Revanşistlərin ümidləri
də puç olur
Hakimiyyətdəki siyasi dairələr hesab
edirlər ki, mövcud
vəziyyət Ermənistanın xilası üçün
bəlkə də son şansdır
Ermənistanda ictimai-siyasi müstəvidə baş verən son proseslər getdikcə daha çox diqqət cəlb etməkdədir. Xüsusən də bu, ölkə parlamentində keçirilən iclasda hakimiyyət təmsilçiləri ilə keçmiş hərbi xunta üzvlərinin bir-birinə qarşı ittihamdolu açıqlamaları bəzi həqiqətləri üzə çıxarır. Tərəflərin bir-birilərinə qarşı kompromat xarakterli hücumlarının artması, gözdənsalma kampaniyasını genişləndirmələri vəziyyəti daha kritik həddə çatdırır.
Bu günlərdə "Ermənistan" fraksiyasının rəhbəri Seyran Ohanyan Ermənistan parlamentinin tribunasına terrorçuların qondarma əski parçasını taxaraq iclası tərk edib. Paşinyanın komandasının deputatları isə etiraz edərək əski parçasını tribunadan götürüblər. "Vətəndaş Müqaviləsi" fraksiyasının deputatı Vaaqn Aleksanyan çıxış edərək Seyran Ohanyanı və Ermənistanın digər keçmiş müdafiə nazirlərini "axmaq" adlandırıb: "Onlar 30 il bu bayrağı lazımi yerlərdə qoymaq, Ermənistan bayrağının möhkəmliyini təmin etmək əvəzinə soyğunçuluqla məşğul olublar. Bura populist çıxışlar etməyə gəlirlər, guya, qondarma "respublikanı", Ermənistanı qoruyurlar və onların taleyindən narahatdırlar. Amma, əslində, 30 ildə eyni şeyi qışqıraraq öz ciblərini doldurublar. Bu yaxınlarda cinayət işi açılmış sıravi gömrük işçisinin İrəvanın mərkəzində milyonlarla dollarlıq mülkü, 20 mənzili, milyonlarla dollarlıq bir neçə avtomobili aşkar olundu".
Bu arada Ermənistan parlamentinin üzvləri - Robert Koçaryanın lideri olduğu müxalif "Ermənistan" blokunun deputatları Qarabağa buraxılmayıb. Seyran Ohanyanın rəhbərlik etdiyi deputat qrupu sülhməramlılar tərəfindən Laçının girişində saxlanılıb. Buna görə də "Ermənistan" bloku Paşinyanı ittiham edib.
Göründüyü kimi, Brüssel görüşü və sonrasında müxalifətin Qarabağ kartından hakimiyyətə qarşı istifadə etməsi daha intensiv hal alıb. Ermənistanın müxtəlif yerlərində qondarma əski parçasını asmaq kampaniyası da bu prosesin tərkib hissəsidir. Bu qrupun Azərbaycan ərazisinə buraxılmaması onların Qarabağ kartından istifadə imkanlarını, xüsusilə Xankəndidəki ermənilərlə birləşərək təxribat fəaliyyətini, eləcə də Araik Arutyunyanın Paşinyana qarşı "alternativ" əldə etmək şəraitini məhdudlaşdırır.
Beləliklə, Ermənistan rəsmiləri sülh müqaviləsinin imzalanmasına razı olduqlarını bildirdikləri vaxtda ölkədəki revanşist qüvvələr prosesin baş tutmaması üçün məkrli niyyətlərini gizlətmədən aşkarda nümayiş etdirirlər. Buna əngəl olmaq üçün nə daxili, nə də xarici dəstəyə malik olduqlarını da çox yaxşı başa düşürlər.
Ancaq etiraf edək ki, son vaxtlar Azərbaycana qarşı bəzi təbliğat nümunələrinin yayılması sübut edir ki, regionda sülhün yaranmasını istəməyən xarici qüvvələr var. Deputatlar pozuculuq hərəkətləri ilə Ermənistana etimadın yaranmasına da mane olurlar. Həmin şəxslər təmsil olunduqları cəmiyyətin əməkdaşlıq və sülh tərəfdarı olan hissəsinin istəyinə qarşı çıxırlar.
Bütün bunlara baxmayaraq, belə mübahisələrin Ermənistan parlamentində hələ müəyyən müddət davam etməsi gözlənilir. Lakin reallıq göz önündədir. Ermənistanın xarici asılılıqdan qurtulmasının və beynəlxalq münasibətlərin müstəqil iştirakçısına çevrilməsinin yeganə yolu rəsmi Bakının sülh müqaviləsi təklifini qəbul etməsindən, Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmasından keçir.
Müharibədəki məğlubiyyətdən sonra baş nazir Paşinyanı təslimçilikdə ittiham edənlər çıxış yolu kimi onu devirməkdə görsələr də, məsuliyyətini də üzərilərinə götürmək istəmirlər. Özünü müxalif kimi təqdim edən Koçaryan-Sarkisyan koalisiyası isə hələ də konseptual strategiya ortaya qoya bilməyib. Regionda baş verən son hadisələr fonunda siyasi dairələr də yaxşı dərk edirlər ki, mövcud vəziyyət Ermənistanın xilası üçün bəlkə də son şansdır və bunu maksimum şəkildə dəyərləndirmək lazımdır.
Ermənistan ictimaiyyəti Paşinyanın devrilməsindən daha çox Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsi, "status-kvo"nu dəyişməsi ilə bölgədə yaratdığı reallıqdan səmərəli istifadəyə üstünlük verilməsinin tərəfdarıdır. Sadə ermənilər Qarabağ kartından istifadə edərək, 30 ilə yaxın müddətdə erməni xalqını səfalət içində saxlayan rejimin yox, məğlub baş nazirin hakimiyyətdə qalmasını istəyirlər.
Elçin CƏFƏROV,
Azərbaycan.-2022.- 14 aprel.- S.7.