Apreldən Zəfərə
Müzəffər Ali Baş Komandan
İlham Əliyevin Aprel
savaşındakı hərbi uğuru Vətən müharibəsindəki
şanlı qələbəni təmin etdi
Cənubi Qafqazın ən böyük hərbi gücü sayılan Azərbaycan Ordusunun Aprel qələbəsindən 6 il ötür. O qələbə ki, onu 44 günlük Vətən müharibəsindəki şanlı Zəfərimizin təməli, qığılcımı adlandıra bilərik.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin qüdrətli ordusunun məhz Aprel zəfəri ilə 23 ildən sonra həm Ermənistanı danışıqlar masası ətrafına oturmağa məcbur etdi, həm də dünyaya gücünü, qüdrətini nümayiş etdirdi. Bu döyüşlər, ilk növbədə Azərbaycanla Ermənistan arasındakı təmas xəttinin dəyişdirilməsi ilə nəticələndi və Azərbaycan Ordusunun peşəkarlığını göstərdi. Çünki ordumuz əlverişsiz mövqelərdən əks-hücum əməliyyatı apararaq strateji yüksəkliklərə sahib oldu. Həmin mövqelər, işğaldan azad edilmiş ərazilər isə imkan verdi ki, Azərbaycan Ordusu təmas xəttində mövcud vəziyyətə tam nəzarət etsin və lazımi tədbirləri görə bilsin.
Lələtəpədə dalğalanan bayrağın işığı
Aprel zəfərindən bir il sonra 2017-ci il iyulun 14-də Cəbrayıl rayonunun işğaldan azad edilən Cocuq Mərcanlı kəndində tarixi hadisə yaşanır. Yenidən öz yurd-yuvalarına qayıdan soydaşlarımızın yanında olan İlham Əliyev Ermənistana və onun havadarlarına sərt xəbərdarlığını edir:
“Bu gün Lələtəpədə və digər işğaldan azad edilən ərazilərdə Azərbaycan bayrağı dalğalanır. Gün gələcək bizim bayrağımız Şuşada dalğalanacaq”.
Bu, təsadüfən deyilən, xalqı yalan yerə ümidləndirən fikir deyildi. Çünki İlham Əliyevə böyük etimad göstərərək özünə lider seçən xalq hər zaman ona inanıb və güvənib. İlham Əliyev bu güvəni həyata keçirdiyi uğurlu siyasət, xalqa verdiyi vədlərə, sözlərə sadiqliyi ilə qazanıb. Ona görə də Cocuq Mərcanlıda səslənən bəyanat Azrəbaycan xalqının qələbəyə inamını daha da artdı və Aprel döyüşlərində ağır zərbə alan düşmənin canına bir daha vəlvələ saldı.
Cocuq Mərcanlı erməni əsarətində qalan Qarabağ torpaqlarına aparan yolun başlanğıcı, Şuşaya, Ağdama, Laçına, Kəlbəcərə və digər işğalda olan torpaqlarımıza açılan ümid qapısı idi. Elə kəndin girişindəki lövhələrdə əksini tapan “Cocuq Mərcanlıdan Şuşaya” lövhəsi də hər kəsi duyğulandırmaqla yanaşı, içimizdəki inam hissini getdikcə artırırdı.
Ümumiyyətlə, Aprel döyüşləri böyük qələbənin çox mühüm bir anonsu, xəbərçisi idi. Aprelin 2-də düşmən təxribatlarına cavab olaraq Azərbaycan Ordusu sürətli əks-hücum əməliyyatı ilə Füzuli, Cəbrayıl və Tərtər rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Tərtər-Suqovuşan istiqamətində yolların nəzarətdə saxlanılması təmin olundu. Həmçinin minlərlə hektar ərazi ordumuzun tam nəzarətinə keçdi. Ordumuzun qəti zərbələri nəticəsində düşmənin 30-dək tankı, 25-dən çox artilleriya qurğusu və digər zirehli texnikası məhv edildi, 320 hərbçisi öldürüldü, 500-dən artıq döyüşçüsü yaralandı.
Dörd günlük Aprel döyüşləri 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Ordumuzda özünə, gücünə inamın ən yüksək həddə çatmasında bu döyüş tarixi əhəmiyyətə malikdir. Müharibədə qələbə üçün ordunun ruh yüksəkliyi, özünəinamı son dərəcə vacib amildir. Digər tərəfdən Aprel döyüşləri Ermənistan ordusunda özünəinamı sarsıtdı, Azərbaycan Ordusu qarşısında duruş gətirməyin mümkün olmayacağı qorxusunu yaratdı. Lələtəpəyə sancılan bayrağın işığı işğal altında olan bütün torpaqlarımıza düşüb nura qərq edirdi. Bu isə yolumuzu açırdı...
