Süni qiymət
artımına imkan verilməyəcək
Azərbaycan
dövləti öz vətəndaşlarını qorumaq
üçün lazım olan bütün addımları
atır
Bu ilin birinci rübünün yekunlarına həsr olunan müşavirədə toxunulan məsələlərdən biri də qiymət artımı ilə bağlı oldu.
Məlum olduğu kimi, qiymət artımı hazırda qlobal miqyas daşıyır və Prezident İlham Əliyevin də vurğuladığı kimi, dünyada ərzaq məhsullarının qiymətləri kəskin artır. Rusiya ilə Ukrayna arasındakı müharibə isə bu prosesi daha da sürətləndirib.
Ehtiyatlar artırılır, daxili təminat gücləndirilir
İndiki halda qiymət artımı dünyada baş verən proseslərdən qaynaqlanır və o cümlədən inflyasiya da bundan irəli gəlir. Dünyada ərzaq qiymətlərinin artması əksər ölkələrdə, o cümlədən Azərbaycanın əsas ticarət tərəfdaşlarında inflyasiya təzyiqləri yüksəlmişdir. Dünya Bankının əmtəə bazarlarına dair məlumatlarına əsasən, 2021-ci ildə əvvəlki illə müqayisədə qeyri-enerji qiymətləri 20 faizdən çox artıb. BMT FAO təşkilatının məlumatına görə, dünyada ərzaq qiymətləri 23 faizdən çox artıb və son 10 ilin ən yüksək səviyyəsinə çatıb.
Qlobal miqyasda ərzaq və digər məhsulların qiymətinin artması isə təbii ki, ölkələrin daxili qiymətlərinə də təsir edir. Bu baxımdan hazırda Azərbaycan hökumətinin də qarşısında mühüm vəzifələr dayanır. Əsas vəzifələrdən biri təbii ki, respublikamızın strateji kənd təsərrüfatı məhsulu olan taxılla təminatdır. "Hökumətə bu məsələ ilə bağlı göstəriş verilmişdir. Operativ tədbirlər görülüb və ehtiyatlar yığılır. Biz daha çox ehtiyat yığmalıyıq. Ancaq, eyni zamanda bilməliyik ki, belə vəziyyət uzun müddət ərzində davam edə bilər və yəqin ki, davam edəcək. Ona görə burada, ilk növbədə daxili təminatımız artmalıdır", - deyə Prezident İlham Əliyev müşavirədə bu barədə bildirib.
Dünya bazarında taxılın qiymətinin artmasının əsas səbəbi Ukrayna ilə Rusiya arasındakı müharibədir. Həm Ukrayna, həm də Rusiya regionun aparıcı taxıl ixracatçılarıdır. Eyni zamanda hər iki dövlət Azərbaycanın mühüm ticarət tərəfdaşlarıdır və respublikamıza taxıl ixrac edirlər. Rusiya ilə Ukrayna arasındakı müharibə, xüsusən, Ukraynanın qonşu dövlətlərlə ticarət əlaqələrinə, idxal-ixrac əməliyyatlarına təsirsiz ötüşməyib. Taxılla bağlı qıtlığın yaranması və qiymətlərin artması da bu səbəbdəndir.
Təbii ki, Azərbaycan hökuməti çətinliklərin olacağı ehtimalını nəzərə alaraq taxıl ehtiyatlarını artırır. Eyni zamanda daxili təminatın gücləndirilməsi məqsədilə digər tədbirlər də həyata keçirilir. Bu məqsədlə həm azad edilmiş torpaqlarda, həm də digər bölgələrdə əkin işlərinin daha genişmiqyaslı aparılması üçün göstərişlər verilib. O cümlədən asılılığımız olan məhsullar üzrə idxalın sadələşdirilməsi tətbiq olunur.
Müşavirədə qeyd olunduğu kimi, bu gün respublikamızda əsas ərzaq məhsulları üzrə kifayət qədər ehtiyatlar var. Eyni zamanda məhsulun, əsasən də, minimum istehlak bazarına daxil olan, əhali tərəfindən gündəlik istifadə edilən məhsulların həm qiymət, həm də ehtiyatlar baxımından hər gün monitorinqi aparılır.
Proseslər ciddi nəzarətdədir
Təəssüf ki, indiki şəraitdə qiymətlərin süni artımı da baş verir. Bəzi işbazlar vəziyyətdən istifadə edərək möhtəkirliyə yol verirlər. Prezident İlham Əliyev bu məsələyə də toxunaraq dedi: "Üç ayda əhalinin gəlirləri təxminən 20 faiz artıb və əgər biz inflyasiyanı əhalinin gəlirləri ilə müqayisə etsək, burada yenə də real gəlirlər artmış olur. Ancaq o demək deyil ki, biz buna laqeyd yanaşmalıyıq. Ona görə antiinflyasiya tədbirlərinin görülməsi, gücləndirilməsi zəruridir. Əlbəttə ki, burada əsas məsələ süni qiymət artımının qarşısının alınmasıdır. Çünki belə hadisələrdə, belə geosiyasi vəziyyətdə bəzi natəmiz sahibkarlar bundan istifadə etməyə çalışırlar və heç bir əsas olmadan qiymətləri artırırlar. Buna xüsusi diqqət göstərilməlidir".
Xatırladaq ki, hələ bir neçə il əvvəl manatın devalvasiyası baş verəndə bir çox məhsulların qiymətlərində işbazlar tərəfindən spekulyasiyaya yol verilməsi və əlavə dividend əldə etmək meyilləri özünü büruzə vermişdi. Bəzi işbazlar o zaman yaranan vəziyyətdən sui-istifadə edərək qiymətlərin süni şişirdilməsi hesabına daha çox qazanc götürməyə cəhd göstərmişdilər. Xüsusən xarici ölkələrlə bağlılığı olmayan məhsulların qiymətində artım halları vəziyyətdən sui-istifadə edərək əlavə gəlir qazanmağa çalışanların möhtəkirliyinin nəticəsi idi. Həmin vaxt süni bahalaşmanın qarşısının alınması üçün ciddi tədbirlər görülmüşdü.
Bu gün də respublikamızda sosial-iqtisadi inkişaf strategiyasından irəli gələrək daxili bazarda qiymət manipulyasiyası üzərində nəzarətin gücləndirilməsi, qlobal ərzaq bazarlarında bahalaşmanın ölkənin ərzaq təminatına mənfi təsirinin qarşısının alınması prioritet vəzifələr sırasında yer alır. Onu da qeyd edək ki, ölkənin strateji əhəmiyyətli mallarla təchizatının dayanıqlığını təmin etmək və daxili bazarda həmin mallar üzrə qısamüddətli kəskin qiymət dəyişmələrinin qarşısını almaq və ərzaq təhlükəsizliyinin təmini istiqamətində tədbirlər görülməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyi yaradılıb.
Hazırda ərzaq məhsulları üzrə qiymətlərin artımı bütün dünyanı çənginə almış bir problemdir. Lakin Azərbaycan dövləti bu neqativ prosesdən vətəndaşları qorumaq, əhalinin sosial müdafiəsini gücləndirmək üçün bütün addımları atır. Bu gün də bütün proseslər dövlətin ciddi nəzarətindədir və süni qiymət artımına yol verənlər qanunların sərt üzü ilə qarşılaşacaqlar.
Rəşad
CƏFƏRLİ,
Azərbaycan.-2022.- 14 aprel.- S.1;4.