Sözün işığında yaşanan ömür

 

 

O, könlünü sözə verdi. Sözonu - publisist, yazıçı, nasir, dramaturq, tərcüməçi, ssenarist, milli mətbuat tarixi üzrə tədqiqatçı, Əməkdar jurnalist Əşrəf Hacıyevə unudulmazlıq bağışladı.

1931-ci il dekabrın 11-də Bakıda dünyaya gəlib. O zaman valideynləri bu şəhərdə təhsil alırdılar. Uşaqlığı Qəbələ rayonunun Hacallı kəndində keçib. Qəbələ şəhər orta məktəbində oxuyub. O, öyrənmək həvəsi, istedadı, bacarığı ilə seçilən, gələcəyinə ümid bəslənən şagirdlərdən olub. Bütün fənləri yaxşı oxusa da, ədəbiyyata izah edə bilmədiyi əsrarəngiz hisslərlə bağlı idi. Elə orta məktəb illərində bədii ədəbiyyatın cazibəsinə düşən Əşrəf Hacıyev hisslərini qələmə almağa çalışıb. 1949-cu ildə Qəbələ şəhər orta məktəbini əla qiymətlərlə başa vurub. Yazıçı olmaq istəyi ilə sənədlərini Azərbaycan Dövlət Universiteti (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinin Azərbaycan dili və ədəbiyatı şöbəsinə verib. İmtahan komissiyasının üzvləri onun sərbəst mövzuda yazdığı inşanı çox bəyəniblər. Onlar Əşrəf Hacıyevin xüsusi yazı istedadını nəzərə alıb özündən soruşmadan onu həmin fakültənin nəzdindəki Jurnalistika şöbəsinə qəbul ediblər. 1949-1954-cü illərdə universitetdə  təhsil alıb. O illərdən bu peşəni çox sevibömürlük jurnalistikaya bağlanıb. Azərbaycan mətbuatında və ədəbiyyatında özünəməxsus yeri və imzası olması üçün hər zaman böyük həvəslə oxuyub-öyrənib, yorulmadan çalışıb və istedadının, zəhmətinin gücü ilə buna nail olub.

Çox fəal olan Əşrəf Hacıyev hələ tələbəlik illərində fakültə komsomol təşkilatının katibi, işlədiyi institutda, redaksiyalarda ilk partiya təşkilatının katibi seçilib. Azərbaycan jurnalistlərinin qurultaylarının nümayəndəsi olub, Azərbaycan nümayəndə heyətlərinin tərkibində ümumittifaq səviyyəli elmi konfranslarda və dövlət tədbirlərində iştirak edib.

Tələbəlik illərində mətbuatda yazıları dərc edilib. 1950-ci illərin ortalarından başlayan yaradıcılıq yolundan qırx beş il, yəni ömrünün sonunadək heç vaxt uzaqlaşmayıb. Əsərləri "Ə.Hacıyev" və ya "Əşrəf Hacıyev" imzaları ilə işıq üzü görüb.

Ali təhsilini başa vuran kimi, 1954-cü ilin avqustundan Azərbaycan Komsomolu Mərkəzi Komitəsində (ALKGİ MK) Təbliğat və təşviqat şöbəsinin mətbuat üzrə təlimatçı vəzifəsinə işə qəbul olunub. Orada çalışdığı 1954-1956-cı illərdə respublikanın müxtəlif mətbu orqanları ilə əməkdaşlığa başlayıb. İmzası müntəzəm olaraq qəzet səhifələrində görünüb.

Qəlbinin səsini dinləyib. Yaradıcılıqla daha fəal məşğul olmaq istəyi ilə 1956-cı ilin dekabrında "Azərbaycan gəncləri" qəzetinin redaksiyasına gəlib. O, 1956-1969-cu illərdə həmin qəzetin Təbliğat və təşviqat şöbəsinin müdiri işləyib.

Əşrəf Hacıyev Azərbaycan KP MK yanında Partiya Tarixi İnstitutunda baş elmi işçi işlədiyi 1969-1977-ci illərdə də mətbuatdan uzaqlaşmayıb. 1977-ci ildə "Kommunist" qəzetinin (1991-ci ildən "Xalq qəzeti") dəvəti ilə yenidən jurnalist kimi çalışıb. 1977-1997-ci illərdə, yəni iyirmi il bu qəzetdə fəaliyyət göstərib. 1990-1997-ci illərdə "Xalq qəzeti"nin Mingəçevir şəhəri mərkəz olmaqla, Yevlax, Ağdaş, Göyçay, Qəbələ, Ucar, Zərdab rayonları üzrə bölgə müxbiri işləyib. Ömrünün son çağlarında - 1997-2001-ci illərdə "Respublika" qəzetində şöbə müdiri, ədəbi redaktor vəzifələrində işləyib.

Əşrəf Hacıyev insana, təbiətə, vətənə sevgi ilə qələmə alınan bir sıra nəsr əsərlərinin (povest, hekayə və novellaları, əfsanə və nağılları) müəllifidir. Onun "İtkin atanın oğlu", "Onun qanı ürəyimdədir" povestləri, "Eynəkli kişi", "Son görüş", "Daş güzgü" hekayələr məcmuələri, "Gözəllər zinəti", "Alma bağı", "Məsləhət", "Varislər", "Məhəbbət novellası" və digər pyesləri, "Məhəbbət könül çırağıdır", "Günəş nəslinə məktublar", "Milyonlar belə yaranır", "Şirvanın şöhrəti" və başqa publisistik kitabları oxucular tərəfindən maraqla qarşılanıb.

Əşrəf Hacıyev "Azərbaycanfilm" kinostudiyasının sifarişi ilə iki sənədli filmin -  "Ömür-gün sevdası" adlı qısametrajlı və "Oktyabrın şəfəqləndirdiyi yol" tammetrajlı sənədli filmlərinin ssenarisini yazıb.

O, tərcüməçi kimi də tanınıb. Əşrəf Hacıyev bədii, elmi, siyasi ədəbiyyatın tərcüməsi ilə məşğul olub. Qabriel Jildas-Andriyevski, A.P.Çexov, Edmondo de Amiçis, O. Henri, Vasili Bakov və başqalarının əsərlərini dilimizə çevirib.

Əşrəf Hacıyev Partiya Tarixi İnstitutunda işlədiyi illərdə XIX əsrin sonu, XX əsrin əvvəllərində Azərbaycan mətbuatının tarixini, xüsusilə də partiya və dövlət xadimi, ötən əsrin təlatümlü, ziddiyyətli 1930-cu illərində Azərbaycan SSR MİK-nin sədri olmuş Sultanməcid Əfəndiyevin publisist irsini araşdırıb.

Əşrəf Hacıyev "Azərbaycan gəncləri" və Quba rayonunda çıxan "Şəfəq" qəzetlərinin 50 illiyinə həsr edilən tarixi oçerk-bukletlərin tərtibçi-müəllifidir.

O, 2001-ci il iyulun 5-də vəfat edib. İyirmiyədək kitabın, çoxsaylı məqalə, nəsr dram əsərlərinin, kinossenarilərin, mətbuat tarixinə dair elmi araşdırmaların müəllifi, rus dilindən bədii, elmi siyasi əsərlərin tərcüməçisi olan Əşrəf Hacıyevin qoyub getdiyi zəngin irs onun adını Azərbaycan mətbuatında ədəbiyyatında yaşadır.

 

 

Zöhrə FƏRƏCOVA,

Azərbaycan.-2022.- 14 aprel.- S.7.