Aprel zəfərinin ruhu böyük qələbənin qığılcımı oldu
Dördgünlük döyüşlər həm işğalçı Ermənistana, həm də onun havadarlarına Azərbaycanın ən modern silah-sursat və hərbi texnika ilə təchiz olunmuş Silahlı Qüvvələrinin nəyə qadir olduğunu göstərdi. Ordumuzun qüdrəti Ermənistan başda olmaqla, onun himayədarlarını da təşvişə saldı.
Aprel zəfəri həm də xalqın və ordunun tarixi ərazilərimiz olan Qarabağın işğaldan azad edilməsi üçün hər cür fədakarlığa və hərbi qüdrətə hazır olduğunu düşmənlə yanaşı, dünyaya da sübut etdi.
Bu qələbənin ruhu insanlarda, xüsusən də hər bir gəncdə böyük qürur və sevinc hissləri doğurdu. Ötən əsrin 90-cı illərinin əvvəllərindən fərqli olaraq cəmiyyətin bütün təbəqələri qısa müddətdə Ali Baş Komandanın ətrafında sıx birləşərək indiyə qədər görünməmiş milli birlik, həmrəylik nümayiş etdirdilər. Məlum oldu ki, hərbi əməliyyatların davam edəcəyi müddətdə hər kəs “Hər şey cəbhə üçün, hər şey qələbə üçün!” şüarını uca tutaraq torpaqlarımızın düşməndən təmizlənməsi prosesinə əməli töhfəsini verməyə çalışacaq. Həmin günlərdə yeniyetmələrdən tutmuş ahıl insanlaradək hamının əlinə silah alaraq cəbhəyə yollanmağa hazır olduğunu bildirməsi də hərbi-psixoloji üstünlüyün əldə edilməsi baxımından vacib məqamlardan idi.
Bu döyüşlər Azərbaycan Ordusu, ölkə gəncliyi üçün bir imtahan oldu. Azərbaycan əsgəri döyüşə atılmağa, qəhrəmanlıq göstərməyə, torpaqlarımızı azad etməyə hazır olduğunu öz şücaəti ilə bir daha göstərdi. Bu, Azərbaycan gəncinin, əqidəsinin, Vətənə olan sevgisinin göstəricisi idi. Bu döyüşlər zamanı xalqımızın da qəhrəmanlığı hər kəsə bəyan oldu. Şanlı qələbə eyni zamanda Ermənistanın uzun illər ərzində öz ordusu haqqında yaratdığı mifləri darmadağın etdi. Ali Baş Komandanın söylədiyi kimi, Aprel döyüşləri demək olar ki, Ermənistanın ideoloji əsaslarını dağıtdı. Hər kəsə bəlli oldu ki, Azərbaycanla münasibətlər yoluna qoyulmasa, Ermənistanın gələcəyi yoxdur.
Digər maraqlı məqam isə ondan ibarətdir ki, silahlı birləşmələri döyüş meydanında məğlub edilən Ermənistan rəhbərliyi də özünü tam şəkildə ifşa etdi. Həm döyüş meydanında acı məğlubiyyətə uğradılar, həm də siyasi meydanda heç bir dəstək almadılar. Halbuki işğalçı ölkə daim o dəstəyə arxalanıb danışıqlar masasına oturmur, hər dəfə bir bəhanə uydururdu. Məhz həmin dəstək gəlmədiyi üçün ermənilər müxtəlif ölkələri ittiham etməyə başladılar və sonda Aprel döyüşlərində məğlub olduqlarını etiraf etdilər.
Lələtəpədən Şuşaya qədər uzanan Zəfər yürüşü
Bu döyüşlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin ordu quruculuğu istiqamətində atdığı addımların, həyata keçirdiyi islahatların nə qədər düşünülmüş, uğurlu olduğunu bir daha təsdiqlədi. Bəlli oldu ki, İlham Əliyev əsl sərkərdədir. Aprel döyüşləri göstərdi ki, Azərbaycan Ordusu zəfərə tam hazırdır və artıq müharibə başlamalıdır.
