Təbəssümü üzündə dondu

 

 

Elmin Quluzadə 1998-ci il noyabrın 1-də Tərtər rayonunun Kəngərli kəndində anadan olub. Ailədə üç qardaş idilər.

Qarabağ müharibəsi iştirakçısı olan Şəmsi kişi oğlanları ilə fəxr edirdi. Əmin idi ki, vaxtilə özünün və yoldaşlarının bacara bilmədiklərini Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında bu gənclər edəcək və erməni işğalına son qoyulacaq.

Ailənin böyüyü Murad 4 il idi ki, müddətdən artıq hərbi qulluqçu kimi xidmət edirdi. Elmin isə müharibəyə könüllü getmişdi. Şəmsi kişi deyir ki, müharibədə müvəqqəti atəşkəs olduğu günlərdə kiçik oğlu ilə Elminin yanına getmişdi: "Ağdam istiqamətindəydi. Əhval-ruhiyyəsi də çox yaxşıydı. Zarafat elədim. Dedim, gəlsənə mən qalıb sənin yerinə döyüşüm, sən isə qayıt evimizə. Bu sözləri zarafatca desəm də, o, ürəyimdəki nigarançılığı hiss etdi. Axı Murad da döyüşdəydi. Dedi, ata, sən nə danışırsan, biz sənə söz vermişdik ki, bu torpaqların alınmasında iştirak edəcəyik. Hər dəfə kəndlərimizi geri qaytardıqca, səni gözlərim önünə gətirir və sevinirəm ki, bundan sonra sən də rahat yaşayacaqsan. Oğlum haqlı idi. 30 ilə yaxın bir müddətdə mən televizora baxıb rayonlarımızın işğalı tarixlərini, bu yerlərin dağıdılması haqqında xəbərləri eşidəndə, sanki özümü günahkar hesab edirdim. İndi başımız ucadır. Bu ucalığı şəhidlərimiz öz qanları ilə bizə bəxş etdilər".

Elmin oktyabrın 16-da Suqovuşan istiqamətində gedən döyüşlərdə qəhrəmancasına həlak oldu. Həmin vaxt bizim hərbçilər mühüm strateji yüksəkliyi düşməndən geri qaytarmışdılar. Komandiri deyirdi ki, uşaqlar hamısı çox sevincliydi. Elminin üzündə isə həm də qalib əsgərin təbəssümü vardı. Heyif ki, mina qəlpəsi bu təbəssümü əbədi dondurdu.

Elmin Quluzadə oktyabrın 17-də Kəngərli kənd qəbiristanlığında dəfn olundu. Deyilənə görə, sevdiyi qız vardı. Anasına demişdi ki, hazırlaş, müharibədən sonra elçi gedəcəksən.

Elmin Quluzadə ölümündən sonra "Vətən uğrunda", "Cəsur döyüşçü", "Suqovuşanın azad olunmasına görə" medalları ilə təltif olunub. Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə hazırda xidmətini davam etdirən qardaşı Murad da medallara layiq görülüb.

 

 

Svetlana BAĞIROVA,

"Yeni Tərtər" qəzetinin redaktoru

Azərbaycan.-2022.- 14 aprel.- S.7.