COVID-19-un yoluxuculuq riski hələ də qalır

 

 

Əksər ölkələrdə, eyni zamanda Azərbaycanda COVID-19 pandemiyası səngisə də, bəzi ölkələr, xüsusən Çin yenidən həyəcan təbili çalır. Çində SARS-CoV-2 virusunun "Omikron" ştamının alt variantları olan BA.1, BA.2 və BA.1.1 növlərinin sürətlə yayıldığı, fəsadlara yol açdığı, həmçinin xəstəlik nəticəsində iqtisadiyyata ziyan dəydiyi qeyd olunur.

Azərbaycanda isə son günlər koronavirusa yoluxma sayının azalması, xəstəliklə bağlı ölüm halının qeydə alınmaması epidemioloji durumun yaxşı olduğundan xəbər verir.

 

 

 

Koronavirusdan ölüm halları azalsa da, pandemiya davam edir

 

 

 

Bəzi ölkələrin səhiyyə qurumları ilin sonuna kimi pandemiyanın sona çatacağını güman etsələr , ÜST virusa yoluxma hallarının payıza doğru yenidən arta bilmə ehtimalının olduğunu qeyd edir. Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru Tedros Adhanom Gebreyesus vəziyyətlə bağlı bildirib ki, pandemiyanın bitməsindən danışmaq tezdir. O, bunu bir çox ölkələrdə vaksinasiya göstəricisinin aşağı olması ilə əlaqələndirib. Baş direktorun sözlərinə görə, dünyada koronavirusdan ölüm hallarının azalması tendensiyası müşahidə olunsa da, pandemiya hələ davam edir.

Təşkilat rəhbəri qeyd edib ki, xəstəliyin yoluxuculuq riski hələ yüksək olaraq qalır. Pandemiya ilə bağlı məhdudiyyətlərin yumşaldılması infeksiyaların yayılmasına imkan verir.

Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı 2022-ci ilin iyuluna qədər hər bir ölkə əhalisinin 70 faizinin peyvənd olunmasını hədəf kimi müəyyənləşdirib. Strategiya tədbirlərin kompleks şəkildə tətbiqi nəticəsində bu il pandemiyanın kəskin mərhələsinə son qoymaq mümkün olduğu bildirilib.

İki ildən çoxdur davam edən pandemiya zamanı dünyada həm infeksiyaya yoluxma sayının azaldığı, həm yoluxma sayının antirekord həddə çatdığı günlər olub. Xəstəliyə yoluxma halları azalanda belə, səhiyyə işçiləri daim insanları ehtiyatlı olmağa, gigiyena qaydalarına əməl etməyə, maska taxmağa, məsafə saxlamağa, ehtiyac olmadığı halda sıx yerlərdən uzaq durmağa çağırıblar. Bu illər ərzində COVID-19-un öyrənilməsi istiqamətində mütəxəssislər tərəfindən tədqiqatlar aparılıb. Alimlər koronavirusun dayanmadan mutasiyaya uğrayacağını, zamanla insan orqanizmində bu infeksiyaya qarşı immunitetin yaranması ilə xəstəliyin digər respirator virus infeksiyaları kimi keçiriləcəyini qeyd edirdilər. Son variantlar, əslində, bəzi araşdırmaların doğruluğunu göstərdi. "Omikron"a yoluxanlar xəstəliyi artıq yüngül keçirir, bu, həm koronavirusun yeni ştamlarının simptomları, həm insanların vaksinasiya xəstəliyə yoluxma nəticəsində əldə etdiyi immunitetlə bağlıdır. Bununla belə, bu ştamın alt variantlarının yoluxduruculuq qabiliyyətinin yüksək olduğu özünü göstərir.

 

 

 

Yenə müdafiədə ən effektiv yol vaksinasiyadır

 

 

 

Pandemiya ilə mübarizədə ən effektiv yol vaksinasiya hesab olunur. COVID-19-a qarşı peyvənd hazırlanıb istehsal olunduqdan sonra dünya əhalisi vaksinasiya prosesinə cəlb olundu. İlk mərhələdə risk qrupları vaksinasiyadan keçsə də, zamanla 18 yaşdan yuxarı bütün əhali qrupu üçün peyvəndlənmə tövsiyə olundu. Azərbaycan da vaksinasiyaya ilk başlayan, bu istiqamətdə vaxtında təcili tədbirlər görən ölkələrdən biridir. İndiki dövrə qədər xəstəliklə mübarizədə yeganə çıxış yolu vaksinasiya sayəsində dünya əhalisində yaranan kütləvi immunitet hesab olunur.

Mütəxəssislər pandemiyanın əvvəlində COVID-19-la bağlı müxtəlif araşdırmalar apararaq virusu öyrənməyə başladılar. Koronavirus, əsasən, ağciyərlərə təsir göstərsə də, infeksiyanın digər orqanlarda da fəsad yaratdığı zamanla ortaya çıxdı. Həkimlər  xəstəliyi keçirib sağalan insanlarda virusun qalıcı fəsadlar yaratdığını qeyd edirlər.

Tədqiqatlara görə, gözlənilmədən dünyanı bürüyən pandemiya insanlarda ən çox stresdepresiyaya səbəb olub. Ümumiyyətlə, əksər ölkələrin elmi müəssisə və təşkilatları tərəfindən aparılan araşdırmalarda dünya əhalisində psixoloji problemlər, depresiya, gərginlik, stresin artdığı, əsəb pozğunluğunun ortaya çıxdığı qeyd olunub. Təbii ki, bu göstəricilər pandemiyanın əvvəlində daha yüksək idi, zamanla insanlar xəstəliyə alışdığı üçün bu hallar da azalır.

COVID-19-a yoluxma saylarının azalması, ölümün qeydə alınmaması insanları arxayınlaşdırmamalıdır. Karantin rejimi nəticəsində keçdiyimiz çətin 2 ili xatırlayıb ehtiyatlı olmalı, sağlamlığımızın qeydinə qalmalıyıq. ÜST, eyni zamanda mütəxəssislər virusun bizə hansı sürprizlər hazırladığını proqnozlaşdırmağın çətin olduğunu bildirirlər. Tək yol vaksinasiya nəticəsində xəstəliyə qarşı immunitet yaratmaqdır.

 

 

Əsmər QARDAŞXANOVA,

Azərbaycan.-2022.- 14 aprel.- S.7.