama işləri görülüb. Yaz dövrü isə üzümün vacib becərilmə vaxtıdır. Mayın sonuna qədər lazımi qaydalara uyğun becərilən bağlar daha məhsuldar olur.

Məlumdur ki, kəndli üçün mart ayı təsərrüfat işlərinin başlanğıc dövrü hesab edilir. Çünki həmin aydan yazlıq əkinlərin becərilməsi başlayır. Hələ ki, açıq sahədə 39,1 hektar ərazidə yazlıq əkin aparılıb. Onun 23,7 hektarı yonca, 8,7 hektarı kartof, 7 hektara yaxını isə tərəvəzdir. Yenikənd, Həmyə, Beşdam, Zarat və Sədan kəndlərində yazlıq əkinlərin aparılması davam edir. Yeri gəlmişkən qeyd edək ki, bu kəndlər tərəvəzçilik üzrə ixtisaslaşıblar. Onların çoxunda yetişdirilən məhsulların alıcısı başının üstündədir. Elə buna görədir ki, son beş ildə həmin kəndlərdə tərəvəzçiliklə məşğul olanların sayı da artıb.

Rayonda istilikxanalarda da məhsul yetişdirilir. Ötən mövsüm 1,93 hektar örtülü sahədən məhsul götürülüb. Növbəti ildə belə sahələrin daha da genişləndirilməsi gözlənilir. Bunun bir səbəbi Siyəzəndə sahibkarlara geniş dəstək verilməsidir. Üstəlik meyvəçiliyə marağın artması da sahibkarlığa verilən dəstəyin nəticəsidir. Yerli fermerlər ölkənin müxtəlif şəhərlərində açılan yarmarkalara öz məhsullarını həvəslə göndərirlər. İndiyəcən onların həmin yarmarkalarda satışla bağlı heç bir problemi olmayıb.

Siyəzəndə bir neçə yerdə aqrotexniki qaydaların həyata keçirilməsi üçün lazım olan preparatların satış məntəqəsi fəaliyyət göstərir. Bu gün siyəzənli sahibkar, fermer dərman dalınca paytaxta üz tutmur. Onu da bildirək ki, bu mövsüm sahibkarlara xidmət ilk dəfə olaraq onlayn yolla aparılır. Təsərrüfata lazım olan preparat müvafiq  sayta yerləşdirilir qısa müddətdə  həmin dərman sifarişçiyə çatdırılır.

 

 

Akif ƏLİYEV,

Azərbaycan.-2022.- 13 aprel.- S.11.