Lənkəranda daha bir şəhidin xatirə bulağı açılıb

 

 

Hirkan qəsəbəsində 2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş Rusif İbrahim oğlu Ağayevin xatirəsinə tikilmiş bulaq-abidə kompleksinin açılış mərasimi keçirilib. Tədbirdə yerli icra strukturlarının rəhbərləri, şəhid ailə üzvləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Mərasimdə çıxış edən  Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov Aprel  döyüşlərinin Ali Baş Komandan İlham Əliyevin mahir sərkərdəlik bacarığı ilə Azərbaycan Milli Ordusunun 44 günlük Vətən müharibəsində qazandığı tarixi zəfərin əsasını qoyduğunu bildirib. Natiq igid əsgərlərimizin bu döyüşlərdəki qəhrəmanlığını nəsillərə örnək olduğunu qeyd edərək məhz Aprel döyüşləri zamanı rəşadətli əsgərlərimizin vətənpərvərlik ruhu sayəsində yağı düşmənin həm fiziki, həm də mənəvi cəhətdən sarsıdıb məhvə məhkum edildiyini söyləyib. Aprel döyüşlərinin torpaqlarımızın azad olunması yolunda işğalçı düşmənə qarşı aparılan  mübarizə tarixinin parlaq səhifəsi olduğunubu səhifəni qəhrəman oğullarımızın öz qanları və canları ilə yazdıqlarını, Rusif Ağayevin də belə igidlərdən olduğunu xüsusi vurğulayan T.Qaraşov şəhidin valideynlərinə Vətənini sevən, onun yolunda canından keçən qəhrəman övlad yetişdirdiklərinə görə təşəkkür edib.

Şəhidin atası İbrahim Ağayev və digər çıxış edənlər dövlət başçısının uğurla həyata keçirdiyi inkişaf kursunu, xalqın rifahının yaxşılaşdırılması ilə bağlı gördüyü işləri ürəkdən bəyəndiklərini dilə gətiriblər. Bütün çıxışlarda torpaqlarımızın işğaldan azad olunması yolunda canlarından keçən şəhidlərin Vətən qarşısındakı xidmətlərinin yüksək dəyərləndirilməsinə və xatirələrinin əbədiləşdirilməsi ilə bağlı davamlı işlərin görülməsinə görə minnətdarlıq səsləndirilib.

Sonda mərasimdə məktəblilərin ifasında şəhidlərə həsr olunmuş ədəbi-bədii kompozisiya ifa olunub, Rusif Ağayevin qəsəbə qəbiristanlığındakı məzarı ziyarət edilib.

 

 

Ağaddin BABAYEV,

"Lənkəran" qəzetinin əməkdaşı

Azərbaycan.-2022.- 14 aprel.- S.7.