34 ölkə, 145
idmançı
Bakıda idman
gimnastikası üzrə Dünya kuboku start götürüb
Paytaxt Bakı ənənəvi olaraq növbəti dəfə mötəbər beynəlxalq yarışlara evsahibliyi edir. Milli Gimnastika Arenasında kişi və qadın idman gimnastikası üzrə FIG Dünya kubokuna start verilib.
Turnirdə 34 ölkədən 145 idmançı qüvvəsini sınayacaq. Dörd gün davam edəcək yarışların ilk iki günü təsnifat, sonrakı iki günü isə final mərhələləri baş tutacaq.
Dünya kubokunda ölkəmizi Mənsum Səfərov (sərbəst hərəkətlər), Ağamurad Qəhrəmanov (sərbəst hərəkətlər, dayaqla tullanma, paralel qollar, turnik), İvan Tixonov (dəstəkli at, dayaqlı tullanma, paralel qollar, turnik), Cavidan Babayev (halqa), Nikita Simonov (halqa), Samirə Qəhrəmanova (dayaqlı tullanma, gimnastika tiri, sərbəst hərəkətlər), Milana Minakovskaya (müxtəlif hündürlüklü qollar, gimnastika tiri, sərbəst hərəkətlər) təmsil edirlər.
Yarışların açılış mərasimində çıxış edən Gənclər və idman nazirinin müavini Mariana Vasileva gimnastikanın ən maraqlı növlərindən biri olan idman gimnastikasının ölkəmizdə çox sevildiyini, bu növün Olimpiya oyunlarında da böyük maraqla qarşılandığını bildirib.
Açılış mərasiminin ardınca idmançıların çıxışlarına start verilib. Dünya kubokunun ilk günündə kişi idmançılar sərbəst hərəkətlər, paralel qollar və halqalar üzrə çıxışlarını təqdim ediblər. Qadın idman gimnastları isə dayaqlı tullanma üzrə və müxtəlif hündürlüklü qollarda mübarizə aparıblar.
Azərbaycanın dörd təmsilçisi yarışın ilk günündə qüvvəsini sınayıb. Nikita Simonov halqalarda proqramını təqdim edib. Onun çıxışı hakimlər tərəfindən 14,266 xalla qiymətləndirilib. Gimnastımız altıncı pillədə qərarlaşıb. Təsnifat mərhələsinə 14,800 xalla italiyalı Salvatore Mareska başçılıq edir. Türkiyə təmsilçiləri İbrahim Çolak 14,666 xalla ikinci, Adem Asil 14,633 xalla üçüncü pillədə yer alıblar.
Gimnastımız İvan Tixonov paralel qollarda çıxış edib və hakimlərdən 13,933 xal alıb. Bu nəticə ilə idmançımız 8-ci olub və finala vəsiqə qazanıb. Mənsum Səfərov isə sərbəst hərəkətlər üzrə proqramını təqdim edib. Gimnastımızın çıxışı hakimlər tərəfindən 11,200 xalla qiymətləndirilib və o, 33-cü pillədə qərarlaşıb. Sərbəst hərəkətlərdə təsnifat mərhələsinə 14,866 xalla İsrail təmsilçisi Artyom Dolqopyat başçılıq edir. İtaliyalı Nikolo Mozatto (14,366 xal) və Yunanıstan təmsilçisi Antonios Tantalidis (14,166) ilk üçlükdə yer alıblar.
Qadınların yarışında Samirə Qəhrəmanova dayaqlı tullanma, Milana Minakovskaya isə müxtəlif hündürlüklü qollar proqramında mübarizə aparıblar. Milana Minakovskaya 10,366 xalla 23-cü, Samirə Qəhrəmanova isə 17-ci yerdə (12,166 xal) qərarlaşıblar.
Təsnifat mərhələsindən sonra bəzi atletlər səmimi fikirlərini bölüşüblər. Sərbəst hərəkətlər proqramı üzrə Olimpiya çempionu, dünya çempionatının mükafatçısı, Avropa çempionu Artyom Dolqopyat deyib: “Yarışların təşkili əla səviyyədədir. Yarışların başlamasından bir neçə gün əvvəl Bakıya gələrək təlim-məşq toplanışları keçirdik və bu yarışa hazırlaşmaq üçün kifayət oldu. Bugünkü çıxışıma gəlincə, sərbəst hərəkətlərdə kombinasiyanı yaxşı nümayiş etdirərək hakimlərdən 14,866 xal aldım. Ümumilikdə, çıxışımdan razıyam. İndi isə sabaha özümü hazırlamalıyam. Burada daha iki alətdə - gimnastika atı və dayaqda tullanma hərəkətlər üzrə proqramda çıxış etməliyəm”.
Türkiyəli idmançı Adem Asil isə Azərbaycana ikinci dəfədir ki, səfər edir: “Bakıda Milli Gimnastika Arenasında yaradılan gözəl şəraitdən məmnunam. Bu, mənim Azərbaycana ikinci səfərimdir. Mən buraya böyük məmnuniyyətlə gəlirəm. Burada bizi həmişə çox səmimi qarşılayırlar. Milli Gimnastika Arenası idmançıların məşq edə, dincələ və sağlamlıqlarına diqqət yetirə biləcəyi əla kompleksdir. Burada hər şey ən xırda detallara qədər düşünülüb”.
Davam edən dünya kubokunda rəqiblərindən danışan türkiyəli gimnast onların güclü olduğunu vurğulayıb: “Bakıda keçirilən dünya kubokunda olimpiya mükafatçıları, dünya və Avropa çempionları - bütün təcrübəli gimnastlar iştirak edir. Türkiyənin də güclü və layiqli komandası var. İdmançılarımızın yaxşı nəticə göstərəcəyinə inanıram”. A.Asil təsnifat mərhələsinin ilk günündəki çıxışından razı qaldığını bildirib.
FIG Dünya kuboku yarışları aprelin 3-də başa çatacaq.
Rizvan
CƏFƏROV,
Azərbaycan.-2022.-
2 aprel.- S.1;9.