Çünki hərbi qüdrəti gündən-günə artan Azərbaycan Ordusunun arsenalını ən modern silah və digər hərbi texnika ilə zənginləşdirir və hər ötən il daha da gücləndirməkdə davam edirdi. Bütün bunlar isə onu göstərirdi ki, Azərbaycan Ordusu torpaqlarımızın işğaldan azad edilməsi ilə bağlı vəzifəsini layiqincə yerinə yetirməyə hər an hazırdır və ərazi bütövlüyümüzün bərpa ediləcəyi gün uzaqda deyil.
İlham Əliyev Aprel qələbəsinin birinci ildönümü ilə əlaqədar bir qrup hərbçimizlə görüşündə vurğuladı ki, bu döyüşlər şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcək.
Çox keçmədi, 4 ildən sonra o fikirlər reallığa çevrildi. Azərbaycan Ordusu Aprel döyüşlərində yarımçıq saxladığı əməliyyatını tam gerçəkləşdirmək üçün Ali Baş Komandandan hücum əmri aldı.
2020-ci ilin iyulunda baş verən Tovuz döyüşləri İkinci Qarabağ müharibəsinin başlanmasını şərtləndirən qığılcım oldu. Prezident, xalq və ordu birliyi “dəmir yumruq” ətrafında birləşib Qarabağın azadlığı uğrunda Vətən müharibəsinə başladı.
Sentyabrın 27-dən noyabrın 8-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə, həm diplomatiya müstəvisində və həm də informasiya məkanında Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq.
İlham Əliyevin dünya liderləri ilə danışıqlar zamanı, xarici media nümayəndələrinə verilən müsahibələrdə prinsipial mövqeyi, qələbəyə gedən yolda ordumuza stimul oldu. İlham Əliyevin dönməz iradəsi Azərbaycan əsgərinin döyüş ruhunu artırdı, qələbə inamını daha da gücləndirdi.
Məhz İlham Əliyevin əsl sərkərdə qətiyyəti ilə Qarabağı sürətlə düşməndən təmizləyən müzəffər ordumuz Cocuq Mərcanlıqdan başlanan Zərəf yolunda inamla irəliləyərək Şuşanı fəth etdi və 30 illik işğala son qoyuldu.
İlham Əliyev Şuşaya qalib komandan kimi ayaq basdı və dünyaya mesaj verdi ki, beynəlxalq təşkilatların illərlə həll edə bilmədikləri məsələni Azərbaycan öz gücünə cəmi 44 günə bitirdi, işğalçı, terrorçu qruplaşmalar Azərbaycan torpaqlarından qovuldu.
Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandan isə bu müharibəni XXI əsrin yeni savaşı adlandırdı. Çünki ordumuzun yeni müharibə modeli, yəni aparılan əməliyyatlar və savaşın nəticəsi hələ də dünyanın hərbi analitikləri tərəfindən müzakirə olunmaqdadır. Bəzi mütəxəssislərin “smart müharibə” adlandırdıqları bu savaşda çox düzgün hesablama və konkret şərait üçün unikal bir strategiya tətbiq edildi. Pilotsuz uçuş aparatları isə yeni müharibə formatının bünövrəsini qoydu. Ordumuzun həyata keçirdiyi müasir döyüş taktikası dünya hərb praktikasında yeni nəsl savaşı kimi dəyərləndirilir.
Ordusuna, xalqına güvənən işğalçı Ermənistan cəmi 44 gün dözə bildi. Erməni silahlı birləşmələri Azərbaycan Ordusu qarşısında aciz vəiyyətə düşdü. Erməni hərbçisi silahını, texnikasını, döyüş bayrağını atıb şərəfsizcəsinə qaçmağa məcbur oldu. İşğal altında olan torpaqlarımız düşmən tapdağından təmizləndi. Aprel döyüşlərində şəhid olan igid oğullarımızın ruhları bir daha şad oldu. Çünki onların da istəyi Qarabağın azadlığı idi və bu gün həmin torpaqlar azaddır. Şuşada, Ağdamda, Xocavənddə, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda, Laçında, Kəlbəcərdə dalğalanan Azərbaycan bayrağı düşmənin bağrını yarır, hər bir azərbaycanlının ürəyini dağa döndərir, fərəhləndirir.
Bir
sözlə, Müzəffər Ali Baş Komandan İlham
Əliyevin Aprel döyüşlərindəki uğuru Vətən
savaşındakı yekun qələbəni təmin edib,
böyük Zəfərin təməl daşı oldu.
Rəşad
BAXŞƏLİYEV,
Azərbaycan.-2022.- 2 aprel.- S.1;5.